• çərşənbə axşamı, 19 mart, 11:21
  • Baku Bakı 8°C

Olimpiadaya necə hazırlaşmalı? - Fotolar

15.01.19 09:07 11126
Olimpiadaya necə hazırlaşmalı? - Fotolar
Olimpiada rəqabət növü kimi ta qədim zamanlardan məşhurdur. Bu sahədə yalnız idman istiqaməti deyil, zehni rəqabət də çox mühümdür. Belə zehni "döyüşlərin” nəticəsinə təsir edən intellektual bacarıqların inkişafı, müsabiqələrdə iştirak kimi effektiv üsulları var. Şagirdlərimiz respublika fənn olimpiadalarında, beynəlxalq olimpiadalarda iştirak etməklə təkcə ölkəmizi təmsil etmirlər, həmçinin uğurlara imza atırlar. Ancaq uğurların sayını çoxaltmaq, onların nəticəsini ölkənin inkişafına yönəltmək üçün qarşıda "olimpiadaya necə hazırlaşmalı?” "qalibiyyət üçün hansı universal üsullar tətbiq etməli?” və s. kimi vacib suallar durur.

Azərbaycan məktəblilərinin hər il 15-ə yaxın müxtəlif beynəlxalq olimpiada və müsabiqədə iştirak etdiyini, keçən tədris ilində beynəlxalq fənn olimpiadalarında 1 qızıl, 8 gümüş və 20 bürünc medal olmaqla, ümumilikdə 29 medal və 7 həvəsləndirici sertifikat qazandıqlarını nəzərə alsaq, onda ölkəmizdə olimpiada hərəkatının get-gedə inkişafda olmasını qeyd etməliyik.

Məlumat üçün xatırladaq ki, təhsil nazirinin müvafiq əmrinə əsasən, ölkə üzrə istedadlı şagirdlərə işin genişləndirilməsi məqsədi ilə pilot layihə kimi 15 rayonun 48 məktəbində 60 xüsusi sinif yaradılıb. Bu siniflərin yaradılmasında əsas məqsəd istedadlı şagirdlərlə məqsədyönlü işlər görməkdən ibarətdir.

Elə ötən həftə sonu Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyində təşkil edilən beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə millət vəkilləri, təhsil ekspertləri, media qurumlarının rəhbərlərindən ibarət mediatur zamanı da ölkədə bu istiqamətdə aparılan işlər, əldə olunan nailiyyətlər, qarşıda duran vəzifələrə bir daha aydınlıq gətirildi.

İstedadlı şagirdlərin aşkar edilməsi

Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, Bakı şəhəri fizika, riyaziyyat və informatika təmayüllü və kimya, biologiya təmayüllü respublika liseyləri, eləcə də Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziyanın nəzdində beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri yaradılıb. Artıq 4-cü ildir fəaliyyət göstərən həmin mərkəzlərə Azərbaycanın müxtəlif bölgələrindən və paytaxt məktəblərindən 300-dən çox şagird cəlb edilib. Hazırlıq mərkəzlərinin yaradılmasında məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, Azərbaycan məktəblilərinin iştirak etdikləri beynəlxalq fənn olimpiadalarında nailiyyətlərin artırılmasıdır. Mərkəzlərə yerli orta və ali məktəblərin, Azərbaycan Milli Elmlər Akademiyasının tanınmış alimləri və qabaqcıl müəllimlər cəlb olunub. İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi «Azercell Telecom» şirkətinin nəzdində olan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə sıx əməkdaşlıq qurulmaqla həyata keçirilir. "Vaxtilə olimpiada qalibi olmuş məzun olimpiadaçılardan ali təhsillərini Bakıda davam etdirənlər ilboyu, kənarda oxuyanlar isə qış və yay tətillərində yeni nəsil olimpiadaçıların yetişdirilməsində yaxından iştirak edirlər. Bu ildən etibarən Amerika Birləşmiş Ştatlarının Stenford Universitetinin məzunu Cəfər Cəfərov şagirdlərimizə həftədə 2 dəfə onlayn dərs keçir”- deyə Təhsil İnstitutunun şöbə müdiri Fuad Qarayev məlumat verdi: "Həmin siniflərdə dərs alan uşaqlar ölkənin müxtəlif regionlarındandır. Onlar məktəbdə gündə 3 dəfə yeməklə təmin olunur, liseyin yataqxanasında gecələyə bilir, məktəb proqramı ilə dərslərdə iştirak edirlər”. F.Qarayev qeyd etdi ki, ölkədə olimpiada modelinin tətbiqi üçün Gürcüstan, Rusiya və digər ölkələrin təcrübəsi öyrənilir. "Dünya ölkələrində tətbiq olunan olimpiada modeli burada da tətbiq olunur. Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində şagirdlərə fizika, riyaziyyat, kimya, biologiya və informatika fənləri olmaqla, ümumilikdə 5 fənn üzrə hazırlıq aparılır. Aşağı və yuxarı yaş qruplarında hazırlıq dərsləri əsasən şənbə-bazar günləri və ya həftə ərzində dərsdən sonra təşkil edilir”.

15-20 il bundan əvvəl alınan biliklə...

Beynəlxalq olimpiadaların və "İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsinin qalibləri ilə görüş zamanı Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Saleh Məmmədov ölkədə olimpiada hərəkatının genişlənməsi üçün çalışdığı təhsil ocağında hazırladıqları konsepsiyadan çıxış etdi: "Olimpiadaya hazırlıq dövlət səviyyəsində və kifayət qədər ciddi təşkil olunmalıdır. Elm və təhsil gələcəyimizdir. Həm ölkənin müdafiə qüdrətini gücləndirmək, həm də iqtisadi inkişaf üçün bizə elmin, təhsilin inkişafı lazımdır. Fikrimcə, bu iş müxtəlif istiqamətlərdə aparılmalıdır. Belə ki, olimpiadanın təşkili xarici universitetlərə hazırlıq üçün birləşdirilməli, dövlət səviyyəsində maliyyələşməsi təmin olunmalıdır. Həmçinin də böyük şirkətlər, xeyriyyə təşkilatları bu hazırlığa dəstək göstərməlidir. Şagirdləri olimpiadaya hazırlaşdıran müəllimlərə yüksək maaş verilməlidir”.

Professor hesab edir ki, olimpiadaya hazırlığın ikinci mərhələsində xarici universitetlərə hazırlıq təmin olunmalıdır: "Bunun üçün dünya ölkələrinin çox sayda təqaüd proqramları var. "Xaricdə proqram”ı yenidən bərpa etmək vacib deyil. Olimpiada mərkəzində hazırlıq keçən şagirdlərin həmin universitetlərə qəbul olunmasını təmin etmək lazımdır. Keçən il iki tələbəmiz Stanford Universitetinə daxil oldu. ABŞ dövləti bu tələbələrin hər birinə öz büdcəsindən 500 min dollar pul ayırıb. Ancaq biz burda 10 min dollar vəsait ayırıb müəllimlərə versək və həmin tələbələr proqramları udsalar, bu, Azərbaycan büdcəsinə xeyirli olacaq. Birinci onluğa düşən məktəblərdə olimpiada qalibləri dövlət hesabına pulsuz, ikinci onluğa düşən ali məktəblərdə kredit hesabına və s. oxuya bilərlər. Bu cür yollarla xarici ölkələrdə oxuyan tələbələrin təhsilini təmin etmək olar”. S.Məmmədovun fikrincə, hazırda 5-6 nəfəri olimpiada hazırlığı istiqamətinə yönəltməklə ciddi nəticə əldə etmək mümkün deyil. Belə ki, bu dərsləri proqramlaşdırıb nəinki ölkəyə, bütün dünyaya onlayn yaymaq lazımdır: "Bu gün informasiya texnologiyaları buna imkan verir. Tutaq ki, professorun dərsində oturanlardan 10 nəfər yararlana bilir. Ancaq bu dərsi efir vasitəsilə yaya bilsək, nə qədər insan yararlana bilər. Hətta bölgələrdən yeni-yeni istedadlar ortaya çıxar”.

Müəllimlərin hazırlanmasına gəlincə, professor onların əməyindən səmərəli istifadə olunmasının tərəfdarıdır: "Müəllimlərin ixtisasının artırılması məsələsi çox ağır vəziyyətdədir. Onlar heç olmasa ildə bir dəfə xarici ölkələrdə ixtisasartırma kursu keçməlidir. 15-20 il bundan əvvəl alınan biliklə bugünkü elmi-texniki inkişafın arxasınca getmək mümkün deyil. İslahatlar, təkmilləşmə hər gün davam etməlidir. Əgər işlər bu istiqamətdə aparılarsa, hesab edirəm ki, 1-2 ilə ciddi nailiyyətlər əldə etmək olar. Elm sürətlə inkişaf edir. Dünyanın inkişaf etmiş ölkələrinə çatmaq üçün ilk növbədə təhsili o səviyyəyə çatdırmaq lazımdır. Təhsil hər şeyi öz arxasınca aparacaq”.

Bütün güc istedadlı uşaqlara sərf edilsə...

Olimpiadaya hazırlıqda müəllimin şəxsiyyəti, onun tələbə ilə əlaqəsi mühüm rol oynayır. Geniş dünyagörüş, mövzuya həvəs və yüksək keyfiyyətli iş istəyi ilə yanaşı, müəllimin uşağa fərdi yanaşması üçün psixoloji bacarığı da vacib amildir.

236 nömrəli məktəbin biologiya müəllimi Elnur Məmmədov deyir ki, olimpiadaya hazırlıqda müəllimlərin təcrübəsi böyük rol oynayır: "Yəni olimpiadaya hazırlıq bir günün işi deyil. Müəllimin uzun illik tədris təcrübəsi olmalıdır. Müəllim dərs vəsaitlərində, elmi kitablarda, xarici ədəbiyyatda olan materiallarla tanış olmasa, təkcə orta məktəb proqramı ilə şagirdi hazırlaşdıra bilməz. Əgər bir müəllim «mən orta məktəb kitablarını əzbər bilirəm» desə, olimpiada sahəsində o qədər də uğur qazana bilməz. Bunun üçün mütləq xarici ədəbiyyata baxmaq lazımdır. Bizim orta məktəb dərsliklərini bilən müəllim universitetə çox yaxşı uşaq hazırlaya bilir. Ancaq olimpiada hazırlığı xüsusi hazırlıq tələb edir”.

E.Məmmədov hesab edir ki, artıq ölkədə təhsil sahəsində olimpiada hərəkatı vüsət aldığından müəllimlər də bu işə məsuliyyətlə yanaşacaqlar: «Müəllimlər üçün keçirilən müsabiqə artıq onları hərəkətə gətirəcək. Onlar öz üzərilərində işləyəcəklər. Hesab edirəm ki, bununla müəllim peşəsinə maraq bir qədər də artacaq. Müəllim biləcək ki, öz üzərində işləməklə həm şagirdlər, həm də Təhsil Nazirliyi tərəfindən seçilmək baxımından bu zəhmətin nəticəsini görəcək və bu onun üçün əlavə stimul olacaq”. Şagirdlərə gəlincə, E.Məmmədov hesab edir ki, onlar xüsusi istedada malik olmalıdırlar: "Müəllim bütün enerjisini bu şagirlərə sərf edir. O siniflərə seçilən şagird də ən azı min uşağın içərisindən seçilir”.

«İstedadlı şagird üçün istedadlı müəllim» müsabiqəsinin qalibi, 96 saylı məktəbin riyaziyyat muellimi Sevda Əsgərli "hesab edirəm ki, bundan sonra bizim də əməyimiz bu istiqamətdə qiymətləndiriləcək” - deyə fikirlərini bölüşdü: "Uşaqlar olimpiadalarda yer tutur, bu, bizim üçün böyük sevinc və mükafatdır. Ancaq bizim də maddi dolanışığımız üçün müəyyən stimul olmalıdır. Repetitorluq bizə mane olur. Biz ailəni dolandırmaq üçün bütün gücümüzü repetitorluğa veririk. Başqa yolumuz yoxdur. Mən uşaq hazırlamağa məcburam, bu isə mənim enerjimi alır. Ancaq mən bütün gücümü istedadlı uşaqlara sərf etsəm, daha yaxşı nəticə əldə etmiş olarıq».

Millət vəkili Fazil Mustafa da olimpiada hazırlığı çərçivəsində dərs deyəcək müəllimlərin maddi baxımdan stimullaşdırılmasını vacib hesab edir: «Olimpiadaya şagird hazırlaşdıran müəllim repetitorluq fəaliyyətindən azad olmalıdır. Onlara təqaüd verilsə, stimul olar. Olimpiadada qalib gələn idmançıya və onun məşqçisinə hansı mükafatı veririksə, o mükafatı şagirdə də, onu hazırlaşdıran müəllimə də verməliyik. Çünki idmançı xaricdən gəlib qalib kimi pulunu alıb gedir və heç bir ənənə qoymur. Ancaq müəllimin qoyduğu bəhrənin nəticəsini bütün ölkə görəcək. Bu baxımdan onları stimullaşdırmaq lazımdır”.

Görüşdə müəllimlərin son imtahanının nəticəsi ilə bağlı cəmiyyətdə yaranan narazılığa da toxunuldu. F.Qarayev «hər bir imtahan, müsabiqə müəyyən bir məqsədlə keçirilir» deyə qeyd etdi: «Müəllimlər arasında keçirilən müsabiqə əslində bir olimpiada idi, sadəcə, biz onu müsabiqə adlandırdıq. Olimpiada kifayət qədər spesifik və çətin sahədir. Fərqi yoxdur, istər sən orta məktəbin müəllimi ol, ya da ali məktəbin. Əgər bu sahə ilə məşğul deyilsənsə, oradakı sual və ya mövzular hər hansı müəllimə kifayət qədər çətinlik törədə bilər. Əslində keçirilən müsabiqənin nəticəsi bizi kifayət qədər sevindirib. Biz gördük ki, məsələn, fizika fənni üzrə bizim nəinki 4-5, hətta 10-15 müəllimimiz var və onlarla olimpiada hazırlığı istiqamətində çox iş görə bilərik. Orada müəllimlərin 90 faiz nəticə göstərməsi məqsəd deyildi. Biz nəticələrdən narahat olsaydıq, onu heç açıqlamazdıq”.

«Müəllim ixtisasına qəbul balını artırmaq lazımdır” – deyən fizika müəllimi Namik Süleymanov MİQ imtahan suallarının səviyyəsinin artırılması təklifini irəli sürdü: "Zəif müəllimlər sıradan çıxmalıdır. Biz çalışıb ən güclüləri seçməliyik. Ən yaxşı müəllimlərə yüksək məvacib də vermək olar. Bunun üçün ilk növbədə qəbul ballarına nəzarət etməliyik. Müəllimlər fizika-riyaziyyatı bir arada seçilməməlidir. İşə qəbul sualları da bir qədər çətinləşdirilməlidir ki, müəllimlər öz üzərilərində işləsinlər”.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov şagirdlərin aşağı balla instituta qəbul olunması ilə bağlı səslənən fikirlərə münasibət bildirdi: "Ötən ilin qəbul nəticələrinə görə, 2090 nəfər gənc 500-dən artıq bal toplayaraq pedaqoji ali təhsil müəssisələrinə qəbul olunub. Bu, son illərdə aparılan islahatların nəticəsidir ki, gənclər yüksək balla müəllim olmaq üçün institutlara daxil olurlar. 150-200 bal toplayan abituriyentlər müəllimlik seçimində artıq geridə qalırlar. Düzdür, problemlər kifayət qədər çoxdur, ancaq bu problemlər təkcə bir qurumun işi deyil, təhsil bütün cəmiyyətin işidir”. C.Valehov müəllimlərin aşağı göstəricilərinin əməkhaqqı ilə bağlanmasını da düzgün hesab etmir: "Müəllimlərin əmək haqqında son illər müsbət irəliləyişlər var. Əlbəttə, bu daha da yüksək ola bilər. Tədqiqatlar göstərir ki, psixoloji baxımdan müəllimin statusu pedaqoji işə yaramırsa, onu təkcə maaş xoşbəxt eləmir. Maraq və həvəs müəllimlik üçün böyük göstəricidir”.

Görüşdə müəllimlərin inkişafı, olimpiada hazırlığı və s. mövzularda belə dəyirmi masaların vaxtaşaırı keçirilməsinin vacibliyi vurğulandı.
Mediaturda iştirak etdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər