• cümə, 29 Mart, 03:25
  • Baku Bakı 7°C

Olimpiadaya lisenziya qazanan ilk azərbaycanlı bədii gimnast – Portret

15.11.19 14:00 3033
Olimpiadaya lisenziya qazanan ilk azərbaycanlı bədii gimnast – Portret
Hələ 6 yaşında Birinci vitse-prezident Mehriban Əliyevanın xeyir-duasını alan Zöhrə, bu gün bədii gimnastikamızın lideri sayılır
Gimnastika, idmanın populyar növlərindən biridir. Azərbaycanda isə şahmat, güləş və digər döyüş növləri ilə yanaşı, son illərdə ən sevilib-seçilən növ hesab olunur. Bəli, 17 il əvvəl federasiya rəhbərliyində edilən dəyişiklik və beləliklə, təşkilatın yenidən qurulmasından sonra ölkədə gimnastikanın sürətli inkişaf dövrü başladı. Qısa müddətdə bu növ üzrə mühüm beynəlxalq yarışların təşkilatçılıq təcrübəsi formalaşmağa başladı. 2003-cü ildə Bakıda ilk dəfə bədii gimnastika üzrə dünya kubokunun mərhələ yarışı keçirildisə, iki il sonra artıq mundialın ev sahibliyinə yiyələndik. Səmərəli fəaliyyətin bəhrəsi olaraq, müstəqil ölkə kimi bu günə qədər ardıcıl dörd dövrü uğurla başa vurub, olimpiadalara vəsiqə qazanmışıq. Bunların üçündə yalnız bədii gimnastika üzrə təmsil olunmuşuqsa, "Rio 2016"-da idman gimnastikasında da dördilliyin zirvə yarışınadək irəliləmişik.

Azərbaycanda bir gimnastika ənənəsi formalaşıb və bu, hər keçən gün daha da genişlənir. Xatırladaq ki, gimnastlarımız cari olimpiya dövründə artıq dörd lisenziyaya yiyələniblər. İdman gimnastikasında İvan Tixonov və Marina Nekrasova, bədii növdə isə Zöhrə Ağamirova və qrup hərəkətləri üzrə komandamız "Tokio 2020"-nin qapısını açıb. Beləliklə, bu ilin sentyabrında Bakıda təşkil olunan bədii gimnastika üzrə dünya çempionatında olimpiya lisenziyasını rəsmiləşdirərək, tarixi ilkə imza atan gənc qızımızdan bəhs edəcəyik.

Hələ 12 il əvvəl alınan xeyir-dua
8 avqust 2001-ci ildə Bakıda, yoşinkan aykido üzrə dördüncü dan qara kəmər ustası Atil Ağamirovun ailəsində dünyaya göz açan Zöhrə, gimnastika ilə 3 yaşından məşğuldur. Lakin ilk addımlarını bədii deyil, akrobatika gimnastikasında atıb. Anası Könül xanımın dediyinə görə, bu, tam təsadüf nəticəsində baş verib. Belə ki, onlar məhz "bədii gimnastika" deyib, zala üz tutsalar da, tale onların qismətinə akrobatika məşqçisini çıxarıb. Beləcə, bir ili əhatə edən müddətdə gimnastikanın ən qədim növü ilə məşğul olan kiçik Ağamirova, dörd yaşından etibarən gənc məşqçi Elnarə Hüseynovanın rəhbərliyi ilə bədii gimnastikanın sirlərini öyrənməyə başlayıb. İki yaşından hərfləri tanıyan, fərqli maraq və bacarıqları ilə adi uşaq olmadığını nümayiş etdirən Zöhrə, gözlənildiyi kimi, az vaxtda özünü sübut edir. Bir ay sonra respublika yarışında üçüncü olursa, bir il sonra Rusiyada keçirilən turnirdə birincilik qazanır. Ümumiyyətlə, balaca Zöhrənin xalça üzərindəki qətiyyəti, çevik hərəkətləri, çətin elementləri məharətlə icra etməsi, onu izləyən mütəxəssisləri həmişə heyran edib. Ağamirova hələ 6 yaşında olarkən, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın diqqətini çəkib. Belə ki, uşaq bağçasının açılışında Zöhrənin təqdim etdiyi proqramı izləyən Mehriban xanım, çıxışdan sonra onunla söhbət edir, uğurlar diləyir, xeyir-dua verir.

Əlbəttə, bu, hər bir kiçik yaşlı idmançı üçün olduqca qürurlu, gələcəyə təkan verən məqamdır.

İslamiada çempionu, universiada rekordçusu
14 yaşında Bakı birinciliyində qalibiyyət sevinci yaşayan Zöhrə, 2015-ci ildə Bolqarıstanın Plovdiv şəhərində keçirilən beynəlxalq turnirdə halqa ilə hərəkətin yekununda gümüş medal qazanır. Növbəti il isə o, ip və çoxnövçülükdə Azərbaycan çempionatının qızıl, topla hərəkətdə gümüş, gürzlərlə bürünc medalçısı olur. 2016-cı ildə Estoniyanın Tartu şəhərində təşkil olunan ənənəvi "Miss Valentin" turnirində gürzlərlə ikinci olan Ağamirova, top, ip və çoxnövçülükdə ölkəmizə bürünc medalla dönür. 15 yaşlı gimnastın həmin ildə digər nailiyyəti isə Mingəçevirdə keçirilən açıq Azərbaycan birinciliyinə təsadüf edir. Zöhrə çoxnövçülükdə ən güclü adını qazaraq, ili tam olaraq aktivinə yazır. 2017-ci ildə Belçikanın Gent şəhərində baş tutan "Happy Cup" beynəlxalq yarışında birinci olan gənc bədii gimnast, mayda Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında da fəxri kürsünün ən yüksək pilləsində dayanır. Belə ki, tarixdə ilk dəfə İslamiadanın proqramına salınan bədii gimnastika üzrə yarışda Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirovadan ibarət Azərbaycan yığması 4 hərəkətin yekununda 128.200 balla birinci olur. Qızlarımıza baş mükafatı Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva təqdim edir ki, bundan 10 il əvvəl birinci xanımın xeyir-duasını alan Zöhrənin həmin an keçirdiyi qürur hissini ifadə etmək üçün əlavə şərhə lüzum yoxdur.
2018-ci ildə Latviyanın paytaxtı Riqada təşkil olunan "Baltika halqası" turnirində gürzlərlə kompozisiyada gümüş medal qazanan Ağamirovanın karyerasının ən parlaq dövrü məhz cari ilə təsadüf edir. 18 yaşının tamamına hələ bir ay qalmış, Napolidə keçirilən universiadada ölkəmizin aktivinə iki gümüş (gürzlər və çoxnövçülük) medal yazdıran istedadlı gimnast, 16-22 sentyabr aralığında baş tutan, Bakının tarixdə ikinci dəfə ev sahibliyi etdiyi mundialda ilk 16 gimnast sırasına düşməklə, olimpiadaya lisenziya missiyasının da öhdəsindən gəlir. Yeri gəlmişkən, respublikamızın nümayəndələri Apenində baş tutan sayca 30-cu universiadadan 7 medalla döndü ki, növlər üzrə keyfiyyət etibarilə ən yaxşı göstəriciyə məhz gimnastlarımız imza atdı - 1 qızıl, 2 gümüş. Bir universiadada 2 medal qazanmaq isə Zöhrəyə qədər heç bir idmançımıza nəsib olmamışdı. Bu arada, Bakı şəhər 277 saylı orta məktəbin məzunu olan rekordçu qızımız, hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alır.

Yeni səhifə
Azərbaycan, "Los-Anceles 1984"-dən etibarən Yay Olimpiya Oyunlarının proqramında yer alan bədii gimnastika üzrə 2004-cü ildən zirvə yarışında təmsil olunur. İlk dəfə Dinara Gimatova lisenziya qazanmışdısa, "Pekin 2008"də onunla yanaşı, Aliyə Qarayeva və qrup hərəkətləri üzrə yığma minimum vəzifəni yerinə yetirmişdi. London olimpiadasında sadəcə, Qarayeva, Rioda isə Marina Durunda ilə təmsil olunmuşduq. Zədə səbəbindən Afinada Gimatovanı əvəzləyən Anna Qurbanovanın da ölkəmizin qucaq açdığı idmançılardan biri olduğunu nəzərə alsaq, Zöhrə Ağamirova fərdi şəkildə olimpiadaya yüksələn ilk Azərbaycan əsilli bədii gimnastdır. Hər hansı arzuolunmaz hal baş verməsə, heç bir şübhəsiz, qəhrəmanımızı Tokio arenasında görəcəyik.
"Əsas iştirakdır" devizi ilə qatılmayacağam"
"Mən əvvəlcədən söz verməyi sevmirəm" deyir, Zöhrə: "Olimpiadaya lisenziya qazanmaq, o möhtəşəm ab-havanı hiss etmək hər bir idmançının arzusudur. Bu, çox az gimnasta nəsib olur. Buna görə özümü xoşbəxt hiss edirəm. Rəqiblərim çox-çox təcrübəli, titulludur. Amma mən də "əsas iştirakdır" devizi ilə qatılmayacağam. Medal söz verə bilmərəm, çalışacağam ki, gözəl, yaddaqalan çıxış göstərim".
Nəticələrindən də göründüyü kimi, uğurlu və sevimli aləti gürzdür. Dediyinə görə, heç kimi özünə kumir seçməyib. Bununla belə, gözünü açandan Alina Kabayeva, Yevgeniya Kanayeva, Lyubov Çarkaşina kimi əfsanəvi bədii gimnastları izlədiyini, onların bacarıqlarından faydalandığını qeyd edir.
Bədii gimnastika, incəsənətin gözəllik və güclə mükəmməl vəhdətidir. Təsadüfi deyil ki, adətən bu növü, idmandan daha çox, incəsənətlə bağlayırlar. Hər bir hərəkət musiqi sədaları altında icra olunduğundan, gimnast xanımlarda olması gərəkən başlıca xüsusiyyətlərdən biri musiqi duyumudur. Zöhrənin isə musiqiyə qarşı ta uşaqlıqdan böyük həvəsi olub. Yaxşı da səsi var qızımızın.
Portret
İslamiadanın qızıl, universiadanın ikiqat gümüş mükafatçısı və olimpiadaya lisenziya! 18 yaşlı bir idmançı üçün kifayət qədər uğurlu, qibtə ediləcək karyeradır. Ələlxüsus, Zöhrə bu gün Azərbaycan bədii gimnastikasının 1 nömrəli simasıdır. "Heç nə asanlıqla əldə olunmur, sadəcə, mübariz olmaq lazımdır" deyən istedadlı qızımız, görünür, öz gözəl təbəssümü ilə bizi zirvədə hələ çox salamlayacaq.
Sahib



banner

Oxşar Xəbərlər