• çərşənbə axşamı, 23 aprel, 21:13
  • Baku Bakı 20°C

Olimpiada başladı

06.02.14 15:32 1582
Olimpiada başladı
Apasport.az saytının məlumatına görə, indiyədək bir dəfə - 1980-ci ildə Yay Olimpiya Oyunlarının ev sahibi olan Rusiya ilk dəfə Ağ Olimpiadanı təşkil edəcək.
Sabah açılışı olacaq XXII Qış Olimpiya Oyunlarının və XI Qış Paralimpiya Oyunlarının Soçidə keçirilməsi barədə qərar 2007-ci il iyulun 4-də Beynəlxalq Olimpiya Komitəsinin Qvatemalada keçirilən 119-cu sessiyasında verilib. Kurort zonası kimi tanınan məkan səsvermənin son 2 mərhələsində Avstriyanın Zalsburq və Cənubi Koreyanın Pxeynçxan şəhərlərini qabaqlayıb. Nəticədə həmin ilin oktyabrında Olimpiadanın Təşkilat Komitəsi yaradılıb.
Soçi Olimpiadasında 11 idman obyekti atletlərin istifadəsinə verilib. Onların ümumi tamaşaçı tutumu 120 min nəfərdir. İdman obyektləri sırasında ən böyüyü “Fişt” olimpiya stadionudur. Sabah açılış mərasimi də məhz burada baş tutacaq. Yerli vaxtla rəmzi olaraq, saat 20:14-də yarışa rəsmi start veriləcək.
Mərasimin 3 müxtəlif səhnədə olacağı bildirilir. Birinci səhnədə “Çox insan – 1 millət” devizi ilə Rusiyanın müxtəlif regionlarının simvolları nümayiş ediləcək. Açılışda “Buz altında əfsanələr” adlı proqram da göstəriləcək. Bu hissə orta əsrlər Rusiyasına həsr olunacaq. Həmin zaman 9 kilsə qülləsi təsvir ediləcək, rus xalq nağıllarının qəhrəmanları diqqət mərkəzində olacaqlar. Açılış mərasiminin axırıncı hissəsində ölkənin son tarixinə ekskursiya ediləcək.
Nəticədə Vankuverdə bitən Olimpiya həyəcanı 1440 gündən sonra Soçidə yenidən alovlanacaq. Yarışın rəsmi bağlanış mərasimi fevralın 23-nə təsadüf edəcək. Həmin tədbir yerli vaxtla saat 20:00-da başlayacaq. Martın 7-16-da isə Paralimpiada təşkil ediləcək. 214 milyard rubl xərclənən Olimpiadanın rəsmi talismanı ağ ayı, dovşan və bəbirdir.
Möhtəşəm Oyunların məşəlinə gəlincə, oktyabrın 7-də Olimpiadaların təməlinin qoyulduğu Afinada alovlandırılıb. 123 günə 40 min km məsafədə 14 min insanın gəzdirdiyi məşəl sabah yarışın startını stadiondan rəsmiləşdirəcək.
25 min könüllünün qatıldığı Olimpiadada 2800-ə yaxın idmançı öz gücünü yoxlayacaq. Onlar 7 idman növündə 98 dəst medal uğrunda mübarizə aparacaqlar. Paralimpiya Oyunlarında onlardan 26 dəst az medal öz sahibini tapacaq. Bu, ümumilikdə 1300 medala bərabərdir. Onların birinin çəkisi 460-531 (Qış Olimpiya) və 585-686 (Paralimpiada) qramdır. Soçidə 4 il əvvəl keçirilmiş Vankuver Olimpiadası ilə müqayisədə 20 dəst artıq medal (12 Olimpiya, 8 Paralimpiya) oynanılacaq.
88 ölkənin qatılacağı yarışa 3 milyarddan artıq tamaşaçının baxacağı gözlənilir. Bunun üçün 14 minə yaxın həmkarımız qeydiyyatdan keçib. Olimpiadada ən çox idmançı ilə ABŞ mübarizə aparır. Təxminən 230 amerikalının qatıldığı möhtəşəm oyunlarda ev sahibi Rusiya 225 atletlə yarışır. İlk “üçlüyü” 220 nəfərlə Kanada qapayır.
Azərbaycan isə Olimpiadaya 4 idmançı ilə yollanıb. Təmsilçilərimizdən Aleksey Sitnikov – Yuliya Zlobin cütlüyü fiqurlu konkisürmədə, Qaya Bassani Antivari və Patrik Braxner dağ xizək idmanında (slalom və nəhəng slalom üzrə) nəyə qadir olduqlarını nümayiş etdirəcəklər.
Qeyd edək ki, bu gün snoubord, fiqurlu konkisürmə və fristayl yarışlarına start verilib.
banner

Oxşar Xəbərlər