• çərşənbə axşamı, 23 aprel, 13:10
  • Baku Bakı 24°C

“Oil Price”: Azərbaycan regionda əhəmiyyətli rol oynamağa başlayır

17.01.18 09:00 618
“Oil Price”: Azərbaycan regionda əhəmiyyətli rol oynamağa başlayır
Xəzər dənizinin statusunun müəyyən olunması istiqamətində ciddi irəliləyişlər, Özbəkistanın qonşularına qarşı açıqlığı üzündən Mərkəzi Asiyanın aktiv mövqeyi, eləcə də, Azərbaycan, Türkiyə və Gürcüstan arasında iqtisadi əməkdaşlıq - bu üç faktor Azərbaycanı regionda əhəmiyyətli siyasi, iqtisadi rol oynamağa imkan verir. "Oil Price” nəşrində dərc edilən "Azerbaijan: A Crucial Energy Hub” başlıqlı məqalə belə başlayır. Məqalədə qeyd edilir ki, bu yaxınlarda Rusiya elan etdi ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələ həllini tapmaq üzrədir. "Xəzərin statusu - onun dəniz və yaxud göl olacağı ilə bağlı yekun sənəd dənizin dibindəki neft və qazın sahilyanı ölkələrə düşəcək payını müəyyən edəcək. Əgər akvatoriya göl kimi tanınarsa, onda beş Xəzəryanı dövlət - Azərbaycan, Türkmənistan, Qazaxıstan, İran və Rusiya dənizin nemətlərini bərabər formada böləcəklər. Əgər dəniz adını alsa, onda hər bir ölkə Xəzərin resurslarından öz ərazilərinə düşən hissəsindən müvafiq formada yararlanacaq. Azərbaycan, Türkmənistan və Qazaxıstan Xəzəri dəniz hesab edir, İran SSRİ dövründə imzalanan sənədlərə əsaslanaraq buranı göl hesab edir”, - deyə məqalədə qeyd edilir. Rusiyanın mövqeyinə gəldikdə, əlavə edilib ki, Moskva məsələyə bir qədər incə yanaşır. "Xəzərin dəniz kimi tanınması Azərbaycana dərhal mənfəət gətirəcək. Belə olan halda, rəsmi Bakı beynəlxalq tərəfdaşları ilə birlikdə Transxəzər boru xətti layihəsini reallaşdırmağa başlayacaq. Bu kəmər Xəzər və türkmən qazının Avropaya nəqlini nəzərdə tutur. Xəzər probleminə aydınlıq gətirilməsi regionun liderlərinə siyasi və iqtisadi prioritetlər gətirəcək”, - deyə məqalədə qeyd edilir.
O da vurğulanır ki, Özbəkistanın yeni prezidenti Şavkat Mirzoyeyevin hakimiyyətə gəlməsi ilə qonşu ölkələrlə münasibətlər normalaşmağa başlayıb. Belə ki, bu ölkənin xarici siyasəti qonşularla sıx münasibətlərin qurulmasına yönəlib. Mərkəzi Asiya dövlətləri Cənubi Qafqazdakı qonşuları, eləcə də keçmiş sovet respublikaları ilə əməkdaşlıq edə bilərlər. Bu yaxınlarda dərc edilən "Amerika Birləşmiş Ştatlarının milli təhlükəsizlik üzrə Strategiyası”nda deyilir: "Biz Mərkəzi Asiya dövlətlərinin bir-biri ilə rəqabət aparan dövlətlər arasında qarşıdurma meydanına, cihadçıların təhlükəsiz yerlərinə çevrilməmələrini və əsas prioritet kimi islahatları görmələrini istəyirik”. Məqalədə xüsusi qeyd edilir ki, bu yaxınlarda Azərbaycan, Gürcüstan və Türkiyə effektiv əməkdaşlıq nümunəsini ortaya qoya bildilər. Söhbət Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsindən gedir. Azərbaycanın Ələt limanından Tbilisiyə istiqamət götürən qatarın son dayanacağı Qars şəhəridir. Orada isə dəmir yolu xətti Türkiyənin dəmir yolu şəbəkəsi ilə, daha sonra Avropa xətti ilə birləşir. İlkin olaraq dəmir yolu xətti ilə il ərzində 5 mln. ton yük daşınması nəzərdə tutulur. Sonrakı müddətdə bu rəqəm 17 mln. tona çatdırılacaq. Mallar Çindən Avropaya 12-15 gün ərzində çatdırılacaq. Müzakirə olunan Transxəzər boru kəməri layihəsi ilə bərabər, Bakı-Tbilisi-Qars dəmir yolu da Rusiyadan yan keçir və Asiyadan Avropaya, eləcə də, Xəzərin Aktau limanından Avropaya malların daşınmasını nəzərdə tutur. Əlavə olaraq hərbi-texniki əməkdaşlığı da qeyd etmək olar. Ötən il Türkiyə hərbi ixrac kampaniyasına start verib, Türkmənistana satışı artırıb. Bu yaxınlarda isə Özbəkistanla birgə müəssisə yaradılması barədə sənəd imzalayıb. Azərbaycan da Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda ərazisində separatçılara qarşı mübarizəni gücləndirmək üçün daxili silah istehsalını gücləndirib. Qeyd edilir ki, Azərbaycan, Gürcüstan və Türkiyə bəyan etməlidirlər ki, Bakı-Tbilisi-Qars dəmir yolu maneəsiz fəaliyyət göstərəcək. "Çünki nə qədər çox ölkə bu dəhlizdən istifadə edəcəksə, bir o qədər də siyasi müdaxilənin qarşısını almaq asan olacaq. Belə ki, effektiv nəqliyyat marşrutları qaçaqmalçıların diqqətini özünə cəlb edir. Bu səbəbdən də, dövlətlər Birləşmiş Ştatların kəşfiyyat və güc strukturlarının xidmət və imkanlarından istifadə edə bilərlər”, - deyə məqalədə vurğulanır.
Bundan əlavə, Çin də regionu özünün "Bir qurşaq-bir dəhliz” layihəsini reallaşdırmaq istiqamətində əsas iqtisadi dəhliz kimi nəzərdən keçirir. "İnfrastrukturun inşasında iştirak yerli firmaların hesabına həyata keçiriləcək. Yalnız razılaşdırılmış fəaliyyət və parçalanmadan imtina təşəbbüsdə iştirakı təmin edə bilər. Ən əsası isə odur ki, özünün təbii resurslarını və infrastrukturunu Çinin "kredit imperializmi” altına düşməsinə yol verməmək gərəkdir”, - deyə bildirilib. "Azərbaycana gəldikdə, onun bir-biri ilə sıx bağlı olan iki strateji məsələsi var. Birincisi, 1988-ci ildən davam edən Dağlıq Qarabağ münaqişəsidir. 2016-cı ildə irimiqyaslı hərbi əməliyyatlar start götürdü. İkincisi, Dağlıq Qarabağ münaqişəsi nəticəsində xeyli insanın ev-eşiyindən məhrum olmasıdır. Azərbaycan hökuməti onların yerləşməsi üçün xeyli vəsait sərf edib. Buna baxmayaraq, adambaşına düşən ümumdaxili məhsulun həcminə görə, ölkənin iqtisadi göstəriciləri yüksək olaraq qalır. Buna baxmayaraq, münaqişə tez bir zamanda həllini tapmasa, problemlərin yaşanacağı istisna deyil. Münaqişənin həlli istiqamətində təşəbbüslər yerində addımlayır. Lakin yerli nəqliyyat dəhlizlərinin inkişafı üçün dəmir yolu daşınmaları, eləcə də, Bakı-Ceyhanla neft məhsullarının daşınması siyasi prosesləri üstələyir. İnfrastrukturun inkişafı siyasət üçün əhəmiyyətli məsələdir, belə ki, investisiyalardan kənarda qalmaq Ermənistanı izolə vəziyyətinə salıb. Bu izolyasiya isə Ermənistanı Azərbaycanla razılaşmaya gətirib çıxarmağa məcbur edəcəkmi? Bu, hələ tam aydın deyil. Azərbaycan Avropa və Asiyanı birləşdirən bir halqadır və fəaliyyət azadlığı üçün dəstək gərəkdir. Baş verən hadisələr göstərir ki, bu ölkə dünyanın diqqət mərkəzinə çevrilir. Lakin rəsmi Bakı öz iqtisadiyyatını mütəmadi olaraq gücləndirməli, ölkəni çiçəklənən bir dövlətə çevirmək istiqamətində səylərini artırmalıdır”, - deyə məqalənin sonunda bildirilib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər