• çərşənbə, 24 Aprel, 22:54
  • Baku Bakı 23°C

Oho-oho-ho! - Reportaj

22.12.14 09:42 4344
Oho-oho-ho! - Reportaj
2015-ci ilin ölkəmizə təşrif buyurmasına artıq sayılı günlər qalıb. Şəhərin küçələrində, məşhur mağazalarda və evlərdə bayram ab-havası hiss olunmağa başlayır. Dekabr ayından etibarən yolkalar, zərlər, oyuncaqlar, işıqlar artıq satışa çıxarılıb. Bu rəngarəng oyuncaqlar, insanı özünə cəlb edən yolka ağacları parlaq olduğu qədər, qiymətləri də “parlaqlıqdan” geri qalmır. Hər il olduğu kimi, bu il də yeni il atributlarının qiymətləri ölkədə əsas müzakirə obyektinə çevrilib. Yolkaların qiymətləri satıldığı məkana, böyüklüyünə, formalarına görə dəyişir.
Yolka “siyasəti”
Təbii olaraq yeni ili xoş əhval-ruhiyyə ilə keçirmək istəyən və evinə yolka almaq istəyən şəxslər tez tərpənməlidir. Çünki, mağazaların yolka “siyasəti”nə görə, yeni ilə 2-3 gün qalmış yolka alırsansa, ikiqat artıq pul ödəməlisən.
Bəs hazırda ölkənin yolka bazarında vəziyyət necədir? Yeni ili oyuncaqlarla bəzədilən yolka ilə keçirmək istəyən şəxslər nə qədər pul xərcləməlidirlər? Bu suallara cavab tapmaq üçün mağazalara yollandıq.
İlk olaraq şəhərin mərkəzində yerləşən “brend” mağazalara baş çəkdik. Mağazalarda zərlərlə, oyuncaqlarla bəzədilən yolkalar insanın gözünü boyayır. “Ağ çiçəyim” mağazalar şəbəkəsinin bəzi filialları bu yeni il ərəfəsində də çiçəklərdən çox yolka ticarətinə üstünlük verir. Qiymətlər ötən illərdə olduğu kimi, yenə “cib yandırır”. Bu mağazada orta boylu, sadə oyuncaqlarla bəzədilən yolkanı 550 manata almaq mümkündür. Oyuncaqsız aldıqda isə 100 manat endirim edilir. Ən bahalı yolka isə 2300 manatdır. Oyuncaqların ayrılıqda qiymətləri isə 4 manatdan başlayıb 20 manata qədər davam edir.
“Ömürlük yolkalar”
“Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında yerləşən “Çiçək yağışı” gül mağazası da al-əlvan rənglərə boyanıb. Burada hər ölçüdə yolka tapmaq mümkündür. Ən baha yolka 600, ən ucuzu isə 150 manatdır. Satıcı deyir ki, yolkanın qiyməti hansı ölkədən gətirildiyinə görə dəyişir. 600 manatlıq yolka Almaniya istehsalıdır. Çindən gətirilənlər isə 100-150 manat arasında dəyişir: “Alıcı gedib topdansatış mağazalarından 20 manata da yolka ala bilər. Amma bu yolka ilə bizim satdığımız bir deyil axı. Bu qiymətə satılan yolkaları ömrünün axırına qədər hər il bayramda istifadə edə bilərsən. Hər il 20 manat xərcləməkdənsə, birdəfəlik keyfiyyətli yolka almaq daha sərfəlidir”.
Bu mağazada 3 manat zərə, 13 manat işığa, 3-15 manat oyuncaqlara xərcləməlisən. Qoyun ili olduğundan qoyun şəkilli oyuncaqlar və şaxta babanın qiymətləri də ölçülərinə görə dəyişir. 50-400 manat arasında pul xərcləməklə bu oyuncaqları almaq mümkündür.
Bayram atributları qızıldandır?
Həyat yoldaşı ilə birlikdə bayram bazarlığına çıxan Ramil deyir ki, adi şam ağaclarının və kauçukdan düzəldilən oyuncaqların bu qədər baha olmasını anlaya bilmir: “Qoyun ili olduğundan mağazalar bizi də qoyun yerinə qoyur. Adi şam ağacı niyə bu qiymətə olsun ki? Elə bil qızıldan, ya da brilyantdan hazırlanıb”.
Şəhərdə satılan ən ucuz yolkalar Avtovağzal ticarət mərkəzində və Sədərək Ticarət mərkəzindədir. Avtovağzal Ticarət Mərkəzindən şəhərin mərkəzindən fərqli olaraq 20-30 manata yolka almaq mümkündür. Oyuncaqlara gəldikdə isə bu ticarət mərkəzindən 50 qəpikdən tutmuş 5 manata qədər hər qiymətə oyuncaq ala bilərsiniz. 6 dənəlik xırda yumru yolka oyuncağı 3 manat 50 qəpik, nisbətən böyükləri 5, yolka ağacından asmaq üçün lazım olan mini-yolkalar 6, oyuncaq qoyunlar ölçüsündən asılı olaraq 20-40 manat, zərlər isə 1 manat 50 qəpik və 3 manat arasında dəyişir.
Uşaqlar üçün olan yeni il hədiyyələrinin qiymətlərinə gəlincə, ən ucuz hədiyyə paketi 9 manat, nisbətən yaxşı və hədiyyələr ilə dolu paket isə 35-60 manatdır.
Elə bil ev alırıq...
Bayram atributlarını almaq üçün ən sərfəli ünvan olan Sədərək Ticarət Mərkəzində 3-700 manata yolkaya rast gəlmək mümkündür. Həmçinin şəhərdə bir oyuncağa verdiyin 4 manata burada 5-6 oyuncaq ala bilərsən. Zərlərin qiymətləri də 50 qəpikdən başlayır. Qapının bayır tərəfindən vurulan xüsusi bəzəyin qiyməti isə 15 manatdan başlayıb 40 manata qədər davam edir.
Hər il bayram bazarlığını bu ünvandan edən Ülkər deyir ki, 100 manat xərcləməklə bütün bayram atributlarını ala bilir: “Şəhərdə bayram atributlarının qiyməti od tutub yanır. 1000-1500 manata yolkalar satılır. Elə bil, yeni il bəzəyi yox, ev alırıq. Üstəlik, hər il də bahalaşma davam edir”.
Uşaqları ilə birlikdə bayram bazarlığı edən alıcı Xatirə isə zərlərin bahalığından şikayətləndi. O deyir ki, evlərində yolka olduğu üçün yeni il oyuncaqları alır: “Köhnə oyuncaqları uşaqlar qırdığından yeni oyuncaqlar alırıq. Amma qiymətlər çox bahadır. Oyuncağın 6 ədədi 5 manatdır. Hələ qoyun oyuncaqlara yaxın durulası deyil. Adi zər nədir ki, onu 2 manata almışıq. 5 zər almaq üçün 10 manat ödədim”.
“Oho-oho-ho!”
Yeni ilin ən əyləncəli məqamlarından biri də evlərə şaxta baba sifarişləridir. Üstəlik, onlar hədiyyələri ilə birlikdə evlərinizə bayram əhval-ruhiyyəsi gətirir. Əgər evinizə şaxta baba sifariş etmək istəyirsinizsə, 80 manatınızdan keçməlisiniz. Çünki şaxta babanın qar qızla birlikdə bir saatlıq çıxışı 80-100 manatdan başlayır. Hətta əgər siz “bahalı” şaxta baba sifariş verirsinizsə, 5 dəqiqəsinə 30 manat ödəməlisiniz. Şaxta babalar bu pulun qarşılığında hədiyyələrlə gəlir və müəyyən ssenarilər hazırlayırlar. Evə daxil olarkən ilk cümlələri isə “Oho-oho-ho! Əziz nəvələrim, bayramınız mübarək” olur.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər