Ohanyan həbs olunacağını istisna etmir
Ermənistanda aprelin 2-də keçiriləcək ərəfəsində
gərginlik davam edir. Həbslər, zorakılıqlar, hakimiyyətin müxalifət namizədlərə
qarşı təzyiqləri səngimir. Bir vaxtlar hakimiyyətdə təmsil olunan şəxslərin
həbsi ölkədə ciddi narazılıqlara yol açır. Əksəriyyət həbsləri hakimiyyətin
qarşıdan gələn seçkilərdə məğlub olacağı ehtimalının güclü olması ilə
əlaqələndirir. Hazırda ən böyük diqqət həm də seçkilərdən sonrakı vəziyyətin
necə olacağına yönəlib. Onlarla insanın öldürüldüyü 2008-ci ilin mart
hadisələrinin yenidən təkrar olunacağı ehtimalı günbəgün artır. Bunu hakimiyyət
də görür və indidən təhlükəli hesab etdiyi şəxsləri zərərsizləşdirməyə çalışır.
Məsələn, separatçı rejimim qondarma müdafiə naziri Samvel Babayanın həbsi buna
bariz nümunədir. Hakimiyyət bununla daha çox sabiq müdafiə naziri Seyran
Ohanyana mesaj vermək istəyir ki, rejimə qarşı ittihamlarını dayandırmasa,
növbədə o olacaq. Elə Ohanyanın özü də bunu istisna etmir.
"Biz Ermənistanda
yaşayırıq və burada heç nəyi istisna etmək olmaz”. Bu sözləri Ermənistanın
keçmiş müdafiə naziri, "Ohanyan-Raffi-Oskanyan” blokunun lideri Seyran Ohanyan
həbs oluna biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. O
bildirib ki, təbliğat kampaniyası zamanı bu kimi məişət mövzularına və
intriqalara diqqət ayırmağa zaman yoxdur: "Bildiyiniz kimi, mən siyasətdə
yeniyəm. Lakin vəziyyətə tez uyğunlaşdım və savadlı insanları ətrafıma topladım.
Düşünürəm ki, bunların hamısı dezinformasiyadır. Mən bütün Ermənistanı gəzirəm,
siyasi proseslərin mərkəzində oluram. Əgər belə bir şey olsaydı, hüquq-mühafizə
orqanlarından kimsə bir dəfə də olsa bu məsələyə toxunardı. Lakin biz
Ermənistanda yaşayırıq, burada heç nə istisna deyil”. S.Ohanyan qondarma Dağlıq
Qarabağ rejiminin "keçmiş müdafiə naziri” Babayanın həbsinə münasibət
bildirərkən deyib ki, Samvel Babayanı sonadək müdafiə edəcəklər. O bildirib ki,
Babayanın həbsi onların seçki blokuna qarşı təzyiqlərin davamıdır. S.Ohanyan
qeyd edib ki, Babayanı sonadək müdafiə edəcəklər, hakimiyyətin qondarma
ittihamla öz məqsədinə çatmasına imkan verməyəcəklər. Blokun digər lideri
,”İrs” partiyasının sədri Raffi Ovanisyan isə Samvel Babayanı siyasi məhbus
adlandırıb. O deyib ki, "Babayan özünün vətəndaş və siyasi baxışlarına görə
həbsə atılıb, çünki bizim blokun həmfikridir”.
Vəkili Avetik Kalaşyan deyib ki, Babayan ölkəyə
"İqla” zenit-raket kompleksi keçirmək cəhdi ilə bağlı ona qarşı iddiaları qəti
şəkildə rədd edir. Babayana qarşı rəsmi ittiham irəli sürüləcəyinə gəldikdə isə
vəkil bunun hələ ki, aydın olmadığını və 1-2 günə bəlli olacağını deyib.
Qeyd edək ki, S.Babayan martın 22-də saxlanıb. Ermənistanın
milli təhlükəsizlik xidməti onun Gürcüstandan qaçaq yolu ilə ölkəyə "İqla”
zenit-raket kompleksi keçirmək cəhdi ilə bağlı istintaq çərçivəsində
saxlandığını bildirib. Bu işlə bağlı Babayandan başqa daha 2 nəfər də saxlanıb.
Yeri gəlmişkən, aktiv seçki mübarizəsinə girişən
"Erməni Milli Konqres-Ermənistan Xalq Partiyası” bloku (rəhbəri keçmiş
prezident Levon Ter-Petrosyandır) elm və təhsil naziri Levon Mıkırtçyanın
istefasını tələb edib. Seçki blokunun bununla bağlı yaydığı bəyanatda ölkənin
təhsil müəssisələrinin bu və ya digər formada 2 apreldə keçiriləcək seçkilərin
saxtalaşdırılması prosesində iştirak etdiyi, qanunla yasaq edilən tədbirlərin
keçirildiyi, materialların yayıldığı qeyd olunub. Bildirilir ki, ölkənin
ümumtəhsil məktəbləri, ali təhsil müəssisələri kütləvi şəkildə hakimiyyətin
saxtakarlıq planlarına cəlb olunur, hakim Respublika Partiyasının qalib olması
üçün inzibati rıçaqlardan istifadə edilir. Məktəb direktorları, müəllimlər,
valideynlərdən bu məqsədlər üçün istifadəni qanunsuz sayan bəyanat müəllifləri
bildirib ki, hakimiyyətin təkzibinə baxmayaraq, administrativ resurslardan
istifadə olunmaqla bu sektorda çalışanların siyahıya alınması faktdır. "Bu,
qanun pozuntusudur, baxmayaraq ki, hakimiyyət bunu təxribat hesab edir”, – deyə
sənəddə qeyd olunur.
Blok məsələnin ciddi şəkildə araşdırılması və
hüquqi qiymət verilməsini, həmçinin elm və təhsil naziri Levon Mkırtıçyanın
istefaya göndərilməsini tələb edir.
Ekspertlər hesab edir ki, ağır sosial-iqtisadi
durum və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaşananlar hakim Ermənistan Respublika
Partiyasının şanslarını əhəmiyyətli dərəcədə azaldır və bu durumda aprel
seçkilərindən sonra Ermənistanı yeni qüvvənin idarə etməyə başlayacağı istisna
olunmur. Seçkidən sonra Ermənistanın həm siyasi, həm də iqtisadi həyatının daha
böyük çətinliklərlə xarakterizə olunacağı gözlənilir. Xüsusən də insanların
maddi rifah halının, sosial vəziyyətinin sürətlə pisləşməsi fonunda Serj
Sarkisyan iqtidarına qarşı ictimai narazılığın daha da artması gözlənilir. Elə
müxalif qüvvələr həm ağır sosial-iqtisadi durumu, həm də Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı ölkənin üzləşdiyi problemləri qabardaraq parlament
seçkiləri ərəfəsində özlərinə ictimaiyyət arasında daha çox dəstək toplamağa
çalışırlar.
Hazırda Ermənistan üçün əsas reallıqlardan biri qeyd edildiyi
kimi, sosial durumun kifayət qədər ağır və acınacaqlı olmasıdır. Vəziyyətin
düzəlməsinə də hər hansı ümid yoxdur. Erməni iqtisadçı Aşot Yeqiazaryan da
bildirir ki, Ermənistanın inkişaf üçün resursları tükənib. "Joxovurd” qəzeti isə
yazır ki, Ermənistanın iflasına səbəb olan cinayətkar rejim əhalinin yaşayış
səviyyəsini minimuma endirib. Aparılan qeyri-konstruktiv siyasət nəticəsində
bütün beynəlxalq enerji, neft-qaz layihələrindən kənarda qalan Ermənistan indi
yalnız ianələr hesabına dolanır. Ermənistanın sabiq baş naziri, millət vəkili
Qrant Baqratyan da onunla həmfikirdir: "Ermənistanda iqtisadi tənəzzül tək bu
il deyil, qarşıdakı illərdə də davam edəcək. Pul ehtiyatlarının, transfertlərin
həcminin azalması nəticəsində ölkənin daha böyük problemlərlə üzləşəcəyi
proqnozlaşdırılır. Hakimiyyətin səriştəsizliyi üzündən Ermənistanda əhalinin
sosial vəziyyəti gündən-günə çətinləşir. Artıq ölkə məhv olmaq həddindədir”.
Azər NURİYEV