• cümə, 19 Aprel, 16:43
  • Baku Bakı 25°C

Ofisiant masaya elə minnətlə yaxınlaşdı ki…

25.06.13 10:28 6099
Ofisiant masaya elə minnətlə yaxınlaşdı ki…
Türkiyədə heç bir bələdçi kitabında bəhs olunmayan, amma çox maraqlı sosial hadisə olan ofisiantların, yaxud qarsonların başqa ölkələrdəki, o cümlədən elə Azərbaycandakı həmkarlarından fərqi nədən ibarətdir? Xarici ölkələrdə məgər nəzakətli, zəhmətsevər, peşəkar ofisiantlar azdırmı? Əlbəttə, heç də az deyil. Lakin onlar sadəcə nəzakətli və zəhmətsevərdir, yəni bütün məziyyətləri elə bundan ibarətdir. Hansısa ürəyə yatan xüsusiyyətləri yoxdur. Halbuki nəzakət, zəhmətsevərlik, peşəkarlıq bütün ofisiantlar üçün vacib cəhətlərdir.
Türkiyədə isə qarson sırf milli səciyyə daşıyan tipdir. Türk qarsonu müəyyən mənada əlahiddə fərdi xüsusiyyətlərə malikdir. O, yüksək peşəkar, nəzakətli, mehriban xidmətçi olmaqdan daha çox sanki yaxın qohum-əqrəbasını və yaxud əziz qonaqları qəbul edən ev sahibidir. Belə ki, onun davranışında xidmətçiyə xas olan yaltaqlıqdan, qılığa girməkdən, nökərçilikdən, yaxud müştəriyə qarşı hər hansı şitlikdən əsər-əlamət yoxdur. Əksinə, türkiyəli qarsonun davranışı hədsiz dərəcədə nəcabət və ləyaqətlə yoğruludur. Üstəlik bu gülərüz gənclərin əksər hallarda İstanbula, başqa iri şəhərlərə ucqar kənd yerlərindən, dağdan-daşdan bir tikə çörək dalınca gəldiyini yada salsaq, onların bu qədər ağayana, məğrur, özünə və qarşısındakına hörmət dolu davranışına həsəd aparmamaq mümkün deyil. Bu məğrurluq istər ünsiyyətdə, istər yerişdə-duruşda, əl-qol hərəkətlərində özünü büruzə verir. Görünür, bu cəhətlər türk kişisinə xas mərdlik psixolojisindən irəli gəlir.
Bununla yanaşı, türkiyəli qarsonlara xas olan xüsusi artistlik keyfiyyətlərini də göstərmək zəruridir. Qarsonun müştəri masasına gəlişi müəyyən mənada həm xidmət göstərəcəyi müştərinin, həm də başqalarının diqqətini çəkmək üçün məharətlə oynanan kiçik bir tamaşadır. Ümumiyyətlə, Türkiyə ticarət və ictimai iaşə sistemində bayaq toxunduğumuz artistlik məziyyətləri mühüm yer tutur. Məsələn, hansısa restoran, lokanta, çayxana, qəhvəxana yanından keçərkən hətta aclığınız-filan yoxdursa belə, zövqlə geyinmiş xidmətçinin gülər üzlə, şirin dillə sizi ləzzətli təamlardan dadmaq, yaxud çay içib gözəl mənzərəyə tamaşa etmək təklifinə biganə qala biləcəyiniz böyük sual altındadır.
Həmin artistlik adəti müştəridən haqq-hesab almaqda da özünü göstərir. Belə ki, hesabı sizə kiçik qovluqda yox, yaraşıqlı teştdə gətirir, pulu da həmin üsulla alırlar. Yeri gəlmişkən, bu üsul yalnız və yalnız türk restoranlarında, bir də onlarla ayaqlaşan bizim bəzi yerli restoranlarımızda tətbiq olunur. Bunun səbəbi bir qədər qaranlıq olsa da, ehtimal etmək olar ki, beləcə müştəri üçün qarsona bəxşiş verib-verməmək sərbəstliyi təmin olunur. Belə ki, müştərinin yanında açılması qəbahət sayılan həmin teştdə nə qədər pul olduğu bilinmir. Hərçənd adətə görə “mötəbər” müştəri hesabın təqribən 10 faizi məbləğində bəxşiş verməlidir. Əlbəttə, bəxşiş verməyənə heç kəs bu barədə ağız açmır, amma göstərilən xidməti görüb, nəzakəti, diqqəti hiss edib, çalınan musiqini dinləyib adam istər-istəməz o bəxşişi də verməyə can atır.
İndi də türkiyəli qarsonlarda sırf peşəkar cəhətlər olan nəzakət, mehribanlıq, zəhmətsevərlik barədə bir neçə kəlmə. Burada türklərə xas olan xidmət sahəsinə xüsusi istedad barədə söhbət açmaq lazım gəlir. Çünki müştəriyə qarşı mehriban, istiqanlı davranışlar təkcə qarsonlarda yox, dükan satıcılarında da, mehmanxana işçilərində də açıq-aydın nəzərə çarpır. Şərq aləmində belə bir söz var: gülümsəyə bilmirsənsə, dükan açma. Əfsuslar olsun ki, bu dəyərli kəlamdan bizim əksər ticarət müəssisələrində və az qala bütün xidmət müəssisələrində bixəbərdirlər. Təbii ki, müştərinin hər halda haqlı olduğunu, müştəriyə diqqət və qayğı göstərildiyini gözünü açandan görüb-götürən adam dükana, restorana, maşın təmiri sexinə gələn müştərilə kobud və ya laqeyd davranmağı, gec olduğu bəhanəsilə onu bayıra çıxarmağı ağlına da gətirməz. Bizdə ən sonuncu müştəriyə axıradək xidmət edən, onu bayıra çıxarmağı şəninə sığışdırmayan restoran (24 saatlıq deyilsə) təsəvvür belə etmək bir qədər müşküldür. Türkiyədə isə müştərini iş vaxtı başa çatıb, yaxud yoxlama bəhanəsilə rədd etməyi heç kimin ağlına da gəlməz. Bütün qarsonlar, yaxud satıcılar çıxıb gediblərsə, müştərini yer sahibinin özü yola salacaq. Onu da demək yerinə düşər ki, qonşu ölkədə dükan, restoran sahibləri daim müəssisədə olur, işlərlə yaxından maraqlanır, müştərilərlə qaynayıb-qarışaraq havadan, futboldan, siyasətdən, arvad-uşaqdan söhbət edib getdikcə adi xidmətçidən daha çox dost-aşnaya çevrilirlər. Onların mehribanlığı, sadəliyi, müştərinin hər arzusuna müntəzir olması elə bundan irəli gəlir. Çünki müştərinin nədənsə narazı qalsa, nəyisə bəyənməsə, bir daha gəlməyəcəyini çox yaxşı bilirlər.
Əlbəttə, türk qarsonları heç də qarson doğulmurlar, bu peşəyə uzun, çətin və ətraflı təlimlə gəlirlər.
Bəs bizdə? Sözsüz ki, ən dəbdəbəli restoranlarda çalışan ofisiantlar kifayət qədər peşəkardır, amma bu cür restoranlar Azərbaycanda o qədər də çox deyil, müştəriləri də həmçinin. Əksər həmvətənlərimizin müştərisi olduğu kafe və çayxanalarda isə xidmət səviyyəsinin acınacaqlı olduğunu söyləməyə əsas var. Çoxu ayaqüstə güclə yeriyən, üz-gözündən yuxu, bəzən isə zəhrimar tökülən ofisiantlar yeni gələn müştəriyə də ancaq əl-qol hərəkətlərini gördükdə, masaya vurduğunu eşitdikdə fikir verirlər. Təmizliyə riayət etməkdən bixəbər olan bu adamlar kirli əllərilə çay stəkanlarını qapır, masanı candərdi silir, çörəyi də əllərini yumadan qaba qoyurlar. Külqabını da dəyişmələri üçün dəfələrlə xahiş etmək, xatırlatmaq lazım gəlir. Sözsüz ki, külqabını, nimçələri, qaşıq-çəngəli mümkün qədər gözə çarpmadan dəyişdirmək qaydasından xəbərləri belə yoxdur. İrad bildirən kimi də “mən təkəm, siz çox”, “səhərdən ayaq üstəyəm, əldən düşürəm” sayağı bəhanələr gətirib sizi haqsız çıxarırlar. Əksər hallarda ofisiant masanıza elə minnətlə, elə narazı sir-sifətlə yaxınlaşır ki, onu narahat etdiyinə görə xəcalət çəkib “çox üzr istəyirəm, sizə zəhmət verirəm, bəlkə bir dənə çəngəl gətirəsiniz ki, əllə yemək məcburiyyətində qalmayaq” demək keçir ürəyindən.
Əlbəttə, hansısa artistlik barədə danışmaq belə yersiz görünür. Halbuki belə baxanda bizdə də, Türkiyədə də iaşə xidmətçilərinin əksəriyyəti kəndli cavanlardır. Bəs necə olur ki, oradakılar işi öyrənir, bizimkilərsə yox? Çox güman ki, məsələ heç də türklərin bizimkilərdən daha fərasətli, yaxud zirək olduğunda yox, bizimkilərin belə şeyləri vecinə almamasındadır. Səbəbi də hələ kafe-restoranlarla bağlı seçim imkanımızın kasad olduğu sovet əyyamından gələn belə bir ehkamdır ki, əşi, müştəri çoxdur, biri getsə o birisi gələr, niyə özümü həlak edim ki?
Əslində ofisiantların günahı yoxdur. Onlar sadəcə olaraq gördükləri işi sevmirlər. Əsas günah işçilərinin təliminə əhəmiyyət verməyən kafe-restoran sahiblərinindir. Təlim keçmək vaxt, pul sərf etmək deməkdir. Nəyinə lazımdır? İşlər pis-yaxşı gedir, pullarını qazanırlar. Buyurun, nəticə göz qabağındadır.
Kseniya Burakovska
«Kaspi»nin rusca nömrəsindən tərcümə
banner

Oxşar Xəbərlər