• cümə axşamı, 18 aprel, 17:24
  • Baku Bakı 22°C

Odur taksi... Min get...

18.10.13 10:56 2146
Odur taksi... Min get...
Rüstəm bu yaxınlarda Nəqliyyat Nazirliyinin cərimə meydançasına 102 manat pul ödəyib. 100 manat qanunsuz taksi fəaliyyəti göstərdiyinə, 2 manat da maşını cərimə meydançasında bir neçə gün qaldığına görə. Hadisənin kökü isə onun sovet maşını ilə taksi xidməti göstərməsidir: “Dolanmaq üçün başqa yolum yoxdur. 5 il “Palmali” şirkətində işlədim, 5 ildə 3 dəfə ailəmin üzünü görə bildim, bütün vaxtımı sularda keçirirdim. Sizə asan gəlməsin, aylarla gəmidə, okeanın ortasında olmaq adamın psixologiyasını pozur. Ona görə də artıq orda işləyə bilmədim, gəlib burda taksi xidmətinə başladım. Sonra da qərar çıxardılar ki, sovet maşınlarına qadağandı bu işi görmək”.
Rüstəm deyir qadağalara baxmayaraq taksi xidməti göstərməkdə davam edib. Çünki başqa heç bir sahədə işləyə bilməyib: “Neçə işə əl atdım alınmadı, yenə də dönüb taksiyə başladım. Gecə saat 2-də “Əzizbəyov” metrosunun yanından evə gəlirdim, iki nəfər kişi əl elədi saxladım. Oturan kimi biri əlini atıb açarı götürdü, kənardan da bir neçə nəfər yaxınlaşdı maşına, düşməyimi tələb etdilər. Bir az mübahisə etdik, hərəkətlərinin rəsmən basqın olduğunu dedim. Dedilər ki, biz beləyik, başqa cür qarşısını ala bilmirik. Maşını əlimdən alıb apardılar, nə akt tərtib etdilər, nə bir əlaqə nömrəsi qoydular, nə də özlərini təqdim etdilər. Bir nəfər hüquqşünas tanışım var, onun məsləhəti ilə 102-yə müraciət etdim. Düşündük ki, birdən oğurluq olar, maşınla hansısa cinayət törədərlər qalar üzərimdə. Bir neçə gündən sonra xəbər çıxdı ki, maşın cərimə meydançasındadır. Məndən 102 manat alıb 15 manatlıq qəbz verdilər”.
Paytaxtda Rüstəm kimiləri az deyil. Məlum qadağa qoyulandan sonra bir çoxları yeni avtomobil alıb işini davam etdirsə də, hələ də sovet maşınından taksi kimi istifadə edənlər var. Qeyd edək ki, Nəqliyyat Nazirliyinin 2012-ci il mayın 1-dən qüvvəyə minmiş yasağı sovet maşınlarını taksi kimi işlədənlərin 100 manat cərimələnməsini nəzərdə tutur.
Nəqliyyat Nazirliyi mətbuat katibliyinin rəhbəri Namiq Həsənov deyir ki, keçmiş sovet maşınlarına birmənalı olaraq lisenziya verilmir və verilməyəcək də: “Bu maşınlarla taksi fəaliyyəti göstərənlər də müvafiq qaydada cərimələnəcəklər”. Rüstəmin daha bir iddiası isə odur ki, nəqliyyat müfəttişləri ayda 30 manat alıb lisensiya olmaya-olmaya taksi fəaliyyəti ilə məşğul olmağa icazə verirlər. N.Həsənovun sözlərinə görə, hazırda da reydlər keçirilir və qanunsuz taksi fəaliyyəti ilə məşğul olan hər kəs cəzalandırılır.
Rüstəm onu da deyir ki, bütün bu qərarlar, qoyulan qadağalar taksi xidmətinin bahalaşmasına səbəb olub: “Əvvəllər 5 manata gedilən yol indi ən azı 7-8 manata gedilir. Hamısı da taksi çatışmazlığına görədir. Bakıda 3 milyondan çox adam yaşayır, yollar sıxlıqdır, marşrutlar vaxtında çatdırmır insanları getdiyi yerə. Taksilər yenə ara yollara girirlər, kəsə gedir sərnişinləri istədiyi vaxtda istədiyi məkana çatdırırlar. İndi özünüz təsəvvür edin, heç ola bilərmi ki, 3 milyon adamın cəmi 5 mini harasa tələsə?! 6 yüz min adama min taksi absurd bir məsələdir. Gərək nazirlik bu həddi heç olmasa 10 minə qaldıra. Onsuz da hazırda Bakıda on minlərlə taksi var”.
Qeyd edək ki, nazirliyin hesablamalarına əsasən Bakıda cəmi 5 min taksiyə ehtiyac var. Lakin Rüstəmin də dediyi kimi, reallıq bunun tam əksini göstərir və müəyyən qadağalarla taksilərin sayının azaldılması qiymətlərin ciddi surətdə qalxmasına səbəb olur.
Bunu bizimlə söhbətdə meyvə-tərəvəz dükanının sahibi İlqar da dedi: “Təsəvvür edin, özüm Sabunçunun şəhər tərəfdən girişində yaşayıram, dükanım da ordadır. İki gündən bir “8-ci kilometr” bazarından meyvə-tərəvəz alıb gətirirəm. Aldığım malı bazardan dükana gətirmək üçün taksiyə 20 manat verirəm. Bu, rəsmən soyğunçuluqdur”.
Bəzi ekspertlər taksi xidməti fəaliyyətindəki yenilikləri bu sahədə monopoliya yaradılması istəyi ilə əlaqələndirirlər. Qeyd olunur ki, məqsəd “London taksiləri”ni işlətmək və bu maşınlara çəkilən xərci çıxartmaqdır. Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov taksi xidmətindəki dəyişiklikləri süni tənzimləmə hesab edir. Onun fikrincə, kimlərsə himayəsində olan taksiləri başqalarına nisbətən üstün vəziyyətə gətirmək istəyir. Sahib Məmmədova görə, lisenziya verməmək, sürücüləri sıxışdırmaqla bu sahədə tənzimləmə aparmaq nəticə verməyəcək. Lakin nazirlik qətiyyətlə bəyan edir ki, hazırda Bakıda fəaliyyət göstərən qanunsuz taksilərin hamısı tədricən yığışdırılacaq.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər