• cümə axşamı, 18 aprel, 07:24
  • Baku Bakı 12°C

Odla oynayan oğlan - Şou-biznes

20.06.15 11:48 4842
Odla oynayan oğlan - Şou-biznes
Aydəmir Aydəmirov: “Açılış mərasimindəki səhnədə elə nüanslar var idi ki, bir səhvlə özümü də yandıra bilərdim”

İyunun 12-də Birinci Avropa Oyunlarının möhtəşəm açılış mərasimini izlədik. Avropanın diqqətinin yönəldiyi Bakıda keçirilən açılış mərasimində Azərbaycan ədəbiyyatında əbədi sevgini simvolizə edən Leyli və Məcnun obrazları yaddaşlara həkk olundu. Bu mənzərəni bir qədər də qeyri-adi edən tarixi əfsanəvi qəhrəmanları canlandıran Aydəmir və Nərgiz oldu, desək yəqin ki, yanılmarıq.
Dövlət Rəqs Ansamblının solisti olan Aydəmir Aydəmirov məşəli yandıraraq böyük səhnədə mükəmməl bir performans göstərdi. “Gənclik qəzeti”-nin qonağı olan Azərbaycanın gənc Məcnunu bizimlə söhbətində səhnədə göstərdiyi o möhtəşəm şoudan danışdı. Rəqqasımız eksklüziv olaraq yaşadığı həyəcan dolu anları bizimlə bölüşdü.
- İlk olaraq demək istərdik ki, o möhtəşəm açılışda sizi gördüyümüzə çox sevindik. Maraqlıdır, necə oldu ki, Avropa Oyunlarının açılış mərasimində belə bir obrazı canlandırmaq məhz sizə nəsib oldu?

- Mənim üçün də gözlənilməz bir hadisə idi. Martda bir komanda bizim çalışdığımız Rəqs Ansamblına gəldi. Orada qızları və oğlanları videolentə aldılar. Bir müddət sonra isə seçilmiş 8 oğlan, 9 qızla tanış olmaq üçün bizi öz bazalarına dəvət etdilər. Orada seçilmiş rəqqaslarla bir çox sahələr üzrə məşqlər olundu. Belə ki, daş atmaq, musiqi dinləmək və sair sahələrdə sınağa çəkildik. Bir neçə gün sonra isə mənimlə əlaqə saxlayıb, ikinci mərhələyə keçdiyimi bildirdilər. Söylədilər ki, “Sizi təbrik edirik, artıq Avropa Oyunlarında sizin obrazınız bəllidir. Bunun üçün də öz anketinizi bizə yollaya bilərsiniz”. Təbii ki, bu xəbəri eşitdikdə çox sevindim. Özü də 3 ildir ki, Rəqs Ansamblından tanıdığım Nərgizlə tərəf müqabili idik.
- Təəssüflər olsun ki, oxucularımız Aydəmir Aydəmirov haqqında kifayət qədər bilgiyə sahib deyil. Onlar üçün siz yeni simasınız.

- Mən 1987-ci il dekabrın 12-də Bakı şəhərində anadan olmuşam. Uşaq yaşlarından rəqsə böyük marağım var idi. Sevdiyim bu sənəti davam etdirdim. Belə ki, 2000-ci ildə Bakı Xoreoqrafiya məktəbinə daxil oldum. Oranı bitirən kimi də xalq artistimiz Afaq Məlikovanın rəhbərlik etdiyi Dövlət Rəqs Ansamblına daxil oldum. 11 ildir ki, orada çalışıram. Rəqs Ansamblının yaradıcı heyəti ilə demək olar ki, dünyanın bir çox ölkələrinə gedib, rəqslərimizi nümayiş etdirmişik. Dünyanın müxtəlif ölkələrində Azərbacanı təmsil edib, adını ucaltmağı özümüzə borc bilmişik. Bundan başqa, bir sıra dövlət tədbirlərində, açılışlarda iştirak etmişik. Bir çox rəqslərdə isə mən baş rolların ifaçısı olmuşam. O zaman məni bu rollara Təranə xanım seçmişdi. Mən Avropa Oyunlarının açılışı üçün Məcnun seçiləndə, o da çox sevinirdi və söyləyirdi ki, “səni ilk dəfə baş rol üçün mən seçmişdim, demək ki, seçimimdə yanılmamışam”. Mənim belə bir obraz yaradacağımı eşidən nəinki müəlliməm, çevrəmdə olan bir çox insan sevinirdi. Ümumiyyətlə, bizim Rəqs Ansamblının kollektivi çox mehribandır. Mən özüm də onların hörmətini saxlayıb, münasibətmi xoş tuturam.
- Avropa Oyunlarının məşəlini yandırmaq sizə qismət oldu. İzləyici olaraq hər bir Azərbaycan vətəndaşı həyəcan içində idi. Maraqldır, həmin an siz hansı hissləri keçirirdiniz?

- Həmin an çox həyəcanlı idim. Qobustan qayalarının üzərinə çıxanda mənə qəribə bir həyəcan gəldi. Bilirdim ki, bu dəfə məni nəinki Azərbaycan xalqı, bütün Avropa, dünya izləyir. Dəhşətli şəkildə həyəcanlı idim. O səhnəyə bir nəfəsə çıxdım. Bizim performansımız bitəndə, hiss etdim ki, bədənim əsir. Hərdən mənə elə gəlir ki, o arenaya nəfəs almadan çıxdım (gülür). Sanki həmin anlarda nəfəs belə almırdım. Səhnəmiz bitəndən sonra bu işin öhdəsindən gəldiyim üçün Allahıma şükürlər etdim. Bu obraz üçün dəvət edildikdə bilirdim ki, məni ağır və məsuliyyətli bir iş gözləyir. Düşündüyümdən də çətin oldu. Mənə igid kimi baxırdılar. Bir ay müddətində demək olar ki, alovla oynadım. Orada elə nüanslar var idi ki, bir səhvlə özümü də yandıra bilərdim. Bir neçə dəfə yanar daş əlimi yandırdı. Çalışırdım ki, səhv etməyim. Əgər orada cüzi bir səhv etsəydim, yanacaqdım. Öz üzərimdə çox işləyirdim. Daş atmalarda bir çox məşqlərimiz oldu. Hətta bir dəfə əlim də əzildi. Çətin proses idi. Daşı tam dəqiq atmalı idim. Konsertin sonunda rejissorumuz Dimitri Papayani mənə minnətdarlığını bildirdi və dedi ki, “afərin sənə daşı tam olaraq mərkəzə atdın”. Bu da onun göstəricisi idi ki, rejissorumuz üzərimdə çox işləmişdi, hər bir nüansı mənə dəqiqliklə izah etmişdi. Onu da qeyd etmək istərdim ki, bizə bu şəraiti yaratdıqlarına görə Prezidentimiz İlham Əliyevə və təşkilatçılıq işlərini öhdəsinə götürən ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm.
- Odla oynamaq çətin deyildimi?

- Bilirdim ki, əgər mənə belə bir iş tapşırılıbsa, onun öhdəsindən layiqincə gəlməliyəm, gözəl şəkildə insanlara çatdırmalıyam. Mən ikinci mərhələdən keçəndə və xarici təşkilatçı komanda ilə görüşəndə artıq hər şeyə hazır idim. Bütün bunları gözə almışdım.
- Və torpağa qoyduğunuz od insan forması aldı. Bu da od, su, torpaq ünsürlərinin bir göstəricisi idi. Sizcə, bu səhnə ilə Avropaya lazımi mesaj ötürüldümü?

- O səhnədə təkcə sizin sadaladıqlarınız ünsürlər deyildi. Biz orada sevgi əfsanəsi kimi qələmə verilirdik. Torpağa qoyduğum o oddan yaranan insan fiquru, sonra onu götürüb insanlara tərəf çevrilməyimiz o demək idi ki, sevgimizi insanlara təqdim edirik və sevgimiz o yanan alov idi. Bundan başqa, əlimdə yanan həmin alov həm də Odlar yurdumuzun bir nişanəsi, simvoluydu. Bu alov insanlara çox söz deyirdi.
- Həmin səhnələrin üzərində nə qədər məşq etmişdiniz?

- Məşqlərə aprelin əvəvllərindən başlamışdıq. Tam olaraq 3 ay sərasər bu obraz üzərində işlədim. Mütəmadi olaraq məşqlər edirdim. Məşqlər zamanı bir sıra çətinliklərlə də üzləşdim. Dediyim kimi, əlim yandı, hələ üstəlik, qolum çıxdı, amma mən bunlara məhəl qoymadım. Öz obrazımın üzərində çox çalışdım, istəyirdim ki, hər şey dəqiqliklə, mükəmməl şəkildə olsun.
- Həmin gecədən sonra Aydəmirin həyatında nələr dəyişdi?

- Heç zaman belə bir obrazda çıxış edəcəyimi düşünməmişdim. Ağlıma belə gəlməzdi ki, bu səhnəcikdən sonra xalqımız məni belə qiymətləndirəcək. Xalqıma minnətdaram ki, zəhmətimi dəyərləndirdi. Mən işimi gördüm, o arenaya şöhrət üçün çıxmamışdım.
- Bir gecənin içində simanız tanındı, insanlar tərindən sevildiniz. Bu məşhurluğu daimi olaraq əlinizdə saxlmaq üçün nələr edəcəksiniz?

- Rəqs sənəti ilə məşğul olan bir incəsənət nümayəndəsi kimi öz çıxıaşlarımla indi qazandığım hörməti saxlamağa çalışacağam.
- Bəs aktyor kimi necə, fəaliyyətinizi davam etdimək istəyirsinizmi?
- Təbii ki, rejissorlardan təklif gələrsə, niyə də olmasın. Artıqlaması ilə o işin də öhdəsindən gələrəm.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər