Odla oynayan həvəskar siyasətçi

Odla oynayan həvəskar siyasətçi

Siyasət
04 Sentyabr 2019, 18:03 967
Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiyaya qarşı addımları ilə diqqət çəkir. Təbii ki, onun bu addımları Rusiya tərəfindən, xüsusilə prezident Putin tərəfindən birmənalı qarşılanmır. Rusiya prezidentinin Paşinyana münasibəti də həbsdə olan sabiq prezident Koçaryandan fərqlənir. Belə olmasaydı, Putin Ermənistan hökuməti tərəfindən həbs edilən və dövləti cinayətdə ittiham olunan Koçaryana ad günü münasibətilə təbrik məktubu ünvanlamazdı. Lakin görünür Putinin bu addımından məyus olan Paşinyan "odla oynamağa” qərar verib. Belə ki, Ermənistanın indiki hökuməti Rusiya müxalifətçisi, ultrasağçı radikal Vitali Şişkinə qaçqın statusu və sığınacaq verib. Məlumata görə, rusiyalı Şişkinə qarşı öz ölkəsi tərəfindən ittiham irəli sürülüb və barəsində axtarış elan olunub. Belə bir durumda Paşinyanın ona siyasi sığınacaq verməsi Koçaryanı təbrik edən Putinə cavab kimi qiymətləndirilə bilərmi? Bundan sonra Rusiya ilə Ermənistan arasında münasibətlər hansı xətt üzrə davam edəcək? 
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov bildirdi ki, rusiyalı radikal müxalifətçiyə Ermənistanda siyasi sığınacaq verilməsi Paşinyanın Putinə qarşı atdığı addım kimi qiymətləndirilməlidir: "Paşinyan demək istəyir ki, sən Koçaryanı dəstəkləyirsənsə, mən də sənə qarşı çıxış edən dissidenti dəstəkləyirəm və hətta ona siyasi sığınacaq verirəm. Amma məsələ ondadır ki, Ermənistanla Rusiya tərəzidə eyni çəkidə deyillər. Rusiya nüvə silahına malik böyük dövlətdir. Eləcə də uzun illərdir Ermənistanın arxasında dayanıb, dəstək olub. O cümlədən Ermənistana iqtisadi dəstək verən, ona maliyyə, kredit ayıran, hərbi-texniki dəstək göstərən də Rusiyadır. Yəni, Ermənistan Rusiya ilə ayaqlaşa bilməz. Bu, sadəcə olaraq, Paşinyan tərəfindən atılan "uşaq” addımıdır. Əslində siyasətçi belə bir addım ata bilməz. Çünki sağlam düşüncəli, vəziyyəti normal analiz edən və proqnozlaşdıran siyasətçi, xüsusilə baş nazir belə məsələlərdə diqqətli olmalıdır. Paşinyanın bu hərəkəti Ermənistan- Rusiya münasibətlərinin daha da gərginləşməsinə gətirib çıxara bilər. Təsadüfi deyil ki, artıq Koçaryanın tərəfdarları Yerevanın küçələrinə çıxıblar və mitinqdə Paşinyana qarşı çıxışlar ediblər, bir sıra tələblər irəli sürüblər. Əlbəttə, istisna deyil ki, bu etirazlar başqa bir ölkənin dəstəyi ilə baş tutur. Əgər Paşinyan bunu başa düşmürsə, ya gərək hakimiyyətdən getsin, ya da siyasi kursu dəyişsin. Onu da qeyd edim ki, Rusiya çox asanlıqla və müxtəlif ssenarilərlə Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilər”.
F.Sadıxov qeyd etdi ki, qarşıdakı dövrdə Ermənistanda daxili stabillik pozulacaq: "Çünki Paşinyan baş nazir olarkən siyasi, iqtisadi, və sosial sahələrlə bağlı verdiyi vədlərini yerinə yetirmir. Sadəcə olaraq, antastik proqnozlar, bəyanatlar verir. Digər tərəfdən, Rusiya ilə münasibətlərin gərginləşməsi göz qabağındadır. Düşünürəm ki, Ermənistanda daxili stabilliyə zərbə vurulacaq. Çünki Rusiya açıq şəkildə həm Koçaryanı, həm də onun tərəfdarlarını, ətrafında birləşən siyasətçiləri dəstəkləyir, onları müdafiə edir. Bu da özü-özlüyündə Paşinyanın zəifləməsinə gətirib çıxaracaq. Əmin deyiləm ki, Koçaryan Paşinyanı əvəz edəcək. Amma hər halda, bu addımları ilə Paşinyan özünün siyasi ömrünü qısaldır. Görünür ki, onun taleyi də özündən əvvəl hakimiyyətdən devrilən siyasətçilərin taleyinə oxşayacaq. Bununla da Paşinyan siyasətdən uzaqlaşdırılacaq”.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, proseslər göstərir ki, Paşinyan hakimiyyətə gələndən sonra daxildəki sosial-iqtisadi vəziyyəti dəyişməyə müyəssər olmayıb: "Eyni zamanda, onun rəqiblərin üzə çıxaraq, açıq şəkildə müzakirəyə başlayıblar. Bu da ondan xəbər verir ki, Ermənistanda daxili vəziyyət artıq gərginləşmək üzrədir. Təbii ki, bütün bunlar və Rusiya-Ermənistan münasibətləri bir-birinə bağlı olan məsələlərdir. İndiki halda Rusiya tərəfindən sabiq prezident Koçaryana dəstəyin göstərilməsi, hətta həbsdə ikən ona təbrik məktubunun göndərilməsi onu göstərir ki, satqınlara və öz vəzifələrini yerinə yetirməyənlərə qarşı çox prinsipial olan Rusiya prezidenti Putin Ermənistan baş nazirinə başqa formada yerini göstərəcək. Hələlik isə Putin öz ismarıclarının diplomatik qaydalara uyğun şəkildə göndərir. İstər Koçaryanın təbriki, istər Kreml tərəfindən Nikol Paşinyana verilən mesajlar onu göstərir ki, Rusiya Ermənistanın apardığı indiki siyasətdən razı deyil”.
Z.Məmmədovun sözlərinə görə, Rusiya narahatdır ki, Ermənistanda mövcud olan hakimiyyət hansısa məsələlərdə müəyyən olunmuş xətti keçə bilər: "Paşinyan bunu istəsə də, Ermənistanın Rusiyadan çox asılı olması onun manevr imkanlarını minimuma endirir və arzusunu reallaşdıra bilmir. Beləliklə də Paşinyanın imkanları məhdudlaşır. Ermənistanın indiki hökuməti tərəfindən Rusiyada axtarışda olan ultrasağçı radikal Vitali Şişkinə qaçqın statusu və sığınacaq verməsinə gəlincə, Paşinyanın bu oyunları, apardığı siyasət, təbii ki, Ermənistana baha başa gələ bilər”.
 
BƏXTİYAR