• cümə, 29 Mart, 17:51
  • Baku Bakı 14°C

Oddan keçənlərin zəfəri

08.04.19 15:30 1178
Oddan keçənlərin zəfəri
Elə mövzular var ki, daş kimi insanın ürəyindən asılıb qalır, bilmirsən fikrini necə ifadə edəsən... Bu günlərdə xalq şairi Fikrət Qocanın "Oddan keçənlər” poemasını oxudum və 37-ci il repressiyasının qurbanı olmuş şair Əhməd Cavadın xanımı Şükriyyə xanımı xatırladım. Əhməd Cavadın başına gələn məlum qəzadan sonra Şükriyyə xanımı da "vətən xaini”nin zövcəsi kimi həbs edib Qazaxıstan çöllərinə sürgün edirlər. Şükriyyə xanım özünü zabitlərin məşum otağından bilirsinizmi necə qoruyurmuş? Gecə tualet növbəsində qapını arxadan bağlayıb paltarlarını çıxarırmış, həmin paltarlarla tualetin yerini silib əyninə geyirmiş ki, hamı ondan iyrənib yaxın durmasın. Şükriyyə xanımı çağırıb deyiblər ki, ərizə yazıb Əhməd Cavaddan boşanmalısan. O, isə deyib ki, mən vaxtında Əhməd Cavada görə öz ata, anamdan imtina etmişəm. İndi siz deyirsiniz ki, mən öz övladlarıma görə Əhməd Cavaddan imtina edim? Bilirəm ki, siz onu güllələyəcəksiniz, mənim boşanma ərizəm ona sizin güllənizdən daha ağır olar. "Dostlar”ı onu satsa da vəfalı ömür-gün yoldaşı böyük iradə və mətanət göstərdi, sınmadı, əyilmədi və sürgünə yollanmağa razı oldu.
Bütün bu bəlli həqiqətləri niyə xatırladım? Xalq şairimiz Fikrət Qocanın "Ömürdən bir damla” ("Yazıçı” nəşriyyatı, 1991) kitabına daxil edilmiş "Oddan keçənlər” poeması məhz bu ağrılı, faciəvi mətləblərdən bəhs edir. Əsəri mənzum povest də adlandırmaq olar. Hadisələrin müəyyən süjet əsasında təsviri şairin daxili duyğuları ilə üzvi surətdə birləşir, üç növ – epik, lirik, dramatik – bir-biriylə qaynayıb qarışır. Əsərdə epik növə xas olan gərgin dramatik süjet-kompozisiya, müxtəlif xarakterə malik obrazlar sistemi, bitkin məzmun, ideya öz əksini tapır. Burda nə Əhməd Cavadın, nə də Şükriyyə xanımın obrazı yoxdur. Amma "37”-nin qara yeli nə qədər gənc ömürləri bahar çağında soldurdu, nə qədər talelər şikəst edildi, bir ömür boyu sürən həsrət, nisgil, intizar sağalmaz yara kimi insanların rahatlığını əlindən aldı, xoşbəxtliyinə kölgə saldı.
Total ədalətsizlik ucbatından cəmiyyətin nizamı pozulmuşdu və qorxu şüurlara hakim kəsilmişdi. Qorxu bütün mənəvi, insani dəyərlərin üstündən tank kimi keçib xıncım-xıncım etmişdi. Cəmiyyət vicdan qıtlığından əziyyət çəkirdi. Şəxsiyyətini qoruyanları amansız fiziki işgəncələr və sonda güllələnmə gözləyirdi. Həyat isə şirin idi, hamı yaşamaq istəyirdi. İnsanlar repressiyadan xilas olmaq üçün ən yaxın dostlarını bada verirdi. Qorxu insanları mənəvi prinsiplərindən imtina etməyə məcbur edirdi, insanların içindəki iblisin üzə çıxması üçün münbit şərait yaranmışdı. "Oddan keçənlər”in gənc qəhrəmanları bu ağır sınaqdan üzüağ keçə bilməyənlərdir. Bu labüd amansızlıq dönəmində insani sifətini qoruyub saxlaya bilənlər çox az oldu. Obrazların ictimai-fərdi simaları müəllif təhkiyəsilə bərabər həm də kəskin dialoq və monoloqlar vasitəsilə açılır, reallaşır.
Tarix fakültəsinin tələbələri Tahirlə Səadət sonuncu kursda nişanlanırlar, lakin səadət onlara qismət olmur.
"Bir addım qalmışdı 37-ə.
Bu qızın ən xoşbəxt çağlarında da
Bədbəxtlik qapılar döyürdü bir-bir.
Sən xoşbəxt olanda kim düşür yada,
Qapılar döyülür, gedənlər gedir”.

Psixoloji proseslərin dinamikası poemanın irəliləyən süjet xəttində repressiya, həbslər dalğasının ambivalentliyini üzə çıxarır. Tahiri öz qrup yoldaşı Mədət satır, onu "dəniz qırağı”na (DTK-ə) çağırıb Tahirin əleyhinə ifadə verməyə ("Yaz ki, pantürkistdir!”) məcbur edirlər. Əslində, məcbur etmirlər, əgər razılaşmasaydı, o halda məcburiyyətdən söhbət gedə bilərdi. Əvvəlcə ona dostunu satmağı sadəcə, təklif edirlər. Mədət şərəfli ölümdənsə şərəfsiz yaşamağı tərcih edir və düşünmədən dostunu güdaza verir. Tahiri həbs edirlər, Səadəti isə məktəbdən qovurlar. Səadəti sürgünə göndərmək təhlükəsi yarananda Mədət düşünür ki, bəlkə bu qızı elə özü alsın?!

"Səadəti mən özüm
Tərbiyə eyləyərəm”.
Münasibəti bildi,
Sonra qərara gəldi.
Elçi getdi özünə
Bir ölkənin adından.
Səadətin anasından –
Bir yazıq dul qadından
Qız almadı, elə bil
Sanki intiqam aldı.
...İri qara gözlərin
Altında ömrü boyu
Yas saxladı Səadət.
Ürəyinə, dilinə
Daş bağladı Səadət.


Dostunu gedərgəlməzə yollayıb onun nişanlısıyla evlənən Mədət bilmədi ki, vahimə ömrünün sonunacan onu izləyəcək, rahat yaşamağa qoymayacaq, ömrü-günü zəhərə dönəcək. Gələcəyin tarixçisi tarix qarşısında məğlub duruma düşür. Adı Səadət olan bir qızın adının antonimi olan bədbəxtliyə tuş gəlməsi taleyin ironiyası idimi?! Gərdişi-dövran dəyişəndən sonra Mədət satdığı adamdan mədət umsa da vicdanı ona işgəncə verir. Repressiya qurbanlarının faciəli taleyindən bəhs edən çox əsərlər yazılıb. Amma Fikrət Qocanın "Oddan keçənlər” poeması oxucunu interaktivliyə dəvət edən, çoxyozumlu, çoxmənalı bir əsərdir. Psixoanalizin banisi Ziqmund Freyd ağlın topoqrafik modelini yaratmışdı və insan zehninin topoqrafik modelinin üç qatdan ibarət olduğunu iddia edirdi. O, insanın zehnini aysberqə bənzədirdi və onun fikrincə bu aysberqin görünən hissəsi şüur idi. Alt qat (görünməyən hissə) isə şüuraltı bölgədir və orda gizlənmiş qorxuların üzə çıxmasına yüngülcə təkan kifayət edir. 37-ci il repressiyası insanın təbii özünüqoruma instinktlərinin aktivləşdiyi bir dövr idi və adamlar özlərini qorumaq üçün başqalarını heç bir vicdan əzabı çəkmədən qurban verirdilər. Fikir entropiyası ziyalı təbəqəni iki sinfə bölmüşdü: pantürkist və sosialist. Mədətin zehnini qorxu işğal etmişdi və onun özü də bu mənəvi terrorun qurbanına çevrilmişdi. O, ruhani həyata deyil, cismani instinklərə tabe olduğundan yaşamaq üçün hər cür əclaflığa qol qoymağa hazırdır. Fikrət Qocanın "Dörd addım” poemasının qəhrəmanı ömürlük cəzaya məhkum edilmiş qatil də ruhunu şeytana satmışlardandır. Bu obrazların hər ikisi qatildir; Mədət birbaşa adam öldürməsə də, iki insanın arzularını öldürüb, səadətini, xoşbəxtliyini qətlə yetirib. Başqasının bədbəxtliyi üzərində özünün karyerasını qurub, elmi rütbə alıb və bu azmış kimi vicdan əzabından xilas olmaq üçün özünü təmizə çıxarır:
Günahım nədir ki, gətirdi baxtım,
O, dərəyə getdi, mən dağa qalxdım.
Stalinin ölüm xəbərini eşidən tarixçi alimin həyəcanlı günləri başlayır, törətdiyi əmələ görə cəzalanacağından qorxur. Səadət isə dolmuş bulud kimi idi:

Neçə illərin ağlamaq payı
Yığılıb qalmışdı.
İndi ağlamağa
Lap yuxarıdan icazə almışdı.
İndi o, qadın deyildi,
İndi o bir yağışdı, yağırdı,
Öz üstünə yağmışdı, yağırdı.
Saçlarının qarası yuyuldu,
Elə bil bu yağışlardan ağardı.


Mədət gileylənir ki, bir uşağımız da olmadı. Səadət ona belə cavab verir: "Sonsuz olsa yaxşıdı dərd, nifrətdən uşaq olmur, ay Mədət”! Nifrət qısırdı, o artmır, törəmir, insanı öz içində boğub məhv edir. Sevgisiz, nifrət üzərində qurulan bu izdivac bəhrə verə bilməzdi. Mədət özgəsinin yarına sahib çıxmışdı və başqasına məxsus olan ürək dünyaya sevgi gətirə bilməzdi. Tanrı Mədəti də, Səadəti də sonsuzluqla cəzalandırır. Səadəti niyə? Çünki Tahirin yolunda sitəmlərə dözmədi, əzablar, təhqirlər önündə tab gətirə bilmədi. Tahir bəraət alıb qayıdanda Səadət özünü çox lənətləyəcəkdi: "Bilsəydim axırı belə olacaq, eşqə etibarlı olub ölərdim”. Amma artıq çox gec idi və səadətin qatarı çoxdan getmişdi.
Repressiya qurbanlarına bəraət veriləndə yenə də Mədətin kürkünə birə düşür:

Bəs neyləsin
Tarixi ölmüş
Tarixçi alim!
Stalinin dəmir-beton bığları
Kağız kimi ovxalandı,
Onun polad zəhmi
Saman kimi
Od aldı, yandı.

O, saxtalaşdırılmış "tarix”in elmlər doktoru idi. Mədət həqiqəti imitasiya etməklə özündən psevdoziyalı obrazı yaradır. Yalanla zirehlənsə də həqiqətin gülləsi bu zirehi deşib keçir. O da "Dörd divar”dakı ömürlük məhbus kimi yalan adlı dörd divardan ibarət kameranın içindədir. Bu absurd situasiyada satanlar da, satılanlar da qurbandırlar.
"Oddan keçənlər” tariximizin yaralarına toxunur. Aristotelin poeziya haqqında məşhur fikrini xatırlayıram. O, yazırdı: "Poeziya tarixdən daha fəlsəfi və daha ciddidir: poeziya daha çox ümumidən, tarix isə xüsusidən bəhs edir”. Mənzum romanlar, poemalar tarixdə baş vermiş konkret hadisənin təfərrüatını, spesifikasını, unikallığını əks etdirə bilir, ictimai həyatın müəyyən bir dövrünü daha dolğun əks etdirməklə tarixi abidəyə çevrilir. Fikrət Qocanın bu poeması məzmun və mündəricə etibarilə Rəsul Rzanın "Qızılgül olmayaydı” poemasıyla səsləşir. Bu əsərin mərkəzində repressiya maşınının cəngindən qurtula bilməyən nakam taleli şairimiz Mikayıl Müşfiq dayanır. "Oddan keçənlər”in qəhrəmanı Tahir də Müşfiq taleyi yaşayanlardandır. Fərq bundadır ki, Tahirin Səadəti Müşfiqin Dilbəri kimi, Əhməd Cavadın Şükriyyəsi kimi dəyanət nümayiş etdirə bilmədi... Buna görə sonralar çox peşmançılıq çəksə də xəyanətin ləkəsini üzərindən silmək mümkünsüz idi.

Mən ona vəfalı ola bilmədim,
Əzablar, təhqirlər qorxuzdu məni.
Nə də adam kimi ölə bilmədim.
...Bilsəydim axırı belə olacaq,
Eşqə etibarlı olub ölərdim.
Qayıdıb qədrimi bilərdi yəqin,
Qəbrimin üstünə gələr, deyərdim.
Bir ömür verəydim bada, gedəydi!


Bu peşmanlığın içində gah yaradana asi düşür, gah günahı taleyin boynuna atır, gah da "günahkar həyatdır, həyat” deyir. Vicdan əzabından isə xilas ola bilmir.
Tahir bəraət alıb qayıtsa da onu gedər-gəlməzə yollayanlarla hər dəfə üz-üzə gələndə ölüb-dirilirdi. Tahir bu əzablara dözə bilmirdi, azadlıq onun üçün işgəncəyə çevrilmişdi. İnsan cildinə girmi şeytanlar böyür-başında fırlanırdı və onların üfunətli nəfəsi havanı zəhərləyirdi. Tahir nəfəs ala bilmirdi, boğulurdu. Tahir şərəfli, Mədəti isə şərəfsiz bir ölüm gözləyirdi...
Şairin "İnsan dili” şeirində deyildiyi kimi: "İnsanın əsl dili öz əməlidi”. Mədət şərin dilində danışırdı. Mədət kimilər insanlıq üçün od qalamışdılar və Tahir kimi günahsız insanlar bu oddan keçsələr də şərəfli ölümləriylə şər üzərində qələbə çaldılar.

Kənan Hacı



banner

Oxşar Xəbərlər