• cümə axşamı, 28 mart, 13:49
  • Baku Bakı 16°C

ODA-da tamaşa-konsert

13.07.15 12:00 1681
ODA-da tamaşa-konsert
Çox çətin şəraitdə olsa da paytaxt Bakıda bir qrup gəncdən ibarət özəl teatr fəaliyyət göstərir. Bu, ODA teatrıdır. Artıq üç ildir fəaliyyətə başlayan ODA teatrının aktyorları ağır şəraitdə işləsələr də, daimi məkanları olmasa da, bunları eynlərinə almadan fəaliyyətlərini davam etdirirlər. Çünki bütün bunlardan yüksəkdə bir sevgi, bir duyğu var – teatr sevgisi, oynamaq həvəsi, yaratmaq eşqi. Daxildən yaratmaq enerjisi ilə coşan bu gənclər əllərindən gələni edirlər ki, ODA yaşasın, yaratsın, daimi binası, seyrçiləri olsun. Bu üç il ərzində bir neçə əsər tamaşaya qoysalar da ( “Bəyaz şedevr”, “Səncə döyəcəklər”, ”Tikanlı məftillər” “Suicide”(İntihar) və s.) bu tamaşalar özünəməxsusluğu ilə fərqlənir. Daha çox müasir mövzuda tamaşalar hazırlayan ODA teatrının kollektivi bu dəfə də gələn seyrçilərini təəccübləndirə bildi. Belə ki, iyulun 3-də ODA-da adət edildiyi kimi tamaşa deyil, konsert-tamaşa baş tutdu. Teatrın aktrisası, eyni zamanda kamança ifaçısı Şəbnəm Abdullazadənin konsert-tamaşası.
Qısa şəkildə qeyd edim ki, Şəbnəm Abdullazadə ilk təhsilini Lənkəran şəhər C.Cabbarlı adına Musiqi Məktəbində alıb. Daha sonra Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib. 1998-ci ildə Respublika müsabiqəsində 2-ci, 2000-ci ildə Respublika Muğam Müsabiqəsində 3-cü yerə layiq görülüb. Bir çox bölgələrdə təşkil olunan konsertlərdə iştirak edib. Xarici ölkələrin müxtəlif bayram tədbirlərində Azərbaycanı öz kamançası ilə təmsil edib. 2003-cü ildə Şuşa Dövlət Musiqili Dram Teatrında solist işləyib. 2005-ci ildə YUĞ Dövlət Teatrında Vaqif İbrahimoğlunun dəvəti ilə bir neçə tamaşada iştirak edib. 2014-cü ildən “Dressden Sinfonik Orkestr”inin solistidir. Və bu Şəbnəmin ikinci belə konsertidir. İlk solo konserti Yuğ teatrında çalışdığı dönəmdə baş tutub.
Həm klassik, həm də milli musiqilərdən ibarət olan konsertdə öz rəngarəng ifasıyla Şəbnəm gələnləri darıxmağa qoymadı. Gələn hər bir kəs çox razı qalmışdı. İfa zamanı bir sıra məşhur musiqilər –Asəf Zeynallının “Muğamsayağı”, Bramsın “Macar rəqsi”, Dinikunun “Mart Yallısı” ,”Ay işığında” və sair əsərlər səsləndi. Hətta qonaqlardan da konsertə qoşulanlar oldu. Tarda solo ifa edilən (Tofiq Quliyev-“Qaytağı”, Vasif Adıgözəlov-“Qərənfil”) (Rauf Hacıyev-“Leyla”) musiqi nömrələri konsertə məxsusi bir rəng qatdı. Sintizatorun müşayiəti ilə keçən (ifaçı Arzu Teymurova) bütün konsert boyunca Teatrın aktyorları gələn qonaqlara müxtəlif içkilər ikram etdilər. Teatrın kollektivi arasında fransız aktrisası Elza Furtado da vardı.
Ən maraqlısı bu idi ki, konsert sanki bir ailə daxilində baş tuturdu, tamaşa salonu nə qədər sərin olsa da, aktyorların və Şəbnəm xanımın seyrçilərə və onların da aktyorlara musiqi nömrələri arası etdiyi zarafatı, təklifi, istəyi abu-havanı bir o qədər isti edirdi.
Sonda onu qeyd edim ki, iyulun 15-i ODA teatrının üç ili tamam olur. Kollektivimiz adından teatrın bütün heyətini təbrik edir, yaradıcılıq uğurları arzulayırıq.
Nigar Pirimova
teatrşünas
banner

Oxşar Xəbərlər