• çərşənbə, 24 Aprel, 12:14
  • Baku Bakı 27°C

Obyektivlikdən uzaq, siyasi məqsədli dinləmələr

14.05.18 19:46 1114
Obyektivlikdən uzaq, siyasi məqsədli dinləmələr
ABŞ-ın Helsinki Komissiyasında bir neçə gün bundan öncə "Azərbaycanda seçkilər və fundamental azadlıqlar” mövzusunda dinləmələr keçirilib. Azərbaycan tərəfdən bu dinləmələrə "söyüş kampaniyası”nın başında gələnlər qatılıb. Onlar çıxışlarında Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsini istəyiblər. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri, professor Əli Həsənov"Facebook” səhifəsində ABŞ Helsinki Komissiyasında ölkəmizdəki seçkilər və fundamental azadlıqlarla bağlı keçirilən növbəti dinləmələrə münasibət bildirib. Administrasiya rəsmisi qeyd edib ki, komissiyanın budəfəki dinləmələri də Azərbaycana qarşı "xüsusi marağı” ilə fərqlənib. Onun sözlərinə görə, məhz bu komissiyanın sədri konqresmen Kris Smit hələ 2016-cı ilin dekabrında Azərbaycana qarşı sərt sanksiyaları nəzərdə tutan qanun layihəsi irəli sürüb. Həmin layihənin müddəaları istər iqtisadi, istər siyasi, istərsə də hərbi sferada ABŞ-Azərbaycan münasibətlərini ciddi şəkildə korlamağa yönəlib. Professor vurğulayıb ki, K.Smit uzun müddətdir qondarma erməni soyqırımının ABŞ hökuməti tərəfindən tanınması üçün xüsusi canfəşanlıq göstərib. Bütün ölkələrə, xalqlara və konfessiyalara eyni münasibət sərgiləməli olan komissiya sədri özünün Ermənistana və erməni xalqına xüsusi sevgisinin olduğunu dəfələrlə etiraf edib.
Prezidentin köməkçisi vurğulayıb ki, budəfəki dinləmələrin də məhz onun rəhbəri olduğu komissiya tərəfindən təşkil edilməsini təsadüfi saymaq olmaz. Administrasiya rəsmisinin sözlərinə görə, tədbirdə ölkəmizdəki prosesləri yaxından izləyən, ona maraq göstərən insanlarla yanaşı, müxtəlif səbəblərdən daim kəskin anti-Azərbaycan mövqeyi tutan "ekspertlər” də iştirak edib. Dinləmələrdəki çıxışlarla tanışlıq natiqlərin Azərbaycanda baş verən proseslər, ölkəmizdəki siyasi qüvvələr nisbəti, özlərini siyasi partiya və ya ictimai hərəkat kimi təqdim edən bəzi qurumların cəmiyyət həyatındakı real çəkisi və gerçək niyyətləri barədə çox səthi, əksər hallarda isə yanlış təsəvvürə malik olduqlarını göstərib. Professor Ə.Həsənov xaricdə məskunlaşmış bəzi soydaşlarımızın anti-Azərbaycan dairələrin əlində bir alətə çevrilməsinə də diqqət çəkib.

Millət vəkili, politoloq Elman Nəsirov mövzu ilə bağlı bildirib ki, ABŞ-ın Helsinki Komissiyasında növbəti dəfə Azərbaycanla bağlı keçirilən dinləmələr məzmun baxımından bundan öncəkilərdən seçilməyib. Deputat konqresmen K.Smitin Azərbaycana qarşı ABŞ-ın dövlət səviyyəsində iqtisadi yardımlara qadağa qoyulmasını ehtiva edən sənədin hazırlanmasında yaxından iştirak etməsini xatırladıb. O deyib ki, bu kimi səbəblərdən Helsinki Komissiyasında, həmişəki kimi, Azərbaycana qarşı qərəzli yanaşmalar yer alıb: "Başqa cür ola da bilməzdi. Çünki ABŞ-ın Helsinki Komissiyasına rəhbərlik edən şəxs konqresmen Kristafor Smit 1992-ci ildə azadlığa müdaxilə aktına 907-ci bədnam düzəlişin əlavə edilməsinin təşəbbüskarlarından biridir. Həmin Kristafor Smit qondarma erməni soyqırımının ABŞ-ın ayrı-ayrı yerlərində, eləcə də dünyada tanıdılması istiqamətində çox böyük canfəşanlıq edən, təpədən-dırnağa qədər ermənipərəst bir siyasətçidir. Həmin şəxs vaxtilə "Azərbaycanda demokratiya aktı” adlı qanunvericilik təşəbbüsü barədə Konqresdə çıxış edib. Bu, yüksək rütbəli Azərbaycan məmurlarına qarşı sanksiyalar tətbiq edilməsini özündə əks etdirən bir sənəd idi. Sözügedən sənəd təbii ki, Konqresdən keçə bilmədi. Amma Smit hər zaman çalışıb ki, Bakı-Vaşinqton münasibətlərində gərginlik yaratsın, Azərbaycanda insan hüquq və azadlıqlarının guya ki, çox bərbad vəziyyətdə olması ilə bağlı ictimaiyyətdə yanlış fikir formalaşdırsın”.

Deputat E.Nəsirov bildirib ki, K.Smitin rəhbərliyi altında olan komissiyanın həyata keçirdiyi dinləmələrin anti-Azərbaycan məzmunlu olacağını öncədən də proqnozlaşdırmaq olar. Onun sözlərinə görə, Azərbaycan ictimaiyyəti K.Smiti çox gözəl tanıyır və hər kəs bilir ki, o, yalınız özükimiləri dinləmələrə dəvət edir, bununla da erməni maraqlarını güdür.

Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, deputat Naqif Həmzəyev də hesab edir ki, ABŞ Helsinki Komissiyasında Azərbaycandakı seçkilər və fundamental azadlıqlarla bağlı növbəti dinləmələrdə əsası olmayan, reallığı özündə əks etdirməyən fikirlərin səsləndirilməsi baş verənlərin siyasi sifarişin olduğunu göstərir. Onun sözlərinə görə, dinləmələrdə Azərbaycanın müstəqil siyasət yeritməsinə, ölkədə hökm sürən stabilliyə qərəzlə yanaşan xüsusi təlimatlandırılmış şəxslər çıxış edərək, aprel seçkilərində saxtakarlığa yol verildiyini iddia ediblər. Millət vəkili Azərbaycanla bağlı dinləmələrə sapı özümüzdən olan baltaların da dəvət edilməsinə diqqət çəkərək vurğulayıb ki, erməni dəyirmanına su tökməklə məşğul olan xəyanətkarların Azərbaycanla bağlı qərəzli mövqeyi hər kəsə məlumdur: "Qrantlar hesabına özlərinə gün-güzəran düzəldən bu xainlərin hansı mövqedən çıxış edəcəkləri gün kimi aydın olduğu halda, onlar ölkəmiz haqqında fikir səsləndiriblər. Tam demokratik, şəffaf və ədalətli şəkildə keçirilən aprel seçkilərinin nəticəsi bütün dünyaya bir daha onu göstərdi ki, Azərbaycanda xalq-iqtidar birliyi sarsılmazdır. Bu birliyin bünövrəsində Azərbaycanın sürətli inkişafı, enerji sahəsi ilə yanaşı qeyri-neft sektorunun önəmli şəkildə tərəqqisi, əhalinin aztəminatlı hissəsinin, bütövlükdə isə hər bir vətəndaşın maddi rifah halının yaxşılaşması, Azərbaycanın milli mənafeyinə cavab verən müstəqil xarici siyasətin yürüdülməsi dayanır. Sözügedən dinləmələrdə Azərbaycana qarşı səslənən fikirlər tamamilə əsassız və həqiqətdən uzaqdır. Ölkəmizə qarşı səslənən belə qərəzli fikirlərin arxasında anti-Azərbaycan ünsürlərin dayandığı gün kimi aydındır. Ona görə də belə dinləmələr xainlərin dəyirmanına su tökməkdən başqa heç nəyə yaramır”.

Siyasi şərhçi Arzu Nağıyev qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirdikcə ölkəmizə qarşı bəzi dairələrin müxtəlif vasitələrlə təzyiq və təsirləri, məqsədli kampaniyaları çoxalır. O bildirib ki, bu kampaniyaların arxasında əksər hallarda erməni lobbisi, dünyanın müxtəlif ölkələrində mövcud olan erməni diaspor təşkilatları dayanır: "Son vaxtlar Ermənistanda cərəyan edən proseslər, ümumiyyətlə dünyada baş verən hadisələr fonunda Azərbaycan geosiyasi aləmdə öz maraqlarını təmin etməyi bacarır. Milli-dövlətçilik maraqlarımız təmin olunduqca, müstəqil siyasətimiz var olduqca, ABŞ-ın Helsinki Komissiyasında və digər hansısa qurumda Azərbaycan əleyhinə belə dinləmələrin keçirilməsi gözləniləndir. ABŞ-ın Helsinki Komissiyasına rəhbərlik edən konqresmen Kristafor Smitin kimliyi, indiyə qədər ölkəmiz əleyhinə olan davranışları son dinləmələrin də əsil mahiyyətini tam çılpaqlığı ilə ortaya qoyur. Biz yaxşı bilirik ki, smitkimilərin fikirləri Azərbaycanla qarşılıqlı münasibətləri inkişaf etdirməkdə maraqlı olan dövlətlərin deyil, ayrı-ayrı şəxslərin, fərdlərin şəxsi maraqlarına hesablanmış qərəzli mövqeyidir. Sadəcə, acı təəssüf doğuran məqamlardan biri budur ki, xarici xüsusi-xidmət orqanlarının təsiri altında olan bəzi azərbaycanlılar bu dinləmələrdə alət kimi Azərbaycan əleyhinə istifadə ediliblər. Ümumiyyətlə, Azərbaycan beynəlxalq əhəmiyyətli iqtisadi-siyasi layihələrə imza atdıqca, hansısa seçkilər keçirildikcə, dünya miqyaslı mühüm tədbirlərə paytaxt Bakı yüksək səviyyədə ev sahibliyi etdikcə, bəzi dairələr bundan qıcıqlanır, dərhal ölkəmiz əleyhinə kampaniyalara start verilir”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər