Obyektivlikdən uzaq dezinformasiya qəhrəmanı - Fotolar
Sevinc Osmanqızının yaydığı
yalanlar bumeranq effekti verərək onun özünü ifşa edir
Müxtəlif bəhanələrlə
Azərbaycanı tərk edib xaricə sığınan "müxalifətçi”, "jurnalist”, "bloqer”,
"hüquq müdafiəçisi” və sair bu kimilərin ölkəmiz, o cümlədən ayrı-ayrı
vətəndaşlar barədə yanlış rəy formalaşdırmaq cəhdləri dəfələrlə isbat olunub.
Nəyinsə müqabilində, üzərinə götürdüyü hansısa öhdəliyə görə Azərbaycanı hədəfə
alan bu şəxslər okeanın o tayında, eləcə də Avropada oturub dezinformasiya,
yalan, şər-böhtan yaymaqla məşğuldurlar. Onlar heç bir dəlilə, sübuta
əsaslanmadan Azərbaycan dövlətinə və dövlətçiliyinə sadiq olan, milli
maraqlarımızı hər şeydən üstün tutan məmurları, jurnalistləri internet
üzərindən, xüsusən də sosial şəbəkələrdə mənəvi terrora məruz qoyurlar.
Özlərini demokrat, haqq-ədalət carçısı kimi qələmə verən bu şəxslər əsl
reallıqda obyektivlikdən çox uzaq, mən deqradasiyaya uğramış, radikal təfəkkür
sahibləridirlər. Əgər kimsə onların "Facebook”da paylaşdığı hər hansı statusun
altına obyektiv rəyini yazır, əks mövqe bildirir, yaxud yalanlarını ifşa
edirsə, dərhal həmin profil sahibinin rəyi silinir, profili "bloka” atılır.
Ardınca həmin "Facebook” istifadəçisi yaltaqlıqda ittiham edilir, barəsində
birtərəfli qaydada müzakirələr açılır, ünvanına söyüş və təhqirlər yağdırılır.
Belə davranışları onların nə dərəcədə həqiqətpərəst, əks fikrə dözümlü
olduqlarını gün işığına çıxarır.
Bu günlərdə belə bir
xoşagəlməz situasiya ilə Real TV-nin əməkdaşı Mahir Məmmədli qarşılaşıb.
Vaxtilə ANS TV-də çalışmış həmkarı, hazırda ABŞ-da yaşayan Sevinc Osmanqızı M.Məmmədli
barəsində yalan və təhqirdən ibarət status paylaşıb. Əvvəlcə onu qeyd edək ki,
S.Osmanqızı qaranlıq şəkildə, yəni uşaqlarını qeyri-qanuni yolla, həyat yoldaşının
xəbəri və razılığı olmadan ölkədən çıxarıb, hansısa naməlum qüvvənin himayəsi
altında okeanın o tayına köç edib. ABŞ-da lüks şəraitlə təmin olunan,
telestudiya yaradan S.Osmanqızının işi-gücü Azərbaycan dövləti, xalqı, iqtidarı
barəsində dezinformasiya yaymaq, ölkəmizin beynəlxalq nüfuzuna xələl
gətirməkdir. Nəzərə alsaq ki, ABŞ-da yaşamaq, mənzillə təmin olunmaq, uşaqları
oxutmaq, onların hərtərəfli qayğısını çəkmək, özəl studiya yaratmaq,
avadanlıqlar almaq böyük maliyyə vəsaiti tələb edir, o zaman S.Osmanqızının
təkbaşına bu imkana necə yiyələnməsi böyük sual doğurur. Görünür, bəlli
mərkəzlər Azərbaycanı söymək, aşağılamaq, ölkə vətəndaşlarına qara yaxmaq üçün
S.Osmanqızına yaxşı sponsorluq edirlər ki, o, yuxarıda sadalananları heç bir
yerdə işləmədən, sığortası, rəsmi iş yeri və qazancı olmadan əldə edə bilir.
Jurnalist M.Məmmədli də
vaxtilə bu sualları, həmçinin bir sıra məqamları özündə əks etdirən süjet
hazırlayıb, çalışdığı "RealTV”də efirə verib. Təkzibedilməz faktlar, haqlı
suallar qarşılığında deməyə söz tapa bilməyən S.Osmanqızı həmin andan etibarən
M.Məmmədlini hədəfə alıb, şəxsi səhifəsində onun barəsində absurd ittihamlar
irəli sürüb. Buna qarşılıq verən, dezinformasiyalara rəy yazaraq S.Osmanqızının
yalanını üzə çıxaran M.Məmmədli dərhal "bloka” atılıb. Beləliklə də özünü
demokrat, həqiqət çarçısı hesab edən S.Osmanqızı qarşı tərəfin söz demək
hüququnu əlindən alıb, birtərəfli müzakirə açmaqla onun barəsində təhqirlər,
haqsız tənqidlər yazılmasına səbəb olub.
Prezident İlham Əliyevin
noyabrın 6-da "Azərbaycan televiziya və radio işçilərinə fəxri adların
verilməsi haqqında” sərəncam imzalaması ilə M.Məmmədliyə "Əməkdar jurnalist”
fəxri adının verilməsi S.Osmanqızını dəhşətli dərəcədə qıcıqlandırıb. Əsəbini
klaviaturadan çıxan S.Osmanqızı "Facebook” səhifəsində status yazaraq iddia
edib ki, Prezident İlham Əliyev jurnalist M.Məmmədliyə "xidmət”ləri üçün
qarajlı, dəniz görüntülü 4 otaqlı mənzil hədiyyə edib, ardınca da "Əməkdar
jurnalist” adı verib. S.Osmanqızı bu faktı "başıbəlalı mətbuatımızın vəziyyəti”
kimi qələmə verərək, səhifəsinin izləyicilərinə belə bir çağırış edib: "Mirşahinlərin
əsli-nəcabətini "tərif"ləyəndə bu cür xırda buynuzluları (M.Məmmədlini
nəzərdə tutur) da unutmayaq”.
M.Məmmədli ünvanına
səslənən təhqirə və yalana S.Osmanqızının səhifəsində cavab verə bilmədiyi üçün
şəxsi profilində belə bir məzmunda status paylaşıb: "Budur bunların
"obyektivliy"i, "düzgünlüy"ü. Sevinc Osmanqızının statusuna
rəy yaza bilmirəm. Amma bilirəm ki, ya özü oxuyacaq, ya da dostları çatdıracaq.
Özü okeanın o tayında olsa da, inandığı adamını "evim"ə dəvət edirəm.
Gəlsin, Yeni Yasamalda 350 manata kirayədə qaldığım mənzili göstərim, ev sahibi
ilə tanış edim. Mənzilin də mənzərəsi dənizə yox, Xocasən gölünədir. Nəinki,
Bakıda, respublikanın ucqar kəndində belə evim yoxdur. O ki qaldı, dövlətin
mənə mənzil verməsinə, iki binanın heç birində mənzil üçün müraciət etməmişəm.
Etsəydim və dövlətim mənə mənzil versəydi, bundan utanmazdım. Çünki başqa
ölkələrin nökəri olmaqdansa, öz dövlətimin yanında olmağı şərəf bilirəm. Sevinc
Osmanqızı bu ststusu ilə bir daha nümayiş etdirdi ki, bundan əvvəl yazdıqları
və bundan sonra yazacaqları heç bir fakta əsaslanmır, qırmızı yalanlardır”.
Beləliklə dezinformasiya
qəhrəmanı, AXCP sədri Əli Kərimlinin mətbuat katibliyini edən S.Osmanqızının həqiqətdən,
obyektivlikdən, demokratiyadan nə qədər uzaq olduğu bir daha əyan olub.
Alpər
TURAN