Obyektiv nətiçələr çoxları üçün gözlənilməz olub

Obyektiv nətiçələr çoxları üçün gözlənilməz olub

Mədəniyyət
09 Aprel 2013, 09:28 1378
Yazıçı Natiq Rəsulzadə: “Bu müsabiqə tam şəffaf keçirildi. Nəticədə isə özümüz də gördüklərimizə inanmadıq”


Aprelin 6-da Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) təşkilatçılığı ilə reallaşan “Yeni nəfəs” qısametrajlı filmlər üçün ssenari müsabiqəsinin yekunları və qaliblərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.

Müsabiqəyə 250-dən artıq ssenari təqdim edilib. Ssenarilər 7 nəfərdən ibarət münsiflər heyəti tərəfindən 10 ballıq sistemlə qiymətləndirilib. Müsabiqənin şəffaflığından bəhs edən müsabiqə laureatları və münsiflər heyəti üzvləri qəzetimizə müsabiqənin yekun nəticələri haqqında öz fikirlərini bölüşdü.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi Cəmil Quliyev müsabiqənin gənclərin ssenari yazmaqda öz məharətlərini göstərmələri üçün sınaq meydanı olduğunu söylədi: “Müsabiqəyə daxil olan 139 ssenaridən 10 ssenari seçdik. 7 ssenari müəllifləri fəxri fərmana layiq görüldü. Münsiflər heyətinə təqdim olunan ssenarilər kodlaşdırılmışdı. Bu ssenarilər əsasında münsiflər heyəti ən yaxşı 3 ssenarini açıqladı və 7 nəfərə də ssenarilərinə görə mükafat verildi. Müsabiqənin nəticələrinin açıqlanması fevralda olmalı idi, ssenarilər çox olduğuna görə biz onu aprelin əvvəlinə keçirdik. Münsiflər heyətinin diqqətini cəlb edən ssenarilər mükafata layiq görüldü. Bu müsabiqədən tam şəkildə razıyam və hesab edirəm ki, layihə uğurla tam şəkildə başa çatdı”.

Yazıçı Natiq Rəsulzadə Azərbaycanda belə müsabiqənin keçiriləcəyini gözləmədiyini və nəticələrin onu qane etdiyini vurğuladı: “Bir çox müsabiqələrdə iştirak etmişəm, ancaq hər dəfəsində bəzi problemlər yaranırdı. Belə ki, müsabiqəyə müəyyən şəxslərin keçirilməsinə şərait yaradılırdı. Baxmayaraq ki, birinci yerə layiq görülənlərdən də istedadlı iştirakçılar olurdu. Ancaq bu müsabiqə tam şəffaf keçirildi. Nəticədə isə özümüz də gördüklərimizə inanmadıq. Birinci yerə layiq görülən Natiq Rəsulova hamımız 10 ballıq sistemlə 9 yazmışdıq. Təkcə bir münsif ona 8 yazmışdı. İkinci yerə layiq görülən Fərid Nadirova hamımız 8 yazmışdıq. Yəni mükafatlandırmaya gələndə bütün münsiflərin rəyi üst-üstə düşmüşdü. Birinci yerə layiq görülən “İkinci gül” ssenarisi peşəkar səviyyədə yazılmışdı. Münsiflər heyəti “Qrand pri” mükafatına heç kimi layiq görmədi. Çünki o mükafat peşəkarlara və 20-30 il bu sahədə çalışan mütəxəssislərə verilir. Münsiflər heyətindən 10 bal heç kim almadı. Biz bu müsabiqəni elan edəndə düşünürdüm ki, uzaqbaşı, 40 ssenari göndərilər. Mükafatlandırma günü Nizami Kino Mərkəzinin salonu gənclərlə dolu idi. Bu da gənclərin bu sahəyə marağının göstəricisidir. Azərbaycan kino dramaturgiyasının gələcəyi parlaqdır. Dünyanın hər bir yerində ssenari qıtlığı yaşanır. Bu gün 30 kino dramaturqunu yetişdirmək 9 milyonluq bir ölkə üçün heç də az göstərici deyil. Onlarla işləsək və onları düz istiqamətləndirsək, Azərbaycanda ssenarist qıtlığı yaşanmaz”.

Rejissor Yusif Quliyev müsabiqənin əsas məqsədinin gənc ssenaristləri kəşf etməkdən ibarət olduğunu qeyd etdi: “Azərbaycan gənclərinin belə fəal olmaları bizi çox sevindirdi. Müsabiqədə çox maraqlı bədii, sənədli, animasiyalı filmlərin ssenariləri təqdim olunmuşdu. Qısa müddət ərzində müsabiqəyə 139 ssenarinin göndərilməsi bu sahəyə gənclərin böyük marağının olmasından xəbər verir. Görünür ki, kino dramaturgiyasında yazmaq istəyən gənclərin sayı çoxdur. Bu yaxınlarda ssenarist kurslarını yaratmaq fikrimiz var. ARKİ-nin tərkibində ssenarist kursları yaratmağı düşünürük. Müsabiqədə mükafatlandırılan gəncləri də o kurslara cəlb etməyi fikirləşirik. Gələcəkdə gənc ssenaristlər seçiləcək və onlardan qrup yaradılacaq”.

Müsabiqədə birinci yerə layiq görülən Natiq Rəsulov müsabiqənin nəticələrindən çox razı qaldığını və birinciliyə layiq görüldüyü üçün məmnun olduğunu bildirdi: “Müsabiqəyə ssenarimi təqdim edərkən birinciliyə layiq görüləcəyimə inamım az idi. Məqsədim isə kino sahəsində özümü yoxlamaqdan ibarət idi. Ssenarimin əsasında film çəkməyi çox istəyərdim. Müsabiqəyə sosial dram mövzusundan bəhs edən ssenari təqdim etmişdim. Ssenarimin mövzusu toy adətimizdən bəhs edir. Buradan çıxan nəticə ondan ibarətdir ki, insanlar düşünmədən qərar verməsinlər. Ssenarimdə insanların düşüncəsizliyinin faciəvi nəticələrə gətirib çıxaracağını yazılı şəkildə göstərməyə çalışmışam”.

Müsabiqənin üçüncü yerinin qalibi İsmayıl Məmmədov nəticələrin şəffaf və obyektiv olduğunu bildirdi: “139 ssenaridən bizim ssenarimizin 3-cü yerə layiq görülməsi bizim üçün gözlənilməz oldu. Müsabiqədə güclü rəqabət var idi. Qalib olduğunu hiss etmək gözəl hissdir. Jüri üzvləri bir-birindən xəbərsiz olaraq bu ssenariləri oxuyub nəticələndiriblər. Ortaq bir yerə gəldikdə, məlum olub ki, onlar eyni nəticə əldə ediblər. Düşünürəm ki, müsabiqəyə təqdim olunan ssenarilər öz layiqli yerlərini tutub”.

Üçüncü yerin digər laureantı Gülər Qasımova 4 nəfərlik qrupla ssenarini yazdıqlarını və hər bölümün bir nəfərə həvalə olunduğunu qeyd etdi: “Əslində üçüncü yerə layiq görüləcəyimizi gözləmirdik. Birinci dəfə idi ki, ssenari yazırdım. Birinci yeri tutan Natiq Rəsulovu qiyabi olsa da tanıyıram və düşünürəm ki, nəticə ədalətli oldu. Gələcəkdə ola bilsin ki, film çəkilişi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə müraciət edək. Dördlükdə olan digər üzvlər İmadəddin Həsənov və Ələkbər Əliyev rejissor kimi fəaliyyət göstərirlər. Onların xaricdə bir neçə filmləri də nümayiş olunub. Bundan sonra da ssenarilər yazacağam. O ssenarilərimlə beynəlxalq müsabiqələrdə iştirak etmək istəyərdim. Bu nəticəni əldə etdiyimizə görə sevinirik. Bizim münsiflər heyətinin tərkibində heç bir tanışımız yox idi. Jürini ancaq qiyabi tanıyırdıq”.

Onu da qeyd edək ki, münsiflər heyəti qismində müsabiqədə 7 nəfər - Yusif Quliyev, Xəyyam Abdullayev, Yalçın Əfəndiyev, Natiq Rəsulzadə, Yavər Rzayev, Ayaz Salayev, Ülvi Mehdi iştirak ediblər. Natiq Rəsulov “İkinci gül”, Fərid Nadirov “Qanadlar”, İsmayıl Məmmədov, Gülər Qasımova, İmadəddin Həsənov, Ələkbər Əliyev isə “Meqapolis” ssenariləri ilə müsabiqədə yer tutublar.

Xəyalə Rəis