• cümə axşamı, 28 mart, 16:35
  • Baku Bakı 16°C

Çobanı ulduz edən “O səs Türkiyə” - Fotolar

10.10.17 09:30 2809
Çobanı ulduz edən “O səs Türkiyə” - Fotolar
Musiqi könülləri oxşayan, insanların birbaşa qəlblərinə xitab edə bilən bir qüvvədir. Musiqisevərlər bir çox məqamlarda musiqinin sərhədi olmur - deyirlər. Bəzi məqamlarda bu deyimə haqq qazandırmamaq mümkün deyil. Elə götürək qonşu ölkədə keçirilən, əks-sədası dünyaya yayılan "O səs Türkiyə” adlı musiqi yarışmasını. Verilişin layihə rəhbəri olan Acun Ilıcalı bu layihəsi ilə böyük bir auditoriyanı öz ətrafına cəm edə bilib. Bir çox hallarda bizim ölkənin ifaçıları da özlərini realizə etmək üçün meydanı ideal variant kimi görür və oraya üz tuturlar. Buna onların əsasları da var.
Xəyalındakı səhnəyə qovuşan çoban ifaçı
Sözügedən yarışma başlar-başlamaz, həmvətənimiz Pərvin Səfərovun ifasında "Nazəndə sevgilim”i dinlədik. Sosial şəbəkələr, özəl səhifələr, elə Acun Ilıcalının rəsmi səhifəsində də bu paylaşımı görmək mümkündür. Rayonların birində qoyun otaran çoban ifaçı bu mahnını ifa edərək sosial səhifədə paylaşmışdı. Bu paylaşım onu elə ölkəmizdə də az-çox tanıtmışdı. Bu dəfə isə "O səs Türkiyə” verilişinin layihə rəhbəri Acun Ilıcalı özü onu verilişə dəvət edərək münsiflərin qarşısında çıxış etməsini istəmişdi. Onun bu çıxışı böyük səda doğurdu. Pərvin özü deyir ki, avqust ayında Türkiyə mediasında videoları, xüsusən də onun ifasında "Nazəndə sevgili” nümayiş olunub. Onun paylaşım etdiyi bu video ifaçının tanınmasında böyük rol oynayıb: "Bu video ondan sonra televiziyalarda göstərildi, türk məşhurlar bu barədə paylaşımlar etdilər. "Acunmedia”nın əməkdaşları sosial şəbəkə vasitəsilə mənimlə əlaqə saxlayıb dedilər ki, sizin"O səs Türkiyə”də iştirakçı olmağınızı istəyirik. Mən də onların təklifini dəyərləndirdim”.

Teleqraf.com saytına müsahibə verən Pərvin deyib ki, onun bu layihədə iştirakı gözlənilməz olub: "Aprel ayında videolarımı paylaşmaq qərarına gəldim. Gözləməzdim ki, belə nəticəsi olar. Rusiyanın, Azərbaycanın televiziya və saytlarında videolarım yayıldı. Bir müddət sonra Türkiyə televiziyaları da videoma maraq göstərdi. Halbuki, mən o videoları öz dost-tanışlarım üçün paylaşmışdım. Qismət elə gətirdi ki, bu layihədə iştirak etdim. Hər kəs istəyər ki, qatıldığı yarışda finalçı olsun. Düzü, yarışda finala kimi gedəcəyimə ümidim yoxdur. Çünki daha güclü səslər var. Yarımfinala qədər getsəm, mənim üçün böyük uğur olacaq”.

Münsif kürsüsündə əyləşən ifaçıların içərisindən seçim edən Pərvin deyib ki, Murat Bozun vokal təhsili olduğu üçün ona üstünlük verib. Qeyd edib ki, sözügedən yarışda iştirakçılarla münsiflər yox, digər səs ustadları məşğul olurlar. Artıq bir gün içərisində Pərvinin çıxışı izlənmə rekordları qırmağa başlayıb. "Azərbaycanlı çoban səhnəni inlətdi” başlığı ilə Türkiyə mətbuatında onun haqqında xəbərlər yazılıb.
Ötən il "O səs Türkiyə” müsabiqəsinə qatılan iştirakçı Nofəl Aslanov deyir ki, bu müsabiqə onu Azərbaycanda, Türkiyədə, hətta təhsil aldığı İtaliyanın özündə belə tanıtdırıb. Gənc ifaçı olaraq bu müsabiqə onun yaradıcılığında böyük dönüş nöqtəsi olub. O deyir ki, bu müsabiqənin ona və onun kimi bir çox gənc ifaçılara böyük dəstəyi olub. Ancaq müsahibimiz deyir ki, ötən il bu müsabiqədə böyük bir uğursuzluq yaşayıb: "Əslində bu müsabiqə ilə daha da çox tanınmaq imkanı əldə edə bilərdim. Əfsuslar olsun ki, mənim və bir çox iştirakçılarımızın videoları müsabiqənin rəsmi səhifələrindən silindi. Bizim sıramızda bəzi xoşagəlməz hadisələrin qurbanı olduq”.
Oxumaq üçün böyük meydan
Gənclərin də dediyi kimi, bu müsabiqə bizim gənclərin tanınmaq üçün ümid yerlərinə çevrilib. Belə ki, hazırda yerli televiziyalara çıxmaq gənc ifaçılar üçün az qala qeyri-mümkün bir hala çevrilib. Ona görə də əllərində heç bir büdcəsi olmayan ifaçılar sosial şəbəkələrə üz tutur. Buradan tamaşaçı dəstəyi yığan kimi isə, payızın gəlişini səbirsizliklə gözləməyə başlayırlar. Belə ki, məhz payızın ilk həftəsində "O səs Türkiyə” yarışması başlayır. Bəlkə də bu meydan bizim yerli ifaçılara daha çox sərf edir, nəinki türk sənətçilərə. Bunun da özünəməxsus səbəbləri var. İlk növbədə bizim ifaçılarımız orada pulsuz şəkildə çıxış edirlər. Onların çıxışları nəinki yerli, eyni zamanda Türkiyə mətbuatında da işıqlandırılır. Onlar ölkəmizdə və Türkiyədə, eləcə də bu verilişə baxan digər ölkələrdə tanınmaq şansı qazanırlar. Türkiyədə adi bir kanala çıxıb səs imkanlarını göstərmək üçün külli miqdarda pul ödəmələri lazım olduğu halda, bu müsabiqə onları böyük bir xərcdən də xilas edir. Beləliklə, qonşu ölkədə yayımlanan bu müsabiqə bizim gənc ifaçılarımıza tanınmaq və dünyaya açılmaq imkanı bəxş edir.

Hər il müsabiqəyə bir çox yerli ifaçılarımızın üz tutduğunun şahidi oluruq. Ötən il isə sözügedən müsabiqədə xoşagəlməz hadisə yaşanmışdı. Belə ki, bir qrup azərbaycanlı ifaçı münsif heyətinin üzvü Gökan və Hakanın qrupundan çıxarılmış və onların videoları "O Səs Türkiyə” yarışmasının səhifəsindən silinmişdi. Əslində bunun hansı səbəblərdən qaynaqlandığı indiyə qədər də bəlli deyil.
"İfaçılarımız daha böyük səhnələrdə parlamaq istəyirlər”
Sözügedən yarışmanın ölkəmizdə nə qədər gündəmdə olduğunu nəzərə alan əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadə də ifaçılarımızın "O səs Türkiyə” yarışmasına axın etməsini doğru hesab edir. Bəstəkar Türkiyə arenasının, tamaşaçısının, auditoriyasının daha böyük olduğunu bildirərək ifaçılarımıza haqq qazandırdı: "İfaçılarımız daha böyük səhnələrdə parlamaq istəyirlər. Onlar çalışırlar ki, tanınmış studiyalardan iş təklifi alsınlar, onlarla işləsinlər, kimsə onları görsün, bəyənsin, böyük səhnələrə yol açılsın. Türkiyə dünyaya daha çox inteqrasiya edib. Türkiyədə bir çox səsyazma studiyaları sistemli şəkildə ifaçılarla 15-20 illik müqavilələr bağlayıb, onları məşhur edirlər. Hansısa bir ifaçını götürüb, onu məşhurlaşdırırlar. Türkiyənin tanınmış müğənnilərinin hamısı prodakşınlarla çalışıb, onların sayəsində məşhurlaşıblar. Bizim ifaçılar da məhz bu səbəbdən Türkiyə səhnəsinə çıxmağa çalışırlar. Onlar qalib gəlməsələr belə, həmin səhnədə çıxış etmək, özlərini tanıtmaq ifaçılarımıza kifayət edir. Bu çox normal haldır. Ortalığa belə bir sual çıxır: Nə üçün ifaçılarımız Avropaya, Şərqə deyil, məhz Türkiyəyə gedirlər? Burada əsas məsələ dil baryerinin olmaması, ifaçılıq, bir də din məsələsidir. Türkiyə səhnəsi dünyaya çıxmaq üçün ən yaxın yoldur”.

"O səs Türkiyə” böyük addımlara imza atan bir layihədir
Avropa prodüseri kimi tanınanSultan Mustafayev isə deyir ki, "O səs Türkiyə” mahnı yarışması geniş miqyası əhatə edir: "Bu layihə çox maraqlı və insanları özünə cəlb etməyi bacaran bir layihə oldu. Sözügedən veriliş yeni-yeni efirdə nümayiş olunanda yerli iştirakçılarımız orada tez-tez görünməyə başladılar. Onlardan bəziləri finala qədər gəlib çıxdı. Bəziləri isə elə ilk turlardan ələndilər. Bu layihə onları məşhur etdi. Ancaq bu, sözügedən yarışmada iştirak edən hər müğənniyə aid deyil. Onlardan çoxları unuduldu, xatırlanmadı belə. "O səs Türkiyə” böyük addımlara imza atan bir layihədir. Bu layihənin insanlara necə təsir etməsindən isə danışmaq artıqdır. Çünki adi bir çobanın çıxıb həmin verilişdə bir dəfə ifa etməsi ilə gündəm dəyişdi. O bir günün içərisində məşhur oldu. Həqiqətən də bu layihə keyfiyyətli və maraqlı bir layihədir. Bizdə də belə layihələr olsa, müxtəlif ölkələrdən bizə çoxsaylı ifaçılar müraciət edəcək”
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər