• cümə, 29 Mart, 09:03
  • Baku Bakı 5°C

Obamaya pis, Türkiyəyə xoş xəbər

07.11.14 09:36 1473
Obamaya pis, Türkiyəyə xoş xəbər
Respublikaçıların Senata keçirilən ara seçkilərdəki qələbəsi qondarma erməni soyqırımı ilə bağlı iddiaları zəiflədəcək
Birləşmiş Ştatlarda “aralıq” seçkilərinin nəticələri respublikaçıların Senata tam nəzarətini müəyyən edib. Bu nəticə prezident Barak Obamanı prezidentliyinin son iki ilində fərqli xarici siyasət mənzərəsi ilə qarşılaşmağa məcbur edəcək. 2006-cı ildən bu yana ilk dəfə olaraq Senatın hər iki palatasında azlıqda qalan demokratların məğlubiyyəti media, siyasətçilər və ekspertlər tərəfindən respublikaçıların tarixi qələbəsi hesab edilir. Belə ki, Nümayəndələr Palatasında tələb olunan 218 mandatı asanlıqla qazandıqdan sonra onların bu nəticəni 246-ya çatdıracaqları gözlənilir. Respublikaçılar yalnız 1940-cı illərin sonlarında, prezident Harri Trumenin zamanında belə çoxluğa malik olublar. Siyasi şərhçilər qeyd edirlər ki, respublikaçıların qələbəsi ilk növbədə hazırkı prezident Barak Obamanın populyarlığının rekord dərəcədə aşağı həddə olması ilə bağlıdır. Müşahidəçilər qeyd edirlər ki, “aralıq” seçkiləri prezident Obama üçün narahat vaxta təsadüf edib, belə ki, elektorat “İslam Dövləti” terrorçularından, Eboladan və durğunluq keçirən iqtisadiyyatdan nigarandır. Hətta işsizliyin azalması və benzinin qiymətinin aşağı düşməsi də prezident partiyasına dəstək qazandıra bilməyib.
İran məyusdur
Bəlli olduğu kimi, respublikaçılar İrana qarşı sərt mövqenin davam etdirilməsini istəyirlər. İranın dövlət mediası da bu səbəbdən ABŞ-da prezident partiyasının seçki məğlubiyyətindən məyusluqla söhbət açır. Bu situasiya prezidentin İranla nüvə danışıqlarında, eləcə də, İsrail-Fələstin sülh prosesində istədiyi nailiyyəti əldə etməsini çətinləşdirəcək. Ekspertlər təəssüflə İran məsələsinin illərdir Kapitolidə siyasi partiyalar arasında futbol topuna çevrildiyini bildirilər. İranın nüvə proqramı ilə bağlı danışıqlar bu ayın sonunda başa çatmalıdır. Beynəlxalq vasitəçilər İrana qarşı bəzi iqtisadi sanksiyaların yüngülləşdirilməsinin əvəzinə İranın atom fəaliyyətini məhdudlaşdırmasını təklif edirlər. Əksər respublikaçılar Tehrana hər hansı uran zənginləşdirilməsinə icazə verən sazişə qarşıdırlar. Lakin prezident Obamanın Konqresin razılığı olmadan sanksiyaları aradan qaldırmaq səlahiyyəti var. ABŞ-ın Kato İnstitutunun təhlilçisi Castin Loqan bildirir ki, respublikaçılar daha da sərt şəkildə İrana qarşı dursalar, bu situasiya dəyişə bilər: “Ehtimal var ki, böyük respublikaçı dalğası və onların Senata nəzarəti İrana qarşı yeni sanksiyaların tətbiqinə yol açar. Lakin bu halda Konqres öhdəlik götürməlidir və bu qanunda öz izini buraxmalıdır. Tarixən isə onlar bunu etməkdən çəkiniblər”.
Türkiyə məmnundur
Yeri gəlmişkən, respublikaçıların qələbəsi Türkiyə üçün də önəmlidir. Türkiyə mətbuatı yazır ki, ABŞ-dakı seçkilərdə respublikaçıların qələbəsi Barak Obama üçün pis xəbər, Türkiyə üçün xoş xəbər anlamına gəlir. Səbəb kimi, respublikaçıların hər zaman xarici siyasətdə Türkiyəyə yaxın olmalarını göstərirlər. Respublikaçıların qələbəsi ABŞ-ın ən yaxın müttəfiqlərindən olan Türkiyə üçün prioritet məsələ kimi nəzərdən keçirilir. Məsələn, SETA DC Araşdırmalar Mərkəzinin direktoru Kadır Üstün bu qənaətdədir ki, seçkidən sonra Suriya siyasətində bəzi dəyişikliklər ola biləcəyi təxmin edilir. Üstün bildirir ki, Suriya məsələsində Con Makkeyn kimi senatorların təsiri artacaq. Daha çox “müharibə qırğısı” kimi tanınan bu siyasətçilər Suriyada Bəşər Əsədin hədəf alınması, Suriyanın təhlükəsiz və uçuşa qadağan olunan bir bölgə halına gətirilməsi və Suriya Müxalifət Ordusuna təlim keçilməsini istəyirlər. Ayrıca hava hücumları ilə yanaşı, Suriyaya Amerika əsgərinin qurudan müdaxiləsini zəruri sayırlar. TÜSİAD-ın Vaşinqton təmsilçisi Barış Ornarlı isə seçkilərdə ən böyük dəyişikliyi Türkiyə əleyhinə çıxışlar səsləndirən Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendesin vəzifəsindən getməsini sayır. Ornarlıya görə, Menendesin uzaqlaşması iki ölkə arasında yaşanan böhranları aradan qaldırmış olacaq. Ən önəmli məsələlərdən biri də qondarma erməni soyqırımı məsələsidir. Seçkilərdəki nəticələrdən sonra 2015-ci ildə 100 illiyi qeyd ediləcək qondarma soyqırımı ilə bağlı erməni lobbisinin başladacağı kampaniyanın da iflasa uğrayacağı gözlənilir. “ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı rəhbəri Con Bonnerin Ankaraya səfəri zamanı “mən vəzifədə olan zaman bu qətnamə keçməycək” deyərək önəmli bir söz vermişdi” deyən Ornarlı bu görüşdə iştirak etdiyini bildirib. Bonner Türk-Amerika münasibətlərinin genişlənməsinə böyük önəm verir.
Ermənilərdən təsəlli açıqlaması
Ermənilər isə özlərinə təsəlli kimi, seçkilərdə dəstəklədikləri namizədlərin 95 faizinin Konqresə keçdiyini bildiriblər. Qaliblər siyahısında Respublikaçılar Partiyasının üzvü Robert Dold da var. O, ABŞ Konqresinin erməni məsələsi üzrə qrupunun vitse-sədri olub. Amerika Erməni Milli Konqresinin icraçı direktoru Aram Ambaryan bu haqda deyib: “Belə yüksək rəqabət şəraitində erməni seçicilərin siyasi imkanlarının genişlənməsi AEMK (ANCA) üçün sevindiricidir”. Ambaryanın dediyinə görə, təşkilat erməni dostlarının qələbəsi üçün ciddi sərmayə qoyub və Ermənistana dost olan namizədləri xüsusi dəstəkləyib. AEMK 2016-cı ildə Konqresə keçiriləcək ara seçkilərə indidən hazırlaşır.
Erməni lobbisinin dəstəklədiyi namizədləri ad və fotoları təşkilatın “Facebook” səhifəsində yerləşdirib.
Avropa isə narahatdır
“The Washington Post” qəzeti yazır ki, ABŞ-da keçirilmiş mövsümarası seçkinin nəticələri Avropada da narahatlığa səbəb olacaq. Belə ki bu məğlubiyyət Obamanın qlobal lider rolundakı gücünü tükəndirə bilər. Bu isə dünyada bir sıra təhlükəli meyllərin artdığı bir vaxtda çox da xoşagələn nəticə sayıla bilməz. Burada söhbət ilk növbədə Ukrayna böhranına görə Rusiya ilə gərgin münasibətlərdə, Yaxın Şərqdəki mürəkkəb vəziyyətdə ABŞ prezidentinin mövqelərinin mümkün zəifləməsindən gedir. “Obama artıq həqiqətən də tükənən prezidentə çevrilir” – deyə Tokiodakı Templ Universitetindən Ceff Kinqston bildirib. Obamanın ABŞ-dan daha çox populyar olduğu Avropada isə onun prezidentliyinin son iki ilində vakuumun davam edəcəyi ehtimalı məyusluq yaradacaq. London İqtisadiyyat İnstitutundan Maykl Kox deyib ki, seçkinin nəticələri Moskva, Pekin və “İslam Dövləti”ndəkiləri daha da ürəkləndirə bilər. Təhlilçinin fikrincə, hazırda bölünmüş Amerika və zəif Avropa üçün təsəvvürə gətirilməsi mümkün olan ən ağır vaxtdır. Qəzet yazır ki, Kremldə demokratların məğlubiyyətini sevinc və rişxəndlə qarşılayıblar. Rusiya Dumasında Xarici İşlər Komitəsinin rəhbəri Aleksey Puşkov demokratların məğlubiyyətini prezident Obamanın xarici və daxili siyasətinin məğlubiyyəti kimi qiymətləndirib. Bununla belə, o əlavə edib ki, respublikaçılar Rusiyaya münasibətdə daha sərt mövqe tutmaları ilə tanınırlar. “Bu mənada Senatın respublikaçıların nəzarətinə keçməsi Rusiya üçün “əlverişli vektor” deyil” – deyə Puşkov qeyd edib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər