• çərşənbə, 24 Aprel, 04:27
  • Baku Bakı 14°C

Obamadan Ankara və Bağdadın mübahisəsinə reaksiya

28.10.16 12:12 949
Obamadan Ankara və Bağdadın mübahisəsinə reaksiya
Mosul və onun ətrafında baş verənlər son günlərin an aktual məsələlərindən birinə çevrilib. Bölgədə Mosulun İŞİD-dən təmizlənməsi məsələsi ətrafında gərgin geosiyasi vəziyyət yarandığını artıq hamı anlayır. Yəni bu məsələ çox uzana bilər. Konkret desək, Mosulun ikinci Hələbə çevrilməsi təhlükəsi mövcuddur.Qərb, xüsusən də ABŞ vəziyyəti nəzarətdə saxlamağa, əsas söz sahibi olmağa cəhd edir. Rəsmi Vaşinqton burada regionun coğrafiyasına deyil, öz maraqlarına uyğun siyasi mənzərə yaratmaqda qərarlıdır. Məsələnin çox təhlükəli bir aspekti isə regionda müsəlmanlar arasında məzhəb ixtilaflarının coğrafiyasının genişlənməsi riski ilə əlaqəlidir.

Beləliklə, bölgə dövlətləri ilə yanaşı, Birləşmiş Ştatların da qatıldığı münaqişə ilə bağlı ən müxtəlif versiya, ehtimal və proqnozlar gündəmi zəbt edib. Şəhər ətrafında son duruma gəldikdə, İraq qüvvələri ölkənin şimalındakı Mosul şəhərini özünü İslam Dövləti (İŞİD) adlandıran qruplaşmanın əlindən almaq üçün artıq 10-cu gündür ki, əməliyyat aparır. Ən aktual məsələlərdən biri Türkiyənin regionda iştirakı məsələsidir. Bəlli olduğu kimi, Mosulla bağlı Türkiyənin atdığı addımlar İraq hökumətinin ciddi narazılığı ilə qarşılanıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqın Mosul şəhərini İŞİD-dən azad edəcəyinə söz verməsi rəsmi Bağdadı özündən çıxarıb. İraq hökuməti türk əsgərlərinin onların ərazisində qanunsuz olaraq fəaliyyət göstərdiyini bildirib. Ən yüksək səviyyədə qarşılıqlı ittihamların ardı-arası kəsilmir. Belə bir durumun ona sərf etmədiyini ABŞ da gözəl anlayır.
Ötən gün ilk dəfə prezident Barak Obama Ankara ilə Bağdad arasında mübahisəyə öz münasibətini bildirib. Obama türk həmkarı Rəcəb Tayyib Ərdoğanı İŞİD-ə qarşı əməliyyatlar zamanı Vaşinqton və Bağdadla koordinasiyaya çağırıb. Ağ evdən verilən məlumata görə, Obama Ərdoğana zəng edib. O, Mosul əməliyyatlarının uğurlu olması üçün Ankaranın həm Bağdad, həm də Vaşinqtonla əməkdaşlığının vacibliyini vurğulayıb. Bundan başqa, Obama Ərdoğanı İraqla davamlı dialoqa çağıraraq İŞİD-lə mübarizədə Türkiyənin iştirakının forması və səviyyəsini birlikdə müəyyən etməyin zəruri olduğunu söyləyib. Ağ evin məlumatına görə, söhbət zamanı Obama da, Ərdoğan da İraqın suverenliyini və ərazi bütövlüyün dəstəklədiklərini bildiriblər.

Bəs Türkiyə Mosulun azad edilməsində niyə iştirak etməyə çalışır? Bəlli olduğu kimi, Türkiyə Başika uğrunda döyüşdə kürd dəstələrinə kömək etdiyini bildirir. İraq hökumətinin etirazlarına baxmayaraq, Türkiyə Mosul şəhərinin İŞİD terrorçu qrupundan azad edilməsində fəal rol oynamağa çalışır. Türkiyənin atdığı addımın arxasında bir neçə səbəb dayanır. Ən əsası isə Türkiyə məzhəb zəminində gərginliklə bağlı narahatdır. Türkiyənin baş naziri Binəli Yıldırım deyib ki, "İraqın məzhəb müharibəsinə sürükləndiyi vaxtda” Türkiyə sakitcə oturub tamaşa edə bilməz.

Sünni şəhəri olan Mosulda məzhəb münaqişəsindən çəkinən Türkiyə şiə üsyançılarının buradakı əməliyyatlarda iştirakına qarşı olduğunu ifadə edib.

Ankara əməliyyatlardan sonra şəhərin məzhəb və etnik tərkibinin dəyişəcəyi barədə xəbərdarlıq edib. Mosul və ətrafında həmçinin çox sayda etnik türk olan türkmanlar yaşayır. Türkiyə özünü bu etnik azlığın müdafiəçisi kimi görür. Ankara hökuməti haqlı olaraq bildirir ki, hazırda qonşu ölkədə baş verənlər Türkiyənin milli təhlükəsizliyinə birbaşa təsir edə bilər. Türkiyə İraqdakı Kürdüstan regional hökumətinin komandanlığı altında olan kürd peşmərgə qüvvələrini dəstəkləsə də, qətiyyətlə Kürd Fəhlə Partiyasının (PKK) Mosul əməliyyatında iştirakına qarşıdır. Yeri gəlmişkən, Mosul həm də qardaş ölkə Türkiyə üçün tarixi əhəmiyyət daşıyır. Mosul 400 ildən artıq müddət ərzində Osmanlı imperiyasının tərkib hissəsi olub. Hətta 1923-cü ildə Türkiyənin müstəqillik qazanmasından sonra yeni yaradılmış parlamentin bəyan etdiyi Milli Paktda Mosul türk torpaqlarının bir hissəsi elan edilirdi. Həmin dövrdə Mosul Britaniya işğalı altında idi. Britaniya Türkiyənin iddialarına son qoymaq üçün Millətlər Liqasında şəhərin statusunun yüksəldilməsinə nail oldu. İlk dövrlərdə Britaniyanın iddialarına müqavimət göstərən Türkiyə yekunda, 1926-cı ildə Mosulun İraqa verilməsinə dair sazişi imzaladı. O zamandan bəri zaman-zaman beynəlxalq siyasi mübahisələrdə Mosul məsələsi qaldırılıb. Ekspertlər hesab edirlər ki, Türkiyə hökuməti bu keçmiş Osmanlı şəhərinin İŞİD-dən azad edilməsində rol oynaya bilsə, bunun daxili auditoriyaya da güclü təsiri olacaq.

Bəs görəsən Rusiya niyə baş verənlərə reaksiya vermir? Ekspertlər hesab edirlər ki, Rusiya üçün prioritet köhnə dost Suriyadır.Buna görə də Kreml Mosulla bağlı böhranda Hələbdəki qədər fəal deyil. Hərbi bazalarının yerləşdiyi Suriyadakı hadisələr onun bölgədəki maraqları baxımından önəmlidir.ABŞ-la əldə edilmiş gizli razılaşmaya əsasən İraq Vaşinqtona qalıb. Rusiya Hələbdəki əməliyyatlarını gücləndirir, Mosuldan qaçacaq cihadçıların yeni problemlər yaratmaması üçün strategiya hazırlayır. Mosul məsələsində İran da antitürk mövqe nümayiş etdirir. Bu mübahisədə şiə İranının Bağdad hökumətini dəstəkləyəcəyi gözlənilən idi və belə də oldu. Rəsmi Tehran bəyan edib ki, Türkiyə Mosulun İŞİD-dən geri alınması əməliyyatında iştirak etmək istəyirsə, İraq hökumətindən icazə almalıdır. "Bu, qətiyyən yolverilməzdir ki, hər hansı bir ölkə terror və ya hər hansı başqa cinayətlə mübarizə bəhanəsi ilə başqa ölkənin suverenliyini pozmağa çalışsın” – deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi vurğulayıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər