AZE | RUS | ENG |

Obama dünyaya nə vəd edir?

Obama dünyaya nə vəd edir?
Politoloqların fikrincə, növbəti 4 ildə Yaxın Şərq, Suriya, İran və Avropada RƏMS yerləşdirilməsi məsələləri ABŞ siyasətində prioritet olacaq


ABŞ-da prezident seçkiləri öncəsi keçirilən sorğular, həmçinin verilən proqnozlar namizədlər Barak Obama və Mitt Romninin şansının bərabər olduğunu göstərirdi. Bu isə prosesin daha gərgin keçəcəyini deməyə əsas verirdi. Lakin seçki günü demokrat namizəd Barak Obama respublikaçı rəqibi Mitt Romnini üstələməyə müvəffəq oldu. Beləliklə də ABŞ-da 6 noyabr prezident seçkisi hazırkı dövlət başçısı, demokrat Barak Obamanın qələbəsi ilə başa çatdı. Bununla da B.Obama növbəti 4 ildə Amerikaya rəhbərlik etmək şansını qazandı.
B.Obamanın qarşıdakı 4 il ərzində tutacağı siyasi xətti şərh edən politoloq Qabil Hüseynli Amerika kimi güc mərkəzində cərəyan edən siyasi prosesləri, xüsusən də prezident seçkisini dünyanın müqəddəratına təsir edən hadisə kimi qiymətləndirib. O, Barak Obamanın prezidentliyə müəyyən iqtisadi və hərbi qruplaşmaların səyi nəticəsində gəlmədiyini diqqətə çatdıraraq, onun sözün həqiqi mənasında xalqın – orta və aşağı təbəqələrin dəstəyi ilə seçilmiş, bəlkə də ilk Amerika prezidenti olduğunu vurğulayıb: “Keçən dörd il göstərdi ki, Barak Obama əsas diqqətini Amerikanın daxili problemlərinin həll edilməsinə yönəldir. Məsələn, o, Amerikanın İraqdakı qoşunlarını çıxardı, ölkədə işsizlik problemini həll etməyə çalışdı. 5,5 milyon iş yeri açdı. Əhalinin daha yoxsul təbəqələrinin də ölkənin səhiyyə sistemindən yararlanması üçün imkanlar yaratdı. 35 milyon nəfər məhz onun səhiyyə sistemində keçirdiyi islahatlar nəticəsində səhiyyədən pulsuz istifadə etmək imkanları qazandı. Bizi ən çox maraqlandıran Barak Obamanın xarici siyasətidir. Respublikaçılardan fərqli olaraq demokratlar həmişə xarici siyasət məsələsində çox ehtiyatlı və o qədər də davakar xarakter daşımayan siyasətə üstünlük verirlər. Düzdür, Barak Obamanın dörd illik hakimiyyətinin sonunda “Ərəb baharı” deyilən sosial çalxantı yaşandı. Bunu Amerikanın Yaxın Şərq layihəsi adlandırsalar da, tamamilə Barak Obamanın adı ilə bağlamaq olmaz. Çünki Yaxın Şərq layihəsi hələ Buş dövründə hazırlanmışdı. Amma icrası, həmçinin müəyyən məsələlərin nizama salınması məhz Barak Obama və onun komandasının üzərinə düşdü. Dünya sürətlə dəyişməkdədir. Biz qloballaşan dünyadan, yeni dünya düzənindən, sürətlə informasiyalaşan yeni informasiya əsri ilə səciyyələnən dünyadan danışırıq və s. Amerika bütün bu məsələlərin hamısında birinci skripka rolunu oynayır. Yəqin ki, ABŞ Barak Obamanın dördillik hakimiyyəti dövründə də bu rolu oynayacaq. Bu o deməkdir ki, “Ərəb baharı” hələ məntiqi sonluğuna çatmayıbsa, bu proses yekunlaşdırılacaq. Suriya problemi məhz bu qəbildəndir. Suriya hadisələri o həddə gəlib çatıb ki, burada kənar müdaxilə, xarici müdaxilə labüd bir hala çevrilib. Hətta ərəb dövlətlərinin özləri də belə bir qərar qəbul ediblər”.
Q.Hüseynli yeni ABŞ prezidentinin ilk səfərinin Türkiyəyə olmasına da münasibət bildirib: “Keçən seçkidən sonra da Barak Obama ilk səfər kimi əvvəl Böyük Britaniyaya, oradan da Türkiyəyə gəlmişdi. Əgər indi ilk səfərini Türkiyəyə edəcəksə, mən bunu daha çox Suriya məsələləri ilə əlaqələndirmək istəyərdim. Barak Obamanın Türkiyəyə səfəri baş tutacaqsa, burada Türkiyə-Amerika münasibətləri ilə bərabər sözsüz ki, Suriya məsələsi birinci yerdə dayanacaq”.
Barak Obamanın növbəti 4 illik fəaliyyətini analiz edən politoloq Vəfa Quluzadə hadisələrə Qarabağ münaqişəsi kontekstindən yanaşıb. Bildirib ki, yaxın gələcəkdə Dağlıq Qarabağ probleminin həllində ABŞ-dan kömək gözləməyə dəyməz. Onun fikrincə, Amerikada yaşananların Qarabağa hər hansı təsiri olmayacaq: “ABŞ-da keçirilən prezident seçkiləri nəticələri Qarabağ münaqişəsinin həllinə heç bir müsbət təsir göstərməyəcək. Amerika elə Amerikadır. Onun siyasəti də illərdir ki, eyni, dəyişməz olaraq qalıb. Odur ki, seçkilərdən sonra hər hansı ciddi dəyişikliyin olacağını gözləmirəm. ABŞ-ın seçkidən sonra Ermənistana, o cümlədən ermənilərə qarşı siyasəti də dəyişməz olaraq qalacaq. Xatırlayırsınızsa, hər seçki prosesində prezidentliyə namizədlər uydurma soyqırımı ilə bağlı ermənilərə vədlər verirdi. Bu dəfə belə olmadı. Çünki ehtiyac duymadılar buna. Bu dəfəki seçkiqabağı təbliğat və təşviqat kampaniyalarında Ermənistan və “soyqırımı” məsələsinin gündəmə gətirilməməsi də diqqət çəkən məqamlardandır”.
Politoloq Fikrət Sadıxov Ceyms Karter istisna olmaqla, ABŞ tarixində bir qayda olaraq hər bir prezidentin ikinci dəfə də bu posta seçildiyini bildirib. O, Barak Obamanın seçkiqabağı bir çox vədlər verdiyini və birinci dəfə prezidentlik müddətində bu vədləri yerinə yetirdiyini də diqqətə çatdırıb. Qeyd edib ki, məhz bu səbəbdən Amerika xalqı ona yeni bir şans verib: “Barak Obamanın prezidentliyi müddətində İraqdan qoşunlar çıxarılıb, Əfqanıstandan da 2014-cü ilə qədər çıxarılacaq. ABŞ daxilində bir sıra siyasi, iqtisadi məsələlərdə də müəyyən uğurlu addımlar atılıb. Bu isə seçiciləri qane edib. Yaxın 4 ildə də ABŞ-ın Yaxın Şərq, İran, Avropa dövlətləri, Çin, Rusiya ilə bağlı prioritetləri dəyişməyəcək. Barak Obama Amerika üçün bir nömrəli düşmənin terror və terrorçuluq olduğunu bəyan edib. Rusiya və Çinlə də münasibətləri əməkdaşlıq şəraitində davam etdirməsi mümkündür. O ki, qaldı İrana, bu ölkəyə ABŞ-ın təzyiqləri davam etdiriləcək. Ancaq İrana hərbi müdaxilənin baş verməsi qeyri-mümkündür. Cənubi Qafqaz məsələsinə gəlincə, Barak Obama bütünlükdə postsovet ölkələrindəki münaqişələrin həllini öz siyasətində prioritet məsələyə çevirməyib. Bunlar da reallıqdır ki, Barak Obama Ermənistana və Dağlıq Qarabağa yardımı ixtisara salıb. Metyu Brayzanı Senatın razılığı olmadan, öz iradəsi hesabına bir illik Azərbaycana səfir göndərib. Əvvəlcədən söz verməsinə baxmayaraq, erməni icmasının rəhbərlərini qəbul etməyib, “erməni soyqırımı” ifadəsini işlətməyib və sair. Bütün bunlar müsbət məqamlardır və yaddan çıxarılmamalıdır. Buna rəğmən, düşünmürəm ki, Dağlıq Qarabağ problemi ilə bağlı o, hansısa konkret addımlar atsın. Ancaq ABŞ dövlət katibinin dəyişməsini və bu vəzifəyə gələn şəxsin hadisələrə fərqli baxışını da gözləmək olar. Bütün hallarda bizim hücum yönümlü diplomatik addımlarımızdan çox şey asılıdır”.
Politoloq Elman Nəsirli də “Kaspi”yə açıqlamasında Barak Obamanın növbəti dəfə prezident seçilməsindən sonra ABŞ-ın xarici siyasətində köklü dəyişikliklərin baş verməyəcəyini söyləyib: “Adətən ikinci dəfə prezident seçilən şəxsin manevr etmək imkanları daha geniş olur. Çünki onun üçüncü dəfə seçilmək şansı yoxdur. Bu nöqteyi-nəzərdən, dünyanın yeganə fövqəldövləti olaraq ABŞ-ın xarici siyasətində praktiki dəyişikənliyin baş verməsi mümkündür. Amerika qlobal liderliyini qoruyub saxlamağı qarşısına məqsəd qoyacaq. Bu müddət ərzində Amerikanın qarşısında bir çox strateji vəzifələr dayanacaq və Barak Obama onun həllinə nail olmağa çalışacaq. Bunlar İranın nüvə proqramı, Suriya və Yaxın Şərqdə yaranmış vəziyyət, NATO-nun Avropada Raket Əleyhinə Müdafiə Sistemini yerləşdirməsi, Əfqanıstandakı vəziyyətlə bağlı məsələlərdir. Bunlar Amerika üçün çox ciddi proseslərdir. ABŞ üçün yaxın 4 ildə bu məsələlərin həll olunması xüsusi əhəmiyyət kəsb edəcək. Heç şübhəsiz Rusiya ilə Amerika münasibətlərinin Obama dövründə xüsusi olaraq kəskinləşməsini ehtimal etmək olmaz. Amma bununla yanaşı, Rusiyanın indiki rəhbərliyinin Amerikanın planlarına qarşı əks mövqedə dayanacağını da ehtimal etmək olar. V.Putin NATO-nun RƏMS-ləri Avropada yerləşdirməsi planlarına etiraz edə bilər. Hesab edirəm ki, bu kimi məsələlər ətrafında müəyyən fikir ayrılıqları olacaq. Amma bu fikir ayrılıqlarının qarşıdurmaya gətirib çıxaracağını güman etmirəm. Çünki Rusiya ABŞ üçün strateji düşmən hesab olunmur. Bizim üçün əhəmiyyətinə gəlincə, Azərbaycan ABŞ üçün vacib ölkələrdən biridir. Münasibətlərimiz qarşılıqlı strateji əməkdaşlıq çərçivəsindədir. Bu münasibətlərin qorunub saxlanılması Amerikanın milli maraqlarına uyğundur”.
Politoloq Rasim Ağayev Amerikada kimin prezident seçilməsindən asılı olmayaraq, şəxsiyyətin rolunun dövlətin siyasətinə, milli maraqlara təsirinin çox az olduğunu söyləyib. Qeyd edib ki, iki yüz ildən artıq dövlətçilik ənənəsinə malik olan Amerikanın aidiyatı qurumları ölkə siyasətini kifayət qədər aydın icra edir: “Hakim elitar təbəqə tərəfindən milli siyasət dəyişilmədən həyata keçirilir. Şəxsiyyət, prezident isə sadəcə, bu prosesləri idarə edir, nəzarətdə saxlayır. Təbii ki, kritik məqamlar istisna olmaqla. Bu səbəbdən yaxın 4 ildə ABŞ siyasətində hər hansı ciddi dəyişikliyi gözləmirəm. Barak Obama Amerikanın Yaxın Şərq, İran, Əfqanıstan siyasətini davam etdirəcək. Rusiya ABŞ arasındakı münasibətlər isə qarşılıqlı razılaşmalar əsasında yoluna qoyulacaq. Qlobal səviyyədə hansısa hadisənin baş verəcəyini düşünmürəm. Xüsusi məsələ isə İsraillə bağlıdır. Dünya siyasətində Barak Obamanı xoşlamayan bir dövlət varsa, o da İsraildir. Bu mənada İsrailin vəziyyəti qarşıdakı 4 il ərzində ağırlaşacaq. Müsəlman dövlətləri gərək bu amildən maksimum yararlansın”.

Rufik İSMAYILOV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6911
GBP 1 İngilis funt sterlinqi 2.3703
TRY 1 Türk lirəsi 0.4144
KWD 1 Küveyt dinarı 5.6584
SEK 1 İsveç kronu 0.1997
EUR 1 Avro 2.0763
CHF 1 İsveçrə frankı 1.7381
USD 1 ABŞ dolları 1.7000