Obama ciddi dəstək versə AÇIQLAMA

Obama ciddi dəstək versə AÇIQLAMA

Siyasət
08 Noyabr 2012, 10:52 1246
Barak Obamanın yenidən prezident seçilməsi ABŞ ilə Azərbaycan arasında münasibətlərin bundan sonra da mövcud baza əsasında inkişafına səbəb olacaq. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, deputat Əli Əhmədov bildirib.

O qeyd edib ki, ABŞ ilə Azərbaycan arasında inkişaf edən münasibətlər mövcuddur və bu münasibətlər iki ölkənin milli maraqlarına xidmət edir: “Bundan sonra da münasibətlərin inkişaf etdirilməsinin tərəfdarıyıq. Beynəlxalq təhlükəsizliyin təmin olunması və terrorizmlə mübarizənin aparılmasında Azərbaycan yaxından iştirak edir və bu istiqamətdə Azərbaycan və ABŞ-ın maraqları, həyata keçirdikləri siyasət üst-üstə düşür”.

Onun sözlərinə görə, B.Obamanın rəhbərliyi altında ABŞ son 1 il ərzində Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində fəaliyyətini artırıb və bir sıra hallarda rəsmi Vaşinqton tərəfindən təşəbbüsün ələ alınması cəhdləri müşahidə olunur. Ə.Əhmədov qeyd edib ki, B.Obamanın yenidən prezident seçilməsi nəticəsində ABŞ bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına ciddi dəstək versə, məsələnin ədalətli həlli üçün real addımlar atmaq istəsə, münaqişənin həlli vaxtı daha da yaxınlaşar.