• şənbə, 20 Aprel, 14:08
  • Baku Bakı 23°C

“O xanım həyatımda olmasa da, ağlımdadır”

03.04.14 17:07 1437
“O xanım həyatımda olmasa da, ağlımdadır”
Gənc ifaçı Murad Sadıx “Həsrətindəyəm” adlı klipini təqdim etdi
Gənc ifaçı Murad Sadıx dünən Beynəlxalq Mətbuat Mərkəzində media nümayəndələri və sənət yoldaşlarını ətrafına toplayıb, “Həsrətindəyəm” adlı yeni klipinin təqdimat mərasimini keçirdi. Təqdimatda nümayiş olunan mahnının sözləri Leyli İsrafilovaya, musiqisi Sevinc Tağıyeva, rejissorluq işə isə Ramil Ağasiyevə məxsusdur. Klipdə Muradın tərəf müqabili rolunda telejurnalist Aysel Tahirqızı çəkilib.
İlk olaraq Murad Sadıx təqdimata gələn bütün media nümayəndələrini salmayaraq klip üzərində uzun müddətdir ki, işlədiklərini qeyd etdi: “Bu qədər əziyyətdən sonra çox maraqlı bir klip alındı. Düzdü, çəkilişlər başlayanda bəzi problemlər oldu, montaj zamanı lent yandı, həmin hissəni yenidən çəkdik. Ancaq bütün bu proseslərdən sonra əmiliklə deyə bilərəm ki, klip mənim ürəyimcə oldu. Düşünürəm ki, klip çəkilişlərində ən əsas da budur. Ümid edirəm ki, bu qədər əziyyətlə çəkilmiş “Həsrətindəyəm” klipi televiziya ekranlarında ən baxımlı kliplər arasında öz yerini tutacaq. Klipdə mənə göstərdiyi dəstəyə və köməyə görə bütün dostlarıma təşəkkürlərimi bildirirəm”.
Murad Sadıx mətbuat nümayəndələrinə yeni layihələri və hazırladığı mahnılar haqqında məlumat verdi.
Telejurnalist Aysel Tahirqızı klip təəssüratlarından, onun uzun müddətdən sonra ərsəyə gəlməsindən danışdı: “Klipdə iştirak edən bütün yaradıcı heyətə təşəkkürlərimi bildirirəm. Burada böyük bir şey yoxdur. “Həsrətindəyəm” klipi dostların köməyi və dəstəyi ilə ərsəyə gəlib. Biz də istədik ki, klipdə bizim də köməkliyimiz olsun. Bacardığımız qədər Murada dəstək olmağa çalışdıq. Ümid edirəm ki, bu klip sevilən və izlənilən kliplər sırasında öz layiqli yerini tutacaq. Muradın bundan sonrakı layihələrində ona bol-bol uğurlar arzulayıram”.
Şou-biznes müxbiri Şahin Cavadsoy klipin rejissoru Ramil Ağasiyevin ölkədə olmadığına görə təqdimata qatılmadığını və bunu üzrlü səbəb kimi qəbul etdiklərini bildirərək çəkilişlər barədə mətbuat nümayəndələrinə ətraflı məlumat verdi: “Klip 7 aya ərsəyə gəlib, bunun səbəbi isə odur ki, hazır materiallar bir neçə dəfə silinib, yanıb. Ondan sonra yenidən çəkilişlər başlayıb və nəticədə belə gözəl klip ərsəyə gəlib. Ümid edirəm ki, bəyəndiniz”.
Təqdimat bitdikdən sonra mətbuat nümayəndələrinin suallarını cavablandıran Murad Sadıx “Klipdə ailə həyatı qurdunuz, bəs real həyatda nə vaxt evlənəcəksiniz?” sualına maraqlı cavab verdi. O bildirdi ki, 25 yaşında evlənməyi düşünür, ən maraqlısı isə budur ki, ifaçı həyat yoldaşının özündən yaşca böyük, 30-31 yaşlarında xanım olmasını istəyir. Buna səbəb olaraq isə, bu yaşda olan xanımların xasiyyətcə ona daha yaxın olduqlarını bildirdi: “Bu günə qədər ifa etdiyim bütün mahnılarım yalnız bir xanıma aiddir. Ayrılmağımıza baxmayaraq və həmin insan hal-hazırda həyatımda olmasa da, ağlımdadır”.
Təqdimat mərasimində ifaçını tək qoymayan sənət yoldaşları Aysel Əlizadə, Zarina, Yaşar, Leyla Ramazanlı və digərləri iştirak edirdi.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər