• cümə axşamı, 28 mart, 15:47
  • Baku Bakı 16°C

“O vaxta qədər bədənimi tanımamışdım” - Fotolar

28.05.19 11:00 5897
“O vaxta qədər bədənimi tanımamışdım” - Fotolar
O, hələ gəncdir. Yolun başındadır. Teatra böyük sevgisi var. Özü də ən çətin spesifikası olan pantomimadan başlayıb. Başlayıb deyəndə ki, artıq 5 ilə yaxındır, bu teatrda çalışır. Özü də Azərbaycanda Pantomima Teatrının yaradıcısı Bəxtiyar Xanızadənin tələbəsidir. Qısametrajlı filmlər çəkir, festivallarda iştirak edir. Çox həvəslidir, çalışqandır, hədəflərinə doğru yorulmadan irəliləyir.Müsahibimiz Azərbaycan Dövlət Pantomima Teatrının aktyoru Cavad Nurdur.

- Niyə Pantomima?
- Pantomima mənim üçün çox böyük bir məktəbdir. Bu teatrın mövcudluğundan gec xəbərdar olmuşam. Burada çalışmağıma teatrımızın istedadlı aktyoru Bəhruz Vaqifoğlu səbəbkar olub. Onunla bir festivalda tanış olmuşduq və biz rəqib komandalarda çıxış edirdik. Bəhruz mənə Pantomima Teatrından bəhs edərək ora dəvət etdi. Pantomimaya ilkin olaraq tamaşaçı kimi gedirdim və məşq proseslərini izləyirdim. Amma teatra da sadəcə, izləyici kimi getmirdim. Ömür boyu bu teatrın nəinki qapısından içəri keçməmiş, heç onun barəsində eşitməmişdim də. Universitetdə xalq artisti Pərviz Məmmədrzayev uşaqlarla məşğul olanda, onda da maraqlanmamışdım ki, tələbələrə hansı elmi tədris edir. Pərviz Məmmədrzayev pantomimanın ilk simalarındandır.

- Ancaq Pantomima Teatrının 25 illik yubileyində biz onu görmədik.
- Əslində, onun nə üçün yubileydə iştirak etmədiyinin səbəblərini bilmirəm. Amma hamımız istərdik ki, Pərviz müəllim orada olsun. Çünki zamanında o, bu teatrda çalışıb.
- Bir aktyor kimi Pantomima Teatrında nələr öyrəndiniz?
- Teatr mənə çox şey öyrətdi. Hər şeydən əvvəl mənə öz bədənimi tanımağı, tanıdıqdan sonra onunla necə hərəkət etmək lazım olduğunu izah etdi. O vaxta qədər mən bədənimi tanımamışdım.
- Pantomima Teatrının 25 illik yubileyi mükəmməl keçdi. Hər kəs yubiley tamaşasından xoş təəssüratla ayrıldı. Tamaşanın ssenarisi real hadisələr üzərindəmi qurulmuşdu?
- Pantomima Teatrının yubileyində səhnədə olan hər şey reallıqdan doğmuşdu. "Sehrli xalat” tamaşasına iki ay hazırlaşdıq. Biz hər gün teatra gedir, məşq edirdik. Teatrımızın köhnə aktyorlarının da bizə qoşulması, bizimlə birlikdə səhnədə olması əsil sürpriz oldu. Onlar uzun müddətdir ki, bu teatrda çalışmırdılar. Yubiley tamaşamızda əvvəllər bizimlə çalışan sənətkarlar - Pantomima ailəsi bir yerdə idi. Köhnə aktyorlardan Əsəd müəllim dedi ki, burada olan çox insanı yeni tanıyıram, amma adama elə gəlir ki, sanki teatr yaranandan bir yerdəyik. Çox zaman bizə deyirlər ki, bütün aktyorlar bir-birinə oxşayır.
- Pantomimanın aktyorları isə ələlxüsus, bir-birinə oxşayır, çünki burada söz yoxdur.
- Xəmiri yoğuran eyni insandır. Bizim hamımızı Bəxtiyar Xanızadə yetişdirib. Hansısa hərəkətimizin bir-birinə oxşaması təbii ki, ona bağlıdır.
- Müəllimin göstərdiyi dəsti-xətt üzrə gedirsiniz, yoxsa sizin də öz dəsti-xəttiniz olur?
- Müəllimimiz bizə düzgün yolu göstərib. Həmin düzgün yolda mən əyri gedirəmsə, bu, mənim günahımdır. Biz o dəsti-xətti qoruyuruq, ancaq özümüzdən də nələrsə əlavə etməyə çalışırıq və bu yolda bizim əsas dəstəkçimiz elə müəllimimizin özüdür. Bəxtiyar Xanızadənin tələbəsi olduğum üçün özümü çox şanslı hiss edirəm. Rejissor kimi qısametrajlı filmlər çəkmişəm və o filmlərdə də öyrəndiyim dəsti-xətdən istifadə edirəm. Və hətta onlardan bəzilərində danışıqdan istifadə etmirəm. Pantomimada öyrəndiklərim idi ki, bu filmin ərsəyə gəlməsində xeyrini gördüm.
- Pantomima Teatrının yaradıcı heyəti həddən artıq çox məşq edir. Hətta burada sərt nizam-intizam qaydalarının olduğu deyilir. Bu sizi heç yormur?
- Mən bu teatra yeni gələndə təbii ki, gərgin iş rejimindən xəbərdar idim. Zaman keçdikcə başa düşdüm ki, biz niyə işləyirik. Müəllim və bir başqası üçün deyil, özümüz üçün, bədənimizin formalaşması üçün məşq edirik. Bunu özümüz, bədənimizi tanımaq, aktyor kimi yetişmək üçün edirik. Etdiyimiz məşqlərdən bezmirik. Əslində Bəxtiyar Xanızadə istirahət üçün bizə müəyyən qədər vaxt verir. Hətta yubileydən sonra biz artıq istirahət edirik. Bəlkə kimsə kənardan düşünür ki, çox ciddi rejimdir. Ancaq o, heç vaxt aktyorun istirahətini əlindən almır. O, bizdən dost, qardaş, ata kimi də məsləhətlərini əsirgəmir. Müəllimimizin belə bir sözü var: "Siz düşünürsünüz ki, mən sizi öyrədirəm? Ancaq əslində mən sizi öyrədirəm və oradan başqa bir şey öyrənirəm”. Əslində həyatın özündə bu, belədir.
- Gözəl səsiniz var. Üstəlik, gitarada ifa etməyi bacarırsınız. Tamaşalarda bundan istifadə edirsinizmi?
- Tamaşalarda istifadə etməmişəm, ancaq gələcəkdə nə zamansa etməyi düşünürəm. Musiqini bilmək, onu hiss etmək aktyor üçün çox vacib elementlərdəndir. Mən musiqini bilməsəm, tamaşaçıya heç nə ötürə bilmərəm. Bəxtiyar müəllim bir gün bizi çağırıb bir musiqi dinlətdi. Hamımızı bir-bir səhnəyə çıxarıb musiqidən hiss etdiklərimizi oynamağı tapşırdı. Növbəli şəkildə hamımız bunu təkrarladıq. Onda başa düşdük ki, hər bir musiqi bir əsərdir. Əvvəllər mənim musiqi duyumum yox idi. Ancaq indi hər hansı musiqini dinləyəndə orda hansı alətlərdən istifadə edildiyini əzbər bilirəm. Aktyor və ressor kimi nələrsə edirəmsə, burada Pantomima Teatrının böyük rolu var. Nail olduqlarıma görə də Bəxtiyar Xanızadəyə öz təşəkkürümü bildirirəm və məni bu teatrla tanış etdiyinə görə Bəhruza minnətdaram.
- Bəs işin gərgin keçdiyi günlərdə Bəhruz Vaqifoğlunu qarğış etdiyiniz anlar olubmu?
- (gülürük) Olmayıb... Hərdən Bəhruz yarızarafat deyir ki, mən səni bura niyə gətirdim axı? Mən Pantomima Teatrında çox rahatam. Bir ara teatrdan çıxdım və anladım ki, düzgün qərar verməmişəm.
- Teatrı tərk etmənizə səbəb nə idi?
- Maddi durum. Bilirsiniz ki, teatrlarımızda maaş azdır. Tetrdan çıxandan sonra çox böyük boşluğa düşdüm. İşdən ayrılmağıma baxmayaraq, mütəmadi olaraq teatra gəlib-gedirdim. Anladım ki, aktyorun formada qalması üçün teatr vacibdir. Hər bir rejissorun formada qalması üçün də teatr vacibdir. Rejissor teatrla mütəmadi olaraq əlaqədə olmalıdır. Aktyorla işləmək lazım olduğunu mən Bəxtiyar müəllimdən öyrənmişəm. Aktyora tapşırıq verəndə onu inandırmalısan ki, sən bu rolu buna görə oynamalısan.
- Teatrdan əvvəl haralarda çalışıbsınız?
- O zamanlar "Xəzər” televiziyasında yayımlanan "Aramızda qalsın”, "Həyat varsa” və bir çox serialların müəyyən bölümlərində çıxış edirdim. Universiteti bitirdikdən sonra hərbi xidmətə yollandım. Hətta mənə deyirdilər ki, hərbi xidmətdən döndükdən sonra insanın bildiyi hər şey sıfırlanır. Ancaq məndə əksinə idi. Hərbi xidmətdə belə, konsertlər təşkil edir, yaradıcılıqla məşğul olurdum. Teatra gələnə qədər alışmağı gözləyən kibrit kimi idim. Hərbi xidmətdən geri döndükdən sonra hiss etdim ki, həyatımda nəsə çatmır. Nələrsə etmək lazımdır. Özümü Ümumrespublika Gənclər Festivalında sınadım. Orada 30 rejissorun arasından 6-sı finala keçə bildi, onlardan biri də mən idim. Bunun özü mənim üçün bir uğur idi. Düzdür, o festivalda qalib olmadım, ancaq heç də üzülmədim.
- Eyni zamanda rejissor kimi qısametrajlı filmlər çəkirsiniz və zaman-zaman sizi film festivallarında da görürük. Festivallarda qalib olmadıqda, bədbin hisslərə qapılırsınız, yoxsa bu, sizə stimul verir?
- Əksinə, qalib olmadıqda, daha çox işləyirəm. Düşünürəm ki, görəsən mənim hansı səhvim var idi ki, filmimi seçməyiblər və səbəb axtarmağa başlayıram. Əgər məni seçiblərsə, demək bir səbəb var, seçilməmişəmsə yenə də bir səbəb var. Hər işdə bir səbəb axtarıram. Çünki hər şeyin bir səbəbi var. İlk çəkdiyim film iştirak etdiyim festivalda 3 nominasiyaya layiq görüldü və sonra onu Türkiyəyə göndərdim. Türkiyədə vizyona çıxdı, ancaq yer verilmədi. Növbəti dəfə "No smoking” film festivalı üçün çəkdiyim "Bir qutu mərmi” qısametrajlı filmini təqdim etdim. Filmi izləyənlər onun qalib olacağını deyirdilər. Ancaq mən heç zaman festivallardan birincilik gözləməmişəm. Çünki düşünmüşəm ki, hansısa səbəbdən mənə birinci yeri verməzlər. Hətta festivala təqdim etdiyim işlərim birinciyə layiq olsa belə, o yeri heç vaxt gözləməmişəm. Ancaq əmin idim ki, həmin festivalda yer tutacam. Nəticə gözlədiyimiz kimi olmadı.
- O an anladınız ki, festivala film təqdim etməyin mənası yoxdur?
- O an belə, həvəsdən düşmədim. Əlbəttə ki, bu, məni çox məyus etdi. Həmin filmi Mədəniyyət Nazirliyinin keçirdiyi "Ailə filmi festivalı”na təqdim etdim. Festivalda "ən yaxşı sosial film” nominasiyasının qalibi oldu. Bu festivalda münsif heyətində Oqtay Mirqasımov, Cəmil Quliyev, Şəfiqə Məmmədova kimi dəyərli sənətkarlarımız var idi. Onlar filmi izləyib dəyərləndirmişdilər. Bu gözlənilməz qalibiyyət mənə çox böyük sevinc bəxş etdi. Yer tutmadığım festivallarda da üzülməmişəm. Hazırda məqsədim dünya səviyyəsində keyfiyyətli melodrama çəkmək və bunu xarici festivallara təqdim etməkdir. Təbii ki, bütün bunlar gələcəyin işləridir.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər