• çərşənbə axşamı, 19 mart, 07:00
  • Baku Bakı 8°C

“O vaxt maaş yox idi, amma həvəs var idi” – Keçmişdəki mən

01.08.15 10:49 3613
“O vaxt maaş yox idi, amma həvəs var idi” – Keçmişdəki mən
Cəfər Namiq Kamal: “Gərək sənətindən beşəlli yapışasan ki, onun peşəkarı olasan”
Balacalıqdan qardaşı ilə müxtəlif tamaşalardan, kinolardan rollar oynamağı sevib. Hələ məktəbə getməmişdən əvvəl qardaşı ilə birgə evdə, ailədaxili qonaqlıqlarda Məşədi İbad, hambal və digər rolları oynayıb. 10 yaşından isə artıq səhnəyə çıxıb. Pionerlər Evinin səhnələşdirdiyi “Anacan” tamaşasında internatda oxuyan oğlan rolunu canlandırır. Beləcə, professional səhnəyə addım-addım yaxınlaşır. Müsahibimiz Azərbaycan Milli Dram Teatrının aktyoru, Xalq artisti, Prezident mükafatçısı Cəfər Namiq Kamaldır.
“İlhamla Məşədi İbadı, hambalı oynayırdıq”
C.N.Kamal 1950-ci ildə Bakıda dünyaya göz açıb. Atası mühəndis, anası evdar qadın olub. Ailədə üç qardaşın ortancılıdır. Hələ məktəbə getməmişdən aktyor sənəti onu özünə cəlb edib. Deyir ki, özündən bir yaş böyük qardaşı İlhamla (İlham Namiq Kamal – L.M.) birlikdə evdə tamaşalardan parçalar oynamağı xoşlayıblar: “Nə nəslimizdə aktyor olmuşdu, nə də bizi heç kim buna məcbur etmirdi. Balaca vaxtı Məşədi İbad, hambal rollarına girməyi sevirdik. Ailəvi qonaqlıqlar olanda çörək yeyəndən sonra başlayan bədii hissədə İlhamla birlikdə çıxış edirdik. Bizim öz repertuarımız var idi. Bu, məktəbə getmədiyimiz dövrləri əhatə edir”.
Pionerlər Evindən başlayan yol
Dördüncü sinifdə isə direktorla orta yaşlı bir kişinin siniflərinə daxil olması onun aktyor sənəti ilə professional şəkildə məşğul olmasına yol açır: “Sinfimizə gələn orta yaşlı kişi Pionerlər Evinə müəyyən rolları oynamaq üçün həvəskar lazım olduğunu dedi. Kimin aktyorluğa həvəsi olduğunu soruşdu. Əlimi qaldırdım. Sonradan bildim ki, həmin kişi də əməkdar artist Məmmədağa Dadaşov imiş. Məni səhnəyə gətirən Məmmədağa Dadaşovla sonralar 25 il professional səhnədə çiyin-çiyinə işləmişəm”.
Pionerlər Evində Yusif Əzimzadənin “Anacan” pyesini səhnələşdirəndə 4-cü sinif şagirdi Cəfər internatda oxuyan bir uşağın rolunu oynayır. Tamaşadakı rolları oynamaq üçün həvəskar az olduğundan Cəfər qardaşı İlhamın da aktyorluğa maraq göstərdiyini bildirir və həvəskar kimi tamaşada iştirak edə biləcəyini deyir. Tamaşanın rejissoru razılaşır və sabahısı Cəfər qardaşı ilə əl-ələ tutub Pionerlər Evinə gedir. İlhama da rol verirlər. Beləcə, kiçik qardaşının sayəsində İlham Namiq Kamal da 5-ci sinifdən aktyorluğun sirlərini peşəkarlardan öyrənməyə başlayır: “Pionerlər Evi Gənc Tamaşaçılar Teatrının binasını icarəyə götürür və tamaşalarımızı orada oynayırdıq. Valideynlərimiz də gəlib rol oynadığımız tamaşalara baxırdı”.
“Kitabxanadan 7-8 kitabla çıxırdım”
Tamaşalarda rol almasına baxmayaraq, orta məktəbdə də dərslərini yaxşı oxuyub: “3-4 kitabxanaya üzv idim. Kitabxanaçılar məni tanıdıqlarından kitab təklif etmirdilər. Çünki hansı kitabı deyirdilərsə, oxuduğumu bildirirdim. Buna görə kitabı özüm seçim. Rəfləri axtara-axtara oxumadığım kitablardan 7-8-ni yığıb oradan çıxırdım. Bir həftəyə kitabları oxuyub qaytarır və başqalarını götürürdüm”.
“Maaş yox idi, həvəs var idi”
15 yaşına qədər Pionerlər Evində rollar alan C.N.Kamal, sonra Lütfi Məmmədbəyovun Xalq Teatrına üz tutur: “Burada elə tamaşalar oynayırdıq ki, birbaşa canlı efirdə göstərirdilər. Bu sənətin xəstəsi idik. Bütün günü məşq edirdik. Mənim həmyaşıdlarım olan aktyorların hamısı həmin teatrda çıxış edirdilər. Xalq Teatrı professional teatrlarla rəqabət aparmaq gücündə idi. Maaş yox idi, amma həvəs var idi. Təəssüflənirəm ki, indi gənclərimizdə hər şey var, həvəs yoxdur”.
“Qadınlar teatrda bir-birlərinə acıq verərdi”
Gözünü açandan bu sənətdə olduğunu deyən müsahibimiz bildirdi ki, atasının onların aktyorluq sənətini seçməyinə münasibəti çox yaxşı olub: “Atam bu sənəti qiymətləndirirdi. Artistləri adbaad tanıyırdı. O vaxt tamaşaçılar tamaşaları əzbər bilirdilər. Camaat teatra, aktyora vurğun idi. Atamda gözəl yumor hissi var idi. Bir kəlməsinə adamlar bir sutka gülürdülər. Anamla birgə bizim xəbərimiz olmadan bilet alıb oynadığımız tamaşalara baxardı. O vaxt qadınlar teatra geyinmək üçün xüsusi paltar tikdirərdi. İndi fəhlə paltarında da teatra gedirlər. Amma o vaxt teatra getdiyi günü tamaşaçı bayram günü kimi hiss edirdi. O vaxt insanlar filan gün tamaşaya baxmağa gedəcəklər deyə həftələrlə hazırlaşardılar. Qadınlar teatrın foyesində çıxıb gəzər, geyimləri, bəzək-düzəkləri ilə bir-birinə acıq verərdilər”.
“İnstitutdan, sadəcə, diplom aldım”
Orta məktəbi bitirib indiki Mədəniyyət və İncəsənət Universitetinə daxil olur. İşlədiyi üçün axşam şöbəsində oxuyur: “Xalq Teatrındakı işim mənim üçün institutda keçilən dərslərdən daha önəmli idi. Mən institutdan, sadəcə, diplom almışam. 9-cu sinifdə Xalq Teatrında həvəskar olduğum vaxtlar özümdən böyükləri İncəsənət İnstitutuna hazırlaşdırırdım. Kiçik yaşlarımdan tamaşalarda o qədər oynamışdım ki, onlara şeiri, monoloqu necə deməyi, etüd öyrədirdim”.
“Valideynlərimə yük olmaq istəmirdim”
İnstitutda oxuya-oxuya telestudiyada rejissor köməkçisi işləyir: “İstəmirdim valideynlərimə yük olum. İşləyib maddi problemlərimi özüm həll edirdim. Mən də cavan idim, yaşıdlarım kimi valideynlərimdən nələrsə istəyə bilərdim. Amma gücüm nəyə çatırdısa, onu edirdim, heç kimin geyimində də gözüm olmurdu. Dövran başqa dövran idi. Çit də geyinirdin səni ələ salmırdılar, bez də... İndi adamı geyimi ilə ölçürlər”.
“Teatr epidemiyası canımıza düşmüşdü”
Qeyd edək ki, C.N.Kamal bir müddət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib: “Gördüm tələbələrdə aktyorluğa maraq yoxdur, işdən çıxdım. Bilsəm ki, məndən nəsə öyrənmək istəyirlər, adam canını qoyar. Amma tələbələrin fikri dağda-dərədə olur. Soruşanda ki, necə oldu İncəsənət Universitetinə üz tutdunuz, balları az olduğuna görə sənədlərini sözügedən təhsil ocağına verdiklərini bildirirlər. Məqsədləri aktrisa, aktyor olmaq yox, diplom almaqdır. Teatrda işləmək istəyənlərdə də bizim dövrümüzdəki yanğı yoxdur. Əksəriyyəti “yola verir”. Hansı ki, onların dəridən-qabıqdan çıxmalı, işləməli, özlərini sübut etməli vaxtlarıdır. İndiki tələbələrdən fərqli olaraq, teatr epidemiyası bizim canımıza düşmüşdü. Hamımız xəstələnmişdik”.
“Gərək sənətinin peşəkarı olasan”
Aktyorluğun abırlı, gözəl sənət olduğunu deyən müsahibimiz bu sənətin arxasınca gedənlərin abırlı, tərbiyəli olmasını vacib sayır: “Gənclərin ürəyində yanğı varsa, ömürlərini bu ömür qısaldan sənətə həsr etmək istəyirlərsə, gəlsinlər. Yoxsa bir də ayılacaqlar ki, 60 yaşları var, hələ sənətdə nizə tuturlar, tamaşada bir kəlimə söz deyirlər, qapıçı rolunu oynayırlar. Nəvələri də deyir ki, babaları teatrda işləyir, yaxşı baş əyir, çay gətirir. Buna görə nə işlə məşğul olursan ol, gərək sənətindən beşəlli yapışasan ki, onun peşəkarı olasan”.
Lalə MUSAQIZI
banner

Oxşar Xəbərlər