• cümə, 19 Aprel, 15:01
  • Baku Bakı 25°C

“O, qəhrəmanlıq üçün yaranmışdı”

14.04.15 08:25 3413
“O, qəhrəmanlıq üçün yaranmışdı”
Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Mansurov bütün varlığı ilə Vətənə bağlı oğul olub

İyirmi qış gördün, iyirmi bahar,
Bu ömür tarix üçün göz qırpımı, an.
Həyatı həyat tək sevən qardaşım,
Bəs niyə tələsib köçdün dünyadan?
Sən elə bağlıydın, Vətənə bağlı,
Bu eşqin oduna yandın, alışdın,
Odlar diyarına sığışmayan sən,
Qaranlıq məzara necə sığışdın?
Hər sözün-söhbətin dildə, ağızda,
Ömrünün mənası diləklərdədir.
Şöhrətin, hörmətin eldə, obada,
Əbədi heykəlin ürəklərdədir...
Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Mansurova həsr olunan bu misralar sanki gənc kursantın igidliyini, Vətənə olan sevgisini böyüməkdə olan nəslə tanıtmaq, xatirəsinin həmişə ürəklərdə yaşayacağını anlatmaq üçün səslənir.
Bəhruz Mansurov Yardımlı rayonunun Telavar kəndində doğulub. Ailədə 7 uşaq olublar. Dörd bacının üç qardaşından biri, ailənin üçüncüsü idi Bəhruz Mansurov. Kimya-biologiya müəllimi işləyən atası Qəhrəman kişinin tələbkarlığı, övladlarının tərbiyəsinə ciddi yanaşması onları səmimi və Vətənə məhəbbət ruhunda böyüdüb. Böyük-kiçik yeri bilər, hamı ilə ədəb-ərkanla, hörmətlə davranardılar. Kənd orta məktəbində oxuduğu illərdə də Bəhruz nizam-intizamı, dərslərə məsuliyyətlə yanaşması ilə yaşıdlarından fərqlənirdi. Humanitar fənlərə daha çox maraq göstərir, Azərbaycan dili və ədəbiyyatını daha çox oxuyurdu. Hazırcavablığı, dünyagörüşü və geniş mütaliəsinə əsasən müəllimləri də, ailə üzvləri də onun gələcəkdə filoloq olacağını zənn edirdi. Amma həyat onun arzularını başqa istiqamətə yönəltdi. Qardaşı kimi hərbçi olmaq istədi.
Bu xəbəri necə deyəcəm?
Milli Qəhrəmanın qardaşı, sərhəd qoşunları polkovnik-leytenantı Bəhram Mansurov danışır ki, Bəhruz məhz ondan ibrət götürərək hərbçi olmaq istəyib: “Mən 1990-cı ildə Kurqan Ali Hərbi-Siyasi Aviasiya Məktəbinə daxil oldum. SSRİ dağılandan sonra Azərbaycana qayıdaraq, təhsilimi Bakıda hərbi məktəbdə davam etdirdim. Mənim hərbi sahədə təhsil aldığımı görüncə, qardaşım da həvəsləndi və sənədlərini Həzi Aslanov adına Bakı Hərbi Birləşmiş Komandanlıq Məktəbinin Sərhəd qoşunları fakültəsinə verdi və daxil oldu”.
Hərbi məktəbdə oxuduğu illərdə Bəhruz Mansurov öz nümunəvi davranışı ilə fərqlənib, onun haqqında həmişə xoş sözlər eşidilib: “Bəhruz təlimlərdə, məşğələlərdə həmişə fərqlənirdi. Onda hərbçi kimi müsbət keyfiyyətlər vardı. Kursant yoldaşları, müəllimləri onun haqqında həmişə xoş sözlər deyirdilər”.
Amma Bəhruz Mansurova oxuduğu məktəbdə təhsilini başa çatdırmaq qismət olmayıb. 1995-ci ilin mart ayında, ölkə vətəndaş müharibəsi təhlükəsini yaşadığı bir vaxtda, 20 yaşlı Bəhruz da vətənpərvərlik borcunu yerinə yetirməkdən ötrü silahlı dəstəni zərərsizləşdirmək üçün döyüşə qatılır. Qardaşı ilə birgə döyüşür. Bəhram Mansurov yaddaşından silinməyən, ailələrinə faciə yaşadan günü xatırlayır: “Rəsmən ləğv edilmiş xüsusi təyinatlı milis dəstəsi dövlətimiz əleyhinə çevriliş etməyə cəhd edəndə çevrilişin qarşısını almaq, dəstəni zərərsizləşdirmək üçün döyüşən qüvvələrin tərkibində Bəhruz Mansurov da vardı. Biz ikimiz də həmin qüvvələrə qarşı, amma ayrı-ayrı qruplarda, dəstələrdə döyüşürdük. Biz dövlət çevrilişinin qarşısını aldıq. Amma həmin düyüşdə Bəhruzu itirdik”.
Bəhram Mansurov qardaşının ölüm xəbərini eşidəndə onun meyitini döyüş yerindən çıxarır: “Bəhruz şəhid olan gün bizim hər ikimizin nişan mərasimimiz keçirilməli idi. Evdə toya hazırlıq gedirdi. Yardımlı rayonundan Sumqayıta iki bacı üçün iki qardaşın nişanı gedirdi. Qardaşımın ölüm xəbərini gətirəndə evdəkilərin bundan xəbəri yox idi. Evə gəlib toy ab-havasını görəndə: “Bu xəbəri necə deyəcəyəm?” - deyə özüm də dəhşətə gəldim: “Necə deyim ki, Bəhruz həyatda yoxdur, amma siz toya hazırlaşırsınız?” Hadisədən təkcə atamın xəbəri vardı. O zaman atam televizorda ulu öndər Heydər Əliyevin silahlı çevrilişlə bağlı xalqa və Rövşən Cavadovun başçılıq etdiyi dəstəyə müraciətini eşitmişdi. Ulu öndərin Rövşən Cavadovun dəstəsinə: “Silahı yerə qoyun. Dövlətlə dövlətçilik etmək olmaz”, - deyə tarixi müraciətini eşidincə ürəyinə dammışdı ki, biz də o döyüşlərdə iştirak edəcəyik. Sonralar deyirdi ki, bilirdim ki, sizi də ora aparacaqlar: “Çünki siz dövlətə etibarlı adamlarsınız. Amma ağlıma gəlməzdi ki, orada Bəhruzu itirəcəyik”.
“Mən xoşbəxt adamam”
Bəhruz Mansurov mart ayında doğulmuşdu, elə mart ayında da şəhid olub. O, qəhrəmanlıqla şəhid olanda 20 yaşı təzəcə tamam olmuşdu. Qəlbi gənclik arzuları ilə aşıb-daşırdı. Təhsilini başa vurmaq, hərbçi olmaq, Vətənə xidmət etmək istəyirdi: “Heç kəsin ağlına gəlməzdi ki, o, şəhid olacaq. Ailəmiz bu xəbəri çox ağır qarşıladı. Nişan mərasiminə hazırlaşan ailənin sevincinin faciəyə çevrilməsi çox dəhşətli idi...”, - deyə qardaşı danışır: “Anamın və atamın kədərini təsəvvür etmək çətindir. Övladını itirən valideyn bu acını necə yaşayarsa, onlar da elə yaşadılar. Atam keçən il xəstəlikdən dünyasını dəyişdi”.
Ölümündən sonra Bəhruz Mansurova Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilir.
Bəhruz Mansurov doğulduğu Telavar kəndində torpağa tapşırılır. O, dünyasını dəyişəndə çox cavan idi. O yaşda insan bütün arzularını söyləyə, dilə gətirə bilmir. Arzuların ardınca arzular yaranan ürəyində Vətən, ailə, gələcək həyatla bağlı istəklər olur. Bəhruz Mansurov da arzularla yaşayırdı: “Bəhruz olduğu hər bir kollektivdə özünə dostlar qazana, hamı ilə xoş münasibət qura bilirdi. Ətrafında yaxşı ab-hava yaratmaq qabiliyyətinə malik idi. Deyib-gülən, şənlənən gənc idi”,- deyə qardaşı uşaqlıqları ilə bağlı yaddan çıxmayan günlərdən danışır: “Bəzən atamız bizi danlayanda, o, həmişə: “Mən xoşbəxt adamam” - deyərdi. Səbəbini soruşanda: “Sən böyük qardaşsan. Sən səhv edəndə buna görə danlanırsan, mən də həmin səhvdən nəticə çıxarıb onu təkrar etmirəm. Mən sənin səhvin üzərində öyrənirəm” - deyirdi. Mən də zarafatla: “Sənin bəxtin gətirib” - deyirdim.
Bəhruz şəhid olduqdan bir neçə il sonra qardaşı Bəhram ailə qurub: “Həmin iki bacıdan biri ilə evləndim. 1997-ci ildə övladımız dünyaya gəldi. Uşağa Bəhruzun adını qoyduq”.
İndi Milli Qəhrəmanın doğulduğu ocaqda onun adını daşıyan Bəhruz adlı gənc böyüyür. O, əmisinin yarıda qalan arzularını davam etdirmək, onun kimi Vətənə lazımlı övlad olmaq üçün boya-başa çatır: “Bəhruz anamın yanında yaşayır. Anam ona nəvəsi kimi yox, övladı kimi baxır. Bəhruz hələlik sənət yolunu tam müəyyənləşdirməyib. Gah hərbçi, gah polis olmaq istəyir...”.
Xatirələr
Orta məktəbdə Bəhruz Mansurovun Azərbaycan dili və ədəbiyyat müəllimi olmuş Əflatun Sadıqov Milli Qəhrəmanı nümunəvi, nizam-intizamlı və dərslərini yaxşı oxuyan şagird kimi xatırlayır: “Mən həmçinin onların qohumları olduğum üçün evlərində tez-tez qonaq olardım. Ədəbiyyatla, tarixlə bağlı tez-tez söhbətlərimiz olardı. O, bəzən mübahisə etməyi xoşlayar, həqiqəti ortaya çıxarmağa çalışardı”.
Əflatun Sadıqov ölümündən təsirləndiyi şagirdi haqqında məqalələr yazıb, ona şeir həsr edib: “Bəhruz mənəvi-əxlaqi cəhətdən saf idi. Demək olar ki, bütün kənd uşaqlarına nümunə idi. Sözü birbaşa demək, prinsipiallıq, heç kəsdən çəkinməmək kimi xüsusiyyətləri vardı, hamının hörmətini saxlayırdı”. Əflatun Sadıqov sevimli şagirdinin ölümünü ağır itki kimi qarşılayıb: “Onun ölümü yadımıza düşəndə həmişə kövrəlirik. Onun cənazəsi kəndə gətiriləndə də ölümünə inanmırdıq. Ən böyük faciə isə onun nişanı üçün alınan qoçların yas mərasimində kəsilməsi idi”.
Milli Qəhrəmanın uşaqlıq dostu və kursant yoldaşı Şəhriyar Bəhlulov dostu ilə bağlı yaddan çıxmayan xatirələrini çözələyir: “Biz bir yerdə böyümüşük. Orta məktəbdə də, ali məktəbdə də bir yerdə oxumuşuq. Onun ölümündən sonra mənim üçün oxuduğumuz hərbi məktəbə getmək çətin idi. Sanki hər yerdə onu görürdüm. O, gözümün qabağında şəhid olmuşdu. Amma yenə də gözümün qabağında idi”.
Bəhruz Mansurov dostunun yaddaşında əsl yoldaş, xeyirxah insan kimi qalıb: “Bəhruz qəhrəmanlıq etmək üçün yaranmışdı, elə qəhrəmanlıqla da şəhid oldu”.
Milli Qəhrəmanın xatirəsinin əbədiləşdirilməsi üçün bir sıra işlər görülüb. Doğulduğu rayonda şəhid olmasının 20 illiyi qeyd olunub. Milli Qəhrəman haqqında kitablar yazılıb, qəhrəmanlığına şeirlər, oçerklər həsr olunub. Qardaşı Bəhram Mansurov isə Bəhruzun bir məktəbdə təhsil aldığı kursant dostlarının xatirələrindən ibarət “Xatirələr” kitabı hazırlayıb. Hazırda Yardımlı rayonunun küçələrindən biri Milli Qəhrəmanın adını daşıyır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsi qarşısında Bəhruz Mansurovun heykəli ucaldılıb. Dövlət Sərhəd Xidmətinin Göytəpədəki sərhəd zastavası Milli Qəhrəmanın adınadır və orada büstü qoyulub. Təhsil aldığı Telavar kənd orta məktəbi də Bəhruz Mansurovun adını daşıyır: “Bəhruz hərbi məktəbə daxil olmamışdan bir neçə ay əvvəl Sumqayıtda Kimyaçılar zavodunda işləmişdi. Orada yaşadığı binada da onun xatirə lövhəsi vurulub. Sumqayıtın 16-cı mikrorayonunda yerləşən bulaq-abidə kompleksi onun adını daşıyır”.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər