AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

O qədər saf insan idi ki... - portret

O qədər saf insan idi ki... - portret

Mədəniyyət
03 Aprel 2013, 10:27 2976
Deyirlər ki, əsl sənətkarlar ölümlərindən sonra ikinci ömürlərini yaşayırlar. Xüsusən, əgər söhbət sevilən teatr və kino aktyorlarından gedirsə, onların oynadığı obrazlar lentlərin yaddaşında, arxiv materiallarında, fondlarda və ən əsası, insanların xatirəsində əbədiləşir.

Bu gün sənət yoldaşları onun haqqında danışanda qürurla deyirlər ki, o, sözün həqiqi mənasında AKTYOR-ŞƏXSİYYƏT idi və nə qədər Azərbaycan teatrı və kinosu var, Həsənağa Turabovun adı həmişə xatırlanacaq. Çünki o, özündən sonra kino və teatr tariximizə yaddan çıxmayacaq səhifələr bəxş edib.

Tələbəlik illərindən Azərbaycan radiosu və televiziyasında fəaliyyətə başlayan H.Turabov institutu bitirdikdən sonra ömrünün sonuna qədər Akademik Milli Dram Teatrında çalışıb. Səhnəsinə ilk dəfə epizodik rollarla çıxdığı teatrda aktyorluqdan direktorluğa, bədii rəhbərliyə kimi yüksəlib. Teatr Xadimləri İttifaqının prezidenti kimi də fəaliyyət göstərib.
H.Turabovun filmoqrafiyasında Gəray bəy (“Yeddi ogul istərəm”), Kəbirlinski (“Dantenin yubileyi”), Xəlil (“Axırıncı aşırım”), Müstəntiq (“Nə gözəldir bu dünya”), Afşin (“Babək”), Qaçaq Nəbi (“Atları yəhərləyin”) və s. unudulmaz rollar oynayıb. H.Turabov həmçinin “Tənha narın nağılı” və “Atları yəhərləyin” (Ə.Mahmudovla birgə) filmlərinə rejissorluq edib.
Vaxtilə onunla bir səhnəyə çıxan, uzun illər bir sənət ocağında çalışan insanlar üçün Həsənağa Turabov təkcə görkəmli aktyor və rəhbər deyil, həm də səmimi və qayğıkeş bir insan olub.

Yenə həmin otaqdayam

İnstitutun 3-cü kursunda oxuyanda – 35 il əvvəl teatrda işləməyə dəvət alan Xalq artisti Bəsti Cəfərovanın bəxtinə elə ilk tamaşada Həsənağa Turabovla tərəf-müqabili olmaq düşüb: «Üçüncü kursda oxuyanda Tofiq Kazımov məni teatra dəvət etdi. Əkrəm Əylislinin «Quşu uçan budaqlar» tamaşasında ilk dəfə səhnəyə çıxdım və tərəf-müqabilim də Həsənağa Turabov oldu. Mən teatra gələndə onun 40 yaşı vardı, Əməkdar artist idi. Ancaq bizim indiki Xalq artistlərindən daha sanballı idi. Mənə elə gəlirdi ki, onun yaşı 40 deyil, daha çoxdur. Çünki onun sənəti böyük idi. Ona görə də o, hər mənada ulu görünürdü. Mən həmin tamaşada onun həyat yoldaşı rolunu oynayırdım. Onda 19 yaşım vardı. Mənə elə gəlirdi ki, Turabov çox yaşlıdır. Sonradan bildim ki, onun o qədər də yaşı yoxdur. Sadəcə, sənəti böyük olduğu üçün adama böyük görünür. Çünki Turabov böyük aktyor idi. Mən teatra gələnə qədər o, Kefli İsgəndəri, Hamleti, İlyas Əfəndiyevin bir çox tamaşalarında baş rolları oynamışdı. O, hələ cavan vaxtlarında müqtədir aktyor idi. Hamı bilirdi ki, o, gələcəyin canlı əfsanəsi ola biləcək bir aktyordur. O, həmin tamaşada mənə səhnənin bir çox sirlərini öyrətdi. Onun gözəl səsi vardı. O, sadə danışırdı, ancaq bu sadəliyin özündə musiqili bir polifoniya vardı ki, adam qulaq kəsiləndə heyran qalırdı. Adama elə gəlirdi ki, o, monoloq söyləmir, oxuyur. Turabov mənə də monoloq söyləməyin sirrini öyrətdi. Mən indi də ondan bəhrələnirəm. O, həmişə mənə deyirdi: «Nə zaman ki, kənardan özünə baxıb gülməyi bacaracaqsan, onda demək, sən böyük aktrisasan». B.Cəfərova sənət yoldaşı ilə bağlı heç vaxt unutmadığı bir xatirəsini də danışır: «Mən o qədər dinib-danışan adam deyildim. Məşqlərə də sakitcə gəlib-gedirdim. Sən demə, Həsənağa müəllim bunu müşahidə edibmiş. Bir gün məndən «Niyə «birovuz-birovuz» gəzirsən?» - deyə soruşdu. Sonra da «Sənə qrim otağı verməyiblər?» - deyə maraqlandı. Onda tələbə olduğum üçün ümumiyyətlə, aktyorların qrim otaqları barədə məlumatım yox idi. Mən «yox» deyincə, o, öz otağının açarını mənə verdi və «Bu otağa səndən başqa heç kim girməyəcək» - dedi. O, otaqdakı jaketini götürüb Səməndər Rzayevin otağına getdi. Mən məşqimizin sonuna qədər həmin otaqdan istifadə etdim. Premyeranı oynayandan sonra mənə artıq qrim otağı verdilər. Təsəvvür edin, əvvəllər məşq günlərim həmin otaqda keçib. Hal-hazırda da mən yenə də həmin otaqda geyinirəm. 35 ildən sonra mən yenidən həmin otağa – Turabovun çox şəstlə, ürəklə mənə verdiyi otağa qayıtmışam».

B.Cəfərova sənət yoldaşını ürəkli insan, gənclərin qayğıkeşi kimi xatırlayır: «O istəyirdi ki, teatrda istedadlı insanlar çalışsın. Çünki istedadlı insanlar həmişə istedadlı insanların qədrini bilir. Onlar bilirlər ki. belə adamlar teatrda həmişə olmur. Teatrda orta səviyyəli aktyorlar çox olur, amma Həsənağa Turabov, Məlik Dadaşov, Hökumə Qurbanova, Ələsgər Ələkbərov kimi böyük aktyorlar yüz ildə bir yaranır». B.Cəfərova danışır ki, H.Turabov teatrın kollektivinin arzusu ilə bu sənət ocağının direktoru da seçilib: «Mən ona həmişə deyirdim ki, yaradıcı bioqrafiyam sizinlə başlayıb. Çox yaxşı alındı, tezliklə titul da aldım. Parlaq rollar oynadım. Sizinlə bir rol da oynamaq istəyirəm. Onda yəqin ki, birbaşa Xalq artisti adını alacağam. Düzdür, belə bir tamaşa oldu, amma Həsənağa Turabov artıq ürəyindən əməliyyat olunmuşdu. Rejissor dedi ki, “mən onu bir tamaşaya görə öldürə bilmərəm. Çünki o, səhnədə boğazdan yuxarı oynaya bilmir, o, ürəklə oynayacaq və mən onu bir rola görə məhv edə bilmərəm». Əfsuslar olsun ki, mənim onunla ikinci dəfə tərəf-müqabil olmağım mümkün olmadı!»

O, aktyorları cəzalandıra bilmirdi

Xalq artisti Mərahim Fərzəlibəyov Həsənağa Turabovla birgə işlədiyi üçün özünü xoşbəxt sənətkar adlandırır. Belə ki, rejissor H.Turabovla 5 tamaşa işləyib. H.Turabov onun hazırladığı «Şeyx Xiyabani»də Xiyabani, «Bizim qəribə taleyimiz»də Kamran, «Közərən ocaqlar»da Lenin, «Mənsiz dünya»da Kərbəlayi, «Sizi deyib gəlmişəm»də Cəlil Məmmədquluzadə rollarını oynayıb: «Baxmayaraq ki, o, çox böyük aktyor idi, ancaq səhnədə həmişə özünü sadə aparırdı. Həmişə rejissora diqqətlə qulaq asmağa çalışırdı. Mən cavan bir rejissor, o isə avtoritetli bir aktyor idi. Elə bilirdim ki, o, mənə hansısa məsləhətlərini verəcək. İndi elə aktyorlar var ki, rol oynaya bilmirlər, söz deyəndə də ya cavab qaytarır, ya da öz subyektiv fikirlərini rejissora diktə etməyə çalışırlar. Mən Həsən Turabovda heç vaxt belə xüsusiyyətlər görmədim. O, həmişə rejissoru dinləyir və onun dediyini etməyə çalışırdı. Sonra isə lazım gələndə öz əlavələrini edirdi. O, mənə ürək-dirək də verirdi». Rejissorun sözlərinə görə, Həsən Turabov öz rejissoruna inanan və onun arxasınca gedən adam olub. «Elə bir səhnə obrazı olmayıb ki, Turabov onu oynaya bilməsin. Turabov nə oynayıbsa, onu yaradıb. Bu, həm onun böyük istedadından, həm də rejissorları ilə həmrəy olmasından irəli gəlirdi. Çünki aktyor rejissorla həmrəy olanda, onun fikirlərini duyanda – bu birlik gözəl obrazların yaranmasına səbəb olur. Turabovun bu xüsusiyyəti bütün aktyorlar üçün örnək olmalıdır - böyük bir sənətkar cavan və yaşlı rejissorlarla necə həmrəy olub işləyirdi». M.Fərzəlibəyov Həsən Turabovun “Azdrama”nın direktoru işlədiyi illərdə kollektivlə münasibətindən danışır: «Həsən Turabov o qədər saf insan idi ki, aktyorları cəzalandıra bilmirdi. Çünki özü aktyor idi və onların kim olduğunu gözəl bilirdi. O, teatrda yaxşı mənada demokratiya yaratmışdı. Bu, bəzən nizam-intizamın pozulmasına səbəb olurdu. Çünki o, aktyora çox inanırdı. Bu da onun aktyorlara yüksək qiymət verməsindən irəli gəlirdi. Ancaq bu o demək deyildi ki, Turabovun direktor olduğu illərdə teatrda hansısa susqunluq olub. Düzdür, o vaxt teatr təmirə də dayandı. Ancaq onun dövründə teatrda çox gözəl tamaşalar hazırlandı”. M.Fərzəlibəyov Həsən Turabovu “şəxsiyyət-aktyor” adlandırır: “Ona görə də teatrın işi öz məcrasında gedirdi. Turabov heç vaxt rejissora deməzdi ki, hansı aktyora rol ver və ya vermə. Əgər aktyor gedib rejissordan şikayət edərdisə, o, «Get, rejissorla bir yerdə gəl» cavabını verərdi. O, kollektivlə yüksək etik normalarla işləyirdi”.

Həsənağa Turabovun ömrünün son illərində Ağa Məhəmməd şah Qacar obrazını oynamaq arzusuna gəlincə, M.Fərzəlibəyov xatırlayır ki, bu tamaşanı mərhum rejissor Vaqif İbrahimoğlu Əbdülrəhim bəy Haqverdiyevin eyniadlı əsəri əsasında hazırlayacaqmış. Turabov da Qacarı oynayacaqdı: «Bu söhbətlər uzun-uzadı davam etdi. Lakin bu layihə həyata keçmədi. Vaqif İbrahimoğlu da, Turabov da bu əsər üzərində düşünürdülər. Əgər onlar birləşib bu tamaşanı yaratsaydılar, mənə elə gəlir ki, bu, böyük bir sənət əsəri olacaqdı».

Teatrda şəxsiyyət böyük rol oynayır

«Həsənağa Turabovun kinolarda, teatrda oynadığı rollar həmişə bizi valeh edirdi. O, öz tələbələrinə xüsusi rəğbət bəsləyirdi. Keçdiyi dərslərdə təcrübə üçün hər cür imkanlardan istifadə edirdi. Hətta, Cıdır düzünə at çapmağa getmələri də yadıma gəlir. Mən də həmişə arzulayırdım ki, kaş biz də belə tədbirlərdə iştirak edə biləydik»- deyə Xalq artisti İlham Əsgərov xatırlayır: “Bizdən əvvəlki aktyorlar həmişə deyirdi ki, o, səhnəyə təbii danışıq, pafosdan uzaq səmimiyyət gətirib. İndi də onun kinoda oynadığı rollara, oynadığı tamaşaların lentlərinə baxanda bir təbiilik duyulur». 1980-ci ildə Milli Dram Teatrına təyinat alan İ.Əsgərov bu səhnədə H.Turabovla bir neçə tamaşada tərəf-müqabili olub: «Mən «Vaqif» pyesində onunla tərəfmüqabili oldum. Əlbəttə, belə bir böyük sənətkarla səhnədə oynamaq hər bir gənc aktyorun arzusu idi. O, bizi həmişə sənətə həvəsləndirir, məsləhətlərini əsirgəmir, bizə dəstək olurdu. Onun səsi indiyə qədər qulağımdadır. 5 il sonra o, teatrın rəhbəri təyin olundu. Həmin illərdə də o aktyorlardan, xüsusən gənclərdən öz qayğılarını əsirgəmədi. Mən Həsənağa Turabovun rəhbərliyi dövründə onun Turabovun simasında gözəl bir şəxsiyyət gördüm. Başa düşdüm ki, teatrda həqiqətən şəxsiyyət böyük rol oynayır. Xüsusən bu şəxsiyyət teatrın rəhbəri olanda”.

Aprelin 2-də teatr və kino ictimaiyyəti, ziyalılar Həsən Turabovun 75 illik yubileyini elə doğma teatrında - Akademik Milli Teatrda qeyd etməyə yığışdılar. Yaddaşlar vərəqləndi, xatirələr çözüldü. Özü haqq dünyasında olsa da gerçək dünyada unudulmayan insanlığı xatırlandı. Onun haqqında böyük hərflərlə yazılan AKTYOR-ŞƏXSİYYƏT sözləri dəfələrlə təkrarlandı...

Təranə Məhərrəmova