O qala, bir də bizim qala... - Fotolar
19 iyunda Türkiyədə, eləcə də qonşu ölkələrdə sevilərək izlənilən
"İçerde” serialının final bölümü yayımlandı. Uzun müddətdir ki, gözlənilən həmin
gündə final seriyasının nümayişi üçün möhtəşəm qala gecəsi keçirildi. Canlı
yayımla nümayiş olunan gecədə layihənin bütün yaradıcıları, aktyorlar və
aktrisalar iştirak edirdi. Çağatay Ulusoy, Aras Bulut İynemli, Çetin Tekindor,
Bensu Soralın baş rollarda çəkildiyi ekran işi sonuncu seriyası ilə sosial
mediada ən çox müzakirə edilən mövzu oldu. Qala gecədən gələn bütün gəlir
"Minik Kalpler İçerde” uşaq fondunun hesabına köçürüldü. Eyni zamanda, veriliş bütün
reytinqlərdə birinci yerdə qərarlaşdı. Türkiyədə olduğu kimi, Azərbaycanda da
sözügedən filmin kifayət qədər izləyicisi ekran qarşısında əyləşərək final
bölümünü izlədi.
Qardaş ölkə kinematoqrafiyasının əldə etdiyi uğurlara sevinməyə
bilmirik. Türkiyədə istehsal olunan nəinki "İçerde”, eləcə də "Kara Sevda”, bir
neçə il əvvəl yayımlanan "Muhteşem Yüzyıl”, "Aşkı Memnu” kimi seriallar ərəb
ölkələrində, Avropada dublyaj olunaraq nümayiş edilirdi. Bəli, bu gün əminliklə
demək olar ki, Türkiyə film və serial çəkilişlərinə görə dünyaya meydan oxuyan ölkələrdən
biridir. Türkiyədə çəkilən seriallar insanların marağını özünə cəlb edir, sözün
məcazi mənasında nəfəs kəsir. İnsanlar hər bölüm üçün ekran qarşısına keçib, bu
dəfə hansı hadisələrin şahidi olacaqlarını gözləyirlər.
"İçerde” serialının qala gecəsindən çəkilən foto və videoları izləyərkən
bir anlıq düşündüm ki, görəsən o cür mərasimlərdən bizdə niyə yoxdur. Niyə
bizim yerli kinoteatrlarımızda yalnız xaricilərin gətirdikləri filmlərin, ya da
ayda-ildə bir dəfə çəkilən filmlərimizin
qalası baş tutur? Niyə bizim serialların ilk və son bölümlərinin qala gecələri
keçirilmir? Açığı, öz-özümə verdiyim bu suallar ətrafında çox düşündüm.
Düşündüm, düşündüm, amma tutarlı bir cavab tapa bilmədim. Qərara aldım ki, bu
sualla film və serial çəkən rejissorlara və ssenaristlərə müraciət edim. Qoy bir
az da onlar düşünsünlər ki, "niyə o əjdahadan bizdə yoxdur”. Niyəsini onların
özlərindən eşidək.
Ötən
il bu təcrübədən yararlanmışdıq
Xəzər televiziyasında yayımlanan "Qaynana”, "Aramızda qalsın”, "Səndən sonra”, "Bir
ailəm var”, hazırda nümayiş olunan "Cehizsiz gəlinlər” seriallarının baş
ssenaristi Valeh Əhmədovdeyir
ki, ötən il "Bir ailəm var” və "Həyat, sən
nə qəribəsən” seriallarının komandaları və mətbuat nümayəndələri arasında kiçik
bir şou proqram təşkil ediblər: "Ötən ilə nəzər salsaq, bizim serialların
arxivində belə hallara rast gəlmək mümkündür. Hətta ötən il Xəzər televiziyasında
yayımlanan "ArtStar” verilişinin bir bölümü də məhz bu gecəyə həsr olunmuşdu.
Bu gecəyə jurnalistlər, televiziya nümayəndələri, rejissorlar, aktyorlar dəvət
olunmuşdular. Çox maraqlı bir tədbir keçdi. Belə ki, həmin gecədə qırmızı xalıdan
tutmuş, şou, əyləncəyə qədər hər şey var idi. Ötən il Azərbaycanda ilk dəfə
olaraq hər iki serialımızın finallarını canlı yayımla tamaşaçılara təqdim
etdik. İldən-ilə bu cür yeniliklər və layihələr etməyə çalışırıq. Bu mövzu ilə
bağlı bizim rəhbərlik hər zaman bizə dəstək olur. Gələcəkdə də fərqli
ideyalarımız və fikirlərimiz olacaq. Çünki bizim rəhbərliyimiz yeniliyin tərəfdarıdır”.
V.Əhmədov qala gecəsində tamaşaçıların bilet alıb, sevdiyi qəhrəmanı
ilə bərabər serialın sonunu izləməsinin Azərbaycanda sınanmamış bir hal olduğunu
xatırlatdı: "İnanıram ki, elə bir qala gecəsi keçirilərsə, xeyli sayda tamaşaçı
kinoteatra üz tutar. Çünki hər bir tamaşaçı sevdiyi serialın qəhrəmanını canlı
şəkildə görmək və onun final səhnəsini qəhrəmanı ilə birlikdə seyr etmək istəyər.
Ötən il biz seriallarda olan sevgi hekayələrini "Facebook” sosial şəbəkəsində səsverməyə
qoyduq. Orxanla Səma yüksək səs topladı və
Bakının ticarət mərkəzlərinin birində onların tamaşaçılarla görüşünü təyin
etdik. Həmin görüşə 400-ə yaxın tamaşaçı gəlmişdi. Bu, sadəcə "Facebook” sosial
şəbəkəsi vasitəsi ilə olunan bir dəvət idi. Əgər biz onun PR-nı, reklamnı,
anonsunu da etsək, tamaşaçıların sayı daha da çox ola bilərdi. Film səviyyəsində
olmasa da, ancaq tamaşaçılar gəlib buna baxa bilər”.
Bu
maraqlı bir addımdır
ATV telekanalında yayımlanan "Qız atası”, "Eks Bacanaqlar”,
"Qardaşlar” seriallarının rejissoru Ramin
Hacıyev serialların final səhnələrinin təmtəraqla keçirilməsini büdcə ilə əlaqələndirdi:
"Sizin qeyd etdiyiniz "İçerde” serialı olduqca maraqlı və reytinq toplayan bir
serialdır. Türkiyənin 80 milyon əhalisi var, Azərbaycanın isə cəmi 10 milyon. Bunlar
arasında çox böyük fərq var. İzləyici sayı da böyük rol oynayır. Serialın
reytinqini qaldırmaq və tamaşaçıların diqqətini çəkmək üçün bu, maraqlı bir
addımdır. Ola bilər ki, biz də nə vaxtsa bundan bəhrələnək. Bu həm də və
reytinqə görə sərf olunan məbləğlərdir. Türkiyədə normal hesab edilir. Bizdə isə
o qədər məbləğ yoxdur. Bizim tamaşaçılar da ola bilər ki, sevdikləri serialın
final səhnəsini izləmək üçün kinoteatrlara üz tutsunlar. Misal üçün, "Vicdan haqqı” serialının qala
gecəsi olsaydı, mən ailəmi də götürüb, məmnuniyyətlə həmin serialın final səhnəsini
izləməyə gedərdim”.
Qala gecəsi keçirməyə nə
var ki...
Kinorejissor, ssenarist Elşən
Zeynallı bizimlə söhbətində serial və film sektorunda qeyri-peşəkarlar
üstünlük təşkil etdiyi üçün nəinki qala gecələrə, hətta keyfiyyətli seriallara
həsrət qaldığımızı bildirdi: "Serialların sponsorluğunu turşu, kolbasa istehsal
edən, ağla gələ bilməyəcək şirkətlər edir və serialın taleyi onlardan asılı vəziyyətə
düşür. Hətta prodakşınlar bir müddət serialda çalışan yaradıcı heyətin
qonorarını ödəyə bilmədikləri üçün sponsorların məhsullarını qonorarın bir hissəsini
olaraq aktyorlara verirlər. Özfəaliyyət şəklində çalışan və özlərinə rejissor
adı verən insanlar serial çəkirlər. Hansı ki, onların yazı, söz qabiliyyəti yox,
ssenaristlik bacarığı sıfır səviyyədədir. Çəkilən seriallarımızın əksəriyyətində
hadisələr elə uydurulub ki, insan düşünür, görəsən, mən bu cəmiyyətdə
yaşayıram? Onların danışdıqları və göstərdikləri mənim yaşadığım cəmiyyətdə baş
verir? Açığı, heyrətlənməyə bilmirsən. Biri var yaradıcılıq uğuruna heyrətlənəsən,
baxıb təsirlənəsən, psixoloji durum o qədər təsirli ola ki, bir müddət özünü o
serialda hiss edəsən, biri də var baxıb təəssüf hissi keçirəsən. Vaxtı ikən M3 video
kameraları var idi. Əlinə hər kamera alan insan toylara rejissor adı ilə çəkilişə
gedirdi. İndi eyni vəziyyət serial aləmindədir, bu sahəyə böyük bir axın var.
Kimin haradan gəldiyi bəlli deyil. Onlara ciddi nəzarət də yoxdur. Amma bütün bunlar
keçib gedəcək”.
Televiziyanın hər bir insanın evində çağırılmamış bir qonaq olduğunu
deyən E.Zeynallı ölkəmizdə nümayiş olunan serialların tərbiyəvi əhəmiyyətinin
az olmasından gileyləndi: "Seriallarda nümayiş olunan mövzular heç də arzulanan
deyil. Onlar Azərbaycan mənəviyyatında fəsadlar yaradır. Bizim cəmi bir-iki
normal şəkildə çəkilən seriallarımız var. Hansı serialın başında peşəkar
komanda var, o seriala baxılır və reytinq toplanır. Reytinq də tamaşaçı sevgisi
sayəsində toplanır. Ümumiyyətlə isə, Türkiyə ilə bizim serailları müzakirə etmək
düzgün deyil. Onlar Şərqi Avropa ilə Ərəb dünyasının film və serial bazarını ələ
alıblar. Rusiyanın "Domaşnıy” kanalında ildə iki-üç dəfə türk seriallarını tərcümə
etdirib nümayişə verirlər. Polşa, Çexiya, Slovakiya, Bolqarıstan, Ərəb ölkələri
türk seriallarını nümayiş etdirir. Serial çəkmək çox ciddi bir işdir. Bizdə bir
məsəl var, toya az pul xərcləyərsən, toy gözəl olar, çox pul xərcləyərsən,
toyun səviyyəli olar. Serial da onun kimi”.
Serial çəkməyin ilk növbədə peşəkar komanda tələb etdiyini deyən
müsahibimiz çox az rejissorların bu sahədən başı çıxdığını iddia edir: "O,
insanlar serial çəkər ki, onların bu sahədən başı çıxır. Görün nə qədər peşəkar
rejissorlar bu işlə məşğul ola bilmirlər. Onlar öz sənətlərindən kənar
qalıblar. Nə üçün? Çünki onlar öz işlərinə peşəkar yanaşdıqlarına görə bəzi
işbazlar bu şərtlərlə razılaşa bilmirlər. Əgər biz bir sahənin inkişaf etməyini
istəyiriksə, onu öz bilicilərinə həvalə etməliyik. Ancaq yenə də gələcəyə
ümidimiz böyükdür. Bir neçə serialımız var ki, tamaşaçıların rəğbətini qazanıb.
İnsan seriyala baxanda ilk növbədə orada özünü, öz problemlərini görmək istəyir.
Bütün günü seriallarda atışmadır, qadın alveri ilə məşğuldurlar. Serial qəhrəmanları
3-4 dəfə arvad alıb boşayırlar... Ölkəmiz müharibə şəraitindədir. Görün, bu barədə
serial çəkilirmi? Xırda-para filmlər çəkilir. O filmi çəkən rejissorların özləri
belə hərbi xidmətə getməyiblər. Əsgər çəkməsi geyinib bir saat o baş bu başa
getməyən insanın milli hissi, bayraq sevgisi, vətən məfkurəsi ola bilməz.
Onların daxilində o yük varmı ki, bu millətin şəhidlərindən, ordusundan bəhs edən
filmlər çəksinlər? Eləcə də, nə şərəfli Azərbaycan polisini təqdim edən bir
filmimiz var, nə uşaqların diqqətini cəlb edən uşaq filmimiz, nə də Azərbaycan
dilini yüksəldən, ona şərəf gətirən, qəhrəmanlar yaradan filmlərimiz”.
Serial aləmindəki problemləri dilə gətirən kinorejissor qala gecəsini
təşkil etməyin adi bir şey olduğunu deyir: "Qala gecəsi keçirməyə nə var ki. Kiçik
bir dəstə yığılıb, özümüz çalıb, özümüz də oxuyarıq. Şərt bu deyil. Türkiyədə
ordu, millət, tarixlə bağlı film çəkən insanların şəxsiyyətinə nəzər yetirin.
Bu, hər adamın işi deyil. Arzu edirəm ki, vaxt gəlsin, biz də elə filmlər çəkək,
bizim də ekranlara elə filmlər çıxsın”.
Xəyalə Rəis