• cümə axşamı, 28 mart, 16:31
  • Baku Bakı 16°C

“O olmasa mən çoxdan ölüb gedərdim…”

17.04.14 10:10 3103
“O olmasa mən çoxdan ölüb gedərdim…”
Dizinə vurub, gözünə döyəsən. Qəribin Şahsənəmi, Koroğlunun kor atası kimi ğözünə sürtüb açasan əllərini Rəbbinə. Ovuclarındakı SÖZ ola. Səcdəyə durasan. SÖZ ruhuna sığal çəkə. İçəsən çeşməsindən, girdablardan nur axa...
Pirin-ustadın ola SÖZ. Allahından gələn imanın ola. Zəmzəm suyun ola, dinə gələsən. Utanasan adiliyindən, aliliyə yol alasan.
Əl tutanın SÖZ ola.
Divin canı şüşədə olduğu kimi Can Azərbaycanın canı da SÖZdədi. SÖZə quldu bu məmləkətin adamları...
Qulluqları da bir olan Tanrıya bəllidi…
Bizim də borcumuz SÖZə qul olanları tapıb qula qul olanları agah eləməkdi.
Qulluq var, qul olmaq var. Hikmət Rəbbdən, hökm etmək bəndədəndi.
-Məmməd İlqarın oğlu, bizə bir az Məmməd əminin səhhətindən xəbər versəz...
- Məmməd İlqarın sağlıq durumu şükür qənaətbəxşdi. Ancaq yaddaşıyla bağlı qüsurlar qaldığından sağlamlığının tam yerində olduğunu da deyə bilmərəm. Hər halda buna da şükür edirik.
-Bizim tanıdığımız Məmməd əmini bir az da evinin içindən, oğlundan eşitsək...

-Həm Məmməd İlqar kimi, həm ata kimi həmişə onunla qürur duymuşam. Ömrünü sona qədər ailəsinin xoşbəxtliyinə, dostlarına xərcləyən adamdı. Əzazil olduğunu deyirlər amma əslində kövrək biridi. Hərdən hətta göz yaşlarını da gizləyə bilmir. Bildiyim bir həqiqət də var ki, anam Fatma xanımı çox sevir. Hətta son zamanlar etiraflar da edir ki, o olmasa mən çoxdan ölüb gedərdim.
İki instituta qəbul olub atam, düzdür birinci dəfə qəbul olduğu o vaxtkı "Politexnik" institutunu yarımçıq qoyub. Dərslərə getmirmiş. Axırda qovublar institutdan.
-Niyə getmirmiş?

-Atasının yəni babasının (babam Mədət müəllim bizim Aslanbəyli kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi işləyib və müəyyən müddət də həmin məktəbin direktoru olub) qorxusundanmi deyim və ya xəcalətindənmi deyim evlərinə xəbər vermədən hərbi xidmətə yollanıb. Dərslərə getməməyinin səbəbi isə dostlarla yeyib-içmək məclislərinə başı qarışdığından bir də ayılıb ki, institutdan qovublar. Hər halda bunları mənə anam danışıb. Hərbi xidmətini başa vurur qayıdır və yenə kəndə dönmür. Kitabları qarşısına qoyur, ciddi hazırlaşır və elə o ili də o vaxtki "Narxoz” indiki "İqtisad Universtiteti"nə qəbul olur, tələbə biletini alir və yollanir kəndə. Artıq buranı sona qədər oxuyub, diplomunu alir.
Bir çox sahələrdə çalışıb, ancaq heç biri ədəbiyyatla bağlı olmayıb.
Gözəl, özü qədər də qürur duyduğum dostları olub.
Agamalı Sadiq Əfəndi kimi, Akif Səməd kimi, Oktay Xalloğlu kimi…
Allah hər üçünə rəhmət eləsin.
-Amin. Bəs o dostları onu ədəbiyyata çəkə bilmədimi? ya o dostları da heç vaxt "ədəbiyyatda" olmadımı?

-Aşıq Nazim Əsədoğlunu qeyd etməsəm, Şaiq Vəlini qeyd etməsəm haqsızlıq olar. Hal-hazırda həyatda olanlardan Sabir Sarvan, Məmməd Dəmirçoğlu və adlarını sadalamadığım bir çox dostları... Onlara da uzun ömür arzulayıram.
Atam gənclərlə də dostluq etməyi sevir. Həmid Ormanlini, Ehtiram İlhamı çox istəyir.
Dostlardan sırf ədəbiyyat sahəsində çalışanlardan Sabir Sarvan və İbrahim İlyaslı olub. İbrahim İlyaslı elə o vaxtdan Sumqayıtda Əli Kərim adına poeziya klubunun direktoru işləyib, Sabir Sarvan isə Yazıçılar Birliyinin Sumqayıt şəhər şöbəsinin sədri kimi çalışır.
Bir etiraf edim ki, dostlarından sədaqət görüb hər zaman və bir çox maddi məsələlərdə də dostlarının böyük köməyi olub. Hətta fasilələrlə işsiz olub o zamanlarda da dostlarının səbəbinə iş tapıb, çalışıb, bizi böyüdüb, ailəni dolandırıb.
-Ağamalı Sadiq Əfəndiylə bağlılığı çox bilinir Məmməd əminin...

-Ağamalı Bəy əsil Bəy Əfəndi olub, əsil türk olub. Əsil qurd olub. Atamla onların dostluğuna mən çox müqəddəs baxıram.
Ustad sözü indi ucuzlaşsa da atamın dilindən dəfələrlə eşitmişəm Ağamalı Sadiq Əfəndini özünə ustad hesab elədiyini. Hər halda bu səmimiyyətin özü onların dostluğu haqqında bir çox məqamlara işıq salır…
-İndi necə? sağ olan dostlarından kimi qoyub onun yerinə?
-Bu, artıq mənim tam dolğunluğuyla cavab verə bilməyəcəyim bir sual oldu. Çünki, o dostluq ayrıydı. Şəxsən mən inanmıram kimsə atam üçün Ağamalı Bəyin boşluğunu doldura bilsin. Amma müəyyən qədər onu bu dünyada ovuda biləcək, az da olsa o boşluğu doldura biləcək dostları əlbəttə ki, var. Mən indi Məmməd Dəmirçoğlunun adını bir də çəksəm ayıb olar, çünki qaynatamdı…
Sabir Sarvan var canı sağ olsun, Əjdər Ol var, onun da canı sağ olsun. Məmməd İsmayılı hər ikimiz çox sevirik. Musa Yaqub da eynilə.
- Sən neyləmisən belə? Hansı Məmməddən hansı Məmmədə əmanətsən indi?

-Vallah, düzünü deyim mən artıq əmanət etibar edəsi yaşdayam. Ancaq Məmməd Dəmirçoğluyla dost kimiyik. Belə deyim, hətta hərdən ikimiz də unuduruq ki, qaynata-kürəkənik.
-Bildiyimizə görə sosial şəbəkələrin birində Məmməd əmini incidən məqamlar olub. Məsələnin mahiyyəti nədir? Murad Köhnəqalanın davranışı, Şaiq Vəlinin adının hallanması… Nəydi bunlara səbəb?

-Hə o məsələ bizi çox üzdü. Əsasən də atamı. Murad Köhnəqalanın sosial şəbəkədə o çür ifadə işlətməsi əslində heç yerində olmayan bir işiydi. Atamın bu cür sarsılmağını ilk dəfə görürdüm.
-Mahiyyəti nəydi? Nə yazmışdı nə demişdi və bunu deməkdə məqsədi nəydi?
-Murad Köhnəqala atama kəskin və çox eybəcər formada iradını bildirmişdi ki, niyə Şaiq xəstə olanda yanına, rəhmətə gedəndə dəfninə gəlmədin?
Atamla Şaiq Vəli əvvəllər bərk dost olublar. Hətta ailəvi gediş-gəlişlərimiz vardı. Cavan vaxtlarında Rusiyaya, Ukraynaya birlikdə qazanc dalınca da gedib işləyiblər. Murad Köhnəqalanı isə Şaiq əminin vasitəsiylə tanımışıq.
Günlərin birində Sumqayıt ədəbi cameəsi iki cəbhəyə bölünür.
Bir qruplaşma yaranır və Sabir Sarvanin sədrlikdən getməsi tələbilə imzalar toplanır. Cəbhənin birində Sumqayıtın ağsaqqal ziyalıları, o cümlədən mənim atam yer alır. Şaiq əminin də ailəsində dalbadal faciələr baş verir və uzun müddət Rusiyada yaşayır, ədəbi mühitdən uzaqlaşır. O həmin ərəfədə gəlir vətənə və belə deyək onu da əks cəbhədəkilər öz tərəflərinə çəkməyə cəhd göstərirlər. Bu da alınır.
Atam isə bütün varlığıyla o cəbhədəkilərin haqq yolu tutmadığına inandığından eşidəndə ki, Şaiq Vəli özünün də uzun müddət dostluq etdiyi Sabir Sarvana qarşı aparılan kompaniyada iştirak edir, bundan çox üzülür, ərklə Şaiq əminin yanına gedir ki, onu bu fikirdən döndərsin. Elə bir ərklə ki, Şaiq əmi tamamilə atamla razılaşıb geri çəkiləcək.
O isə atamın gözlədiyinin tam əksinə qərar verir, belə demək mümkünsə atama rədd cavabı verir. Bilirsiz Nigar xanım, indi gənc yazarlara fikir verirəm, əksəriyyəti belə şeyləri qorumur, dostluq adı altında maskalanırlar. Ancaq atam və o dövrün bir çox kişiləri dostluğa müqəddəs bir hadisə kimi baxıblar. Elə o vaxtdan Şaiq əmiylə münasibətləri tamamən soyuyur. Ancaq bir həqiqəti bilirəm ki, buna da çox üzülürdü. Daha sonra məsələlər Sabir Sarvanın xeyrinə həll olunur.
Şaiq Vəli xəstə olanda dostları da, mən özüm də çox təkid elədik ki, get yanına. Birmənalı olaraq etiraz elədi, ancaq üzgünlüyü bəlliydi. Sonra xəbər gəldi ki, Şaiq əmi keçinib, yenə təkrar təkid elədik ki, getsin ancaq getmədi. Bilirsiz Nigar xanım, əslində onların sevgisi göylərdə qurulub və inanmıram ki, atam ona kinliydi. Hətta rəhmətliyin özü də kinli adam deyildi. Sadəcə atam getmədi. İndi xarakterdi də. Belə qərar verib və bizim nə həddimizəydi ki, ona dirəniş göstərək.
-Bəs Murad Köhnəqala bunu yayımlamaqdansa gəlib Məmməd əmiylə danışa bilmirdimi? Bir də iki dostun arasında nə işi vardı?

-Murad Köhnəqalanı da çox istəyirdi atam, indinin özündə yaddaşı pozulub, onun yazdıqlarını xatırlamır. Həqiqətən xətrini çox istəyir. Murad evimizdə də olub, atamla çörək kəsiblər.
Məni incidən məqam da Murad Köhnəqalanın qəfildən o cür münasibət bildirməyi, həm də bunu ortalıq yerdə eləməyi oldu. İctimai yerdi, oxuyan, oxumayan, məsələnin mahiyyətini bilib-bilməyən var. Gərək belə eləmək əvəzinə atamla görüşüb, onu maraqlandıran sualların cavabını elə atamdan alaydı. Düzdü, mənim də reaksiyam sərt oldu, gərək səbrimi basaydım. Ancaq söhbət atamdan gedirsə məncə bu təbiidi. Murad Köhnəqalanın istedadına, vətəndaş mövqeyinə, şairliyinə hörmətim var. Ancaq insanlıq və kişilik ən öndə gedir mənimçün, hələ də söhbət qələm adamından gedirsə...
- Nə edək ki, cəmiyət və ən çox günümüz ədəbiyyatı yetişməmiş, kal adamlarla doludu...
Qardaş, mənə elə bir hadisə de ki, Məmməd əminin xəstəliyindən sonra ona stimul versin, onun səhhətinə yaxşı təsir eləsin. Məsələn ondan xəbərsiz bir kitabının çapı, ya bir rəsmi münasibət…Kitab demiş, Məmməd əmi, neçə kitab müəllifidi?
-Nigar xanım, atamın sevinci də kini də çox qısa olur, çünki tez də yadından çıxır. Ancaq Azərbaycan bayrağı ordenli, şəhid Qaratelin İqtisad Universitetində yubileyi keçirildi və bildiyiniz kimi, atamın Qaratelə həsr etdiyi kitabı, poema-dastan janrında (janrını özü müəyyənləşdirib) kitabı işıq üzü gördü.
Bax o gün o çox sevindi. Ən çox arzuladığı Qaratelin unudulmamağı və o adın ömürlük əbədiləşdirilməsi üçün atılan addımlardı.
İndiyə kimi cəmi dörd kitabı çıxıb. Onlardan sonuncusunun adını dedim. "Məni baxtıma tapşırma", "Biz ölməyə doğuluruq" ,"Quzey qönçəsi" kitabları çıxıb. Əlyazmaları da var, hələ çapa getməmiş bir neçə yeni şeirləri (xəstəlikdən əvvəl yazdıqları) da var. İnşallah zamanı gələndə yəqin ki, çap etdirəcəyik.
Qaratel mövzusuna bilərək toxundum. Bildiyim qədərilə sizin ailəniz də Vətən yolunda 2 şəhid və 2 qazi verib. Allah atanız İsfəndiyar kişiyə rəhmət eləsin. Sizə də, ananıza da uzun ömür diləyirəm.
-Vətən yolunda kəsilən başın sorğu-sualın olmaz, qardaş. Amin.
Ay Babək, sənin atan söz adamıdı. Söz adamlarıysa bu dünyalı olmur. Bəs evinizdə olubmu ki, Məmməd İlqar şeir yazanda Fatma xala o tərəfdən söylənə ki, a kişi evdə çörək yoxdu?
Demək istədiyim o dünyayla bu dünyanın arasında qalmayıb ki, Məmməd əmi? yoxsa o məsafəni içkiyləmi tarazlayıb?

-Bu hallar təbiidi. Bu qayğılar əksəriyyət yazarin evində olur. Anam da, biz də hərdən onu başa düşməmişik. Ancaq etiraf edim ki, anam altdan-altdan onunla hər zaman fərəhlənib. İçki də ki, o heç. Bu da yazı-pozu adamları üçün qaçılmazdı. İndi fağır kişini sevdiyi vərdişlərinin hər ikisindən məhrum etmişik analı-balalı. İçkidən də, siqaretdən də...
Nigar, biz əslən Qazax rayonunun İncə Dərəsi deyilən, üç kəndi birləşdirən ərazidəki Aslanbəyli kəndindənik. Bizim tərəflərdə sazla söz həmişə qoşa olub. İki otaqlı bir evimiz vardı Sumqayıtda. Təsəvvür elə ki, elə bir gecə olmazdı, heç olmazsa gecə saat 2-yə kimi saz çalınıb oxunmasın. Anam Fatma xanımı ən çox da ona görə istəyirəm ki, heç vaxt bu kişini üzüqara eləməyib. Ən azından xəngəlini hazirlayıb ortaya çıxarırdı. Təsəvvür et ki, aşagıda bir qonşumuz vardı. İndi o ailənin başçılari rəhmətə gedib. Kişi cənub bölgəsindəniydi, xanımı isə Tovuzlu. Hər gecə saz-söz bu Əli kişinin canını bogazına yığır və məcbur olub qonşu binadan bir ev alıb evini dəyişir bizim əlimizdən. Fağır kişi təsadüfdən gedib İbrahim İlyasliyla qonşu olur. Eynən bizim kimi, İlyasli üst mərtəbədə bunlar da alt mərtəbədə. Sonra kişi atami görüb demişdi ki, qardaş, sənin ölənlərinə rəhmət. Mağıl heç olmasa siz bir az ara verirdiniz, bu zalım uşağı heç kirimirlər.
-Bu da söhbətimizin dodaqqaçıranı olsun oxucularımıza. Məmməd İlqara, Məmməd əmiyə can sağlığı diləyilə sizinlə sağollaşaq…
-Mən bütün saz-söz sevərləri may ayının ortalarında (dəqiq tarixi müəyyənləşəndən sonra elan ediləcək) gözəl aparıcı Çiçək xanım Mahmudqızının təqdimatinda İncə Dərəsində keçiriləcək "İNCƏGÜLÜ-İNCƏ GÜNÜ" saz-söz şöləninə dəvət edirəm. Dediyim, demək istədiyim hər şey ordakı telli sazların sarı simində dilə gəlsin qoy.
Nigar İsfəndiyarqızı
banner

Oxşar Xəbərlər