• çərşənbə axşamı, 23 aprel, 22:50
  • Baku Bakı 20°C

O müəllimə - Üçüncü yazı

16.12.17 13:00 2682
O müəllimə - Üçüncü yazı
Həyatımıza istiqamət verən, bizə bir neçə illik dərs desə də, hər zaman yol göstərən müəllimlər var. Bu yazı da həmin müəllimlərimdən birinə aiddir. Bu dəfə söhbət açacağım o müəllimə Sürəyya xanımdır. Sürəyya müəllimədən yalnız bir il dərs almışam. Azərbaycan dili və ədəbiyyatından 10-cu sinifdə müəllimim olub. Amma o zaman belə idi. Bu gün biz Sürəyya müəllimə ilə yaxın dostuq. Bəli, aramızda müəyyən yaş fərqi var, lakin biz hər şeyə rəğmən, dost olmağı bacarmışıq. Buna zəmin yaradan isə hər sahədə biri-birimizi anlamamız və dəstək olmağımızdır.
Bu günün özündə də Sürəyya müəllimədən yeddi il əvvəl eşitdiyim maraqlı məlumatlar gərəyim olur. O, bizə dərsdən əlavə, tarix, mədəniyyət və digər sahələrlə bağlı əlavələr, faktlar da danışardı. Mənə görə, insanın əsl dostu ondan nəsə öyrənə bildiyi, savadına, bilgisinə, dünyagörüşünə nəsə qatan biridir. Bu zaman yaşından, cinsindən, irqindən, vəzifəsindən asılı olmayaraq, həmin insan sizin əsl dostunuz olur.
Universitetə daxil olduqdan sonra da Sürəyya müəllimə ilə əlaqələrimiz davam etdi. O, tez-tez məni evinə qonaq çağırırdı. Hər getdiyimdə vaxtın necə keçdiyini ikimiz də anlamırdıq. Sonda gördüyümüz tək şey stolun üstündəki boş fincanlar, kitablar, jurnallar və qaralmış hava idi. Bəli, isti çayın bərabərliyində insana daha da isti səmimilik gətirən Sürəyya müəllimə ilə kitablardan, yazılardan, maraqlı tarixdən, ədəbiyyatdan o qədər danışmışıq ki, axşamın düşməsindən xəbərimiz də olmayıb. Hətta gülməli bir əhvalat da olmuşdu, bir dəfə müəllimənin nəvəsi yanımıza gəlib demişdi ki, "ay nənə, beş saatdır danışırsınız e...”. Amma o beş saatlıq söhbət bizə beş dəqiqə kimi gəlirdi...
Sürəyya müəllimə ilə Bakıdakı son görüşümüzdə mənə "qızıl” hədiyyə etdi: öz kitabxanasından qızıl dəyərində kitablar, özü də "bunları sənə əmanət edirəm” deyərək. Sonra Türkiyəyə - oğlunun yanına köçdü. Artıq bir ildən çoxdur ki, İstanbulda yaşayır. Lakin biz bu gün də ədəbiyyatdan, tarixdən və dünyagörüşdən söhbət edirik. Hər həftə həyəcanla Sürəyya müəllimədən gələcək videozəngləri gözləyirəm (Allah bu texnologiyanı da var eləsin). Aramızda kilometrlərlə məsafə olsa da, biz görüntülü zənglə söhbət edir, yeni aldığımız və oxuduğumuz kitabları müzakirə edir, öyrəndiyimiz bilgiləri bir-birimizlə paylaşırıq. Hə, Sürəyya müəlliməni "o müəllimə” edən də budur. O, hər gün öyrənir, "neçə il oxumuşam”, "necə yerlərə çatmışam” - deməyərək, hər gün oxuyur, hər yaşadığı gün yeni bilgi almadan yatmaq istəmir. Kaş bütün müəllimlərimiz belə olsa...
Son olaraq, mənə öyrətdiyiniz və öyrədəcəyiniz, paylaşdığınız və paylaşacağınız, ən əsası da bu ölkənin şagirdlərinə və şəxsən mənə illərlə "o müəllimə” olduğunuz üçün böyük təşəkkürlər!
banner

Oxşar Xəbərlər