• şənbə, 20 Aprel, 03:58
  • Baku Bakı 15°C

“O, məni döyə-döyə oxutmasaydı, bu yerə gəlməzdim”- Keçmişdəki mən

02.03.18 12:00 2409
“O, məni döyə-döyə oxutmasaydı, bu yerə gəlməzdim”- Keçmişdəki mən
Ömrünün hər saniyəsinin dəyərini bilir. Hətta həyatdan aldığı zərbələri belə sevir. Düşünür ki, əgər çətinlik görməsəydi, uşaq qalardı. Ona görə, insanı böyüdən və kamilləşdirən yaşı deyil, çəkdiyi ağrılar, əzablar, çətinliklərdir.
"Keçmişdəki mən” rubrikasının bu dəfəki qonağı "Vicdan haqqı” serialının Yusifi, tanınmış aktyor Kamran M.Yunisdir.
K.Yunis 1974-cü ildə Bakıda anadan olub. Keçmişinə səyahət edərkən kövrəlir və həyatın o vaxt daha maraqlı, rəngarəng olduğundan bəhs edir: "Ailənin ikinci oğluyam. 11 ildən sonra isə 3-cü qardaşım dünyaya gəldi. Aramızda 11 il məsafə olduğu üçün mənimlə evin sonbeşiyi kimi davranırdılar. Evin kiçiyi olanda, sanki daha çox sevilirsən. Düzdür, bizim ailədə heç birimizi ərköyün böyüdüb, nazımızla oynamayıblar. Xüsusilə də, anam tərbiyəmiz üçün çox çalışıb. Amma hər ailədə olduğu kimi bizi çox sevirdilər. Müəllim ailəsində böyümüşəm. Atam internat məktəbində loqoped deffektoloq, anam isə bağçada müəllimə işləyirdi”.

"Səhər əl-üz yumaq söhbəti yox idi”

Xalq şairi Xəlil Rza Ulutürkün bacısı oğlu olan həmsöhbətimizin elə uşaqlığının ən gözəl xatirələri dayısıyla bağlıdır. Deyir ki, həmin günlərin qiyməti yoxdur: "Yay tətilimi ya Balakəndə, ya da Salyanda keçirirdik. Yadımdadır, Xəlil dayımın yanına bağa gedirdik. Kim hansı işi görəcək püşk atırdıq. Onun yanında rus sözlərini işlətmək qadağan idi. Məsələn "uje” deməyin cəriməsi var idi . Deyirdi ki, Azərbaycan türkcəsini korlamayaq. Hər dəfə həyəti bizə şumlatdırırdı. Bir dəfə dedi ki, igid, hamısını şumla, buraya dəymə. Deyirdim niyə? Mənə qarışqa yuvasını göstərirdi ki, yuvalarını dağıtma... Şəhər uşağı idim, amma heç kim mənim kimi ot çala, odun kəsə bilmirdi. Xəlil dayımgildə səhər 8-ə 10 dəqiqə işləmiş durmağın da cəzası var idi. Günə saat 7-də başlamalı idik. Kim gec dursa, onu yorğan üzünə bürüyüb hovuza atırdıq. Ümumiyyətlə, Xəlil dayımın "kitabında” səhər əl-üz yumaq söhbəti yox idi. Deyirdi ki, yuxudan duran kimi hovuza kəllə vurun, çıxın. At sürməyi sevirdim. Rayona gedəndə, atın belindən düşmürdüm”.
Valideyn tənəsi, ana şilləsi...

Uşaqlığını həyatının ən rəngli illər adlandırsa da, məktəbə başladıqdan sonra yaşamının rəngi bir qədər tündləşib. Valideyn tənəsi, ana şilləsi, "işgəncə”si ilə tanış olub: "Məktəb dövrü başlanana qədər evin ən sevimlisi mən idim. Lakin həmin illər hər şey dəyişdi. Düzdür, sevgi azalmadı, amma ciddilik artdı. Anam mənim təhsilim üçün böyük əziyyət çəkirdi. Bu gün Kamran Yunis məqamına çatmağımın hər bir zərrəsində anamın əvəzolunmaz zəhməti var. Çünki o, məni döyə-döyə oxutmasaydı, bu yerə gəlməzdim. Əzbərçi idim, bu gün öyrəndiyim sabah yadımdan çıxırdı. Həm də 2-ci sinifdən aktyor olmaq istədiyim üçün meylimi ədəbiyyata salmışdım. Qalan fənlər isə 2-ci, 3-cü dərəcəli idi. Təbii məktəbi bitirmək üçün ədəbiyyat kifayət etmirdi, ona görə, döyülə-döyülə oxuyurdum”.
Deyir ki, anası onu dəhşətli dərəcədə döysə də, bu, heç vaxt pisinə gəlməyib. Oxumaq və böyük adam olmaq üçün döyüldüyünün fərqində idi: "Valideynlərim aktyor olmağımı istəmirdilər. Mənim üçünsə, kino, teatr sehirli dünya idi. Artıq aktyor olmaq istəyi bütün ruhuma yayılmışdı. Anam da teatrı dəhşətli dərəcədə sevirdi. Sadəcə düşünürdü ki, o qədər böyük sənətkarlar var ki, onların fonunda itib-batacam”.

"Ağzından” tökülən kəlmələr həyatımı dəyişdi”

Aktyorluq arzusuna çatsa da, ailə xoşbəxtliyini tapa bilməyib. Bunu günahını isə, uşaq vaxtı "ağzından” tökülən kəlmələrdə görür: "Evimizdə mənim aktyor olmağımla bağlı söhbətlər gedəndə, valideynlərim deyirdi ki, aktyorların ailəsi tez dağılır. Həmişə bir cavabım var idi: "Ailəm dağılır, dağılsın da, cəhənnəmə dağılsın. Yetər ki, aktyor olum”. Hərdən bu barədə düşünürdüm ki, həqiqətənmi bu cümləni deyəndə Allah eşidirmiş. Sanki mənim həyatım o cümlədən sonra quruldu. Ailə qurdum, bir qızım oldu. Ailəm dağıldı. Həyatım qaynar qazana döndü, amma aktyor oldum. Bəzən deyirlər ki, dua edəndə düşünüb-daşınıb dua edin, birdən göylərin qapısı açıq olar, Allah səni eşidər. Ona görə də, mən həmişə əzizlərimə deyirəm ki, qarğış etməyin. Həmişə xoş arzular dilə gətirin”.


"Yekə kişisən, danışığına fikir ver”

Amma yenə də bu həyatı yaşamaqdan, aktyor olmaqdan peşman deyil. Gözlərindən, hətta saçlarının rəngindən oxunan əzablarını belə sevir: "Yaşadıqlarımdan peşman deyiləm. Ömrümün hər saniyəsinin dəyərini bilirəm. Bütün yıxılmaqlarımın bu gün "mən” olaraq yetişməyimdə böyük haqqı var. Nə yaxşı ki, yıxıldım. Yeniyetmə, uşaq qalmamağıma görə, yıxılmaqlarıma minnətdaram. İnsanı böyüdən ağrılar, əzablar, çətinliklərdir. Çox adamın həsəd apardığı, bir çoxunun isə rənglə ağartdığımı düşünən ağ saçlarımın hər birində ömrüm, günüm yazılıb. Ağ saçlarıma belə, minnətdaram. Hər bir hüceyrəmə görə, Allaha, anama, atama, qardaşlarıma minnətdaram. Qardaşlarım bəzi məqamlarda mənə atalıq ediblər. Mən təpədən dırnağa anamam, atamam, qardaşlarımam. Özümü bu gün də böyük aktyor saymıram. Al Paçino, Mel Gibson gələr, adama deyər, "yekə kişisən, danışığına fikir ver”... Mənim uğurlarım ətrafımdakılardır”.
Yuxarıda da qeyd etdiyimiz kimi, 2-ci sinifdən artıq gələcək sənətini seçib. Deyir ki, sehirli səhnəyə bir dəfə çıxdı, bir də düşə bilmədi: "Milli Dram teatrında Xəlil dayımın gecəsi keçirilirdi. Biz də ailəlikcə tədbirə getmişdik. O vaxt teatra gedən adam mütləq gül alırdı. Mikayıl Mirzə şerlər dedi və gülləri səhnədə ona verəndə məni qucağına götürdü. O vaxt səhnə məni çəkdi və o gündən səhnənin sehrinə qapıldım. İnsanların baxışı məni sehirlədi”.

"Yaş böyüdükcə sevgilər, xəyanətlər də böyüdü”

Yaşlandıqca dünyanın rəngini dəyişməsinin səbəbini isə belə izah edir: "Uşaq vaxtı elə bilirdim ki, böyüyəndə bir yaşdan sonra dünyaları fəth edəcəm. Alınmadı... Elə bil ki, həyat ayağımdan zindan kimi daşlar salladı və məni yerə bağladı. Uşaqlıqda dünyanın rəngi ona görə fərqli idi ki, atamız, anamız daha cavan idi. Anamın məni döyməyə gücü var idi. Bizim də qaçacaq yerimiz yox idi. Sevdiklərimiz az idi. Yaş böyüdükcə sevgilər, xəyanətlər də böyüdü. Uşaqlığımız ona görə rəngli idi ki, insanlar həyatı yola vermirdi. Böyüdükcə insanların həyatı yola verdiklərini görürsən və necə boz həyatda yaşadığını anlayırsan”.
Adətən uşaq vaxtı amansızca döyülən uşaqların nifrət dolu olduqlarını deyirlər. Aktyor deyir ki, onun sevgi dolu olmasının səbəbi Vaqif İbrahimoğludur: "Ana övladının böyük olması üçün onu söyər də, döyər də, təhqir edər də... Mən bunların hamısını yaşamışam. Nifrətlə də böyüyə bilərdim. Ustadım Vaqif İbrahimoğlunu tanıyandan sonra həyata baxış bucağımı dəyişdim. O, mənə həm sənəti, həm də həyatı öyrətdi”.

"Anamı məktəbdə görəndə nəfəsim kəsilirdi”

Müsahibimizin uşaqlıqda ən böyük qorxusu anasının məktəbə gəlməsi olub: "Anamı məktəbdə görəndə, nəfəsim kəsilirdi, o gedəndən sonra yaşamağa başlayırdım. Nadinc uşaq deyildim amma oxumaqla aram yox idi. Bir gün ingilis dili müəlliməmiz mənə dedi ki, Kamran, axşam evə gedən kimi, oxumamağını zəng vurub anana deyəcəm. Anama demək ölümünə döyülmək idi. Dərsdən çıxdıq, 4 dost idik. Fikirləşirdik ki, neynəyək? Dostum dedi ki, gedək müəllimin telefon xəttini kəsək. Yoldan "lezva” tapdıq və xətti iki yerdən kəsdik. Təxmin etdiyimiz kimi gecə zəng gəlmədi. Amma səhər söhbət yenə həmin yerə gəldi. Müəlliməm dedi ki, dünən telefon işləmirdi bu gün deyəcəm. Bu dəfə evdə öz telefon xəttimizi kəsdim. Amma anam 4 gün sonra xəbər tutdu və yetərincə kötəkləndim”.
Bilsəydim borc tapardım...
Məşhur aktyor ilk pulunu da elə aktyorluqdan qazanıb. Lakin ilk maaşının xatirəsini saxlaya bilməyib: "Rövşən İsgəndərov məni "36 kadr” filminə dəvət etdi. İlk pulumu qazandım və özümə qızıl üzük aldım. Deyirdim ki, bunu ömrümün axırına kimi barmağımda gəzdirəcəyəm. Amma qismət olmadı... Çətin günlərin birində qızımın anası məndən xəbərsiz, onu uşağın müalicəsi üçün satdı. Bilsəydim bəlkə də hardansa, borc tapıb verərdim, amma qoymazdım satılsın”.

"Utandığımdan o qədər qızardım ki...”

Həyatdakı tək məqsədi bütün insanları sevmək olan aktyorun elə ilk sevgisi də məktəbdə olub: "İlk sevgimə qovuşmadım, hətta qızın özünə də demədim. İlk gün anam məni məktəbə gətirdi, sinfə girən kimi gözəl bir qız gördüm. Qız birinci sıradakı partada əyləşirdi, mən 3-cü sırada. Ona baxmaqdan doymurdum. Həyatda ən böyük arzum onun yanında oturmaq idi. Bir gün qızın yanında oturan oğlan nadinclik elədi və müəllim ayağa qaldırıb möhkəm danladı. Dedi ki, keç arxada əyləş. Mən də düşünürəm ki, görəsən, qızın yanında kim oturacaq. Gözləmədiyim bir vaxtda, müəllim mənə dedi ki, Kamran, dur gəl otur burada. Mən utandığımdan o qədər qızardım ki... Bütün qanım üzümdə, qulaqlarımda idi. Əşyalarımı necə sevinclə, həyəcanla yığıb getmişdim. Arzuma çatdım. Həmin gün dərs qurtarana kimi utandığımdan qıza baxmadım. Sonra o qız bizim sinifdən tez getdi. Sinif yoldaşlarımızla görüşdük, amma hələ də o qızı tapa bilmirəm ki, bircə dəfə görüm”.

"Sevmədiyiniz adamla yaşamayın”

Sonda gənclərə məsləhət verən qəhrəmanımız vurğuladı ki, gənclər gördükləri hər şeydə gözəllik axtarsınlar: "Gənclər kamil olsunlar, cahil olmasınlar. Dünyanı gözəl görməyə, gözəlləşdirməyə çalışsınlar. Onda öz dünyaları da gözəl olacaq. Ömür sənə bir dəfə verilib və sevmək üçün verilib. Sevin, vətəni, insanları, körpələri, ağacları, əşyaları sevin. Sevməkdən gözəl nə var ki...”.
Ailə xoşbəxtliyini dadmayan aktyor peşman olmamaq üçün ailə qurarkən diqqət edilməli olan məqamlardan da danışdı: "Dünyanın xərçəngdən də dəhşətli bir xəstəliyi var, qısqanclıq... Qısqanmasınlar. Qısqandıqları adamın yanında dayanmasınlar. Əgər gördün ki, münasibətdə qısqanırsan ondan uzaqlaş. Qısqanclıq inamsızlıqdan yaranır. İnsan həyatında olan, inandığı qadını qısqanmamalıdır. Mən ötəri hiss yaşadığım insanları qısqanmışam. Qısqandığım qadını həyatımda saxlamıram. Qısqanclıq ailəni dağıdır. Ağacı içindən yeyən qurd kimi, qısqanclıq da ailəni içindən yeyir. Bir də ayılırsan ki, kişi də sənin deyil, qadın da. Sevin... Sevmədiyin yoldaşın bir ay sonra sənin deyil. Xəyanətlər sevgisizlikdən yaranır. Sevgisizlik insanları uçuruma aparır. Sevmədiyiniz adamla yaşamayın”.
Aygün ƏZİZ



banner

Oxşar Xəbərlər