• cümə axşamı, 18 aprel, 13:48
  • Baku Bakı 22°C

O MÜƏLLİMƏ!

19.07.16 15:12 5054
O MÜƏLLİMƏ!

Bayramlarda, doğum günlərində, ümumiyyətlə, əlamətdar günlərdə hamı bir-birini təbrik edir. Həmçinin şagirdlər, tələbələr də müəllimlərini. Qeyri-adi bir şey yoxdur burada, elə deyil? Əlbəttə ki, elədir. Amma fərqli bir məqam var. O müəllimə!
Keçmiş şagirdini, üstündən illər keçməsinə baxmayaraq, hər dəfə ən birinci təbrik edən bir müəllim görmüşdünüz? Bəlkə də görmüsünüz, amma mən ilk dəfə görürdüm. Mətanət müəllimə mənə Azərbaycan və dünya tarixindən 7-ci sinifdən dərs deyirdi. 8-ci sinifdə başqa müəllimimiz oldu, amma 9-cu sinifdə, o, yenidən bizə dərs deməyə davam etdi. Ta ki məktəbi bitirənə qədər. Tarixə, tarixi araşdırmalara, faktlara marağı da məndə o yaratdı. Günümüzdə məşhur olan repetitor müəllimliyini Mətanət müəllimə mənə məktəbdə heç bir qarşılıqsız təşkil edirdi. Universitetə qəbul üçün hazırlaşmağa başlayanda xüsusi olaraq başqa yerə hazırlığa gedirdim. Amma bununla belə, Mətanət müəllimə məni hər görəndə sual-cavaba başlayır, keçilənləri təkrarlayır, testlər edirdi. Yadıma gəlir ki, bir dəfə müəllimə səhhətinə görə bir neçə gün dərsə gələ bilmədi. Qayıtdığı vaxt məndən dərsi soruşanda isə əvvəlkinə görə yaxşı cavab verə bilmədim. Mətanət müəllimənin nə aşağı qiymət, nə də bir töhmət reaksiyası oldu və yalnızca bunu dedi: "Sən narahat olma, günah məndədir, bir müddət dərsə gələ bilməyib səninlə məşğul olmadım”. Zaman keçdi, 11-ci sinifə çatdım, universitetə qəbul oldum. Onların heç birində Mətanət müəllimə dəstəyini əsirgəmədi və hər zaman təbriklərini göndərdi. İndi isə universitetin bakalavr pilləsinin son kursuna keçmişəm, amma dəyişilməyən, o günlərdən bəri təkrar olunan bir şey var: hər bayramda, doğum günümdə, əlamətdar gündə səhər yuxudan ayılıb telefona baxanda Mətanət müəllimənin təbrik mesajı. Bəli, bayramlarda həm yaşca, həm də təcrübəcə qat-qat kiçik şagirdinə ondan əvvəl ilk mesajı yazan və doğum günündə düz 00.00-da təbrik mesajı göndərən müəllim. Düzü, artıq bayramlarda, əlamətdar günlərdə yuxudan ayılan kimi mesajı görəcəyimə öyrəşmişəm artıq. Hərdən fikirləşirəm ki, bu dəfə yadından çıxar yəqin, gör nə qədər vaxt keçib məni görməməyinin üstündən. Amma olmur, mesajlar hər zaman tam vaxtında və günündə gəlir.
Bu il məktəbin məzun gününə getdim, Mətanət müəlliməni gördüm, mesajları üçün təşəkkür etdim. Əslində elə təşəkkür təkcə təbrik mesajlarına yox, həm də hər zamankı dəstəyinə görədir.
Əyani olmasa da, Üzeyir Hacıbəyli demişkən, "ordan-burdan” şagirdə maddi mənbə kimi baxanı da gördük, "qaydasız” döyəni də və hər cürəsini də. Amma onlarla yanaşı Mətanət müəllimə də var, şagirdini unutmayan bir müəllimə. Nə deyim? Mətanət müəllimənin mesajlarını hər zaman gözləyəcəyəm və daha neçə səhərlər onun mesajı ilə başlayacaq. Allah Mətanət müəlliməyə də, onun şagirdinə etdiyi hörmətinə də uzun ömürlər versin! Tək sözlə: TƏŞƏKKÜRLƏR!
P.S. – Mənə dərs demiş, hazırda deyən və gələcəkdə də deyəcək müəllimlərimin hamısı dəyərlidir, ona görə də bu xüsusi yazıya görə heç biri inciməsin!
Nurlan Ağa,
BDU-nun jurnalistika fakültəsinin tələbəsi
banner

Oxşar Xəbərlər