“O mahnılar qəlbimin sevgisindən, hərarətindən yoğrulub”
İlhamə Quliyeva oxuyurdu... Səsi dalğa-dalğa yayıldıqca,
könüllərin pünhan duyğularını dilə gətirirdi. İlhamə Quliyeva oxuyurdu...
Dodaqdan qəlblərə süzülən mahnıları dinləyənləri ötən günlərə qaytarır,
acılı-şirinli xatirələrini dilləndirirdi. İlhamə Quliyeva ”Ayrılıq nəğməsi”,
"Qaragilə” oxuyurdu, "Yaşın nə fərqi var”, "Unut məni” deyirdi... Oxuduqca, səsi
könülləri kaman kimi titrədirdi. Mahnılarında sevgi də vardı, nisgil də, həsrət
də, sevinc də. Qəlbi həmişə gənc olan müğənninin mahnıları insanları sevməyə
çağırırdı. İlhamə sevgini tərənnüm
edirdi, bütün qəlblərə bu gözəl duyğunu hakim olmağa səsləyirdi. "Sevirəm, hamı
sevilsin”, "Sevginin qədrini bilək”, "Sevgi qəlbi titrədir” pıçıldayırdı.
İlhamə Quliyevanın ayrılmaq istəmədiyi, çox sevdiyi həyata vida deməsindən
iki il keçir. Böyük müğənninin xoşbəxtliyi mahnılarının təkcə fondlarda, arxivlərdə
deyil, daha çox yaddaşlarda, qəlblərdə, nəhayət dillərdə yaşamasıdır.
Mahnılarından bircə bəndi bilməyən insan çətin tapıla...
Son dovrlərin şou aləminin qarışıq mühiti, həvəskar müğənnilərin meydan
sulaması onu bir az incidirdi. Müğənni əsil sənətə, peşəkar musiqiyə xələl gətirənlərə
özünün böyük sənəti ilə cavab verirdi. Onun üçün sənətin aliliyi, müqəddəsliyi
vardı.
İlhamə Quliyevanın sənətinin böyüklüyü ailə qaynaqlarından irəli gəlirdi.
Onun musiqisinin ailə kökləri, sənətinin ailə bağlılığı vardı. Gözünü açandan
musiqi səsi eşitmişdi. Musiqi ilk şirin laylası olmuşdu onun. Anası Tükəzban
İsmayılovadan, atalığı, görkəmli tarzən Həbib Bayramovdan musiqi dərsi almışdı.
Musiqi sənətimizin bu iki korifeyi ona xalq mahnılarımızın şirinliyini,
muğamlarımızın incəliyini, bəstəkar mahnılarının həzinliyini aşılamışdı. O da
uşaq vaxtından oxumaq, səhnəyə çıxmaq istəmişdi. Buna görə də həmişə
müsahibələrində "evdə əsl musiqi akademiyası bitirmişəm” deyirdi.
Fikrət Əmirovun
tapıntısı
Oxuduğu
məktəbdə keçirilən bütün bayram tədbirlərində ifası ilə şagirdlərin və müəllimlərin sevimlisinə çevrilmişdi. Ancaq valideynləri
İlhamənin musiqi sənətinin daşlı-kəsəkli yolları ilə yürüməsini istəmirdi.
İlhamə Azərbaycan Dövlət Universitetinin filologiya
fakültəsinə daxil olur. 1962-ci ildə Moskvada Ümumittifaq Tələbə Festivalında
birinci yer tutması, qayıdanda isə Dövlət Teleradio Komitəsi Estrada Simfonik
Orkestrinin bədii rəhbəri, xalq artisti Tofiq Əhmədovdan həmin kollektivə dəvət alması gənc qızın sənət
yoluna ömürlük üz tutmasına səbəb olur. O vaxtdan uzun illər ərzində orkestrin
solisti olan İlhamənin sənət yolu başlayır. O orkestrlə birgə çoxlu səfərlərə çıxır, bütün SSRİ-ni dolaşır, hər yerdə
də böyük sevgi ilə qarşılanır.
İlhamənin ifa tərzini bəyənən görkəmli bəstəkar
Fikrət Əmirov 1972-ci ildə onu Moskvaya, SSRİ Bəstəkarlar İttifaqının plenumuna
dəvət edir. İlhamə Quliyeva konsertdə SSRİ televiziya və radio komitəsinin nəzdindəki
estrada simfonik orkestri ilə yüksək səviyyədə çıxış edir. Bundan sonra böyük bəstəkar
gənc müğənninin istedadına güvənərək onun üçün "Gülür ellər”, "Göygöl”, "Toy
mahnısı”, "Neyləmişəm” kimi lirik mahnılar yazır. Fikrət Əmirovun gənc estrada
müğənnisi ilə əməkdaşlığı musiqi sənətimizə təkcə unudulmaz mahnılar və ifalar
bəxş etmir, həm də mükəmməl bəstəkar-müğənni işbirliyini ortaya çıxarır. Xalq
havalarına yaxın olan lirik mahnıları dinləyicilərin ürəyinə yol taparaq böyük
rəğbətlə qarşılanır və uzun müddət televiziyada, radioda səslənən musiqilər
arasında birinci yer tutur.
İlhamənin əvəzsiz
ifası müğənninin Cahangir Cahangirov, Tofiq Quliyev, Rauf Hacıyev, Ramiz
Mirişli, Telman Hacıyev kimi Azərbaycan musiqisinin görkəmli bəstəkarları ilə
işləməsinə yol açmışdı. Bəstəkarlar bu şirin və qəlbə toxunan səsə mahnılar
yazmaqda maraqlı idilər. İlhamənin ürəklərə yatan məlahətli səslə oxuduğu mahnıları
təkcə musiqinin nizamlarına cavab vermirdi, həm də dinləyicilərin dilinin əzbərinə
çevrilirdi. Emin Sabitoğlu, Oqtay Kazımov, Elza İbrahimova, Hacı Xanməmmədov, Nəriman
Məmmədov və başqa bəstəkarlar isə məxsusi İlhamə üçün silsilə əsərlər
yazırdılar.
80-ci illərin əvvəli İlhamə Quliyevanın həyatında
yeni bir səhifə idi. Görkəmli müğənni Rəşid Behbudovun yaratdığı Mahnı
Teatrının solisti kimi çalışmasını, bu sənət ocağında böyük müğənninin rəhbərliyi
altında daha da məşhurlaşmasını ömrünün unudulmaz illəri sayırdı: "Sənət aləmi
daim öyrənməyi tələb edir. Müğənni olmaq yalnız səsə malik olmaq və mahnını ifa
etmək deyil. Müğənni olmaq həm də ömür boyu öyrənməkdir. Böyük sənətkarlardan
görüb-götürməkdir, onların təcrübəsinə yiyələnməkdir” - deyirdi müğənni.
İlhamə Quliyeva son illər Faiq Sücəddinov, Xanım
İsmayılqızı, Novruz Aslan, Aygün Səmədzadə, Gövhər Həsənzadə kimi yeni nəsil bəstəkarlarla
çalışırdı. Həmçinin özünün də bəstələdiyi musiqiyə istedadlı müəlliflər tərəfindən
sözlər yazılır və həmin mahnılar demək olar ki, hitə çevrilirdi.
Süleyman Rüstəmin, Teymur Elçinin, Vaqif Səmədoğlunun,
Baba Vəziroğlunun, Vahid Əzizin, Sona Vəliyevanın, Xanım İsmayılqızının, sözlərinə
yazılan mahnılar İlhamənin ifasında el-el, oba-oba dolaşırdı. O, ifa etdiyi
mahnılara elə bir möhür vururdu ki, sonradan həmin mahnılar fərqli ifalarda o
cür ürəyəyatımlı səslənmirdi: "Mənim ifa etdiyim mahnıları hər kəs oxuya bilər.
Oxuyurlar da. Ancaq o mahnılar mənim qəlbimin bütün sevgisindən, hərarətindən
yoğrulub. Mahnılara yalnız qəlbin bütün sevgisini qatanda sevilir”.
Ən uca zirvə
İlhamə Quliyeva
ictimai-siyasi fəaliyyətlə də məşğul idi. 2007-ci
ildə qərargahı Vaşinqtonda yerləşən Dünya Sülh Federasiyası tərəfindən İlhamə
xanıma "sülh səfiri” adı verilmişdi. Həmçinin 2003-cü ildən etibarən Azərbaycanın
bir qrup ziyalı qadını ilə birgə İlhamə Quliyeva BMT-nin Cenevrədə keçirdiyi
bir sıra tədbirlərdə iştirak edərək Dağlıq Qarabağ münaqişəsində zərərçəkmiş azərbaycanlı
qadın və uşaqların hüquqlarını müdafiə etmişdi. Belə tədbirlərin birində İlhamə
xanım sözçü kimi də iştirak etmişdi. 2004-cü ildə Brüsseldəki Avropa Parlamenti
binasının qarşısında Azərbaycan torpaqlarının işğal olunmasına etiraz mitinqində
çıxış edən İ.Quliyeva sonradan həmin ağrılı məsələyə dair Qoteborq, Strasburq,
Paris, İstanbul və s. yerlərdə müxtəlif konfrans və simpoziumlarda nitq söyləmişdi.
Beynəlxalq tədbirlərdə fəallığı nəticəsində İlhamə xanım Dünya Azərbaycanlıları
Konqresinin idarə heyətinə, 2004-cü ildə isə İH nəzdindəki Mədəniyyət
Akademiyasına prezident seçilmişdi. 2002-ci ildə Dünya Qadınlar Konqresində təqdim
edilmiş "Beynəlxalq mədəniyyət icraçısı” statusunu, "Türk dünyasının sənət
kraliçası” adını, dörd "Humay” mükafatını əziz tuturdu. Amma, heç şübhəsiz,
dövlət mükafatları, ən başlıcası da xalq artisti adı onun üçün daha dəyərli
idi. Müğənni Azərbaycanın və Dağıstanın xalq artisti idi. "Şöhrət” və "Şərəf
ordeni”nə layiq görülmüşdü. Bu yüksək mükafatları isə ona ulu öndər Heydər Əliyev
təqdim etmişdi. İlhamə xanım özünə və doğmalarına diqqət və qayğısını əsirgəməyən
ulu öndər Heydər Əliyevin xatirəsini əziz tutur, onu böyük hərarətlə, minnətdarlıqla
yad edirdi: "Ulu öndər Tükəzban İsmayılovanı birincilər arasında prezident təqaüdünə,
ölkə mədəniyyəti qarşısındakı xidmətlərinə görə "Şöhrət” ordeninə layiq
görmüşdü. Evimizə zəng vurub Tükəzban xanımın səhhəti ilə, qayğıları ilə
maraqlanırdı. Ulu öndər musiqi sənətinə böyük diqqət göstərirdi. Sevinirəm ki,
həmin diqqət və qayğını prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da sənət
adamlarından əsirgəmir” - deyə müğənni fərəhlə danışırdı. Müğənni 90-cı illərdə
Rəşid Behbudov adına Mahnı Teatrında 8 Marta həsr olunmuş təntənəli gecədə görkəmli
bəstəkar Faiq Sücəddinovun bəstələdiyi mahnılardan ibarət "Neylərsən?” adlı
albomunun siqnal nüsxəsini ulu öndərə təqdim etmişdi.
"Mənim üçün Azərbaycan
və Dağıstanın xalq artisti adına layiq görülməyim ən uca zirvədir. Yarım əsrdən
artıqdır ki, səhnəyə xidmət edirəm, dünyanın az qala bütün ölkələrində çıxış
etmişəm. Hər yerdə Azərbaycanı, doğma xalqımı layiqincə təmsil etmişəm. Məzlumlara
kömək etmək üçün tez-tez xeyriyyə konsertlərində çıxış edirəm. Uzun illərdir
qaçqın, məcburi köçkün ailələrinə yardım edirəm. Elə bu gün də müharibədən zərər
çəkmiş 7 ailənin qayğısını çəkirəm... Mənim
mövqeyim, sifətim həmişə bir olub. Həmişə dövlətçiliyimizə, böyük Heydər Əliyevin
fikirlərinə sədaqətlə qulluq etmişəm. Bu gün İlham Əliyevin komandasındayam və
həmişə də bu komandada olacağam” - deyə müğənni söyləyirdi.
İlhamə Quliyeva "ifa etdiyim mahnılar xalqın sərvətidir.
Bu sərvət heç vaxt bitməyəcək, heç vaxt tükənməyəcək” deyirdi. Müğənni bu əvəzsiz
sərvəti xalqına bağışlayaraq dünyadan köçdü. Milyonlarla ürəklərdə İlhamə
Quliyevanın sevə-sevə oxuduğu şirin, sevgi dolu nəğmələri qaldı.
Təranə Məhərrəmova