AZE | RUS | ENG |

O, Kleopatra obrazını yaratmaq üçün dünyaya gəlmişdi

O, Kleopatra obrazını yaratmaq üçün dünyaya gəlmişdi
Hökümə Qurbanovanın vəfatından 30 il ötür

Onun zəngin obrazlar qalereyasına romantik faciə, realist faciə, romantik-dramatik, realist-dramatik, psixoloji-dramatik, tarixi-dramatik səpkili, lirik təmayüllü psixoloji rollar, yumoristik dramatik rolların ən kamil nümunələri daxildir. İlahi gözəlliyə və fitri istedada malik Hökümə Qurbanovanın yaradıcılığı teatr və kino tariximizdə ayrıca bir mərhələni təşkil edir.

AZƏRTAC xəbər verir ki, noyabrın 2-si Azərbaycan və SSRİ-nin Xalq artisti Hökümə Qurbanovanın vəfatından 30 il ötür.

Hökümə Qurbanova 1913–cü il iyunun 11-də də Bakıda tacir Abbasəli Qurbanov və Məlikət Maqomayevanın ailəsində dünyaya göz açıb. Məlikət xanım görkəmli bəstəkar Müslüm Maqomayevin bacısı idi. Hökümə Qurbanova Bakı Pedaqoji Texnikumunda, Azərbaycan Dövlət Konservatoriyasında (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) təhsil alıb. Aktyorluq fəaliyyətinə 1933-cü ildə "Azərbaycanfilm” kinostudiyasında başlayıb, C.Cabbarlının təşəbbüsü ilə "Almas” filmində Yaxşı rolunda çəkilib. Bu səssiz filmin kadrlarında gənc aktrisanın gözəl çöhrəsi, mənalı gözləri, məsum və ürkək baxışları onun obrazı dərindən duymasından xəbər verir. Sonralar teatr sənətimizin korifey sənətkarlarından birinə çevrilən Hökümə Qurbanova 1938-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Dram Teatrında çalışıb. Aktrisanın ilk rolu "Vaqif” tamaşasında gürcü qızı Tamara olub.

Rejissorların diqqətindən heç vaxt kənarda qalmayan Hökümə Qurbanova Abbas Mirzə Şərifzadə, Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov kimi görkəmli sənətkarlarla birgə işləyib. Mehdi Məmmədov aktrisa haqqında "Onun sənət ulduzu” monoqrafiyasını yazıb.

Hökümə Qurbanovanın yaratdığı Sona (C.Cabbarlının "1905-ci ildə” tamaşası), Xuraman (S.Vurğunun "Vaqif”), Germiona (U.Şekspirin "Qış nağılı”), Xumar (H.Cavidin "Şeyx Sənan”), Süsən (A.Şirvanzadənin "Namus”), Basantasena (Y.Osnos və B.Binnikovun "Hind gözəli”) obrazlarında lirizm, romantik vüsət güclüdür.

Görkəmli aktrisanın yaradıcılığından danışarkən onun səsini xüsusilə vurğulamaq lazımdır. Nitqinin ahəngində duyulan qəribə titrəyiş və həyəcan həmişə tamaşaçını riqqətə gətirib. Teatr tariximizdə Hökümə Qurbanova kimi gözəl və məlahətli səs variasiyaları ilə oynaya bilən ikinci qadın sənətkar olmayıb. Yaradıcılığı dövründə, demək olar ki, bütün dublyajların baş rollarını səsləndirib. O, bu gün də ekranlardan düşməyən "Uzaq sahillərdə” filmində Anjelikanı, "Ögey ana”da Dilarəni məharətlə səsləndirib.

Milli səhnəmizin misilsiz faciə aktrisası neçə-neçə kraliça obrazı yaradıb. O, qəhrəmanın daxili aləmini tam şəkildə təqdim etməklə tamaşaçıların qəlbinə və düşüncəsinə hakim kəsilməyə, uzun müddət yaddaşlarda qalmasına həmişə müvəffəq olub. Hökümə Qurbanovanın yaradıcılıq zirvəsində 1964-cü ildə rejissor Tofiq Kazımovun quruluşunda səhnələşən "Antoni və Kleopatra” tamaşası durur. Aktrisa ehtirası, fikirləri, məhəbbəti, həyat kredosu müxtəlif müstəvilərdə çarpazlaşan Kleopatra obrazını məharətlə yaradıb. Həmin tamaşadan lentə alınmış kadra baxarkən adama elə gəlir ki, Hökümə Qurbanova məhz bu obrazı yaratmaq üçün dünyaya gəlib.

Aktrisanın 1956-cı ildə Londonda qastrolda olarkən ifası ingilis rejissorunu da heyrətləndirib.

Hökümə Qurbanovanın "Bir ailə”, "Onu bağışlamaq olarmı?”, "Əmək və qızılgül”, "İnsan məskən salır” filmlərində çəkildiyi rollar da dolğunluğu ilə yadda qalıb.

Neçə-neçə obrazları yaddaşlara əbədilik həkk edən Hökümə Qurbanova görkəmli aktyor Ələsgər Ələkbərov, bir qədər sonra tanınmış rəssam Nüsrət Fətullayev ilə evlilik həyatını, ayrılıq anlarını da yaşamalı olub. Şəxsi həyatındakı uğursuzluqdan bədbinləşməyən aktrisa yaradıcılığını davam etdirib. Ömrünün ahıl çağında isə qızını - tanınmış aktrisa Vəfa Fətullayevanı itirməsi onun üçün ən böyük dərd olub. Hökümə Qurbanova sevimli qızının ölümündən 1 il sonra - 1988-ci il noyabrın 2-də Bakıda vəfat edib. Aktrisa Fəxri xiyabanda dəfn edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 4 mart tarixli Sərəncamına əsasən Hökümə Qurbanovanın 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilib.

Azərbaycan mədəniyyətinin inkişafına dəyərli töhfələr vermiş sənətkarın yaradıcılığı bu gün də gənc nəsil üçün məktəb olaraq qalmaqdadır.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN