“O insanların ürəklərində daha çox problem olur ki...” - MÜSAHİBƏ

Üzeyir Rəhimov:
"Bu gün 5 il öncə ilə müqayisədə öndəyik. 15 il əvvələ nisbətən isə çox-çox
qabaqdayıq. 5 il sonra icbari tibbi sığortanın yardımı ilə daha irəlidə
olacağımızı düşünürəm”.
Ürək-damar
problemlərindən dolayı dünyasını qəfil dəyişənlərin yaxınları tərəfindən "Heç
vaxt ürəyindən şikayəti olmayıb”, "Əsəbiləşdi, ürəyi tutdu” kimi cümlələri çox
eşidirik. Bu, ürək-damar problemlərindən dolayı ölümlərin ani baş verməsi
anlamına da gəlir. Bəs necə olur ki, vəziyyət o həddə gəlir? Ürək-damar xəstəlikləri
ilə bağlı yaranan suallara cavab tapmaq üçün Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Üzeyir
Rəhimovla söhbətləşdik.
"Bu hiss,
o biri ağrılarda olmaz”
- Gənc
yaşda ürək tutmasından dünyasını dəyişənlər olur. Yaxınları da deyirlər ki, indiyə
qədər ürəyindən şikayəti olmayıb. Heç vaxt ürəyindən şikayət etməyən adamların
qəfil ürəktutmasından dünyasını dəyişməsi necə baş verir?
- Bəzi xəstəliklər
var ki, elə ilk əlaməti qəfil ölümlə nəticələnir. Belə xəstələrin heç bir şikayəti
olmur. Amma bu, çox kiçik qrupdur. Əksər hallarda ürəktutmasından dünyasını qəfil
dəyişənlərin ürəyindən şikayəti olur, həm də qəfləti ölümdən bir neçə gün əvvəl
bu cür şikayətlər daha çox baş verir. Sadəcə bunu ciddiyə almırlar, üstünə
düşmürlər.

- Hansı
şikayətlər ciddiyə alınmır ki, nəticədə ölümə gətirib çıxarır?
- Ürək
şikayətləri mədə-bağırsaq şikayətləri ilə çox qarışdırılır. İnsanlarımız
düşünürlər ki, ürək ağrısı sol tərəfdə olur, sancır, batır, deşir. Bunların heç
biri ürək ağrısı deyil. Sol tərəfdə olan istənilən ağrını ürək ağrısı kimi qəbul
edirlər. Bəzən bu ağrı psixoloji xarakterli də ola bilir. İnsan özündə ağrı
olduğunu düşünür. Ürək problemində sinənin ortasında, yaxud mədə nahiyəsində
göynədici, yandırıcı ağrı olur. Hərəkət vaxtı ciddi təngnəfəslik yaranır. Hərəkət
edərkən bu insanların sinələri göynəyir. Ağrı qollara və çənənin altına yayıla
bilər. Belə ağrı zamanı insanı tər basır, ölüm qorxusu yaşayırlar. Bu hiss, o
biri ağrılarda olmaz. Ona görə də, bu tip ağrı varsa, ciddiyə alınmalıdır.
- Ölüm
qorxusu yaşadacaq dərəcədə ağrı varsa, niyə buna qeyri-ciddi yanaşılır?
- Adətən,
ürək ağrısı 10-15 dəqiqə içərisində səngiyir. Səngiməsə, infarkta səbəb olub
öldürə bilər. Ona görə də təcili xəstəxanaya çatdırılmalıdır. Ürək ağrısı bu
cür dözülməz olur. 10-15 dəqiqədən sonra ağrı səngiyəndə qorxu hissi keçir.
İnsanlar da keçici bir şey olduğunu zənn edirlər. Cavan olduğu və o günə qədər
də xəstəliyi və şikayəti olmadığı üçün ciddiyə almır. Qeyd etdiyim əlamətlər
olursa, mütləq həkimə müraciət etmək lazımdır.

"Stress
bardağı daşıran damladır”
- Bizdə ürəktutmasından
dünyasını dəyişənlər olanda deyirlər ki, əsəbiləşib, anidən ürəyi tutub. Stress
əsas səbəb kimi götürülür.
- Stress
bu xəstəliyin əsas səbəbi deyil. Türklər demiş, stress burda bardağı daşıran
damladır. Sadəcə olayı alovlandıran faktorlardan biridir. Damarı daraldan yağ
piləki güclü stress nəticəsində çatlaya bilər və bu çatlamış nahiyəyə tromb
yığılaraq damarı tamamən tıxayar ki, bunun nəticəsində miokard infarktı, hətta
ölüm də baş verə bilər. İnfarkt keçirdiyini hiss etdiyiniz adam təcili olaraq xəstəxanaya
çatdırılmalıdır. Qəfləti ölümlərin qarşısı ancaq təcili yardım maşınlarında və
xəstəxanalarda olan defibrillyatorla önlənə
bilər.
- Qəfil
ölümə səbəb olan durum necə yaranır?
- Qəfləti
ölümün bir çox səbəbi var. Bunların önəmli hissəsini ürək-damar problemləri
tutur. Amma başqa səbəblər də var. Məsələn, idmançılarda rast gəlinən kardiomiopatiya
dediyimiz ürək əzələsinin xəstəlikləri. Bir də ürəyin elektrik (keçiricilik)
sistemi var. Bu keçiricilik sisteminin pozulması da qəflətən ölümə səbəb ola bilər.
İnsanları daha çox maraqlandıran, yəqin ki, gənc yaşda infarktlara bağlı
ölümdür. Çünki əvvəlki illərlə müqayisədə artım var. Səbəb də odur ki, artıq çox
az hərəkət edirik, oturaq cəmiyyət olmuşuq, daha çox süni qidalarla bəslənirik,
"fast-food” yeyirik. Bunlar da sağlamlığa olduqca zərərlidir. Oturaq həyat tərzi
keçirdiyimiz, çəki aldığımız zaman problemlər yaranır. Xüsusilə, irsi olaraq ailəsində
ürək-damar xəstəlikləri olanlarda bu kimi faktorlar varsa, tütündən də istifadə
edirsə, gənc yaşda qəfləti ölümlər artır. Pandemiya dövründə də gənc yaşda ürək-damar
problemlərinin sayı və ölüm halları artdı. Çünki pandemiya dövründə zallar
bağlandı, qapanmalar oldu ki, bu da hərəkətliliyi çox azaltdı. Digər tərəfdən, COVID-19-dan
ölüm hallarının önəmli bir hissəsinə səbəb damar trombozları – damarda laxta
yığılmasıdır. Buna bağlı olaraq son dövrlər ölüm halları bir az daha artmış ola
bilər. Pandemiya dönəmindəki bir başqa faktor isə insanların çox yeyərək
immunitetlərini artırmaq istəkləridir ki, bu da yanlışdır.

"Damarda xəstəlik
olmasa da...”
- Ürək
problemləri hansı yaşdan sonra özünü göstərir? O problemləri deyirəm ki, anadangəlmə
deyil, zamanla yaranır.
- Bəzi
xüsusi yağ xəstəlikləri var. Bədən özü yağı parçalaya bilmir, ona görə, uşaqlarda
da ürək problemi yarana bilir. Ancaq bu, çox nadir hallarda olur. Ən gənc
gördüyüm xəstə 18 yaşında olub. 25 yaşlarda ürək xəstəliklərinə rast gələ
bilirik. Bunlar da çox nadir hallardır. Əksərən 40 yaşdan sonra başlayır. 25-30
yaşlarda kimlər risk altındadır? Ailəsində qəfləti ürəktutmasından dünyasını dəyişən,
gənc yaşda ürək xəstəliyi olan, gənc yaşda infarkt keçirən varsa, onlar daha
diqqətli olmalıdırlar. Çox siqaret çəkən, narkotik maddə istifadə edənlərdə də
gənc yaşda rast gəlinir. Çünki damarda qəflətən tromb yığılmasına səbəb olur. Damarda
xəstəlik olmasa da, narkotik istifadəçilərində damarda tromb yaranır. Şəkəri
olan insanlar da risk altındadır.
- Həyat tərzimizin
bu problemlərə necə gətirib çıxarmasından danışaq.
- Hərəkət ən
önəmlisidir. Hərəkət etmədiyimiz zaman nə olur? Bədəndə yağlar parçalanmır, şəkəri
olanların şəkəri düşmür. Hərəkət yoxdursa, metabolizm aşağı olur, bu zaman da kilo
alırıq. Kilo da damarı tıxayan yağ, şəkərin artmağı, təzyiq deməkdir. Ona görə,
oturaq həyata "yox” deyib gündə bir saat idmanla məşğul olmaq, təmiz havada
yürüş lazımdır. Yeməyə diqqət etmək vacibdir. Azərbaycanda xəmir və un məmulatları,
şirniyyatlar çox istifadə edilir. Buna diqqət yetirməliyik. Axşam meyvə yeyilməsi
yanlışdır. Yer üzündə, acmadığı halda gündə 3 dəfə yemək yeyən yeganə canlı
insandır. İnsan acdığı zaman yemək yeməlidir. Bu da gündə iki dəfə olmalıdır. Bunu
həll etdiyimiz zaman bir çox problemlər düzələcək. Siqareti isə tərgitmək mütləqdir.

"Dünyanı
ciddiyə almayan insanlarda...”
- Piyada gəzmək
idmanı əvəz edir?
- Necə gəzməyə
bağlıdır. 5-7 kilometr və sürətli gəzmək lazımdır. Ürək döyüntülərimiz yüksəlməlidir
ki, bədəndə yağ parçalanmağa başlasın. Söhbət edə-edə, asta gəzməyin bir mənası
yoxdur. Heç gəzməməkdən yaxşıdır, əlbəttə ki, amma arxayın şəkildə gəzmək o qədər
də effektli deyil. Hərəkət etməkdə məqsəd ürək nəbzinin 140-150-yə çıxmasıdır.
Bu vaxt bədəndə parçalanma prosesi gedir. 140-a çıxanda təngnəfəs olursunuzsa,
bir az asta yeriyin, sonra yenidən sürəti artırın. Bədəndə yağların
parçalanması ancaq bu şəkildə gedir.
-
Psixoloji problemlərin ürək-damar problemlərinə təsiri necədir?
- Psixoloji
problem birbaşa ürək-damar tutulmasının səbəbi deyil, ancaq təsirləri var. Ümumiyyətlə,
xüsusilə son 2 ildə stress, psixoloji problem insanlarda çox təsir buraxıb. Son
dövrlər müraciət edən xəstələrin çoxu psixoloji problemlərə bağlı olur. Psixoterapevtə
də çox xəstə göndərən həkiməm. Çünki bir çox hallarda psixologiya pozulur, onun
da təsiri olur. Bəzən insan xəstə olmadığı halda da, özünü xəstə saya bilir.

- Hər şeyi
dərd edənlər var, bir də dünyanı vecinə almayanlar...
- Çox vasvası,
diqqətli, hər şeyin yerində olmasını istəyən insanlarda rahat şəxslərlə müqayisədə
infarktlar daha çox olur. Dünyanı ciddiyə almayan insanlarda ürək-damar xəstəliyinə
digər insanlarla müqayisədə daha az rast gəlinir.
- Deyirlər
ki, "yumşaq ürəkli”dir, hər şeyi ürəyinə salır. Bu kimi fərqlər ürək-damar xəstəliklərinə
necə təsir edir?
- Daha qəddar,
sərt insan olmaq ürək üçün zərərlidir. Sərt xarakterli insanların ürəklərində
daha çox problem olur. Nəticədə, o da obrazını qorumaq üçün bütün gün sərt
görünməli, gərginliyini davam etdirməlidir. Yumşaq ürəkli adam isə çox xırda məsələləri
də dərd edir. Hər ikisində də problem yaranmasına gətirib çıxaran məqamlar var.
Mövlanənin dediyi kimi, ya olduğun kimi görün, ya da göründüyün kimi ol. Yəni özünə
əziyyət vermə.

"Hər gün
80 yaşdan yuxarı xeyli xəstəni müayinə edirik”
-
İnsanların sağlamlığa biganə yanaşmasının bir səbəbi də maddi durumdur. İcbari tibbi
sığortanın tətbiqindən sonra insanlar müayinə olunmağa həvəs göstərsələr, bu, ürək-damar
xəstəliklərinin daha erkən aşkarlanmasına təsir edəcəkmi?
- Niyə Avropa
ölkələrində orta ömür çoxdur? Çünki icbari tibbi sığortanı ilk tətbiq edən ölkələrdir.
Almaniya dünyada tibdə birincidir. Çünki dünyada icbari tibbi sığortanı təyin
edən ilk ölkədir. 150 ildir bunu edir. Ona görə insan ömrü orada uzundur. Əvvəllər
maddi vəziyyəti aşağı olan bir çox insan bu səbəbdən həkimə müraciət edə
bilmirdi. İnfarkt keçirəndən sonra ağır, gecikmiş vəziyyətdə gəlirdi. Amma indi
icbari tibbi sığorta sayəsində hər kəs infarktdan qurtula biləcək. Heç olmasa
vaxtında müdaxilə ediləcək, həyatı uzanacaq. 19 il əvvəl Azərbaycana qayıtmışam, burada çalışıram. O
vaxt 70 yaşlı adamı ürək-damar probleminə görə həkimə gətirmirdilər. Hamısı həyatını itirirdi. İndi hər gün 80
yaşdan yuxarı xeyli xəstəni müayinə edirik. İnsan ömrü uzanır. Bunun səbəbi ölkəyə
yeniliklərin gəlməyi, damarların açılması, invaziv müdaxilələrin olunması,
insanların maarifləndirilməsidir. Bu gün 5 il əvvəllə müqayisədə öndəyik. 15 il
əvvələ nisbətən isə çox-çox qabaqdayıq. 5 il sonra icbari tibbi sığortanın yardımı
ilə daha irəlidə olacağımızı düşünürəm.
"Bu fikirlər
tamamilə uydurmadır”
- Ürəyə
stent qoyulması halları da artıb. Ürək stent qoyulması həddinə necə çatır?
-
Damardakı daralma ciddiləşdiyi zaman insanlar yol gedə, hərəkət edə bilmirlər.
Çünki dar yerdən keçən qan onun gündəlik fəaliyyətinə icazə vermir. 20-30 metr
gedən kimi dayanır, yaxud oturanda ürək ağrıları tutur. Bu zaman damar
açılmalıdır. Əks halda ölümə gətirib çıxaran risk yaranır. Bunun üçün də ya
stent qoyulur, ya da açıq əməliyyat edilir.

- Bəzən
eşidirik ki, sırf kommersiya maraqlarına görə xəstələrə stent təyin edənlər
olur. Belə hallar bizdə nə dərəcədədir?
- Ölkəmizdə
stent qoyan bütün həkimləri tanıyıram. Azərbaycanda lazımsız yerə heç kimə stent
qoyulmur. Ümumiyyətlə, ürək şikayəti olmayan bir insan heç vaxt ürək həkiminə gəlməz.
Damardakı daralma pasiyentə göstərilir, ailəsinə bu haqda məlumat verilir,
ancaq razılıq alındıqdan sonra müdaxilə edilir. Düşünün ki, bizim ağrımız
yoxdur, həkimə getmişik, deyir ki, stent qoyulmalıdır. Kim buna icazə verər?
Şikayət yoxdursa, anju masasına niyə yatırsınız? Bu fikirlər tamamilə
uydurmadır.
- Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri
seçildiniz.Cəmiyyətin nə kimi planları var?
- Cəmiyyətin
bir məqsədi var, o da Azərbaycanda kardiologiyanı inkişaf etdirməkdir. Bu günə
qədər də müəyyən işlər görmüşük, indi isə daha böyük planlarımız var. İnkişaf
üçün kardioloqların tibbi biliklərinin, xəstələrə göstərilən xidmətin keyfiyyətinin
artırılması, digər ölkələrdə bu sahədə olan yenilikləri Azərbaycanda da tətbiq
etmək istiqamətində işlər görülməlidir. Tibb Universitetini bitirib
kardiologiyanı seçən tələbələrin peşəkarlığını artırmaq üçün xüsusi kurslar təşkil
etməyi düşünürəm. Ən böyük problemlərdən biri də Azərbaycan kardioloqlarının
beynəlxalq jurnallar üçün az məqalə yazmasıdır. Bunu artırmaq lazımdır. Bu, ölkəmizin
beynəlxalq tibbi nüfuzu üçün vacibdir. Beynəlxalq nəşrlərdə nə qədər çox azərbaycanlı
kardioloqun yazısı yayımlanarsa, kardiologiyamız sıralamada o qədər yüksəkdə
olar. Çoxlu elmi çalışmalar aparılmalıdır. Belə olanda, beynəlxalq tibbi,
kardioloji qurumlar konfranslarını, toplantılarını Azərbaycanda keçirə bilər. Bunun
üçün planlarımız var. Həmkarlarımla bərabər bu işləri görəcəyik.
Aygün
Asimqızı
