• cümə axşamı, 25 aprel, 11:21
  • Baku Bakı 14°C

“O insanların mərdliyi, cəsurluğu mənə xoş gəlir” - Onun film seçimi

30.10.17 09:30 1511
“O insanların mərdliyi, cəsurluğu mənə xoş gəlir” - Onun film seçimi
Asudə vaxtımızı dəyərləndirməyin ən yaxşı yollarından biri də film izləməkdir. Baxdığımız hər bir maraqlı film uzun müddət xatirələrimizdə qalır. Amma yaxşı filmi tapmaq da bir qədər qəliz məsələdir. Budəfəki film rubrikamızın qonağı millət vəkili Tahir Mirkişilidir. Onun gənclərə məsləhət gördüyü 5 filmi sizlərə təqdim edirik.
Millət vəkilinin məsləhət gördüyü ilk film "Axırıncı Aşırım”dır. Deyir ki, bu filmi ən çox tarixi olmasına görə sevir: "Azərbaycanda Sovet hakimiyyətinin qurulması zamanı ona qarşı aparılan mübarizə və filmdə təsvir edilən o insanların mərdliyi, cəsurluğu mənə xoş gəlir. Eyni zamanda, filmdə Azərbaycanda o dövrün adət-ənənələri çox gözəl əks etdirilib”.
İkinci seçimi sovet filmlərindən olan "Baharın on yeddi anı”nda da onun diqqətini çəkən əsas məsələ tarixilikdir: "Burada da o dövrün tarixi diqqətimi çəkir. İkinci dünya müharibəsi zamanı SSRİ-nin tərkib hissəsi olduğumuz üçün eyni dövlət sayılırdıq. Filmdə bir kəşfiyyatçının bu qədər təcrübəli, ağıllı, soyuqqanlı olması diqqətimi çəkmişdi. Bu film həqiqətən çox xoşuma gəlir”.
Üçüncü, film məsləhəti ABŞ istehsalı olan "Qartal gözü”dür. Deyir ki, bu film sırf öz ixtisası ilə bağlı olduğu üçün diqqətini cəlb edib: "Dünyada idarəetmə formasının müasir texnologiyalar üzərində qurulması və bu zaman yarana biləcək çətinliklərlə bağlıdır. Texnologiya ilə bağlı bir film olduğu üçün "Qartal gözü” ən sevimli filmlərim siyahısında yer alır”.
ABŞ istehsalı olan "Qanunpərəst vətəndaş” da onun sevdiyi filmlər siyahısındadır. Bildirdi ki, filmdə vətəndaşın qanunu əsas tutaraq qanundan kənar iş görən məmurlarla mübarizəsindən bəhs edilir: "Sonda ədalətin qalib gəlməyi, qanuna söykənərək hər bir qanunsuz fəaliyyətlə məşğul olanlarla mübarizə aparmağın mümkünlüyü təsvir olunub. Bu, kifayət qədər psixoloji bir film olduğu üçün marağımı cəlb etdi”.
Beşinci məsləhəti isə Türkiyədən oldu. "Möhtəşəm yüz il” serialının adını çəkdi. Deyir ki, bu, son illərdə türkiyəli kinematoqrafların çəkdiyi ən maraqlı seriallardandır: "Burada əsas qayə tarixi hadisələrin cərəyan etməsidir, digər tərəfdən tarixi faktların daha çox reallığı canlandırması maraqlıdır. Eyni zamanda, filmin içərisində o dövrün siyasi idarəetmə sistemi ilə bağlı verilən qərarların, bu qərarların hansı səbəblərə söykənməsi əks olunub. Həmçinin, lirikanın eşq dastanının bu qədər gözəl canlandırılması çox xoşuma gəlmişdi.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər