“O illərdə mənə günün 24 saatı bəs etmirdi” - Keçmişdəki mən
"Hər kəsin
anası onun üçün əlindən gələni edir. Anam da mənə görə öz həyatını fəda etdi.
Həmişə valideynlərimi yadıma salanda kövrəlirəm. Xüsusilə anamı xatırladığım
zaman onun üçün çox darıxıram. Tələbələrimə də deyirəm ki, valideynlərinizin
qədrini bilin, hər gün onların üzündən öpün. Valideynlər Allahın bizə verdiyi
hədiyyə, lütfdür”.
Bu sözləri
bizimlə söhbətində bəstəkar, xalq
artisti, əməkdar incəsənət xadimi Faiq
Sücəddinov söylədi.
"Həyətdə oynamaq mənə maraqlı gəlmirdi”
İlk olaraq
onun uşaqlıq illərindən danışdıq. Bu mövzuya toxunanda "həyatı sevə-sevə yaşamaq,
yaşayıb-yaratmaq eşqi ilə keçirmək lazımdır” dedi: "1947-ci ildə Gəncə
şəhərində anadan olmuşam. Ailədə iki uşaq olmuşuq. Məndən böyük bir qardaşım
var. Uşaqlıq illərim Bakıda keçib və uşaqlığı mənim kimi bu şəhərdə keçənlər
bilir ki, bizim o illərimiz küçədə və məktəbdə keçib. Müxtəlif pioner
dərnəklərinə üzv olmuşduq. Hər birimizin başı müxtəlif işlə qarışıq olurdu.
Tez-tez Abdulla Şaiq adına uşaq kitabxanasına gedib kitablar oxuyurdum. Elə o
illərdə musiqi məni öz ağuşuna aldı. Artıq həyətdə
oynamaq mənə maraqlı gəlmirdi. Uşaqlarla çox nadir hallarda futbol
oynayırdım. Bu mənada özümü şanslı hesab edirəm. Çünki anam məni doğru
istiqamətə yönəldib. Əslində, hər bir uşağın kiçik yaşlarında nəyə marağı
olduğuna valideynlər diqqət etməlidir. Kiçik yaşlarda uşağın nə istədiyin, nəyə
meyl etdiyi özünü büruzə verir və bunu valideynin duyması çox vacibdir.
Valideynlər övladlarını öz istəkləri naminə "şikəst” etməməlidir. Böyüklər
övladlarına istiqamət verməli, onların seçdiyi sahə üzrə yaxşı mütəxəssis olmasına
dəstək göstərməlidir. 6 yaşımda olanda anam məni musiqi məktəbinə yazdırdı.
Buna görə hər zaman anama minnətdaram. Əgər bu gün nəyəsə nail olmuşamsa, buna
görə yalnız Allaha və anama minnətdaram”.
Bir dəqiqə dayansan, bu, həyat olmaz
1965-ci
ildə Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano şöbəsinə daxil olan
xalq artisti deyir ki, orada oxumaq heç də asan deyildi: "Texnikumda bizə dərs
deyən müəllimlər çox tələbkar idi. Çox şey tələb edirdilər deyə, daim öz
üzərimizdə çalışırdıq. Texnikumu konsertlə bitirdim. Oranı bitirəndə böyük
əsərlər ifa edirdim. Gənclik illərimdə mən piano çalırdım, yaradıcılıqla məşğul
idim, müxtəlif müsabiqələrdə iştirak edirdim. 1969-cu
ildə Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin estrada orkestrinin
rəhbəri Tofiq Əhmədovun dəvətilə orkestrdə çalışmağa başladım. Daha sonra
oradakı fəaliyyətimi dayandıraraq Azərbaycan Dillər Universitetinə qəbul oldum.
Universitetdə oxuduğum dövrdə ansambl rəhbəri idim. Hərdən o illərə
qayıdanda fikirləşirəm ki, bizim dövrümüzdə gənclik illəri daha maraqlı və
rəngarəng keçirdi. Bütün günü konsertlərdə, çıxışlarda, müsabiqələrdə
olurdum. Hətta o illərdə mənə günün 24
saatı bəs etmirdi. Gənclik elə bir dövrdür ki, insan həmin illərdə daima
aktiv şəkildə yaşamalıdır. Bir dəqiqə dayansan, bu, həyat olmaz. Həyatın özü
hərəkət deməkdir. Bəxtiyar Vahabzadə deyirdi ki, şam əgər yanmırsa, yaşamır
demək. İnsan yaşamalıdır ki, başqalarına yararlı olsun. Bu lazımlılıq məni
sənətimdə müəyyən yerə gətirib çıxardı. Təbii ki, buna görə həyatım boyunca
dayanmadan öz üzərimdə işləmişəm”.
Başa düşdüm ki, həyatım sırf musiqidən ibarətdir
Universiteti
bitirdikdən sonra hərbi xidmətə yollanana bəstəkar 3 ildən sonra - 1977-ci ildə Azərbaycan Milli Konservatoriyasının
bəstəkarlıq fakültəsinə qəbul olunur: "Elə insanam ki, heç vaxt geriyə
boylanmağı sevmirəm, daim irəli baxmağa çalışıram. Mənim üçün yenilik daha
önəmlidir. Amma indi gənclik illərimə nəzər yetirəndə görürəm ki, istədiyim bir
çox şeyi etmişəm, edə bilmədiklərimə isə sadəcə vaxt çatmayıb. Çox vaxt gecələr yatmır, öz yuxuma haram
qatırdım ki, öz sahəmdə daha da irəliyə gedə bilim. Həmin illərdə həm
işləyir, həm də oxuyurdum. Bir müddət sonra aranjemanla məşğul olmağa başladım.
Beləliklə, fərdi yaradıcılığıma qədəm qoydum. Həmin vaxt başa düşdüm ki,
həyatım sırf musiqidən ibarətdir və mənə
lazım olan tək şey məhz budur. Konservatoriyada oxuduğum illərdə çox şey
qazandım. Müəllimlərimdən bir çox yeni şeylər öyrəndim. Orada təhsil aldığım
zaman yeni mahnılar yazırdım. Beləliklə, bəstəkarlıq sahəsinə gəlib çıxdım”.
Sevə-sevə etdiyin işdən gəlir qazanmaq daha şirin
olur
Xalq
artisti ilk məvacibini ailəsinə göndərib: "İlk gəlirimi ailəmə, atama göndərmişdim. Atam mənimlə fəxr
edirdi ki, oğlu ona pul göndərib. Əslində, onun buna ehtiyacı yox idi. Çünki
özü həkim idi. Amma mənim qazancım onu fərəhləndirmişdi. İnsanın ilk qonorarı,
ilk gəliri heç vaxt yadından çıxmır. Fikirləşəndə ki, mən öz qazancımla ailəmə
dəstək oluram, bu, məni sevindirirdi. Əslində, məsələ pulda deyildi. Bu
məsələyə yanaşma tərzi başqadır. Mən heç vaxt maddi məsələlərə iqtisadi
tərəfdən yanaşmamışam. Hər zaman çalışmışam ki, özümdən başqalarını, ailəmi
fikirləşim. Xüsusilə sevə-sevə etdiyin işdən gəlir qazanmaq daha önəmlidir.
Rəssam, rejissor, bəstəkar, fəhlə olmağının fərqi yoxdur, hər kəs gördüyü işin
qarşılığında pul qazanır. Amma deyim ki, maddi məsələlərə çox da önəm verən
biri olmamışam”.
"Yaxşı musiqi ilk notlardan bəlli olur”
Bəstəkarın
fikrincə, həyat bir mübarizədir. Hər bir insan öz sahəsində özünü təsdiq etməlidir.
Çalışmaq lazımdır ki, hər kəs öz sahəsi üzrə vətəninə, insanlara faydalı olsun:
"Məncə, insanlar səni öz işinə, biliyinə, bacarığına görə tanımalı, hörmət
etməlidirlər. Önəmli olan insanın içindəki istedad və bacarıqdır. Mən öz
tələbələrimə də həmişə bunu deyirəm ki, sabah universiteti bitirəndə sizdən
soruşacaqlar ki, nəyi bacarırsan? Bizim sahə belədir ki, burada məhdudiyyət
yoxdur. Çünki musiqi sonsuzdur. Yaxşı musiqi ifa etməklə insan özünü təsdiq edə
bilər. Royal arxasında əsər ifa edirsənsə, insanlar sənin nə demək istədiyini
yaxşı başa düşür. Çünki yaxşı musiqi ilk notlardan bəlli olur. Düzdür, hər bir
insan həyatının müəyyən vaxtlarında səhvə yol verir. Çünki insan səhv edə-edə
düzgünü dərk edir. Əgər səhv etməsək, yaşamağımızın bir mənası olmaz. Bir
məsələ var: "Mənə dedilər ki, odla oynama, amma mən odla oynadım və bir gün
əlim yandı. Sonra başa düşdüm ki, oddan uzaq olmaq lazımdır”. Həyat elə bir
şeydir ki, özü sənə dərs verir və nəyi edib-etməmək lazım olduğunu bilirsən.
Təbii ki, bu insanların həyatına müdaxilə etmək demək deyil. İnsana nəyin səhv,
nəyin nə düz olmadığını demək olar, amma onu yönləndirmək düz deyil. Səhv etməyən insan həyatı dərk edə bilməz.
Mənim də etdiyim müəyyən səhvlər olub. Bəzən kiminləsə sərt davranmışam, amma
sonra səhvimi başa düşüb həmin insandan üzr istəmişəm. Daha mülayim biri olmağa
çalışmalıyıq. İnsanlarla düzgün qaydada münasibət qurmağı bacarmaq önəmlidir”.
Faiq
müəllim deyir ki, bəstəkarın oğlu və yaxud nəvəsi mütləq bəstəkar, həkimin oğlu
həkim olmalıdır deyə bir qayda yoxdur: "Kimisə zorla hansısa sənətə yönəltmək
olmaz. Mən övladlarımın tərbiyəsində bunu əsas götürmüşəm. Hər kəs öz sahəsini
özü seçməlidir. Biz valideynlər isə onlara dəstək olmalıyıq. Bəzən valideynlər
uşağına deyir ki, həkimlik sənətində çoxlu pul var, mütləq bu sahəyə yönəl.
Bunu düzgün qəbul etmirəm. Uşağı uşaqlıqdan meyli olan sahəyə yönəltmək
lazımdır. Müəllimlər, valideynlər bu məsələyə həssas yanaşmalıdır. Biz yalnız
bu halda vətənimizə, millətimizə xeyirli ola bilərik. Çünki insan yalnız
sevdiyi işdə uğur qazana bilir”.
Xalq
artisti məsləhət verməyi sevməsə də, rubrikanın ənənəsinə uyğun olaraq gənclərə
tövsiyələrini bildirdi: "Ümumiyyətlə, məsləhət verməyi sevən insan deyiləm.
Gənclik elə bir dövrdür ki, insan məsləhət dinləmək istəmir. Onlara yalnız bunu
deyə bilərəm ki, vətənlərini və valideynlərini sevsinlər. Öz əməllərinizlə bu
xalqa, millətə xidmət edin. Həyata gəlmişiksə, onu dəyərləndirməliyik”.
Şəbnəm Mehdizadə