“O günü səbirsizliklə gözləyirik” - Fotolar
Cəbrayıl
rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində - Araz çayının sol sahilində - cənub
tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı,
şimaldan Xocavənd, şərqdən Füzuli rayonları ilə həmsərhəddir. Bu rayon 23
avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Beləliklə
də cəbrayıllılar məcburi köçkünə çevrilərək Azərbaycanın 58 rayonunun 2 minə qədər
yaşayış məntəqəsində məskunlaşıblar. İşğal nəticəsində rayonun bütün yaşayış məntəqələri,
o cümlədən Cocuq Mərcanlı kəndi də düşmən hərbçilərinin vandalizm hərəkətlərinə
məruz qalıb. Kənddəki evlər, məktəblər, tibb məntəqələri, maddi-mədəniyyət abidələri,
həmçinin müxtəlif məqsədlər üçün insanlara xidmət edən obyektlər talan edilib,
dağıdılıb. 1994-cü ildə ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi
ilə həyata keçirilən uğurlu Horadiz əməliyyatı zamanı erməni silahlı birləşmələri
Füzuli və Cəbrayıl rayonlarının bəzi yaşayış məntəqələrindən çıxarılıb.
50 fərdi yaşayış evinin tikilməsi üçün 4 milyon manat
Düşmən
tapdağından azad edilən belə kəndlərdən biri də Cocuq Mərcanlı kəndi olub.
İşğaldan azad olunmasına baxmayaraq, Ermənistan silahlı birləşmələri
yaxınlıqdakı yüksəkliklərdə mövqe tutduqlarından rayon mərkəzindən 35 kilometr
cənub-şərqdə yerləşən, Araz çayına yaxın olan Cocuq Mərcanlıda yaşayışı bərpa
etmək mümkün olmayıb. Kənd ərazisi mütəmadi olaraq düşmən atəşinə, mərmi
yağışına məruz qalıb. Lakin 2016-cı il aprelin 2-də Azərbaycan ordusunun ön xətdə
olan birləşmələri erməni təxribatının qarşısını alarkən, əks hücuma keçib, düşmənə
sarsıdıcı zərbə vurub, bir sıra ərazilərə, o cümlədən Lələ Təpə kimi bəzi yüksəkliklərə
nəzarəti təkrar bərpa edib. Yalnız bu əməliyyatdan sonra Cocuq Mərcanlı kəndi də
təhlükəsiz əraziyə çevirib. Aprel döyüşlərinin bir ili tamam olmamış Prezident
İlham Əliyev "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin
bərpası ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Azərbaycan xalqının
öz torpağına bağlılığını, Prezidentin öz vətəndaşlarına verdiyi vədləri əməldə
də icra etməsini bir daha əyani nümayiş etdirən bu sərəncamla Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına ilkin mərhələdə 50 fərdi yaşayış
evinin tikilməsi üçün 4 milyon manat ayrılıb. Bununla da, tarixən burada
yaşamış dinc əhalinin öz doğma yurdlarına təkrar qayıtması üçün Cocuq Mərcanlıda
əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb. Dövlət başçısı tərəfindən
yanvarın 24-də imzalanan bu sərəncamlar hər bir Azərbaycan vətəndaşı, eyni
zamanda cəbrayıllılar, xüsusən də Cocuq Mərcanlı kəndinin sakinləri tərəfindən
rəğbətlə qarşılanıb.
1944-cü il iyul ayının 1-də həmin kənddə anadan olan, uzun
müddət bu yaşayış məntəqəsində pedaqoji fəaliyyətlə məşğul olan Məhəmməd
Misirov da belə sakinlərdən biridir. O, bizimlə söhbətində doğma kəndinin
keçmişi, tarixi, əhalinin yaşayış səviyyəsi, şəraiti barədə xatirələrini
bölüşdü. Qeyd etdi ki, işğaldan əvvəl rayonun iqtisadiyyatının əsasını
heyvandarlıq, üzümçülük və baramaçılıq təşkil edib. Həmsöhbətimizin sözlərinə
görə, işğala qədərki son illərdə ümumilikdə rayonda 60 min tondan yuxarı üzüm
istehsal olunub. Buna görə də Cəbrayıl rayonunda sovetlər birliyi dövründən
başlayaraq, üzümün ilkin emalı üçün zavod, həmçinin tikiş, xalça, cihazqayırma
sexləri, müxtəlif sənaye obyektləri yaradılıb.
Evlərin daşı daş üstə qalmamışdı
M.Misirov
rayon camaatının, o cümlədən Cocuq Mərcanlı sakinlərinin də yaradılmış bu şəraitdən
bəhrələndiyini, əziyyətə qatlaşaraq öz halal ruzilərini qazandıqlarını söylədi.
Bildirdi ki, doğulub boya-başa çatdığı kəndin sakinləri də əsasən heyvandarlıq,
üzümçülük, taxılçılıq, baramaçılıqla məşğul olublar: "Mən gözümü bu kənddə
açmışam. Nəinki mən, eləcə də babam, ulu babalarım da bu kənddə anadan olub,
burada yaşayıblar. Yəni, köklü-budaqlı Cocuq Mərcanlı sakiniyik. Bizim kənddə
insanların yaxşı yaşaması üçün hər cür şərait yaradılmışdı. Hamı işləyir, ailəsini
dolandırırdı. Şəxsən mən təsərrüfatla yanaşı, kənd orta məktəbində müəllim kimi
də çalışır, rus dili fənnini tədris edirdim. Bir sözlə, dolanışıq, insanların əhval-ruhiyyəsi
yaxşı idi. Azərbaycan müstəqillik qazanandan sonra da kənd sakinləri ənənəvi
sahələrdə çalışıb, ruzisini əldə edirdilər. Lakin 1993-cü ildə kəndimizin Ermənistan
silahlı qüvvələri tərəfindən işğalı illərlə böyük zəhmət hesabına Cocuq Mərcanlıda
qurulub yaradılan hər şeyi məhv etdi. Hamımız ev-eşiyimizdən, iş-gücümüzdən məhrum
olduq, məcburi köçkünə çevrildik, min bir əziyyətlə qarşılaşdıq. Düzdür,
ordumuz 1994-cü ildə bizim kəndi işğaldan azat etdi, amma düşmən oranı elə hala
salmışdı ki, Cocuq Mərcanlıda yaşamaq qeyri-mümkün idi. Evlərin daşı daş üstə
qalmamışdı. Ermənilər yüksəkliklərdən daim kəndi atəşə tuturdu. Hər an kimsə həlak
ola, düşmən gülləsinə tuş gələ bilərdi. Buna görə də kəndimizə qayıda bilmədik.
Hərə bir tərəfdə ağır şəraitdə yaşamalı oldu. Sonradan Azərbaycan Prezidentinin
dəstəyi ilə məcburi köçkünlərin, eləcə də biz cəbrayıllıların yaşaması üçün şəhərcik
salındı. Həmin vaxt insanların şəraiti, yaşayışı yaxşılaşdı. Amma heç bir yer
insana öz Vətəni, kəndi, el-obası, torpağı kimi yaxın olmur. Ümid edirdik ki, nə
vaxtsa öz rayonumuza, doğma torpağımıza qayıtmaq imkanı olacaq. Ötən ilin aprel
ayında ordumuzun uğurlu hərbi əməliyyat keçirməsi, ardınca da prezidentimizin
Cocuq Mərcanlı kəndinin bərpası barədə imzaladığı son sərəncam bizim ümidlərimizi
doğrultdu”.
Əsl erməni
vandalizmini müşahidə etmək mümkün idi
M.Misirov
bizimlə söhbətində onu da əlavə etdi ki, hələ 2016-cı ilin dekabr ayında doğma
kəndi Cocuq Mərcanlıya baş çəkib, evini bərpa etmək barədə düşünüb: "Aprel
döyüşlərindən dərhal sonra kəndimizə getmək istəsəm də, bildirdilər ki, ərazi hələ
də təhlükəlidir. Düşmən mina basdırıb gedə bilər və sair. Mən də səbir və təmkinlə
gözlədim. Keçən ilin dekabr ayında uzun ayrılıqdan sonra təkrar kəndimizə
getdim. Gördüklərim məni dəhşətə gətirdi. Bu yaşayış məntəqəsinin timsalında əsl
erməni vandalizmini müşahidə etmək mümkün idi. Kəndi o qədər tanınmaz hala
salmışdılar ki, hətta mən öz evimizi güc-bəla ilə tapdım. İkimərtəbəli evdən əsər-əlamət
qalmamışdı. Hər yan dağıntı, daş-torpaq yığını idi. Birtəhər evimizin hansı
olduğunu yəqin etdim, geri döndüm. İndi prezidentimiz sərəncam imzalayıb, kənddə
bərpa işlərinə başlayacaqlar. Buna ən çox sevinənlərdən, kəndə qayıtmaq üçün ərizə
ilə müraciət edənlərdən biri də mənəm. Öz evimə, el-obama, kəndimizə
qayıdacağım günü səbirsizliklə gözləyirəm. Ömür vəfa etsə, bu arzuma
çatacağam”.
Cocuq Mərcanlı kənd icra nümayəndəsi: "200 evin
inşası planlaşdırılıb”
Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kənd icra nümayəndəsi Xanlar Zeynalov isə bizimlə söhbətində
bildirdi ki, işğala qədər bu yaşayış məntəqəsinin ümumi ərazisi 1605 hektar
olub. O, işğala qədər Cocuq Mərcanlıda 283 ev təsərrüfatın mövcud olduğunu,
1075 nəfərin kənddə yaşadığını söylədi. İcra nümayəndəsi dedi ki, Ermənistan
işğalı zamanı kənddəki bütün təsərrüfat, infrastruktur, evlər, məktəb,
kitabxana, poçt binası və sair obyektlər tamamilə dağıdılıb. X.Zeynalov hazırda
Cocuq Mərcanlıda ANAMA təşkilatının ərazini minalardan təmizlədiyini diqqətə
çatdıraraq qeyd etdi ki, bu proses tam başa çatandan sonra kənddə bərpa işlərinə
başlanılacaq, yeni evlər, məktəb binası, tibb məntəqəsi və sair zəruri obyektlər
tikiləcək, əhalinin yaşaması və çalışması üçün infrastruktur yaradılacaq.
X.Zeynalovun
sözlərinə görə, dövlət başçısının imzaladığı sərəncama uyğun olaraq, Cocuq Mərcanlıda
əvvəlcə 50 evin bərpası nəzərdə tutulsa da, kənd sakinlərinin nümayəndəliyə
ünvanladığı 240-a yaxın ərizə və müraciət nəzərə alınaraq, 200 evin inşası planlaşdırılıb:
"İşğala qədər bu kənd sakinləri üzümçülük, taxılçılıq, baramaçılıq və
heyvandarlıqla məşğul olub, dolanışıq əldə ediblər. Amma işğal faktı bütün
bunları dağıtdı. 1994-cü ildə kənd işğaldan azad ediləndən sonra orada yaşamaq
olduqca təhlükəli idi. Bu səbəbdən yalnız bir ailə bütün təhlükələri gözə alıb
Cocuq Mərcanlıya qayıtmışdı. Həmin ailə ənənəvi maldarlıq, heyvandarlıqla məşğul
olub, çətinliklərə sinə gərərək yaşayırdı. Lələ Təpə yüksəkliyi ordumuzun nəzarətinə
keçəndən sonra kəndi, burada yaşayacaq insanları gözləyən təhlükə də aradan
qalxmış oldu. İndi demək olar ki, bütün Cocuq Mərcanlı camaatı öz kəndinə
qayıtmaq istəyir. Allah prezidentimizə uzun ömür, can sağlığı versin. Bu günlərdə
kəndin bərpası ilə bağlı onun imzaladığı sərəncam bir daha bizlərə olan diqqət
və qayğını əyani şəkildə göstərir. Bütün kənd sakinlərimiz sevinir, öz evlərinə
dönəcəkləri günü gözləyirlər”.
Biz də
Cocuq Mərcanlı kənd sakinlərinin sevincinə şərik oluruq. Şübhə etmirik ki,
Prezident İlham Əliyevin yanvar ayının 24-də imzaladığı sərəncamdan irəli gələn
bütün tədbirlər ən qısa zamanda həyata keçiriləcək, Cocuq Mərcanlının bərpası
işğal altındakı bütün torpaqlarımıza, o cümlədən Dağlıq Qarabağa "Böyük
qayıdış”ın başlanğıcı olacaqdır.
Rufik
İSMAYILOV