• cümə, 29 Mart, 17:13
  • Baku Bakı 14°C

“O gün yaxındadır”

07.04.16 13:43 2844
“O gün yaxındadır”
Son günlər cəbhə xəttində yaşanan hadisələr bizi birləşməyə, bir olmağa səslədi. Xalqımız bir amal uğrunda birləşib, həmrəy olub torpaqlarımızı düşmən tapdağından xilas etməyə hazır olduğunu bir daha sübut etdi. Əsgərlərimizin bir neçə kəndi düşmən tapdağından azad etməsi xəbərini xalqımız böyük ruh yüksəkliyi ilə qarşıladı. Bizi kədərləndirən məqam isə döyüşdə 31 şəhid verməyimiz oldu. Düzdür, “Şəhidsiz qələbə mümkünsüzdür” şüarı ilə çıxışlar edildi. Ancaq məsələnin digər tərəfi də ondan ibarətdir ki, 31 evin çırağı söndü. 31 evdə ana fəryadı eşidildi.
Biz də xalqımızın döyüş əzmi ilə yaşadığı bu günlərdə tanınmış ifaçı Leyla Ramazanlı ilə görüşdük. Leyla da illər öncə atasını Vətən uğrunda gedən döyüşlər zamanı itirib. Şəhid qızı olduğu üçün qürur duyduğunu vurğulayan müğənni atasını itirərkən 3 yaşının olduğunu dedi.
- Leyla xanım, yəqin ki, son günlər cəbhə xəttində baş verən hadisələrdən xəbərdarsınız.
- Əlbəttə. Davamlı olaraq hadisələri izləyir, hərdən sevinir, hərdən isə kədərlənirdim. Əvvəla, qeyd edim ki, 31 şəhid verdiyimizə görə çox üzgünəm. Onlar Vətən uğrunda həlak oldular. Neçə-neçə ananın gözü yolda qaldı. Acıları dözülməzdir. Onların ailələrinə Allahdan səbir diləyirəm. İndi onları nə ilə ovutsaq da azdır. Onların nələr çəkdiklərini yaxşı anlayıram. Digər tərəfdən isə düşmən tərəfindən işğal olunmuş 2 kəndimiz ermənilərdən geri alınıb. Əslində bu, çox böyük uğurdur. Əsgərlərimizin əldə etdikləri qələbə üçün sevinirəm. Çünki zaman-zaman dinc sakinlərimiz erməni gülləsinə tuş gəlirdi. Bu da günahsız insanların ölümü ilə nəticələnirdi. Bu qələbə də bizi sevindirməyə bilməz. İnanıram ki, bir gün 20 faiz işğal altında olan torpaqlarımızı bütünlüklə geri qaytaracağıq. Biz də orada konsert proqramları ilə çıxışlar edəcəyik. O gün yaxındadır. Buna ümidimiz böyükdür.
- Sizin də atanız müharibədə şəhid olub, şəhidlik zirvəsinə ucalıb. Yəqin ki, hazırda şəhid verən ailələri, övladları heç kim sizdən yaxşı anlaya bilməz.

-Bəli. Atam Nurəddin Ramazanov könüllü olaraq cəbhəyə yollanmışdı. O zaman mənim 3 yaşım var idi. İndi o hissləri dilə gətirmək çox çətindir. Şəhid vermək heç də asan deyil. O hissləri ancaq yaşayan bilər. Mən hər zaman onun kimi bir atam olduğu üçün fəxr etmişəm və bu gün də fəxr edirəm. İstəyirəm ki, torpaqlarımız düşmən tapdağından xilas olsun və atamın qanı yerdə qalmasın. Şəhid övladlarının sayı azalsın. Şəhidlərin ailələrinə başsağlığı verirəm. Düşünürəm ki, bundan sonra da neçə uşaq atasız qaldı.... Atasızlıq çox çətindir. Ancaq atamı torpağıma qurban verdiyim üçün qürurluyam. Təki Vətən sağ olsun!
- Qeyd etdiniz ki, mütəmadi şəkildə cəbhə bölgəsində baş verən hadisələri izləyirsiniz.

- Cəbhə xəttində baş verən hadisələri dövri mətbuatdan, əsasən Müdafiə Nazirliyinin saytından və əhəmiyyəti gücü olan saytlardan izləyirəm. Eyni zamanda, xarici mətbuatın da nələr yazdığını izləyirəm. Gündəlik olaraq efirlərdə telekanalların hazırladığı süjetlərlə tanış olmaq üçün mütəmadi olaraq xəbərləri izləyirəm. Gözüm yoldadır. Onlardan hər an xoş xəbərlər gözləyirəm. Qələbə xəbəri eşitmək istəyirəm.
- Səfərbərlik elan olunarsa, müharibəyə gedərsinizmi?

- Səfərbərlik elan olunarsa, ən ön sıralarda yer alacağam. Mən də atam kimi torpağım uğrunda canımdan keçməyə hazıram. Çünki mən bu Vətənin övladıyam. Damarımda atamın qanı axır. Əlbəttə ki, gedərəm. Təki torpaqlarımız qaytarılsın.
- Şəhid qızı olduğunuza görə sizi getdiyiniz yerlərdə hörmətlə qarşılayırlarmı?

- Bəli. Atam torpağımız uğrunda, onun azadlığı yolunda canından keçib. Onun bizə ərməğan etdiyi bu şərəfli ad bizim üçün əzizdir. Mən atamla, soyadımla fəxr edirəm.
- İfaçı kimi repertuarınızda vətənpərvər mahnılara yer ayırırsınızmı?

- Valideynini torpaq uğrunda şəhid verən övlad o torpağın uğrunda mahnı oxumazmı? Mənim repertuarımda yer alan mahnıların içərisində vətənpərvər mahnıların xüsusi yeri var. Hesab edirəm ki, vətənpərvər ruhda yazılmış mahnılar əsgərlərimizə bir növ stimul verir. Onların döyüş əzmini gücləndirir. Düşünürəm ki, hər bir müğənninin repertuarında Vətəninə, onun torpaqlarına həsr olunmuş mahnılar yer almalıdır. O mahnılarda əsgərlərimizi qələbəyə, döyüşə, mübarizəyə səsləməlidir. Ölkəmizi vəsf edən mahnılar yazdırmalıdır. Repertuarımda yer alan “Azərbaycan”, “Qələbə” mahnıları buna ən bariz nümunədir. Ən böyük arzularımdan biri də budur ki, mahnılarımızı işğal olunmuş torpaqlarımız geri qaytarılanda gedib Qarabağ torpaqlarında oxuyum. Mənim üçün mahnıların təsir gücü o zaman bambaşqa olacaq.
- Müharibənin acısını yaşamış bir vətəndaş olaraq torpaqlarımızın sülh yolu ilə, yoxsa müharibə ilə geri qaytarılmasının tərəfdarısınız?

- Torpaqlarımızın sülh yolu ilə geri qaytarılmasının tərəfdarıyam. İstəmirəm ki, övladlarımız atasız, valideynsiz qalsın. Sırf şəhid verməmək üçün sülh danışıqları ilə torpaqlarımızın geri qaytarılmasını istəyirəm. Bir şəhid bir ailənin atasız, oğulsuz qalması deməkdir. Mənsə bunu istəmirəm. Hər zaman sülh tərəfdarı olmuşam. O torpaqlar bizimdir və bizim olacaq. Bu, danılmaz faktdır. Ancaq sülh yolu ilə qaytarılsa, qan tökülməsə, daha yaxşı olar.
- Atanızı necə xatırlayırsınız?

- Hər kəs onun yaxşı, mehriban biri olduğunu söyləyir. Atamı sonuncu dəfə mənimlə birlikdə oynayarkən xatırlayıram... Gülüşü gözümün qarşısında canlanır. O, bizi, ailəsini çox sevirdi. Bacardığı qədər vaxtını bizimlə keçirirdi. Atam Mədəniyyət Nazirliyində çalışırdı. Mədəniyyət işçisi olub. İşinin çox olmasına baxmayaraq, bizi hər şeydən üstün tuturdu. Bizimlə oynayırdı, əylənirdi. O, ziyalı ailəsində dünyaya gəlmişdi. Babam professordur. Atam ailəsini sevən, ona bağlı bir insan olub. Onun uzun kiprikləri vardı. Yadımdadır ki, onun kipriklərini ovcuma qoyurdum, ovcumun içi qıdıqlanırdı. Uşaq idim, mən də gülməyə başlayırdım. Bu mənim xoşuma gəlirdi. Yaşım az olsa da, bu heç vaxt yadımdan çıxmır. İndi də gözlərimi yumanda onun kipriklərini ovcumda hiss edirəm...Atamı xatırlayıram.
- Xalqımızın şəhid verdiyi bu günlərdə toya gedən müğənnilərimiz də az olmadı. Bəs siz necə, toylar və ya hər hansı şənliklərdə iştirak etdinizmi?

- Bu müddət ərzində heç bir el şənliyinə getmədim. Vətən uğrunda şəhid verdiyimiz bir vaxtda mənə şənlik etmək yaraşmazdı. Ancaq düşünürəm ki, bundan sonra cəbhə bölgələrinə səfərlərə gedib, əsgərlərimizə konsert proqramları təşkil edək. Yaxın zaman ərzində bu layihəni də həyata keçirəcəyik.
- Konsert demişkən, bildiyimiz qədər Mədəniyyət Sarayına rəhbərlik də edirsiniz.

- Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayının direktoruyam. Orada yaradıcı kollektivlə konsert proqramları təşkil edirik. İşimi çox sevirəm. Yaxın zamanlarda kollektivimizlə birlikdə cəbhə bölgələrinə gedəcəyik. Şəhid qızı olduğuma görə əsgərlərimizin əhatəsində özümü çox rahat hiss edirəm. Onların əhatəsində elə hesab edirəm ki, sanki atam yanımdadır.
Xəyalə Rəis
1-ci şəkildə: Leyla Ramazanlının şəhid atası

banner

Oxşar Xəbərlər