• şənbə, 20 Aprel, 09:32
  • Baku Bakı 14°C

O gün insanlığı tərk edirdim...

16.05.16 15:18 2419
O gün insanlığı tərk edirdim...
Yenə həmişəki kimi yorğun halda dərsdən çıxıb evə gedirdim. Amma bu dəfə həmişəki yoldan yox, parkın içindən keçən yoldan. Hava da bir qədər soyumuşdu. Skamyalar bomboş idi. Әtraf çox qəribə görünürdü. Belə havalarda rayonda olanda havadan torpaq qoxusu gələrdi, amma burada adını bilmədiyim başqa bir qoxu yayılırdı. Deyəsən, günəş buludlarla mübarizədə çox yorulmuşdu. Getdikcə hava qaralmaq istəyirdi. Lakin məndən çəkinir, gözümü oğurlamağa çalışırdı ki, onun necə siyah libasına büründüyünü görməyim. Mən diqqətlə baxır, öz ürəyimdə hava ilə yarışırdım: "Gözümü səndən çəkməyəcəm”. Lakin nə olduğunu anlamadan gözümü ayırmalı oldum. Buna səbəb alaqaranlıqda yaşlı, beli bükülmüş bir qadın görməyim oldu. Qadın o qədər yaşlı görünürdü ki, onun belə görünməsinin səbəbinin yaşının çoxluğumu, ya həyatın qəddar oyunlarının çoxluğumu olduğunu anlaya bilmədim. Amma bu fikir durmadan, qeyri-iradi beynimdə ac siçovul kimi fırlanırdı. Getdikcə soyuyan noyabr axşamında bu arıq, solğun bənizli qadın başındakı tək çəhrayı güllü yaylıq, üzərindəki nazik, solmuş, yaşıl rəngdə don, ayaqlarındakı çoxdan yararsız hala düşmüş ayaqqabı ilə qalmışdı. Әynindəkilərin köhnə olması, bəzi yerlərinin yırtılmasından utanaraq paltarının yırtıqlarını əlinə yığıb əlindən son çörəyinin alınmasından qorxan müharibədəki uşaqlar kimi bərk-bərk sıxmışdı. O, skamyalardan birinin yanında yerə əyilib başına yığışan sahibsiz pişikləri sığallayırdı. Qadın bu hərəkətləri ilə öz arxada qalan, unutduğunu sandığı, lakin yalnız qalanda beynini gəmirən gənclik xəyallarına sığal çəkirdi sanki. Pişiklər onun bu hərəkətlərindən zövq alır, bəlkə də, ilk dəfə idi ki, əziyyətdən başqa heç nə görməyən bu kobud əllər pişiklərə isti və incə gəlirdi. Acmı, toxmu olduğunu bilmədiyim bu qadın, elə bil ki, pişiklərə baxdıqca öz təkliyini görür və onların sevgisiylə özünü ovundururdu. Sonra qadın başını qaldırıb mənə baxdı. Gözləri yaşlı görünürdü. Әvvəl ağladığını düşündüm, amma o, ağlamırdı. Bütün həyatını, əzablarını bu yığılmış, ətrafı qırışmış, göz qapaqları yarısını örtmüş gözlərində əks etdirirdi. Dodaqlarının kənarındakı qırışlar o qədər dərin idi ki, kəsik kimi görünürdü. Yarı ağ, yarı qara zolaq-zolaq saçlarını oynadan külək həyatın onun incə ürəyi ilə necə oynadığını nümayiş etdirirdi sanki. Birdən diksindim, havanın qaraldığını və parkın işıqlarının yandığını gördüm. Hava yenə mənə qalib gəlmişdi. Getmək vaxtı idi, tələsməliydim. Ürəyimdə qəribə bir hiss oyanmışdı və məni parkdan uzaqlaşmağa qoymurdu. Sanki o qadının bu vəziyyətdə olmasına səbəbkar mən özüm idim. Evə gedib isti xörək yemək, rahatca öz yerimdə oturmaq o qədər ağır görünürdü ki... Özümü günahkar kimi hiss edirdim. Amma getməliydim. Oranı tərk etdim. Yoluma davam etməyə başladım. O gün mən insanlığı tərk edirdim. Bəlkə də, nə isə yaxşılıq edə bilərdim o qadına. Məni unutmayacağı bir şey. Hər gün ona mənim kimi nəzər salıb yanından keçən onlarla insan olur. Amma mən öz xeyirxahlığımla yadda qala bilərdim. İndi mən də o onlarla insandan, heç nə etmədən, nə isə etməyə cəhd belə etmədən onun yanından ötüb keçənlərdən biriyəm. Bəlkə də həqiqətən günahkaram. Bilmirəm. Onu bilirəm ki, o qadın məni unutsa da, mən onu unuda bilmirəm. O gündən bəri onu düşünür, həyatı, yaşadıqları ilə bağlı müxtəlif hekayələr yazıb pozuram. Hansının düz olduğunu bilmədən. Bəlkə də onun yaşadığı əzabları heç təxmin belə edə bilmirəm. Amma o vaxtdan bu cavabını tapmaqda çətinlik çəkdiyim sualı özümə təkrar-təkrar verirəm: "Həyat bu qədər çətindir, yoxsa bizmi yaşamağı bacarmırıq?”.
Səbinə Şirməmmədova
banner

Oxşar Xəbərlər