• cümə, 19 Aprel, 22:26
  • Baku Bakı 24°C

O gün həyatımda dərin izlər qoydu…

09.05.13 08:59 2038
O gün həyatımda dərin izlər qoydu…
Bu gün 9 may qələbə bayramıdır. Düz 68 il bundan öncə bu gün digər xalqlar kimi Azərbaycan xalqının da tarixinə qələbə günü kimi həkk olunub. Çünki, bəşər tarixinin ən dəhşətli müharibəsində qələbənin əldə olunmasında xalqımızın böyük rolu olub. Bu zaman həmyerlilərimiz 610 mindən çox qızını və oğlunu müharibəyə yola salıb və onların təxminən yarısı bu müharibədə həlak olublar. Qanlı-qadalı döyüşlərdə göstərdikləri igidliyə görə respublikamızdan hərbi xidmətə çağırılmış 130-dan çox şəxs Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılmış 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar döyüşlərdə misilsiz igidlik və şücaət göstərərək, adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazıblar.
"Vətəni qorumağa kim hazırdır?"
Bu müharibənin igidliyi ilə seçilən və adını tarixə yazdıran iştirakçılarından biri də müsahibimiz İsmayıl Qasım oğlu Qasımovdur. Onun vətən qarşısında aldığı mükafatların sayı-hesabı yoxdur. Müharibənin canlı şahidi 1923-cü ilin iyun ayının 10-da Gəncə şəhərində anadan olub və dəmiryol məktəbinin 10-cu sinfində oxuyarkən könüllülər cərgəsinə yazılıb. O, bizimlə söhbətində geridə qalan müharibə illərindən həyəcanla danışırdı: "Məktəbdə digər sinif yoldaşlarımla birlikdə ədəbiyyat dərsində idik. Dərs zamanı məktəbin direktoru ilə rayon hərbi komissarlığından bir nəfər otağa daxil oldu və bütün sinfə "Vətəni qorumağa kim hazırdır?" sualını verdi. Sinifdə 4 oğlan və 28 qız var idi. Oğlanların hamısı düşünmədən ayağa qalxdı, qızlardan isə 2 nəfər bu şərəfli vəzifəni yerinə yetirmək istədi. O gündən etibarən hərbi komissarlıq tərəfindən məni Gürcüstanın Telavi şəhərinə hərbi məktəbə göndərdilər. 1942-ci ilin iyun ayında hərbi məktəbi bitirdikdən sonra 369-cu qvardiya atıcı diviziyasına təyin etdilər. Orada kəşfiyyat tağımının komandiri oldum. İki aydan sonra bildirdilər ki, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Mircəfər Bağırovdan teleqram gəlib. 7 nəfər azərbaycanlını o cümlədən də məni 77-ci diviziyaya göndərəcəklər. Beləliklə, mən 197-ci tank əleyhinə əlahiddə qırıcı artilleriya diviziyonunda bölük komandirinin müavini təyin olundum".
Veteranın keçdiyi döyüş yolu
İllər keçməsinə baxmayaraq müharibə veteranı iştirak etdiyi döyüşlərin hamısını bu gün kimi xatırlayır və böyük fəxr hissi ilə danışırdı: "Döyüşə İşçorskaya şəhərindən başladıq sonra Mazdoku azad etdik. Hansı ki, Mazdok şəhəri almanlar üçün çox böyük əhəmiyyət kəsb edirdi. Bununla yanaşı diviziyamızla birlikdə döyüşlərdə Proxladnı, Georgiyevski, Minvodu azad edib Azov şəhərinə qədər gəldik. Mən Azov döyüşlərinin birində ağır yaralandım, müalicə olunandan sonra alaya geri döndüm və Şimali Qafqaza qədər böyük bir döyüş yolu keçdim. Nikolayev, Xerson, Kursk qövsü, Oryol və Şərqi Prussiya döyüşlərində iştirak etdim. Bu döyüşlərdə alman sualtı qayığını bütün heyəti ilə əsir götürdük və ikinci dərəcəli böyük vətən müharibəsi ordeninin o vaxt qazandım. Bundan sonra fəaliyyətimə görə məni 257-ci bölüyə komandir təyin etdilər. Bu diviziya ilə Dinepetrovskdan Keninskberqe, Kalininiqrada qədər böyük bir döyüş yolu keçdim. Sovet ordularına müqavimət göstərməkdə çətinlik çəkən hitlerçiler geri çəkilməli olurdular".
90 yaşlı veteranla söhbətimizdən məlum olur ki, o sovet ordusunda xidməti müddətində hər birinin arxasında müharibənin sərt qanunları və ölüm-dirim savaşı dayanan bir çox medallara layiq görülüb. Müsahibimiz Böyük Vətən Müharibəsinin iki birinci dərəcəli ordeni, Böyük Vətən Müharibəsinin ikinci dərəcəli ordeni, şücaət medalı və 37 digər medallarla təltif edilib.
Adını Reyxstaqa həkk edən qəhrəman
Böyük Vətən Müharibəsi 1945-ci il mayın 9-da – Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb. O gün haqqında fəxrlə danışan müsahibimiz Reyxstaqın divarlarına öz adını bıçaqla həkk etdiyini bildirdi: "Aprelin 29-da bizə əmr verildi ki, Berlindəki vəziyyəti aydınlaşdırıb, məruzə edək. Bu əmri yerinə yetirmək üçün xüsusi kəşfiyyat qrupumuz alman hərbi forması geyinərək şəhərə daxil oldu və iki əsirlə geri qayıtdılar. Bundan sonra bizim diviziyamız şəhərə daxil oldu və küçə döyüşləri başlandı. Hitlerçilərin müqavimətini qıraraq günbəgün faşist Almaniyasının reyxstaqına yaxınlaşırdıq. Mən Reyxstaqa gedən pilləkənlərlə yuxarı qalxdım və 32-ci pillədə divara bıçaqla "Mən Kirovabaddan İsmayıl Qasımov" sözlərini həkk etdim. Həmin günün axşamı Almaniyanın zəbt olunması rəsmi şəkildə elan edildi. 9 mayda Lindenstaxsda (lipa ağacı altında küçə) 93 döyüşçümlə yığışaraq qələbəmizi qeyd etdik".
Qələbədən sonra öz evinə, anasının yanına getdiyi günü danışarkən kövrələn veteran həyəcanını gizlədə bilmirdi: "Öz evimə geri dönərkən qapımıza qeyri-əmin şəkildə yaxınlaşdım, çünki, qapının arxasında məni nə gözlədiyini bilmirdim. Özümü toplayıb qapını döydüm və qapını anam açdı. Məni görər-görməz isə illərlə həsrətimi çəkən anamın ürəyi getdi və yerə yıxıldı. Sən demə anam məni ölü bilirmiş, mən müharibədə olarkən bizim evə qara kağız adlandırılan “ölüm kağızım” göndərilib. Anam gözünün qarşısında məni canlı görəndə isə çox həyəcanlanmışdı".
Veteranın arzusu...
Hər il 9 mayda o günləri təkrar yaşadığını bildirən müharibənin canlı şahidi ən böyük arzusunun o dövrdə çiyin-çiyinə vuruşduğu yoldaşları ilə birlikdə həmin yerləri yenidən ziyarət etmək olduğunu bildirdi: "qələbə günü o gündən etibarən mənim həyatımda dərin izlər qoydu. Artıq qocalmışam bir gün hər şeyi unutsam da əminəm ki, "eşitdiyim ilk silah səsi" və "qələbə bayrağını Berlinə sancdığımız gün" xatirəmdən silinməyəcək".
Böyük Vətən Müharibəsinin hər bir iştirakçısı haqqında kitab yazmaq olar. Çünki, onlar əsl kişilik nümunəsi göstərərək adlarını tarixə həkk ediblər. Bu dövrdə babalarımızın, atalarımızın vuruşmaları gələcək nəsillərin yaddaşına əbədi həkk olunub. Biz onları yad edərkən qəhrəmanlar haqqında ayaq üstündə danışmalı, veteranlarımızı qorumalıyıq. Çünki onlar əsl kişilik nümunəsi göstərərək vətənin müdafiəsinə qalxıblar. Bütün Azərbaycan xalqını və xüsusilə bu günün bayram edilməsinə səbəbkar olan veteranları qələbə günü münasibətilə təbrik edirik.
Aygün Cəfərli
banner

Oxşar Xəbərlər