• çərşənbə axşamı, 23 aprel, 12:00
  • Baku Bakı 20°C

O gülmürdü, güldürürdü

11.06.16 12:22 2125
O gülmürdü, güldürürdü
Teatr və kino sənətinin görkəmli nümayəndələrindən biri olan Hacıbaba Bağırovun adı çəkiləndə istər-istəməz hər kəsin üzünə bir təbəssüm qonur. Bəlkə elə bunun özü də aktyorun əbədi yaşadığını təsdiqləyən bir amildir. Çünki mədəniyyət tarixində öz yerini də gülüşlə qazanan, sənətə gəldiyi gündən tamaşaçıları güldürə-güldürə düşündürən Hacıbaba Bağırov əslində gözyaşı içində də gülüş yaratmağı bacaran və səhnəmizin ən müqtədir aktyorlarından sayılırdı. Hacıbaba Bağırov libasını geydiyi obrazların demək olar ki, əksəriyyətində özünün güldüyünü görən olmayıb. O, nə səhnədə, nə də ekranda gülmürdü, güldürürdü. Bu, aktyorluq üçün, xüsusən də komik sənətkar üçün ən vacib şərtdir.
Hacıbaba Bağırovun yaratdığı obrazlar hər kəsi özünə cəlb edirdi, nəşələndirirdi, güldürürdü və təbii ki, düşündürürdü. Güldürə-güldürə də düşündürməyi bacarmaq hər bir aktyordan anadangəlmə istedad, təbiilik və məharət tələb edirdi. Bu da hər kəsə nəsib olan sənət keyfiyyəti deyil. Hacıbaba Bağırov aktyor doğulmuşdu. Onun bu sənətə gəlişi isə birbaşa deyil, müxtəlif dolanbac yollardan, ünvanlardan, iş yerlərindən keçdi. Ondakı istedadı, qabiliyyəti ilk dəfə hiss edən isə Azərbaycan mədəniyyətinin korifey sənətkarı Adil İsgəndərov idi. Onu səhnəyə də, ekrana da çağıran məhz bu unudulmaz insan olub.
Hacıbaba Bağırov 1932-ci il iyun ayının 12-də Bakı şəhərində anadan olub. Kiçik yaşlarından teatra böyük həvəsi var idi. Bəzən məhəllə uşaqlarına qoşularaq həyətdə "tamaşa"lar göstərərdi. 1947-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Akademik Dram Teatrının nəzdindəki aktyor studiyasına gəlib. O, burada Adil İsgəndərovun rəhbərliyi altında sənətin sirlərini öyrənməyə can atıb. İlk əmək fəaliyyətinə isə 1950-ci ildə (ailə vəziyyəti ilə əlaqədar olaraq ora köçüblər) Lənkəran Dövlət Dram Teatrında başlayıb.
Oxumaq, təhsil almaq fikri gənc Hacıbabanı heç zaman rahat buraxmırdı. Yenidən Bakıya gəlib. Arzularının can atdığı yox, taleyin yazdığı, qədərin istiqamətləndirdiyi yolla Azərbaycan Dəmiryol Məktəbində təhsil alıb. 1953-cü ildə buranı bitirdikdən sonra Biləcəri deposunda maşinist köməkçisi işləyib. 1959-cu ilə qədər özü depoda çalışıb, xəyalı isə teatr səhnələrində cövlan edib. Bir müddət də Daxili İşlər Nazirliyində klub rəhbəri kimi çalışıb. Nəhayət, arzularının çiçək açdığı gün yetişib. Onu 1960-cı ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyor truppasına qəbul ediblər.
Maraqlıdır ki, Hacıbaba Bağırovun ilk rolu dramatik bir obraz olub. Bu, Cəfər Cabbarlının "Almaz" pyesindəki Fuad surəti idi. Ümumiyyətlə, o, Gəncə teatrının səhnəsində müxtəlif səpkili rollar yaradıb. Ondakı aktyorluq məharəti, yaratdığı rola ciddi münasibəti rejissorların diqqətini cəlb edib. Onu 1962-ci ildə Musiqili Komediya Teatrına dəvət ediblər. Burada fəaliyyət göstərdiyi uzun illər ərzində yaratdığı obrazlar ona böyük şöhrət gətirdi. Hacıbaba Bağırov respublikamızın tanınmış gülüş ustalarından biri idi. Bəxti həm də onda gətirmişdi ki, o, səhnədə həmin dövrün korifey sənətkarları ilə çiyin-çiyinə çalışırdı. Həm dublyor, həm tərəf-müqabil kimi. Bu cür iş prosesi isə gənc aktyorun formalaşmasında, püxtələşməsində böyük əhəmiyyət kəsb edirdi.
Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Nəsibə Zeynalova kimi məşhur sənətkarlarla səhnəni bölüşdürmək özü bir məktəb idi. Həm tamaşaçılar, həm də rejissorlar tərəfindən sevilən, rəğbətlə qarşılanan Hacıbaba Bağırov bu teatrın səhnəsində Soltan bəy ("Arşın mal alan"), Məşədi İbad ("O olmasın, bu olsun"), Orduxan ("50 yaşında cavan"), Cəbi Cümazadə ("Həmişəxanım"), Mitoş ("Hicran"), Cəsarət ("Nənəmin şahlıq quşu"), Fərzəli ("On min dollarlıq kef"). Bu yerdə "Hicran" tamaşası haqqında xüsusi danışmaq istərdik. Çünki bu tamaşada Azərbaycan teatr mədəniyyətinin çox məşhur və korifey sənətkarları bir araya gələrək gözəl nümunə yaradıblar. Xatirələrdən bəlli olur ki, Emin Sabitoğlunun bu əsəri teatrda səhnələşdirildikdən sonra bütün tamaşalar anşlaqla keçib. Əsərin rejissoru Şərif Qurbanəliyev olub. O, bir rejissor məharəti ilə gülüş ustalarını bir səhnəyə yığaraq "Hicran"a əsl tamaşaçı məhəbbəti qazandırdı. Elə bunun nəticəsidir ki, sonralar Ələkbər Kazımovski onun kino variantını da işləyib hazırladı. Bu gün həmin lent yazılarına baxanda Hacıbaba Bağırovun Mitoşbalası, Səyavuş Aslanın Dadaşbalası, Nəsibə Zeynalovanın Qızbacısı, Ofelya Aslanın Çarlistonu, Şəfiqə xanımın Fatısı təzə və maraqlı görünür. Dəfələrlə göstərilməyinə baxmayaraq, "Hicran" həmişə maraqla izlənilir. Əsas səbəb isə böyük aktyorların bir yerdə tamaşaya bağışladıqları əbədi uğurdur.
Unudulmaz aktyorun kino sənətinin də inkişafında özünəməxsus xidməti olub. İlk çəkildiyi film "Ulduz" (1964-cü il) olub. O bu ekran əsərində Möhsün obrazını yaradıb. "Ulduz" Azərbaycan filmlərinin, doğrudan da, ulduzudur. Onun çəkilişindən az qala yarım əsrə yaxın vaxt keçməsinə baxmayaraq, həmişə maraqla izlənilir. Bu doyumsuzluğu ona bağışlayan yenə də aktyor seçiminin düzgün aparılmasıdır. Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Nəcibə Behbudova kimi gülüş ustaları ilə bir filmdə çəkilmək böyük səadət idi. İkinci filmi isə "Qanun naminə"də Arif obrazı olub. Burada yaratdığı obraz ciddidir. Adil İsgəndərov, Rza Təhmasib kimi sənətkarlarla eyni filmə çəkilmək gənc aktyorun həyatında dərin iz buraxdı.
Sonralar çəkildiyi filmlərin sayı çoxaldıqca obrazlar qalereyasının zənginliyi də artırdı. "Alma almaya bənzər", "İstintaq davam edir", "Şirbalanın məhəbbəti", "General", "Gülüş sanatoriyası" və s. filmlərdə yaratdığı obrazlar bu gün də aktual və maraqlı görünür. Onun təqdim etdiyi surətlərin dili ilə işlətdiyi elə sözlər olub ki, indi el arasında aforizmə çevrilib. Məsələn, "istəyirsən, texnikuma girim sənin üçün", "istəyirsən, bazarı bağlatdırım", "pul cırım sənin üçün", "mıx Məmməd kimi nə bitmisən gözümün önündə" və s.
Hələ sovet dövründə onun əməyi yüksək qiymətləndirilmişdi. 1974-cü ildə əməkdar, 1982-ci ildə xalq artisti fəxri adlarına layiq görülmüşdü. Ötən əsrin sonlarında ölkədə yaranan hərc-mərclik bu aktyorun da taleyində iz buraxdı. Canı və varlığı qədər sevdiyi teatrı tərk edən Hacıbaba Bağırov "Tənqid-təbliğ" teatrını yaratdı. Onun həm bədii rəhbəri, həm də direktoru vəzifəsində çalışan müqtədir aktyor ətrafına cavan həmkarlarını toplayaraq gülüşlə bir sıra qüsur və nöqsanları islah etməyə çalışdı. 1996-cı ildə isə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Hacıbaba Bağırov yenidən doğma kollektivinə qayıtdı. Ömrünün sonuna kimi Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, bədii rəhbəri və aktyoru olan bu gülüş ustası 2001-ci ildə Tamara Vəliyeva və Emin Sabitoğlunun "Bankir adaxlı" tamaşasına görə "Qızıl Dərviş" mükafatına layiq görüldü.
Hacıbaba Bağırov çoxcəhətli aktyor idi. Gözəl səsi və rəqs etmək qabiliyyəti var idi. İstər tamaşalarda, filmlərdə, istərsə də ayrıca konsertlərdə özünəməxsus şövqlə mahnılar ifa edərdi. Xüsusilə də məzəli və lirik nəğmələr onun ifasında mükəmməl alınırdı. Rəqs kompozisiyaları da maraqlı olurdu. Hacıbaba Bağırov tamaşaçını yormayan aktyor idi. Bunun da əsas səbəbi onun təbiətən ciddi, sənətə də bu yöndən yanaşmaq qabiliyyəti idi. Bütünlüklə səhnə aşiqi idi Hacıbaba Bağırov. Rejissor Muxtar Dadaşov vaxtilə onun haqqında yazıb: "O, böyük sənətkardır. Hacıbaba çox istedadlı, zəhmətsevər və işgüzardır. Onun üçün ayrıca ssenarilər yazılmalıdır. Həmişə onun oxumalarına, rəqslərinə baxanda fikirləşirəm ki, o, səhnə üçün doğulub..." Bu fikirdə böyük həqiqət var. Onun çəkildiyi kinolara diqqət yetirsək görərik ki, bu ekran əsərlərinin hamısı sevilən, maraqla izlənən, dəfələrlə baxılan və Azərbaycan mədəniyyətinin Qızıl Fonduna daxil olan filmlərdir. Muxtar Dadaşov haqlı idi. Belə bir potensiala malik olan aktyor daha çox filmlərə çəkilməli idi. Teatr sənətinin bir qəribəliyi də var ki, tamaşa nə qədər qeyri-adi, uğurlu alınsa da, əgər lentə köçürülməyibsə, bir müddət yaddaşda qalsa da, sonralar unudulur. Əsər o zaman yaşayır ki, onun görüntüsü var. Hacıbaba Bağırovun iştirak etdiyi tamaşaların hamısı lentə alınmayıb ki?! Amma çəkildiyi filmlər yaşamaqdadır. Nə isə... Bu da teatr aktyorlarının taleyidir.
...O özü böyük ustadlardan öyrənmişdi. Onların yolunu da ləyaqətlə davam etdirdi. Vəfatından keçən 6 il ərzində onu teatr səhnəmizdə görməsək də, bizə təbəssüm bağışlayan, gülə-gülə düşündürən obrazları yenə də ekran vasitəsilə qonağımız olur. Hər dəfə Musiqili Komediya Teatrına yolumuz düşəndə xatırladığımız korifey sənətkarların sırasında xalq artisti, unudulmaz gülüş ustası Hacıbaba Bağırovun da öz yeri var...
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
banner

Oxşar Xəbərlər