• cümə, 26 Aprel, 01:15
  • Baku Bakı 16°C

O əjdahadan bizdə niyə yoxdu?..

26.09.14 12:46 1988
O əjdahadan bizdə niyə yoxdu?..
Sentyabrın 24-də Milli Məclisin Mədəniyyət komitəsinin iclasında iştirak edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, “Kinematoqrafiya haqqında” mövcud qanunun bir sıra müddəaları var ki, həmin müddəalar artıq köhnəlib və onların zamanın, dövrün reallıqlarına, tələblərinə uyğunlaşdırılması ehtiyacı yaranıb: “Bu həyatda heç nə əbədi deyil. Dəyişikliklər, yeniliklər mütləq olmalıdır. Eyni zamanda onu da deyim ki, son illər Azərbaycan kinosunda dinamikanın müsbətə dönüşünü görməliyik. Bunu görməmək mümkün deyil. Bununla belə hesab edirik ki, Azərbaycan kinosunun inkişafı, kino çəkilişi ilə bağlı texniki avadanlıqların dünya standartlarına çatdırılması üçün kinomuz mütləq bir sıra vergi növlərindən, gömrük rüsumundan azad olunmalıdır”.
Nazir müavininin fikrinə görə, bu gün yaxşı film istehsal etmək üçün mütləq yüksək səviyyəli yeni texniki avadanlıqlara ehtiyac duyulur: “Təəssüflər olsun ki, “Azərbaycanfilm” kinostudiyasındakı kameralar, texniki avadanlıqlar ötən əsrin 40-50-ci ilərindən qalıb, kinopavilyonlar Nuh əyyamından qalmadır. “Azərbaycanfilm” kinostudiyası ilə yanaşı, dövlətdən dotasiya alan digər 7 kinostudiya da bu gün kinolentlərini xaricdən almaq məcburiyyətindədir. Ancaq vergilərin, gömrük rüsumunun yüksək olmasına görə bunu edə bilmirlər. Keyfiyyətli film çəkmək üçünsə keyfiyyətli kinolentlərə ehtiyac var. Onları da ancaq ABŞ-dan, Almaniyadan, Yaponiyadan alıb gətirmək olar. Ancaq dediyim səbəblərdən bunları alıb gətirmək mümkün olmur”.
O qeyd edib ki, ümumiyyətlə, Azərbaycan kinosu vergilərlə o qədər yüklənir ki, artıq rentabellikdən çıxır: “Bu gün biz beynəlxalq festivallarda iştirak edirik, Azərbaycan kinosu beynəlxalq festivallarda nümayiş olunur. Ancaq bunların sayı azdır. Bunların sayının çox olması üçün xaricdən bura güclü aktyorların, rejissorların, operatorların dəvət olunması da lazımdır və vacibdir. Ancaq Nuh əyyamından qalmış avadanlıqlarla hansı keyfiyyətli filmdən danışmaq olar və ya kim həmin avadanlıqlarla burada film çəkilişinə razı olar? Ona görə də bu baxımdan hesab edirik ki, ən azı 5 il, uzağı 10 il olmaq şərti ilə Azərbaycan kinosu bir sıra vergilərdən, gömrük rüsumundan azad olunmalıdır. Biz demirik ki, bu, 50 və ya 100 il müddətinə olsun, biz sadəcə istəyirik ki, Azərbaycan kinosunu ayağa qaldırmaq, onu dünya miqyasına layiqli şəkildə çıxarmaq üçün ən azı 5-10 illiyinə vergilərdən, gömrük rüsumundan azad olunma nəzərdə tutulmalıdır. Bunsuz Azərbaycan kinosunun inkişafından danışmaq olmaz”.
Nazir müavininin bu çıxışı kino sahəsində çalışanların ürəyindən xəbər verib. Belə ki, bizimlə söhbətdə hər kəs onun fikirləri ilə tamamilə razı olduğunu, ancaq eyni zamanda keyfiyyətli serialların, filmlərin ərsəyə gəlməsi üçün yalnız müasir texniki avadanlıqların kifayət etmədiyini bildirdi.
Hər bir texnika, avadanlıqlar yenilənməlidir
“Pərvanələrin rəqsi”, “Sonuncu fəsil” seriallarının baş rejissoru olan Rövşən İsax Ədalət Vəliyevin fikirləri ilə tamamilə razı olduğunu, il ötdükcə texniki avadanlıqların dəyişdirilməsinin vacib olduğunu vurğuladı: “XXI
əsr yüksək texnologiyalar əsridir. Hazırda texnologiya çox sürətli inkişaf edib. Hər bir texnika, avadanlıqlar yenilənməlidir. Bu, müasir dövrün tələbidir. Razıyam ki, biz bu gün serialların çəkilişində, istehsalat məsələlərində vergilərlə bağlı bir qədər çətinlik çəkirik. Bu, kompleks şəklində olan bir işdir. İlk növbədə mütləq xarici kadrlardan istifadə etməliyik. Bundan başqa, gənclərimizi xaricdə ustad dərsləri keçməyə göndərməliyik. Bunlar hamısı bir-biri ilə əlaqəlidir. Bu gün Azərbaycan kinosunun gələcəyi haqqında düşünəndə yalnız xaricdən gələn sənətkarları nəzərə alacağıqsa, onda deməli, çəkdiyimiz filmlər sırf Azərbaycan kinosu olmayacaq. Hazırlanan filmlər dünyəvi kino halını alacaq. Dünya xalqlarının hərəsindən bir şey götürülmüş film ərsəyə gələcək. Ancaq bu film Azərbaycan filmi olmayacaq. Azərbaycana aid film olması üçün mütləq şəkildə öz milli kadrlarımızı yetişdirməliyik. Təəssüf ki, bu gün bu barədə təhsil sistemimiz həm maddi, həm də texniki nöqteyi-nəzərdən zəifdir. Hətta Moskvadan belə aşağı səviyyədədir”.
R.İsax kino sahəsində uğur qazanmaq üçün onun hərtərəfli inkişaf etməsini zəruri hesab edir: “Təsəvvür edin ki, avtomobil istehsal edirik. Biz ancaq onun zahiri görünüşü haqqında düşünürük. Onun nə təkəri, nə də başqa avadanlıqları haqqında düşünürük. Kino da bir istehsalat müəssisəsidir. Mütləq bu müəssisədə keyfiyyətli kadrlar, müasir texniki avadanlıqlar olmalıdır ki, biz keyfiyyətli kinodan danışa bilək”.
Teleserial çəkmək üçün yüksək səviyyəli texnikaya ehtiyac yoxdur
“Bir ailəm var” serialının baş rejissoru Rüfət Şahbazov bizimlə söhbətində bildirdi ki, kino sahəsində vergilərin azaldılması serial sahəsində çalışanların iş strukturuna xeyli təsir göstərə bilər: “Hazırda kino çəkən şirkətlərə dövlət tərəfindən qayğı özünü göstərməkdədir. Ancaq teleseriallarla kinonu qarışdırmaq olmaz. Teleseriallar televiziya üçün çəkilən məhsuldur. Kino isə böyük formatda çəkilir. Böyük film çəkmək üçün böyük, dünya standartlarına cavab verən keyfiyyətli texnika lazımdır. Teleserial çəkmək üçün o qədər də bahalı texnikaya ehtiyac yoxdur. Televiziyanın ötürücüsü hansı texnikanı tələb edirsə, o kifayət edir. Azərbaycan televizyaları HD yayıma keçmir, əgər HD yayım olarsa, gərək seriallar da daha bahalı kameralarla çəkilsin. Türkiyə seriallarının keyfiyyəti tək onların kameraları ilə deyil, həm də teleötürücüləri ilə bağlıdır. Türkiyədə ARRI -ALEXE kameralarından istifadə edirlər, hansı ki, onlar 4K-2K ilə çəkilir. O, həm televiziya, həm də kinoteatr üçün nəzərdə tutulub. Onların kanallarının ötürücüləri belə HD- formatındadır. Bizim kanalların ötürücüləri tam olaraq HD-yə keçirilməyib deyə, hal-hazırda serial üçün istifadə olunan texnikalar kifayət edir. Ancaq kino üçün kifayət deyil. Ümumiyyətlə, prodakşınlara, kino şirkətlərinə kinotexnikanın gətirilməsi və bunun vergidən azad olanması çox müsbət təklifdirr. Onda filmlərimiz daha keyfiyyətli çəkilər və daha da inkişaf edər”.
Ancaq R.Şahbazov xaricdən güclü aktyorların dəvət olunmasına ehtiyac görmür. Səbəb olaraq isə Azərbaycanda kifayət qədər yaxşı aktyorlar olmasını göstərir: “Azərbaycan aktyorları bizim milli mentalitetimizi, tamaşaçılarımızın zövqünü bilən aktyorlardır. Xaricdən müasir texnikanı bilən mütəxəssislərin gətirilməsi fikrini isə dəstəkləyirəm. Nazir müavininin peşəkar rejissorların ölkəmizə dəvət olunması ilə bağlı fikri ilə də razıyam. Peşəkar rejissorların Azərbaycanda ustad dərsləri keçməsi yerli rejissorlar üçün çox yaxşı olardı. Bildiyim qədəri ilə, «Azərbaycanfilm» kinostudiyası xaricdən tanınmış rejissorları dəvət edib ustad dərsləri keçirir. Hesab edirəm ki, xaricdən ssenarist dəvət olunmağına ehtiyac yoxdur. Çünki onlar Azərbaycan mentalitetin yaxşı bilmirlər. Bizim kifayət qədər gözəl ssenaristlərimiz, aktyorlarımız, rejissorlarımız var. Ancaq texnika üçün operatorlar, işıqçılar, səs avadanlıqları ilə işləyən mütəxəssislərin gəlməsi çox yaxşı olardı”.
Serial istehsalçılarımızın yaradıcılıq tərəfi axsaqdır
“Öz film” şirkətinin baş prodüseri Fehruz Şamıyev Ədalət Vəliyevin qaldırdığı məsələlərin bu gün həlli ən vacib problemlər olduğunu dedi: “Azərbaycan kinosunun, eldəcə də serialların texniki tərəfdən aşağı səviyyədə olması ilə bağlı səsləndirdiyi fikirlər çox önəmli məsələlərdir. Azərbaycanda hazırda kino industriyası, kino sənayesi yeni-yeni inkişaf edir. Belə bir dönəmdə yerli kadrlara ehtiyacımız var. Təəssüf ki, kino industriyası əvvəlki illərdə də bərbad olduğu üçün indi bizdə yetişmiş kadrlar yoxdur. Ona görə də bizim kino sayəsində müəyyən problemlərimiz yaranır. Texnika olsa belə, həmin texnikanı işlədə bilən mütəxəssislərimiz çox azdır. Ən azı, bizim kamera üzrə mühəndislərimiz yoxdur. Bizim layihələrin əksəriyyətində belə kadrlar xaricdən dəvət olunur. Texnikaya gəldikdə isə, düzdür, Azərbaycanda müəyyən qədər yüksək səviyyəli texnikalar var, ancaq onlar da çox azdır və müəyyən şirkətlərə məxsusdur. Həmin kameraların qiyməti çox yüksək olduğu üçün film istehsal etmək istəyən şirkətlərin büdcələri çatmır ki, onları kirayəyə götürsün. Ona görə də çəkilən seriallarda keyfiyyətsizlik ortaya çıxır”.
F.Şamıyev xaricdə təhsil məsələsini də aktual hesab edir: “Bizim filmlərin keyfiyyətli alınması üçün deyilən fikirlərlə tamamilə razıyam. Son illər çəkilən bədii filmlərin istehsalında görmüşük ki, müəyyən operatorlar Gürcüstandan, İrandan və Rusiyadan gətirilib. Bu da onu göstərir ki, bu sahədə bizdə ciddi problemlər var. İlk növbədə Azərbaycan kinosunda və serialında kadr potensialını artırmaq lazımdır. Digər tərəfdən isə, istehsalçı şirkətlərin özünün texniki imkanlarını artırması üçün Ədalət Vəliyevin qeyd etdiyi ən önəmli məsələ olan texniki avadanlıqların vergidən azad edilməsi öz nəticəsini göstərər. Xarici ölkələrdə tətbiq olunmuş bu praktika çox böyük müsbət nəticələr ortaya çıxarıb”.
Prodüserin sözlərinə görə, keyfiyyətli serial ərsəyə gətirmək üçün təkcə müasir texnika deyil, həm də güclü yaradıcı potensiala malik olmaq vacib şərtlərdəndir: “Serial çəkən istehsalçı şirkətlərin maddi bazaları aşağı olduğu üçün maliyyə məsələləri özünü tez büruzə verir. Seriala daha çox prodüser və rejissorlar cavabdehdir. Ona görə də serialı hər hansı prodüserə və ya rejissora həvalə edərkən ilk növbədə onların yaradıcı potensialı ilə maraqlanmaq lazımdır. Bundan başqa, bu işdə komandanın özünün də kinematoqrafik yanaşması olmalıdır. Serial məsələsində texnika ilə bərabər, yaradıcı məsələlər də ön plana çəkilməlidir. Bizim serial istehsalçılarımızın yaradıcılıq tərəfləri axsaqdır. Televiziya şirkətləri istehsalçıların layihələrinə qiymət verərkən bəzən çox böyük güzəştlər edirlər. Bu güzəştlər də öz nəticəsini bu şəkildə göstərir”.
Xəyalə Məmmədova
banner

Oxşar Xəbərlər