“O, çəkiliş meydanında qorxulu görünürdü...” - Fotolar
Görkəmli
kino rejissoru Eldar Ryazanovun 90 yaşı tamam oldu. Rusiyada ilk dəfə olaraq
yubiley ərəfəsində ona vətəni Samarada heykəl qoyulub. Eldar Ryazanovun adını
daşıyan bağça-bağda, onun ailəsinin yaşadığı binanın yaxınlığında indi Eldar
Aleksandroviçlə yanaşı oturmaq olar.Məşhur
rejissorun qızı Olqa Ryazanova Samarada olarkən atası haqqında «MK»-ya danışıb.
Onlar yad insanlar kimi görüşüblər
- Atanızın heykəlini qoyarkən
sizinlə məsləhətləşmişdilərmi?
-
Mənə heykəlin eskizlərini göstərmişdilər, xoşuma gəlmişdi. Heykəltəraş Vaxa
Mikaberidze ümidlərimi doğrultdu. Atamın heykəli bəzilərindəki kimi saxta yox,
onun olduğu kimi, təbii və gözəl alınıb.
- Bir dəfə İrina Skobsevoyla
Sergey Bondarçukun heykəli yanında görüşdüm. Yerli kişilər Sergey Fyodoroviçin
xatirəsinə orada içki qonaqlığı təşkil etmişdilər. Bunu görən İrina Konstantinovnanın
əvvəlcə kefi pozuldu, sonra onlara dedi ki, «bəlkə də bu, yaxşıdır. Amma heykəlin
öz həyatı var».
-
Burda da belə bir təhlükə var. Atam skamyada əyləşib. Yanında boş yer çoxdur.
Ona görə də istənilən adam onun yanında oturub içki məclisi qura bilər.
-
Belə bir ehtimal var ki, atanızın
muzeyini Samarada açacaqlar?
-
Söz veriblər ki, bu ilin dekabrında birinci mərtəbəni açacaqlar. Ev üçmərtəbəlidir.
Birinci mərtəbədə atamın valideynləri ilə yaşadığı otaq bərpa olunacaq. İkinci
mərtəbə onun yaradıcılığına həsr olunacaq. Üçüncüdə isə multimedia məkanı
olacaq ki, oranı gəzib dolaşmaq mümkün olacaq.
-
Muzeyin açılmasında sizin də iştirakınız
var?
-
Biz onlarla əlaqə saxlayırıq. Muzeyin rəhbərliyinin xahişi ilə mən FS arxivinə
getmişdim. Öz babam Aleksandr Semyonoviç Ryazanov haqqında maraqlı məlumatlar
topladım. Belə arxivlərə girməyə yalnız qohumların ixtiyarı olduğu üçün onlar mənə
müraciət etmişdilər. Keçmiş anları yada salmaq hərdən insana kədər gətirir,
ağrılı olur. Ona görə də könülsüz də olsa, arxivə getməyə razılaşdım. Arxivə
daxil olandan və məlumatları əldə edəndən sonra fikirləşdim ki, bütün bunları
nahaq yerə oxumamışam. Çox kədərlənirəm ki, babam haqqında nələri öyrəndiyimdən
atamın xəbəri olmadı.
- Babanızı nədə
günahlandırırdılar?
-
O, 1937-ci ildə böhtan üstündə həbs olunub və 18 ildən artıq həbsxanada yatıb.
Bu əsassız böhtan üzündən 58-ci maddə üzrə ona əksinqilabçı adı verərək həbs
ediblər. İttihamda nələr yox idi! Onu Kommunist Partiyası əleyhinə çıxışlarda,
antisovet danışıqlarda, sovet həqiqətinə böhtan atmaqda günahlandırırdılar.
Sosial təhlükəli element kimi babam Borkutlaqa göndərilib. Oradan qaçıb, ancaq
onu tutublar və həbs müddətini artırıblar. O hansı instansiyalara məktub yazmayıb!..
1953-cü ildə bağışlanması üçün Beriyaya məktub göndərib, ancaq rədd cavabı alıb.
- Babanz nə ilə məşğul idi?
-
24 yaşı olanda Aleksandr Semyonoviç Ryazanov «Konstantinovskaya manufaktura»dadirektor köməkçisi olub. 1923-cü ildə o, partiya konfransında iqtisadi mövzuda
çıxış edib. Çıxış edərkən düşünmürdü ki, bu, əksinqilabi trotskiçilikdir...
Bundan sonra o, 14 il normal həyat yaşadı, Çinə və İrana ezamiyyətlərə getdi.
1937-ci ildə isə onun çoxdankı çıxışını yada saldılar. Məlum oldu ki, o, "alman
kəşfiyyatı orqanlarının gələcək agenti” kimi "SSRİ ərazisində diversiya şəbəkəsini”
tətbiq edirmiş.Atam
doğulmamışdan əvvəl valideynləri Tehranın ticarət nümayəndəliyində işləyirdilər.
Adının nə üçün Eldar olduğu buradan məlum olur. Moskvaya qayıdandan sonra
Aleksandr Semyonoviç içməyə başlayır və elə ona görə də atam 3 yaşında ikən nənəm
ondan ayrılır. Sonralar nənəm ikinci dəfə ərə gedib və bir oğlan da dünyaya gətirib.
Ögey babam atama doğma balası kimi baxdığına görə, mən onu yeganə babam hesab
edirəm.
- Hansı sənədlərə baxmağa sizə
icazə verdilər?
-
Üzləşdirmə protokollarına, gecə saatlarındakı uzun sürən dindirmələrə və
babamın avtobioqrafiyasına. Bu sənədlər insanda güclü qəzəb hissi yaradır. Bu sənədlərdən
mən babamın həyatını əvvəldən axıra qədər öyrəndim. Sənədlərin içərisində müxtəlif
ünvanlara, hətta Stalinə də ünvanlanmış, babamın öz günahsızlığını sübut etməyə
çalışdığı məktublar da var idi. Yalnız 1955-ci ildə cinayət tərkibi olmadığı
üçün iş bağlanıb.
- Yaşıdımız olan nəslin nümayəndələri
nə üçünsə öz valideynlərinin keçmişi ilə heç vaxt maraqlanmayıblar.
-
1930-cu ildə atamın valideynləri ayrıldığına görə, o öz atası ilə ünsiyyətdə
olmayıb. 1937-ci ildə isə onun atasını həbs ediblər. O vaxt atamın 39 yaşı
olub. Müharibə illərində atam düşərgədə olan babama məktub yazıb. Cavabında isə
şimal təbiətinin təsviri olan məktub alıb. Atam bundan bərk inciyib. Sənədləri
oxuyandan sonra mənə aydın oldu ki, nəyə görə o vaxt babam belə edib. O istəməyib
ki, oğlu belə «təhlükəli element»lə məktublaşsın. 1960-cı illərdə - atam məşhur
rejissor olan vaxtlarda Aleksandr Semyonoviç onu tapıb. Onlar yad insanlar kimi
görüşüblər. Atam babama bir qədər pul verib, bir neçə ildən sonra isə onun dəfn
mərasimində iştirak edib.
- Sizə sənədlərin surətini
çıxarmağa icazə verdilərmi?
-
Mən babamın bioqrafiyasını öyrənmək üçün daha vacib olan böyük həcmdə sənədlərin
surətini çıxarıb muzeyə təhvil verə bildim.
Sovet insanı
- Necə düşünürsünüz, Eldar
Aleksandroviç sovet insanı idi?
-
Əlbəttə, bəs necə ola bilərdi? Mən də sovet insanıyam, ola bilər ki,
yarımçıq...
- Bu ki, doğum tarixi ilə yox,
mentalitetlə məlum olur.
-
Əvvəla, o da, mən də ateistik. Baxmayaraq ki, atam dindarlara hörmət bəsləyirdi.
Mənə gəldikdə isə, yumşaq desəm, ehtiram etmirəm. Onun filmləri də sovet həqiqətləri
haqqında çəkilirdi. Ayrılıqda isə çətin ki, çəkə bilərdi.
- O, şəraiti olduğu kimi qəbul
edirdi? Yoxsa buna qarşı çıxırdı?
-
Atamda vətəndaş təəssübkeşliyi güclü idi. O, yığıncaqlardakı çıxışlarında
senzuranı, bürokratik nizam-intizamı ciddi tənqid edir və bu, müzakirələrə səbəb
olurdu. Buna görə də atamın hərdən problemləri olurdu.
- Biz Ryazanovun Kinematoqrafiya
İttifaqının qurultayındakı çıxışını səbirsizliklə gözləyərdik. Amma hansısa məqamda
ümumi süstlük yarandı və Eldar Aleksandroviç bəzi həmkarları kimi yığıncaqlara
gəlməkdən əl çəkdi.
-
Atam bütün qurultaylarda sözün düzünü deyərdi.
- Atanız ən çox nəyi qiymətləndirirdi?
-
Bunu heç vaxt təhlil etməmişəm. Baxmayaraq ki, atam qızğın fəaliyyət göstərirdi,
düşünürəm ki, onun üçün vacib yerdə ailəsi dururdu. Atamın ciddi məşğul
olmasına baxmayaraq, ailəsinə bu qədər güc sərf etməsi, can yandırması, diqqət
ayırması qıraqdan bəzilərinə qəribə görünə bilərdi. Mən özümü heç vaxt gücsüz
hiss etməmişəm, hər zaman arxamda böyük bir dağın olduğunu hiss edərək
yaşamışam. O, etibarlı və məqsədinə hər zaman çatan insan idi. Əgər nəsə vəd
edibsə, həmişə yerinə yetirərdi.
-
Siz möhtəşəm kinematoqrafik ailədə böyümüsünüz. Ananız Zoya Petrovna Fomina da
rejissor idi, sənədli filmlər çəkirdi. Təəccüblüdür ki, sizdə bu sahəyə maraq
oyanmayıb.
- Birincisi, aktyorluq qabiliyyətim
heç vaxt olmayıb. Tək bircə dəfə atamın çəkdiyi «Quldur qocalar» filmində
oynamışam və bu mənə bəs edib. İkincisi isə, rejissora təslim olmaq, ümumiyyətlə
kimdənsə asılı olmaq xarakterimə uyğun deyil.
-
Atanız sizi çəkiliş meydanına aparıb. Deyirlər, o qəzəblənəndə çox dəhşətli
görünürmüş...
- Hə, o çox qorxulu görünürdü. Əlbəttə,
atam məsləhətlərə qulaq asırdı, aktyorlara improvizasiya üçün azadlıq verirdi,
ancaq həmişə onların dediyini mütləq kimi qəbul etmirdi. Onun dediyini başqa
cür edəndə çox əsəbləşərdi.
-
Eldar Ryazanov uzun illər Emil Braqinski ilə birlikdə çalışıb. Onların pyesləri
ölkə teatrlarına səpələnmişdi. Demək olarmı ki, onların yolu ayrılanda,
atanızın yaradıcılığının «romantik dövrü» də sona çatdı?
- Belə demək olar... Bu duetin təbii
ayrılığı oldu. Bu, gurultulu qırılma deyildi. Atam Qriqori Qorinlə əməkdaşlıq
edirdi. Onlar birlikdə «Kasıb Qusardan ötrü siz də dua edin» filmini çəkdilər.
Təbiidir ki, onların həyatında nəsə dəyişdi.
İnsanlar
başa düşürlər ki, mənim atam kimdir
-
«Andersen. Məhəbbətsiz həyat» - bu film Eldar Ryazanovun tərcümeyi-halında
ayrıca yer tutur. Hamı öyrəşmişdi ki, o, komediya və tragikomediyalar çəkir.
Tamamilə başqa bir şey çəkməyi arzulayırdımı?
-
Onun tammetrajlı film kimi ilk debütü «Bahar səsləri» olsa da, atama ºöhrəti
«Karnaval gecəsi» gətirdi. Film Lüdmila Qurçenko və Yuri Belovu "ulduz” etdi,
Ryazanov isə sovet komediya kinosunun baş qəhrəmanı oldu. Atamın axırıncı filmlərini
komediya adlandırmaq çətindir. Amma atam təkcə komediya janrında deyil, başqa
janrlarda da çəkirdi. Belə işlərə geniş nəzərlərlə baxırdı.
-
Atanızın reallaşdıra bilmədiyi hansı fikirləri var idi?
- Eldar Ryazanov uşaqlıqdan
xoşladığı Rostanın pyesini ekranlaşdırmaq istəyirdi. Ona ideya gəlmişdi ki,
şair rolunu şair oynamalıdır. Ona görə də Yevtuşenkonu dəvət etdi. Ancaq ona
ultimatum verdilər: istənilən başqa bir aktyor, lap küçədən olsun, ancaq
Yevtuşenko olmamalıdır. 24 saat ərzində cavab verilməli idi. Atam filmi çəkməkdən
imtina etdi və 2 il işsiz oturdu. Yevtuşenkonun 40 yaşı olanda, 1972-ci ildə o,
şairə kino sınağı ilə bağlı lent hədiyyə etmək istəyirdi. Ancaq filmotekasında
bunu tapa bilmədi. Sanki belə şey olmamış kimi lent yoxa çıxmışdı. Atam əsgər
Vladimir Voynoviçin romanı əsasında «İvan Çonkinin həyatı və qeyri-adi macəraları»
filmini çəkmək istəyirdi. Ancaq çoxlu maliyyə ehtiyacı, bürokratik və yaradıcı
problemlərlə üzləşdi. Bu ideyasını da həyata keçirə bilmədi. Bu, birgə quruluş
olmalı idi. Xarici tərəf Çonkini Mixail Barişnikovun oynamasını tələb edirdi.
Ancaq atam heç cür Barişnikovu istəmirdi, çünki onu aktyor hesab etmirdi.
Atamın artıq öz heyəti var idi: Steklov, Qundareva, Smaktunovski, Filatov,
Burkov.
-
Eldar Aleksandroviç itinin də adını Çonkin qoymuşdu.
- Hə, bunu həyata keçməyən işinin
xətrinə etmişdi. İti də onun üçün məhz həmin vaxtlar gətirmişdilər.
- Yəqin
ki, zamanla bu materiala həvəs də keçib getdi?
- Hə... O, sonralar bu fikrinə
heç qayıtmadı. Atam, həmçinin «Ruslar Mariyanplastda», «Ustad və Marqarita»
haqqında düşünürdü. O bu fikirlə Mərkəzi Komitənin ideoloji məsələlər üzrə
katibi Zimyaninin yanına getdi və əsəri çəkmək istədiyini dedi. Əvvəlcə ona «məsləhətləşərik»
dedilər. Sonra isə «qərar var ki, «Ustad»ı çəkməyəcəyik» deyə bildirdilər.
- Siz Ryazanovun qızı kimi özünüzə
qarşı xüsusi münasibəti hiss edirdinizmi?
- İndiyə qədər bunu hiss edirəm. Əgər
hardasa öz soyadımı demək lazım gəlirsə, insanlar başa düşürlər ki, mənim atam
kimdir və o dəqiqə müsbət enerjilərini mənə yönəldirlər.
"Maskovskiy komsomolets”dən tərcümə
etdi
Təranə Məhərrəmova