• çərşənbə axşamı, 19 mart, 12:08
  • Baku Bakı 8°C

O bizim Kamal, Kamal Sunal…

25.12.17 15:20 1397
O bizim Kamal, Kamal Sunal…
Bir cüt hüznlü göz… Ankaradan İstanbula… Gənc qız kimi xəyal etmədiyim bir həyat…
Qucağında geyimlər var və parkdakı skamyada oturub. Qorxudan tir-tir əsir. Parkın mühafizəçisi hovuza girdiyinə görə ona qəzəblənir. O da başını yana əyib məlul-məlul dayanır.
Gözlərinə baxıram, məni görür, eləcə donub dayanırıq. O necə ipisti və hüzn dolu baxışlardır...
Anamın dürtmələməsiylə özümü yığışdırıram. O da məndəki dəyişikliyi görüb gülümsünür.
Hiss etdiklərimi necə izah edim ki? Həmin an onu qucaqlamaq, təsəlli etmək, "acsanmı?” deyə soruşmaq, "üşüyərsən” demək, "qətiyyən qorxma” söyləyib ürək-dirək vermək, yəni onu qorumaq, ana kimi şəfqətlə qucaqlamaq istərdim. Görəsən, hiss etdiklərimin ifadəsi beləydimi? Doğrusu, əmin deyiləm. Bircə bunu bilirəm ki, adı hər nədirsə, çox dərin, qüvvətli duyğu idi.
Teatr... Səhnədə o, ön sırada seyr edən mən. Baxışmamız sadəcə bir-iki dəqiqə davam edir. Belə qısa zaman kəsimində bu dərəcə dərin hisslər yaşadan bir cüt göz. Elə dərin ki, təsirini hələ də duyuram.
O bizim Kamaldır
Hər zaman üçün maraq obyekti olan sual: Niyə hələ də sevilir, izlənilir? Nə üçün iki-üç yaşında uşaq belə Onu görəndə ekrandan gözlərini çəkə bilmir? Nəyə görə hər təbəqədən, hər yaşdan insan bitmək bilməyən sədaqətlə Ona bağlıdır? Hər dəfə adı çəkiləndə üzdə təbəssüm yaratmağı nəyə görədir axı?
Zənnimcə, bu sualların bircə cavabı var: Baxışlar...
Səmimiyyət, dürüstlük, saflıq hopmuş o baxışlar "mənə güvənə bilərsən”, "gəl, mənə arxalan” deyir.
Tamaşadan çıxandan sonra teatrın işçilərinə "Uzun boylu bir aktyor var idi” deyib rolunu xatırlatdım. Hə, omu? O bizim Kamal... Kamal Sunaldır.
Harada qaldın?
Kafeyə getdim, gəlməmişdi. Bir stəkan çay içdim, hələ də yoxdur. Əslində, gəlsə, nə deyəcəyimi də, nə edəcəyimi də bilmirdim. Gec idi, qalxdım, qapıya tərəf addımlayırdım ki, içəriyə daxil oldu. Sanki illərdir tanıdığım, doğma birinə ərk edər kimi sadəlövhcəsinə "harada qaldın?” soruşdum.
Teatrdakı baxışlardan sonra bir dostumuzun evində görüşdük. Rastlaşanda təəccüblənmişdim, o da məni xatırlamışdı. Dostumuz teatrlara qastrollar təşkil edən şirkətdə işləyirdi. Belə yığıncaqlar o zaman tez-tez keçirilsə də, iştirak etməkdə bir o qədər də həvəsli deyildim.
Söhbətləşmiş, ertəsi gün kafedə görüşmək üçün sözləşmişdik. (Sonralar Münir Özkulun dediyinə görə gəlmək istəməyib, "belə görüşün nə anlamı var ki, onsuz sabah İstanbula qayıdacağıq” deyib, amma oteldən güc-bəlayla taksiyə mindirib, göndəriblər).
Bərabər çay içdikdən sonra Çankayadan Kızılkayaya qədər əl-ələ yeridik. Heç danışmadan, səssizcə. Üzgün idik. Bir ay idi ki, Ankarada qastrolda imişlər, biz isə son gün görüşə bilmişdik. Onun ev telefonu yox idi, mən də telefon nömrəmi vermədim. Sadəcə bir-birimizin ünvanlarımızı aldıq. Kızılkayaya çatanda könülsüzcə əllərimizi buraxdıq. O otelə, mən isə evə. Çox pərişan idim. İndi düşünürəm ki, yarım saat ərzində belə dərin mənəvi bağ yarada bilmək məndən asılı idi, yoxsa belə olmağımda onun da payı vardı?
Bəzi gənc qızlar aktrisa olmaq istəyirlər
Atam aktrisa olmağımı istəyirdi, mən isə əczaçı. İki istək də yerinə yetmədi, amma gözəl bir ailədə anadan oldum.Ondan xəbər almağım namümkün idi. Nə edəcəyimi bilmirdim. Gün ərzində onu Kabara teatrında tapa bilmədim, axşamları isə axtarmaq kimi bir imkanım yox idi. Ruhən boşluqda idim. Atam evə gələndə telefon zəng çaldı, dəstəyi götürüb "Biz İstanbula zəng etməmişik” dedi. Naəlac yemək masasında əyləşdim. Toxunsalar, ağlayacaq haldaydım. Yeməyin şirin yerində atam anama "Bəzi gənc qızlar İstanbuldakı film şirkətləri ilə əlaqə yaradıb aktrisa olmaq istəyirlər, amma sonları heç də ürəkaçan olmur. Ailələri ilə məsləhətləşsələr, başlarına müsibət gəlmədən doğru yolu taparlar” deyərək uzun-uzadı, darıxdırıcı bir söhbət etdi. Ta ki otağa girib masanın üzərindəki "Arzu” film başlıqlı zərfi görənə qədər atamın niyə belə bir mövzu açdığını anlaya bilməmişdik.
Məktub gəlmişdi! Qəlbim yerindən çıxacaqmış kimi döyünür, əllərim titrədiyindən zərfi aça bilmirdim. O anki xoşbəxtliyimi, həyəcanımı izah etmək üçün sözlər acizdir.
"Arzu” filmdən yeni rol təklifi aldığı üçün çox xoşbəxt olduğunu yazırdı. Və qısacıq da bir sevgi cümləsi vardı. Artıq ünvan bəlli olduğuna görə mən də ona yaza bilərdim. Məktublarında o qədər gündəlik mövzulardan bəhs edirdi ki, mən də hiss etdiklərimi yazmağa cəsarət etmir, günlük məsələlərdən yazmaqla yetinirdim.
Məktublar həftədə bir dəfə gəlməyə başladığı üçün atamın təlaşı artmışdı. Demək olar ki, hər gün bizə aktrisa olmaq üçün İstanbula gedib, yaşamları alt-üst olan qızların həyat hekayələrini danışırdı. Əslində, məktubları açıb oxusa, şkafa, çantama baxsa, rahatlaşacaqdı. Bu mənada qayğıları olsa da, mənə gələn məktubları açmayaraq bizə çox önəmli bir dərs verirdi – Nə olursa olsun, heç kimi çantasına toxunmamalı, məktubları oxunmamalıdır! Bu dərs həyatımız boyunca rahat yaşamağımıza, həyat yoldaşlarımız və uşaqlarımızın bizə güvənməyinə səbəb oldu.
Aa, Mətin Alasya
Məktublaşmağa iki il – 1973-cü ilin oktyabrından 1975-ci ilin aprelinə qədər davam etdik. Bazar ertəsi – teatrların istirahət günü olan vaxtlarda arabir tamaşadan sonra avtobusla Ankaraya gəlir, bütün bazar ertəsi burada qalır (mən belə günləri necə keçirdiyini heç vaxt öyrənə bilmədim), həmin günün gecəsi yola çıxıb çərşənbə axşamı İstanbulda olurdu. Bu gəlişlərin əksəriyyətində görüşə bilirdik. Amma mən bəzən evdən çıxa bilmirdim. Görüşə bilmədiyimiz həmin qorxunc günləri problemə çevirmir, məni anlayırdı. Sonralar bu işə çarə tapmışdı – tək qalmamağımız üçün həmkarı İhsan Bilsevlə gəlməyə başlamışdı. İhsana ayıb olmasın deyə birlikdə gəzirdik.
Bir dəfəsində mən İstanbula – xalamgilə getmişdim. Onunla danışdıq, görüşəcəyimiz yerə gəldim. Yeni maşın almışdı. Hələ özü tək yola çıxa bilmədiyi üçün Ertem Eğilmezin sürücüsü Namiqlə birgə gəzdik. İki gün boyunca Namiqə ayıb olmasın deyə yemək yeməyə, filmə birlikdə getdik. Amma çox qəribədir ki, vəziyyətdən şikayətçi deyildik. Onsuz da üçümüz gəzməyə öyrəşmişdik. Dostlarının inciməməyi üçün etdiyi fədakarlıqlar və bu fədakarlıqlardan zərrə qədər narahat olmamağı ona daha çox hörmət bəsləməyimə səbəb olurdu.
Bir dəfə Ankarada gəzərkən onu uzaqdan görüb qaçaraq yanına gələn bir heyranı "Aa, Mətin Alasya” demişdi. Bu, heç vaxt unuda bilməyəcəyim bir xatirə kimi yaddaşıma həkk olunub.
Sənin üçün gəlirlər
O, Namiq və mən şam yeməyinə getdik. Əyilib qulağıma "anamgil gələn həftə Ankaraya gələcək” söylədi. "Aa, nə gözəl, bəlkə, sən də gələsən? Ankarada nəsə işlərimi var?” soruşduqda "Sənin üçün gəlirlər. Və mənim üçün” cavabını verdi. Anladığım qədəri ilə bu, evlənmə təklifi idi. Təbii ki, ortada hər hansı bir sual olmadığına görə cavab da vermədim. Hətta, Namiqdən utandığım üçün onu qucaqlayıb, nə qədər xoşbəxt hiss etdiyimi belə dilə gətirə bilmədim.
Ankarada – evimizdə baş tutan nişan və Beyoğlu VVAK-dakı nikahdan (30 aprel, 1975) sonra ailəmin teatr aktyoru ilə ailə qurmağıma könülsüz olmasına rəğmən toyumuz oldu. Ailə qurduq.
"Nikah üçün sənədləriniz növbədə qalacaq”. Bu xəbər bizi qorxutmuşdu, Çünki vaxtın nə qədər uzanacağını bilmirdik. Mənim təcili evlənməyim lazım olduğuyla bağlı əlimizdə sənəd olsa, istədiyimiz tarixdə nikaha düşə biləcəkdik. Nəhayət, həmin kağızı alsaq da, çox utanmışdım. Kağız üzərində belə olsa, bu hal xoşuma gəlməmişdi.Nişan üzüklərimizi taxan Yüksel mənim, Ertem Eğilmez isə onun nikah şahidi idi. Bəy kostyumunu Yılmaz Kuzgun hədiyyə etmişdi, gəlinliyimi isə Şişlide bir mağazadan almışdıq.
Gül Sunal
banner

Oxşar Xəbərlər