• cümə, 29 Mart, 05:17
  • Baku Bakı 7°C

“O birilər kimisən...”

25.10.14 15:26 2149
“O birilər kimisən...”
Hər hansı kitabın vaxtın şahidi olduğunu diqqətə çatdıranların məramı necə də doğma və əzizdir. O da çox əziz bir münasibətdir ki, “dövr kitablarda qalacaq”.
Tanınmış türk şairi Hayrettin İvginin “Bilirəm, gəlməyəcəksən” adlı şeirlər kitabından aldığım təəssürat bir daha yuxarıda deyilənlərin təkzib olunmaz gerçəkliyini diktə etdi mənə. Bu maraqlı kitaba daxil edilən şeirlərin hər biri əslində mənim üçün dondurulmuş vaxtın, zamanın şəkillənmiş, şeirin, sözün yaddaşına həkk edilmiş surətin təqdim etdi. Bu şeirlərdə həsrət var, vəfalı, heç vaxt ötüb-keşməyən xəfif titrəyişli xatirələr var. Oxuyursan və özünü elə bir çöl genişliyində hiss edirsən ki, sanki qarşında sonsuz nəhrlər, dənizlər yol gözləməkdədi, sənə doğru qucaq açıb “gəl” deyir, bu mənzərə lap əlyetərindədi, bir-iki addım da atsan yetişəcəksən... Ancaq bu gerçəkliklə sənin aranda xəfif bir ilğımın dayandığını sonradan fəhm edirsən. Ona görə ki, dəniz, dərya hesab etdiyin o su bolluğuna yetmək istədikcə, addım atdıqca ilıq titrəyişli bir ilğım qatının xoş bir ədayla səndən uzaq qaçdığının da fərqinə varırsan. Deməli, nə ayağın yetir, nə əlin çatır, nə qalan təkcə aşağıdakı misraların könül istisi olur:
Bax burda,
Bu odada
Neçə gecələr
Sənin üçün içdim,
Sənin üçün sərxoş oldum,
Sənin üçün ağladım.
Lappa söndü, fitil bitdi,
Arzu söndü, xəyal getdi
Bu odada...
Əslində, bu odanın özü ötüb-keçən vaxtın-vədənin, deməli, əlahəzrət zamanın özüdü. Aylar, illər, həftələr, günlər, lap elə saatlar, saniyələr bu odanı qapsayan divar kimidi. Bu odanın hər kərpici, daşı, dirəyi vaxtdan, zamandan tökülüb, bütövlükdə bu oda zamanın özüylə hörülüb. Eyni zamanda bu odanın hansı bir səmtindən içərisinə boylanırsansa üzünə saf, təmiz, eyni zamanda qədirbilən bir eşq havası vurur. Zaman bu eşq havası üstündə həmin odadan keçib gedir – sevimli, sevdalı bir mələk kimi.
Hayrettin İvgini bir şair olaraq mənim üçün təqdim edən təbii ki, onun “O birilər kimi” şeri oldu. Əlbəəl hiss etdim ki, onun qarşısındakı insana, belə demək təbii-caizsə, fərdi baxışı eynən mənim öz yanaşma, dəyərləndirmə münasibətim kimidir. Bu şeir məni Hayrettin İvginlə sənət dostluğu köynəyindən keçirdi. Mən bu şeirdə əslində öz fikrimin, münasibətimin şəkillənməsini gördüm, onu öz sözüm, qəlb pıçıltım qismində oxuyub yadda saxladım:
Get, sən də o birilər kimisən;
Gülüşün, geyimin, gəzişin –
Hamısı, hamısı, o birilər kimi...
Mənə artıq yaxın olma,
Uzaqlaş məndən.
Sən də o birilər kimisən, qızım.
Yatmadı hələ qəlbimdə
O vulkan kimi əski sızım.
O birilər kimisən, qızım,
O birilər kimi...
Bu şeir, tapdanmış, keçilmiş, gözü qabar etmiş bütün nəsnələrə, fərq etməz ki, canlı, ya cansız olsun, gündəlik təmasda olduğun eyni təbiətli, xislətli hər bir predmetə etiraz, üsyan kimi qəbul edilir. Baxmayaraq ki, şair şeri çox yaxın, doğma bir kimsəsinə həsr edib, ancaq o yerdə ki, daimi təkrar, basmaqəliblik, eyniyyət, yekcinslik və yeknəsəqlik var, buradakı usandırıcı iqlimi doğmalığın özü belə hifz edə bilmir. Əslində mənən yeniləşə, təzələşə bilməyən, yenidən yenidən, bir də yenidən doğulmağa atəşin qəlblə can ata bilməyənlər yaşaya-yaşaya ölənlərdir. Yaşamağa, duymağa can atmayanların candan olması labüddü.
İlahi sözün, şerin, sənətin də başlıca məramı əslində insanı yeniləşdirmək, təzələmək meylindən qaynaqlanır. Görkəmli Azərbaycan şairi Rəsul Rza şeirlərinin birində yazırdı ki, “Kaman çalın, insanda insan oyadın!”
Əslində bu kamanın bir adı da “Həyəcan təbili”dir, “həyəcan şeypuru”dur. Bu həyəcan səslənişi bütün cəmiyyət üzərinə edilmədikcə cəmiyyət eyniyyə səfaləti içində miskin bir köləyə dönə bilər. Hayrettin İvgin əslində öz ədəbi obrazına “Get, sən də o birilər kimisən” təpkisiylə həm də cəmiyyətə “təzələn, özün ol, özünə qayıt” mesajı verir və bu düşüncəsiylə könül çəkir. Bu baxımdan Hayrettin İvginin “Dəyişmiş görəcəyəm” şeri bir az öncə diqqətə çatdırdığımız “O birilər kimi” şerinin davamı və öz əbədi istəyinin nədənliyini daha dolğunluğu ilə nəzərə çatdıran dilmancı kimi maralıdı.
Bax, sevgilim, gedirəm,
Bir gün geri döndüyümdə
Görüncə çaşmam...
Yalançı pərdələr pəncərəmizdə...
O zaman hər şey dəyişmiş olacaq.
Ayrıca doğan gün də...
Sən ayrı diyarda,
Mənsə həsrətdə.
Dəyişməyən yalnız bir şey var: -
Var olduğumuz və yaşadığımız...
Amma harda yaşamaq?!
Şair bütün anlamıyla təzələnən, yenilənən yaşamağın aşiqliyini çəkir. Sözbəsöz, cümləbəcümlə yazmasa da, fərqindədi ki, təzələnməyən nə varsa öz maraq dairəsini itirir. Bu mənada onun fərdi, özünəməxsus baxışları istər-istəməz Azərbaycanın xalq şairi, ustad Hüseyn Arifin diqqətə çatdırdığı bir qorxu, xof əndişəsi ilə üst-üstə düşür – ustad şair son dərəcə dərin bir əndişə, səksəkə hissi ilə yazırdı ki, bir də dünyaya gəlmək istərəm ancaq “qorxuram təzədən. Hamsı təzədən”. Yəni, eyni əzabların, eyni işgəncələrin, fikri, ruhi, cismani sıxıntıların hamısını yenidən təkrarlanacağından qorxuram. Birbaşa, sözün, fikrin məna çalarının fərqli cəhətlərinə baxmayaraq hər iki şairin təkrar yeknəsək yaşam tərzindən həzər etməsi bu şeirləri doğmalaşdıran ortaq cəhət olaraq qalır. Hayrettin İvgin öz düşüncələrində inanmalıdır ki, gözlədiyi, könlünü çəkən yeniləşmələr mütləq gerçəkləşəcək və bu gerçəklik həyat nəşəsiylə qəbul olunacaq:
...Üstəlik ruzigar əsmiş,
Tökmüş yarpaqlarını budaqların.
Dağılmış bəlkə saçların
İllər sonrası sənlə rastlaşacağam,
Bilirəm, səni fərqli göstərəcəyəm,
Hətta soyadını belə
Dəyişmiş görəcəyəm...
Bu şeirdə həyat qanunauyğunluğuna rahat, tam qısqanclıqdan uzaq bir baxış sərgilənib. Elə bil pirani dost kimi adamı olacaqlara hazırlayır, “möhkəm ol, sınma, sıxılma” – deyir...
Razılı doğuran cəhət ondan ibarətdir ki, Hayrettin İvginin sözün ən yaxşı anlamında yeniləşmək, dəyişmək arzusu mənəvi paklığa çağırış mücadiləsi kimi qəbul olunur. İslami dəyərlərin bətnindən qaynaqlanan bu ali duyğu zaman-zaman Şərq poüziyasının ana xəttini təşkil edib. Bir şair düşüncəsindən o biri şair düşüncəsinə sirayət edib, nəticədə könülləri, daha konkret halda isə cəmiyyəti işıqlandırıb. Türkçülük düşüncəsinin ana yasasından keçən fikirdə inqilab, düşüncədə yeniləşmə səslənişi ilk növbədə əxlaqi paklaşma məqamına hesablanıb və irili-xırdalı Hayrettin İvginin poeziya nümunələri də bu düşüncənin könüllü, heç bir əvəz istəmədən yayımlanmasına xidmət edir.
Eradan əvvəl 99-55-ci illərdə yaşamış Roma filosofu Lukretsi Kar dünyanı yalnız hissiyyatla duymağın mümkün olduğu qənaətində idi və şəhadət verirdi ki, insan hisslərinin qüdrətinə inanmasa, həyatın özü belə məhv ola bilər.
Bu mənada Hayrettin İvginin poeziyası, onun şeir yaradıcılığı dünyanı dərk etməyə impuls verən hissiyyat sınırları kimidi, kainatı, insn dünyasını ifadə edə bilmək alətidi. Onun şeirləri birmənalı olaraq insanı Həzrəti Peyğımbərimizin (S.) sevərək qiyaslandırdığı ümidə, inama, eyni zamanda da vəfa və etibara səsləyir:
İndi gecə:
bu alaca qaranlıqda
səyrilib getmiş uşaqlığım
Göz yaşlarımla
Ümidlərimi boğmuşam.
Özümü illərin arxasına buraxmışam.
Ah bu
Ümidlər,
Nüzilər
Ayrılıq,
Yalqızlıq,
Kölgələr və qaranlıq...
Qonşuda çalınan
O şərqi deyildir artıq.
Hayrettin İvginin inam, ümid hissi onun “Arabir xatırlayacaqsan məni, “çox yaxşı cocuqlar” deyəcəksə” – misralarından bütöv, boyaboy, bütün dolğunluğu ilə keçir. Eyni zamanda, onun “Sevgi, ümid, qaçış” şeri inkaredilməz bir həqiqəti ortaya qoyur ki, şairin ədəbi qəhrəmanı özünün könül mülkündə, torpağında açan fidanlar qədər təzə-tər, gözəl və bakirə sevgilisi yolunda qarşılaşmağa hazırdı, sevda yolçuluğu onun alın yazısıdı və “şair olan əmrə peşiman ola bilməz”. (S.Vurğun).

Gülayə
banner

Oxşar Xəbərlər