• şənbə, 20 Aprel, 11:13
  • Baku Bakı 14°C

“O adamlar haqda Azərbaycan öz mövqeyini göstərməli idi”

24.02.17 11:30 966
“O adamlar haqda Azərbaycan öz mövqeyini göstərməli idi”
Ermənistan Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə əcnəbi vətəndaşların qanunsuz səfərlərini təşkil edərək qondarma rejimi təşviq etməyə cəhd göstərir, işğal altındakı ərazilərimizin maddi-mədəni irsini və təbii sərvətlərini talan edir, iqtisadi və digər qanunsuz fəaliyyətləri həyata keçirir. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində bu kimi əməllərə cəlb etdiyi əcnəbi vətəndaşlara münasibətdə Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq zəruri hüquqi addımlar atılır.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovunverdiyi məlumata görə,Ermənistanın Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskoposyan, İspaniyanın Milli Təbiət Elmi Muzeyinin tədqiqatçısı Yolanda Fernandes Xalvo (Yolanda Fernandez-Jalvo), Böyük Britaniyanın Blanford Muzeyinin "Azox layihəsi”nin direktoru Tanya Kinq (Tania King) və Londonda Təbiət Tarixi Muzeyinin elmi işçisi Piter Endryusun (Peter Andrews) işğal edilmiş ərazilərimizdə yerləşən Azıx mağarası nda 2002-ci ildən etibarən arxeoloji qazıntı işlərini həyata keçirmələrinə, İspaniyanın Milli Təbiət Muzeyi və həmin ölkənin Elm və Texnologiya Nazirliyinin, Böyük Britaniyanın Qaluay Universitetinin, "Armenian General Benevolent Union”un London filialının qazıntı işlərinə maliyyə və digər dəstək vermələrinə əsaslı şübhələr müəyyən edildiyindən, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanıb. Həmin fəaliyyətin Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq humanitar hüququnun normalarına uyğunluğu hazırda araşdırılır. İttiham üçün əsaslı şübhələr olduğundan həmin şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxslər qismində cəlb olunmaqla məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək, barələrində beynəlxalq axtarış elan olunması üçün İnterpola müvafiq sorğu göndərilib.

Bundan başqa, Avropa Parlamentinin üzvləri - Lüksemburq Böyük Hersoqluğunun vətəndaşı Frank Engel, Kipr Respublikasının vətəndaşı Eleni Teoxarus və Çex Respublikasının vətəndaşı Yaromir Ştetina "Dağlıq Qarabağ Respublikası” adı altında yaradılmış qondarma rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə kütləvi informasiya vasitələrinə verdikləri müsahibələrində, iştirak etdikləri beynəlxalq tədbir və konfranslarda işğal altındakı ərazilərimizdə qanunsuz fəaliyyət göstərən qurumu "müstəqil dövlət” kimi təqdim etmələrinə, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda dəfələrlə, xüsusən sonuncu dəfə 2017-ci il fevralın 20-də Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma "referendum”da "müşahidəçi” qismində iştirak etmək üçün keçmələrinə əsaslı şübhələr olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxslər qismində cəlb olunmaqla məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək barələrində beynəlxalq axtarış elan olunması üçün İnterpola müvafiq sorğu göndərilib. Azərbaycan Respublikası öz suverenliyi və ərazi bütövlüyünün pozulması hallarına yol verilməməsi, eləcə də vətəndaşlarının hüquq və qanuni maraqlarını qorumaq məqsədilə bu kimi qanunazidd fəaliyyətə cəlb edilmiş əcnəbi şəxslərə qarşı münasibətdə zəruri və qəti addımlarını bundan sonra da atacaq.

Mövzu haqda fikirlərini bölüşən ekspertlər bildirirlər ki, Azərbaycan yenə də öz haqlı mövqeyindədir və hər kəsdən öz ərazi bütövlüyünə qarşı hörmət tələb edir. Bu, Azərbaycanın ən təbii haqqıdır. Millət vəkili Fəzail İbrahimli "Kaspi”yə açıqlamasında dedi ki, prokurorluğun bu qərarını çox haqlı və yerində verilən qərar kimi qiymətləndirir: "Bu, prinsipial mövqedir və haqqın tələbidir. Çünki bu məsələdə Azərbaycan ədalətli tərəfdir. Və ərazi bütövlüyünə hörməti digərlərindən də tələb edir. Bizdə yaxşı söz var, haqq nazilər, üzülməz. Avropa parlamentariləri getsin, Avropanın problemlərilə məşğul olsun. Burunlarını haqsız olduqları məsələlərə soxmasınlar. Faktiki, belə bir qanunsuz məsələdə ermənilərə dəstək nümayiş etdirirlər. Onlar Avropa demokratiyasını eybəcər tərəfdən göstərirlər. Azərbaycanın haqq işinə avropalılar hələ ədalətli, real dəstək göstərməyiblər. Qətnamələr kağız üstündə qalıb. Bu cür işğalı, işğalçıları dəstəkləmək, qanunsuzluğu dəstəkləməkdir”.

Millət vəkili Fərəc Quliyev də Baş Prokurorluğun qərarını təqdir etdiyini dedi. Bildirdi ki, son vaxtlar Azərbaycan Xarici İşlər Nazirliyi ilə Baş Prokurorluq ortaya keyfiyyətli ortaq fəaliyyət qoyur: "Azərbaycan üçün arzuolunmaz şəxslərin siyahısının hazırlanması, müxtəlif ölkələrə nota verilməsi, müxtəlif ölkələrin səfirliklərinə vətəndaşlarının ölkəmizə qanunsuz səfər etməsi ilə bağlı xəbərdarlıq edilməsi və s. belə işləri XİN görür. Paralel olaraq, ərazi bütövlüyümüzü şübhə altına almaq istəyən şəxslərə qarşı prokurorluq tərəfindən cinayət işi açılır. Bunlar çox vacib addımlardır. Bildiyiniz kimi, Lapşin Azərbaycana ekstradisiya olundu. Onun timsalında bir daha göstərildi ki, ölkəmizə qanunsuz olaraq daxil olmaq, ölkəmizin maraqlarına zidd açıqlamalarla çıxış etmək, böhtan atmaq, Azərbaycan qanunlarına hörmətsizlik etmək sonda cəzalandırılma ilə nəticələnir. Ermənistan tərəfi də bu ekstradisiyadan çox narahat oldu. Başa düşdü ki, Lapşin Azərbaycana təhvil verildisə, bundan sonra Ermənistan üzərindən Azərbaycan ərazisi olan Qarabağa kənar adamların gətirilməsində xeyli məhdudiyyət olacaq”.

Millət vəkili qeyd etdi ki, "referendum” adlandırdıqları tamaşaya çox az sayda xarici vətəndaş gəlmişdi. Onlar da dövlət xətti ilə gəlməmişdilər, buna özləri təşəbbüs göstərmişdilər. Təbii ki, o adamlar haqda Azərbaycan tərəfi də öz mövqeyini nümayiş etdirməli idi. Qalanları isə xaricdə yaşayan ermənilər idi: "Onlar diaspor nümayəndələri idilər və fərdi xətlə gəlmişdilər. Gördüyünüz kimi, heç bir dövlət ora rəsmi xətlə adam göndərməyib. Ora gələnlərin əksəriyyəti ermənilərdir, onların erməni maraqlarından çıxış etmələri təəccüblü deyil. Qarabağı müstəqil respublika kimi təqdim etmək yolunda əməllərindən qalmırlar. Həmvətənlərinə dəstək olmaq istəyirlər. Ora gedən xaricilər isə erməni lobbiçiləri tərəfindən pulla ələ alınan şəxslərdir. Onlar şəxsi maraqlarına görə Azərbaycan əleyhinə fəaliyyət göstərirlər. Ermənilər sadəcə, oyun qurublar, imitasiya edirlər. Ora gedənlər pulla tutulmuş muzdlulardır. Mənasız və heç bir hüquqa söykənməyən referendum oyununun əhəmiyyəti ola bilməz. Ora kimlərinsə getməyi heç bir məna daşımır, çünki heç nəyi dəyişmir. Ermənilər hazırda öz daxili auditoriyalarına təsir etməyə çalışırlar. Digər bir məqsədləri isə prosesi bacardıqca uzatmağa çalışmaqdır”.

Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər