Nyukaslda təndir çörəyinin həsrətini çəkən soydaşımız - Xaricdə təhsil
Nelson Mandelanın
"Təhsil dünyanı dəyişmək üçün istifadə edə biləcəyin ən güclü silahdır"
fikrini özünə şüar seçib. Ona görə yaxşı təhsillə özünü, ətrafdakıları, hətta
dövlətini qoruya bilərsən. Təhsil insanın dünyagörüşünü artırır, dünyaya
baxışını formalaşdırır, həmçinin insanın cəmiyyət üçün faydalı olmasında mühüm
rol oynayır.
"Xaricdə
təhsil” rubrikamızın qonağı Böyük Britaniyanın Nyukasl Universitetində beynəlxalq
siyasət (qloballaşma, yoxsulluq və inkişaf) ixtisası üzrə magistr təhsili alan
Fərid Ədilovdur. Fərid 1986-cı ildə Laçın rayonunda anadan olub. 2006-2010-cu
illərdə BDU-nun beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini fərqlənmə
ilə bitirib. 2011-2013-cü illərdə isə BDU-nun beynəlxalq münasibətlər ixtisası
üzrə magistr təhsilini fərqlənmə ilə bitirdikdən sonra 2013-cü ildə Dövlət
Qulluğu Məsələləri üzrə Komissiyanın dövlət qulluğuna qəbulla bağlı keçirdiyi
müsabiqə və müsahibə mərhələsini uğurla keçərək Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsində çalışmağa başlayıb. Daha sonra isə təhsilini davam
etdirmək üçün Böyük Britaniyaya yollanıb.
- Laçında
anadan olubsunuz. Oradakı məktəbinizi, evinizi xatırlayırsınızmı?
- Bəli,
Laçın rayonunun Şeylanlı kəndində anadan olmuşam. Rayonumuz işğal ediləndə 6
yaşım var idi. Evimizi unutmuram, kəndimizin yanından keçən Həkəri çayı da
yadımdan çıxmır. Eyni zamanda, yaşımın az olmasına baxmayaraq, həmin vaxt ermənilərin
kəndimizə hücumunu da xatırlayıram. Keçdiyimiz qarlı Murovun yolları heç vaxt
yadımdan çıxmaz. Ailəm bu müharibədən çox zərər çəkib, nənəm şəhid olub. Ağcabədi
rayonu Şeylanlı kənd 2 №-li tam orta məktəb nənəm Qəmzə Alıyevanın adını
daşıyır. Mən 6 yaşım olarkən, əslində, məktəbə
getməliydim, ancaq həmin vaxtı bu, mümkün deyildi. Çünki daimi yaşayış yerimiz
yox idi. İşğaldan sonra Kəlbəcərə, oradan Ağdama getdik. Daha sonra Ağcabədi və
bir müddət sonra Şəki şəhərinə gəldik. Həmin müddətdə məktəbə gedə bilmədim.
Atam çox savadlı kimya-biologiya müəllimidir. Məhz atam evdə mənə əlifbanı,
hesablamağı, saymağı öyrətdi. Ona görə, Şəkidə məcburi köçkünlər üçün salınan qəsəbədə
məktəb açılanda, mən elə birbaşa ikinci sinifdən başladım. Burada xarici tələbələri
Azərbaycan haqqında, Qarabağ hadisələri ilə bağlı məlumatlandırıram, ermənilərin
vəhşiliklərini onlara danışıram. Çünki bu hadisələri mən özüm yaşamışam, görmüşəm.
Onlara deyirəm ki, hazırda doğulduğum torpaq işğal altındadır. İnanın, dediklərimi
dinləyəndə, ağlayan insanlar olub.
-
Məcburi köçkün həyatı yaşayan insan kimi nə deyə bilərsiniz, insanların həyatına
necə təsir etdi, xüsusilə qadınların təhsilinə
necə zərbə vurdu ?
- Məcburi
köçkün olmaq insanlara mənəvi zərbə vurdu, onların həyatını tamamilə darmadağın
etdi. Düşünürəm ki, insanlara vurulan həmin mənəvi zərbə sağalmayacaq.
Yaxınlarını, əzizlərini itirən insanların sızıltısı hələ də yaşayır, hələ də
insanlar öz yaxınlarının yolunu gözləyir. Düşünün, hələ də öz yaxınlarının
sonrakı taleyindən xəbəri olmayan insanlar var. Bunları düşündükcə, insana çox
təsir edir. Doğrudur, dövlət tərəfindən qaçqın və məcburi-köçkünlərə bütün dəstək
göstərilir, onlar evlə təmin olunur, ancaq mənəvi zərbə onlarla hələ də
yaşayır. Bu çətin şərait tək qadınların yox, bütün insanların sonrakı taleyinə
təsir etdi. Təbii ki, təhsil almaq istəyən qızlara da.
- Nə üçün Böyük Britaniya? Hansı xüsusiyyətinə görə,
məhz bu ölkədə təhsil almaq istədiniz?
- Daha
öncə qeyd etdiyim kimi, 2013-2017-ci illərdə Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsində aparıcı məsləhətçi olaraq
çalışmağa başladım. BDU-da beynəlxalq münasibətlər sahəsi üzrə oxuyan tələbələrə
iki müxtəlif fəndən seminar və mühazirələr də aparmışam. Dövlət Komitəsindəki
işim sosial sahəyə olan marağımı artırdı. Komitə rəhbərliyi, işçilər arasında səmimi
münasibət məni daha da həvəsləndirirdi. Həmçinin birbaşa çalışdığım şöbə
müdiri, ondan öyrəndiklərim, müzakirələrə açıq olması, təkliflərimizi dinləməsi,
nəzərə alması mənim üçün daha xoş və əsas
idi. İş müddətində bir sıra ölkələrdə təcrübə mübadiləsində olmuşam, seminar və
konfranslarda iştirak etmişəm. İşlədiyim müddətdə bəzən hansısa məsələ ilə
qarşılaşanda, bu məsələyə necə yanaşılması, beynəlxalq təcrübədə bunun necə əks
olunması mənə çox maraqlı idi. Bildiyimiz kimi, Böyük Britaniya sosial sahə üzrə
ixtisaslaşmış, təkmil qanunvericiliyi, müəyyən standartlara malik inkişaf etmiş
bir Avropa ölkəsidir. Bu təcrübəni öyrənmək üçün məhz elə bu gün burdayam.
- Uzun müddət sosial sahədə işləyən insan kimi nə
deyə bilərsiniz, təhsilin insan həyatında önəmi nədir?
- Nelson
Mandelanın təhsilə haqqında belə bir fikri var: "Təhsil dünyanı dəyişmək üçün
istifadə edə biləcəyin ən güclü silahdır”. Həqiqətən də təhsil sənin əlində
olan bir gücdür, sən onunla özünü, ətrafdakıları, hətta öz dövlətini qoruya bilərsən.
Təhsil insanın dünyagörüşünü artırır, dünyaya baxışını formalaşdırır, həmçinin
insanın cəmiyyət üçün faydalı olmasında mühüm rol oynayır.
- "Bir kişiyə
təhsil versən, yalnız bir nəfərə təhsil vermiş olacaqsan. Bir qadına təhsil
versən, bir ailəyə təhsil vermiş olacaqsan” fikri ilə razısınızmı?
- Çox maraqlı
bir məsələyə toxundunuz. Hazırda gender məsələləri üzrə müəyyən araşdırmalar
aparıram. Qadınların səlahiyyətlərinin artırılması, qızların təhsil hüququnun təmin
edilməsi, onların hərtərəfli inkişafı bugünkü qlobal dünyada aktual məsələlər
sırasındadır. Hətta BMT-nin "2030 - Davamlı İnkişaf Məqsədləri” layihəsinin
5-ci bəndi gender bərabərliyinə nail olmaq, bütün qadın və qızların səlahiyyətlərini
artırmaq məsələsinə həsr olunub. Təbii ki, bu sahədə bizim ölkədə də işlər
aparılır, qadınların məşğulluğunun artırılması, qızlara təhsil, qadınlara qarşı
zorakılığın aradan qaldırılması istiqamətində müxtəlif tədbir və layihələr
keçirilir. Bunlar çox mühüm işlərdir, çünki beynəlxalq təcrübədə də müxtəlif
layihələrin keçirilməsi, maarifləndirmə işlərinə üstünlük verilir. Düşünürəm
ki, bütün bunlar sualınızda qeyd etdiyiniz fikrin məntiqi cavabıdır.
- Fərid bəy,
sizcə ucqar kənddəki qızlarımızı təhsilə necə cəlb etməliyik?
- Təhsil məsələsində
məsafəni əngəl kimi görməməliyik. Yaxın və uzaqlıqdan asılı olmayaraq təhsil hər
kəs üçün əlçatan olmalı, uyğun şərait yaradılmalıdır. Doğrudur, ucqar bölgələrimizdə
bu problemə rast gəlinir, ancaq buna da birmənalı yanaşmaq düzgün olmaz.
Qızların təhsildən kənarda qalmasının səbəblərini araşdırmaq lazımdır. Bəzən
ailə müəyyən stereotiplər ucbatından qızların təhsilini davam etdirməsinə imkan
vermir. Belə olan halda, o insanları maarifləndirmək, bir növ oyatmaq lazımdır.
Əgər təhsil almağına səbəb başqadırsa, o zaman o boşluğu aradan qaldırmaq üçün
həmin istiqamətdə işlər görmək lazımdır.
- İxtisasınız beynəlxalq siyasətdir (qloballaşma,
yoxsulluq və inkişaf). Yoxsulluğun aradan qaldırılması ilə bağlı bizdə ixtisas
yoxdur. Sizcə, bu ixtisas nə üçün lazımdır? Yoxsul bir insanın maddi vəziyyətini
yaxşılaşdırılması özündən asılıdır?
-
Britaniyada magistr təhsili ümumi deyil, müəyyən sahə və ixtisaslaşmalar üzrə
gedir, yəni daha dar çərçivəyə salınır. Bu, çox vacibdir. Belə olan halda, həmin
istiqamətin daha geniş və dərin araşdırılmasına imkan yaranır. Təhsil aldığım
istiqamət də ölkəmiz üçün yeni ola bilər, ancaq bu sahə bizə tanışdır. Belə ki,
ölkəmiz yoxsulluğun aradan qaldırılması, davamlı inkişaf istiqamətləri üzrə işlər
aparır. Məsələn, Azərbaycanda 2008-2015-ci illəri əhatə edən "Yoxsulluğun
aradan qaldırılması və davamlı inkişaf” Dövlət Proqramı qəbul edilib və icra olunub.
Düşünürəm ki, bu, milli səviyyədə görülən müsbət addımdır. Burada oxuduğum
istiqamətdə biz qloballaşma, inkişaf və yoxsulluq və bu ətrafda cərəyan edən dövlətlərə
gətirdiyi müsbət və mənfi nəticələri müxtəlif kontekstlərdən müzakirə və analiz edirik. Məsələ
budur ki, dövlətlər milli səviyyədə yoxsulluğu azaltmaq, davamlı inkişafa nail
olmaq üçün addımlar atmalı, daxili resurslarını səmərəli istifadə etməli,
qloballaşmanın müsbət cəhətlərindən faydalanmalıdır. Məsələn, Afrika dövlətlərinin
əksəriyyətinin öz resursları olsa belə, inkişaf səviyyəsi çox aşağıdır, digər
dövlətlərdən, beynəlxalq birliklərdən asılı vəziyyətdədir, səbəblər isə
yuxarıda qeyd olunandır. Qeyd edim ki, ötən həftə Qananın prezidenti Fransaya səfəri
zamanı qeyd etdiklərimi açıq şəkildə bildirib. Təbii ki, insanların yaşayış
standartının yaxşılaşdırılması, rifahının yüksəldilməsi dövlət tərəfindən
atılan addımlar hesabına ola bilər.
- Britaniya bahalı ölkədir. Xərclərinizi necə
qarşılayırsınız?
- Böyük
Britaniya Xarici İşlər Nazirliyinin magistr təhsili almaq istəyənlər üçün beynəlxalq
"Chevening” təqaüd proqramı var. "Chevening” təqaüd proqramı magistr təhsili
aldığın müddətdə bütün xərcləri (təhsil haqqı, yaşayış, viza, uçuş xərcləri)
tam qarşılayır. Proqram öz sahəsi üzrə uğurlu nailiyyətləri olan, gələcəkdə işlərini
daha da effektiv aparmaq üçün beynəlxalq təcrübə qazanmaq istəyən namizədlərə
Britaniyada təhsil almaq imkan yaradır. Ötən il həmin proqrama müraciət etdim.
Proqramın müsabiqə və müsahibə mərhələsini uğurla keçdim və təqaüdü qazandım.
Hazırda xərclərimi "Chevening” proqramı qarşılayır.
- Bu ölkədə sizi təəccübləndirən nədir? Ümumiyyətlə
britaniyalıların hansı xüsusiyyətlərinin bizdə olmasını istəyərdiniz?
- Burada
müsbət cəhətlər çoxdur. İnsanlar arasında səmimiyyət, xoş münasibət, gülərüzlülük,
dəqiqlik, hər bir xırda iş üçün sənə "təşəkkür edirəm” demək. Bizim insanlar da
səmimidir, ancaq insanlarımızda münasibətin belə olmasını istəyərdim.
- Bəs təhsil sahəsində iki ölkə arasında hansı fərqlər
var?
- Təhsil
sistemimiz fərqlidir, ümumiyyətlə, burada təhsilə yanaşma fərqlidir. Düzdür,
bizim təhsil sistemimizdə tədris materiallarının tam, hətta dərindən öyrənilməsinə
imkan yaradılır, ancaq həmin materialların təhlili, araşdırılması edilmir. Bu
da istər şagird, istərsə də tələbələrdə tənqidi düşünmənin inkişafına imkan
vermir. Məsələn, ortada bir fikir var, biz həmin fikri olduğu kimi qəbul
edirik, öyrənirik, yadda saxlayırıq. Burada isə həmin fikrə tələbələr müxtəlif
münasibətlər bildirir, razılaşan və razılaşmayanlar var. Digər bir məsələ,
burada tələbələrdən imtahanla yanaşı, esselər, tədqiqat yazılarının yazılması tələb
olunur. Seminarlar müzakirə şəklində aparılır, müəllim tələbələrin öz fikirlərini
bildirməsi üçün daha çox şərait yaradır. Seminarlarda tələbəyə qiymət verilmir,
tələbənin qiyməti onun imtahanı və ya yazdığı essedən asılıdır.
- Bu ölkədə başınıza gələn maraqlı hadisəni bizimlə
bölüşün...
- Hazırda
təhsil aldığım ixtisasda bütün tələbələr hamısı demək olar, britaniyalılardır, əcnəbi
tələbə azdır. Bir dəfə qrup siyahısına baxanda Hamidzadeh soyadı ilə
rastlaşdım. Çox maraqlı gəldi. Fikirləşdim ki, sabah ondan soruşsam, deyəcək ki,
mən də azərbaycanlıyam. Soruşdum, atasının əslən İrandan olduğunu dedi, 70-ci
illərdə atası Britaniyaya köçüb və burda yerli qadınla ailə qurub. Ancaq həmin
qız nə fars dilini bilir, nə də İranla bağlı hansısa bir məlumata sahibdir.
- Qürbətdə yaşayan azərbaycanlı kimi ən çox nəyin həsrətini
çəkirsiniz?
- Britaniyaya gedən insanlara deyirlər ki, hava və yeməklər üçün
darıxacaqsınız. Mən Nyukasl şəhərində yaşayıram, havası çox xoşuma gəlir, günəşi
də normal görürəm. Düzdür, yağış tez-tez yağır və tez-tez kəsir də. Burda sadəcə,
təndir çörəyinin həsrətini çəkirəm. Hətta yemək bişirəndə, öz-özümə deyirəm ki,
təndir çörəyi ola, yeyək.
- Gələcək
planlarınız nədir?
- Təhsilimi
bitirdikdən sonra Azərbaycana qayıdacağam və bu istiqamətdə işlərimi davam
etdirəcəyəm. İnsanlar üçün faydalı işlər görməyə çalışacağam.
Aygün ƏZİZ