• cümə, 29 Mart, 13:20
  • Baku Bakı 14°C

Nyu-Yorkda Xocalı tədbirləri davam etdirilir

22.02.14 08:23 1521
Nyu-Yorkda Xocalı tədbirləri davam etdirilir
Xocalı faciəsi ilə bağlı planlaşdırılan silsilə tədbirlər davam etdirilir. Bir neçə gün öncə Azərbaycan Amerika Alyansının təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə hər il ABŞ-da keçirilən Xocalı soyqırımını tanıtım aksiyasının start götürdüyü barədə məlumat vermişdik. Hazırda həmin aksiya Nyu-Yorkda davam etdirilməkdədir. Belə ki, Nyu-York metro stansiyalarına Xocalı soyqırımından bəhs edən posterlər yerləşdirilib. Stansiyalarının sayına görə dünyanın ən iri metropoliteni olan Nyu-York metrosunun 34 stansiyasında bərkidilən posterlər bu nəqliyyat vasitəsindən istifadə edən insanları Xocalı qətliamından xəbərdar edir. Kampaniyanın daha bir istiqaməti mobil proyeksiya vasitəsilə Nyu-Yorkun mərkəzi küçələrində yerləşən binalar üzərində əks olunan qrafik görüntüdən ibarətdir. Axşam və gecə saatlarında insanların sıx toplaşdığı yerlərdən keçən, üzərinə xüsusi qurğu bərkidilmiş nəqliyyat vasitəsi Xocalı faciəsinin həqiqətlərini daş tikililər üzərində işıqlandıraraq bir daha diqqəti Azərbaycan tarixinin ən dəhşətli səhifəsinə yönəldir.
“Xocalı faciəsinin günahkarları beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb olunmalıdır”. Bu fikirləri Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı Bakıda səfərdə olan Moldovanın keşmiş ombudsmanı Aurelia Qriqoriu deyib. O, dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək üçün həmişə Azərbaycan xalqının yanında olduğunu vurğulayıb: “Xocalı faciəsinin 22-ci ildönümü yaxınlaşır. Orada baş verənlər dəhşətli və dözülməzdir. Mən Azərbaycan xalqını bu matəm günündə dəstəkləmək üçün gəlmişəm. Demək istəyirəm ki, indi ən vacib məsələ beynəlxalq diqqəti bu faciəyə yönəltməkdir. O cümlədən, bu hadisələrinin bir daha baş verməməsi üçün təqsirkar şəxslər beynəlxalq hüquq və normalar çərçivəsində cəzalandırılmalıdır”.
O, Bakıya səfəri çərçivəsində bu soyqırımının beynəlxalq ekspertlər və siyasətçilərlə birlikdə müzakirə edəcəklərini diqqətə çatdırıb. A.Qriqoriu onu da bəyan edib ki, insanlığa qarşı cinayət olan Xocalı soyqırımına beynəlxalq hüquqi qiymət verilməlidir. Ombudsman hesab edir ki, XX əsrin ən ağır cinayətlərindən olan Xocalı soyqırımını törədənlər beynəlxalq Haaqa Məhkəməsi qarşısında mühakimə olunmalıdırlar: “Hüquq müdafiəçisi kimi deyə bilərəm ki, insanlığa qarşı faciənin arxasında heç bir səbəb dayanmır. Bütün beynəlxalq sənədlərdə insanların kütləvi şəkildə qətlə yetirilməsi ən ağır cinayət hesab edilir. Bilirsiniz ki, Rusiyanın və ya Ermənistanın məhkəmələri öz sərhədləri çərçivəsində bu cinayəti törədənləri izləyib tapmayacaq. Odur ki, beynəlxalq aləm bu soyqırımına hüququ qiymət verməlidir”.
"Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov jurnalistlərə açıqlamasında Xocalı soyqırımını törədənlərin məhkəmə qarşısında cavab verməli olduqlarını söyləyib. Qeyd edib ki, bu gün "Xocalıya ədalət" kampaniyası çərçivəsində bütün dünyada Xocalı soyqırımının tanınması, Xocalıda azərbaycanlılara qarşı törədilən vəhşiliklərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində genişmiqyaslı işlər aparılır və bir sıra ölkələrdə bu vəhşilik artıq soyqırımı kimi tanınır: "Biz heç vaxt Xocalı soyqırımını unutmalı deyilik. Biz bu faciəni gələcək nəslə çatdırmalıyıq. Ermənilər tərəfindən insanlarımıza qarşı olmazın əzabın verilməsi, insanların diri-diri yandırılması, dərilərinin soyulması heç zaman unudula bilməz. Bu cür cinayəti törədənlər məhkəmə qarşısında dayanmalı və cavab verməlidirlər".
B.Səfərov əlavə edib ki, Xocalı faciəsi zamanı hər iki valdeynini itirmiş uşaqların problemləri də diqqət mərkəzindədir: "Hamımız onlara diqqətlə yanaşmalıyıq. Biz də öz növbəmizdə xahişlər etmişik, çalışırıq onların mənzil və digər problemlərini həll edək".
Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər