• cümə, 19 Aprel, 06:17
  • Baku Bakı 13°C

Nyu-Yorkda Kipr danışıqları start götürüb

06.06.17 09:00 1484
Nyu-Yorkda Kipr danışıqları start götürüb
Müasir dünyanın ən ciddi problemlərindən biri kimi qəbul edilən Kipr problemi həllini tapmağa yaxın görünür. Hər halda ötən əsrin 70-ci illərindən start götürən problemlə bağlı dünya birliyi ciddi addımlar atmaq niyyətindədir. Nyu-Yorkda Şimali Kipr Türk Cümhuriyyətinin lideri Mustafa Akıncı və adanın yunan icmasının rəhbəri NikosAnastasiadis BMT-nin baş katibi Antonio Quttereş ilə görüş keçirib. ŞKTC rəhbəri Mustafa Akıncı yığıncaqdan əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, Kipr probleminin həlli mövzusunda qətiyyətlidirlər. Bu səbəbdən İsveçrənin Cenevrə şəhərində yanvar ayında keçirilən konfransın yenidən təşkil edilməsi ümidi ilə Nyu-Yorka gəldiklərini vurğulayan Akıncı bildirib ki, "hal-hazırda hər zaman olduğundan daha çox siyasi iradə və qərarlı olmağa ehtiyacımız var”.
Akıncı 2014-cü ilin fevral ayında barəsində razılıq əldə olunan əsaslara və Cenevrədə yanvarın 12-də keçirilən konfransın yekun sənədinə sadiq qalınacağı təqdirdə, həll yolu prosesinin açıla biləcəyini də sözlərinə əlavə edib. Anastasiadis isə öz növbəsində "qurucudialoq” üçün Nyu-Yorkda olduqlarını söyləyib. Qeyd edək ki, Kipr probleminin həllində başlıca rol BMT-yə məxsusdur. Çünki problem yarandığı gündən adada BMT-nin sülhməramlıları var, üstəgəl, təşkilatın baş katibinin bu məsələylə bağlı daim müşavirləri olur. Bir faktı da qeyd edək ki, Kiprdə daimi sülhün yaranması üçün keçirilən müzakirə prosesindəki qeyri-müəyyənlik uzun müddətdir ki, davam edir. Səbəb də yunan icmasının lideri Nikos Anastasiadisin müzakirə prosesində şərtlər irəli sürməsidir. Anastasiadis təhlükəsizlik və zəmanətlərin ilk planda müzakirə edilərək həll edilməsindən sonra prosesin davam edə biləcəyini söyləyib.
Yeri gəlmişkən, nəşrlər problemin həllində Rusiyanın maraqlı olmadığını, hətta danışıqlar prosesini pozmaq istədiyi barədə iddialar səsləndirirlər. Qərb mətbuatı yazır ki, Rusiya prezidenti Vladimir Putin Kipr danışıqlarının uğursuz başa çatmasını istəyir. Qeyd olunur ki, Rusiya bu danışıqlarda iştirak etmək istəsə də, onu bu prosesə dəvət etməyiblər. Bildirilir ki, adanın birləşdirilməsi Rusiyanın regiondakı maraqlarına zidd ola bilər. Belə ki, adanın yunan hissəsində 40 min rus yaşayır. Onlar burada daşınmaz əmlaka malikdirlər, eləcə də Kipr onlar üçün ofşor zona rolunu oynayır. Rusiyanın bura birbaşa investisiyalarının həcmi milyardlarla dollarla ölçülür. Rusiya Mərkəzi Bankının məlumatına görə, tək ötən ilin iki rübü ərzində Rusiyanın bura yatırdığı investisiyanın həcmi 2,8 mlrd. dollar olub. Ötən il bura 225 min rus turist gəlib. Adanın birləşməsi həm də burada NATO-nun mövqeyinin güclənməsinə səbəb olacaq.Rusiyanın pərdəarxası metodlarla danışıqlar prosesini pozmağa çalışdığı da vurğulanır. Rusiyanın Kiprə ciddi təsir etmək imkanı var. Onun yunan icmasında məmurlar və siyasilər arasında ciddi tərəfdarları var.
Onu da qeyd edək ki, yanvar ayında keçən son görüşdə ŞKTC rəhbəri Mustafa Akıncı ilə yunan icmasının rəhbəri Nikos Anastasiadis öz xəritələrini BMT-yə təqdim ediblər.BMT baş katibinin Kiprüzrə xüsusi müşaviri Espen Bart Eide də xəritələrin BMT-nin mühafizəsi altında olacağını və ictimaiyyətə açıqlanmayacağını bildirib. O, bəzi media orqanlarında yayımlanan xəritələrin həqiqəti əks etdirmədiyini vurğulayıb. Diplomat sülh üçün iki lider arasında maneələrin olduğunu deyib və əlavə edib ki, "iki liderin göstərdiyi iradə və rəhbərliyi biz çoxdandır ki, Kiprdə görməmişik”. Onun sözlərinə görə, hər iki icma rəhbəri "birləşmə ideyasının uğurlu olmasını istəyir”. Son danışıqlar prosesi artıq 19 aydır ki, davam etsə də, önəmli fikir ayrılıqları hələ də mövcuddur. Ən mühüm mövzu da Kipr yunanlarının 1974-cü ildə tərk etdiyi daşınmaz əmlaklardır. Onlara əvvəlki evlərini geri götürməyə icazə və ya kompensasiya verilməsi açıq qalır. Ən əsas məsələlərdən biri də Türkiyənin təxminən 30 min əsgərinin adanı tərk etməsidir. Belə olan halda, Kipr türklərinin təhlükəsizliyinin necə təmin ediləcəyi bəlli deyil. Eləcə də sülhün zəmanətçisi kim olacaq - Kiprin artıq üzvü olduğu Avropa İttifaqı (Aİ) və ya adada iki hərbi bazası olan Birləşmiş Krallıq? Dövriyyəli prezidentlikdən danışılsa da, praktiki baxımdan bunun necə icra olunacağı da açıq qalır. Kiprin türk prezidentinin ölkəni Aİ zirvə görüşlərində təmsil edə biləcəyi də hələ həllini tapmayıb. Kipr yunanlarının əhali üstünlüyünü əks etdirmək üçün onlar nə qədər torpaq qazanmalıdır? BMT sülhməramlı qüvvələri adanın şimalından təxminən 165 min Kipr yunanının və cənubdan təxminən 45 min Kipr türklərinin didərgin düşdüyünü hesablayıblar.Bütün bu suallar isə hələ də cavabsız qalır.
Son olaraq onu demək olar ki,adanın birləşdirilməsi tək Avropa deyil, bütün dünya üçün böyük əhəmiyyət kəsb edir. Bu digər münaqişələrin, o cümlədən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi üçün zəmin yarada bilər. Yəni, BMT bu münaqişədə də aktivlik nümayiş etdirib nəhayət ki, öz qəbul etdiyi qətnamələrin icrası ilə məşğul ola bilər.
İsrail-Fələstin münaqişəsi də həllini tapa bilər. Eləcə də, Türkiyə və Yunanıstan üçün daha asan ünsiyyət imkanları yaranır. Ən əsası, Türkiyə və Avropa arasında "buzlar ərimiş” olar, üzvlük danışıqları üçün problem azala bilər. Beləliklə, ümid etmək olar ki, doğrudan da uzun illərin problemi olan Kipr məsələsi tərəfləri qane edəcək sülh razılaşması ilə başa çatacaq və bu da bir sıra münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirəcək.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər