• şənbə, 20 Aprel, 04:22
  • Baku Bakı 15°C

“Nyu Yorkda Azərbaycan mentaliteti ilə yaşayırıq” - Fotolar

06.11.18 13:00 2258
“Nyu Yorkda Azərbaycan mentaliteti ilə yaşayırıq” - Fotolar
Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan-Amerika Qadınlar Cəmiyyətinin prezidenti Münəvvər Vahabova redaksiyamızın qonağı oldu. VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak üçün vətənə gələn Münəvvər xanım ona ünvanlandığımız sualları cavablandırdı.
- Siz bu günlərdə Bakıda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etdiniz. Təəssüratlarınızı bilmək istərdik.
- VI Humanitar Forumunda əsasən dünyanın müxtəlif ölkələrində yaşayan, Azərbaycanda təhsil almış məzunlar iştirak edirdi. Gözəl bir tədbir keçdi, prezident İlham Əliyev bizləri salamladı və çoxdandır görmədiyimiz dostlarımızla görüşdük. Bu forumda iqtisadi, təhsil məsələləri, insan faktoru, multikulturalizm və s. məsələlər müzakirə olundu. Gələcək işlərimizi qurmaq üçün bizə bir stimul verildi. Qeyd edim ki, artıq dünya azərbaycanlılarının ümumi bir internet səhifəsi yaranacaq. Bu bizi çox sevindirdi. Plenar iclaslarda çıxışlar bizdə çox böyük təəssürat oyatdı. Bakıda təhsil alan xarici vətəndaşların keçmiş xatirələrini eşitdik. Bir qədər nostalji yaşadıq. Biz hər birimiz Bakıda tələbə olmuşuq. Burada keçirdiyimiz o tələbəlik illərini, vətəni heç nə ilə əvəz etmək olmaz. O illər çox gözəl idi. Hər dəfə vətənə gələndə qəlbimiz qürur hissi ilə döyünür. Şəhərimiz günü-gündən gözəlləşir və bu məni çox sevindirir. Mən öz doğma vətənimlə fəxr edirəm. Vətənimizin çiçəklənməsi hər sahədə özünü göstərir.
- Hazırda diaspor sahəsində yeni bir hərəkat başlanıb. Diaspor təşkilatlarının yaxınlaşdırılması, aralarında sıx əlaqələrin qurulması prosesi gedir. Sizcə, bu proses dünyada olan diaspor təşkilatlarımızı nə qədər bir araya gətirə bilər?
- İndi Diasporla İş üzrə Dövlət Komitəsinə yeni rəhbərlik təyin olunub. Fuad Muradov qurumda dəyişikliklər və yeniliklər etmək niyyətindədir. Diasporla İş üzrə Dövlət komitəsi bizim ata ocağımızdır. Bütün ölkələrdə yaşayan diaspor təşkilatlarının hamısı bir ata ocağının olmasını hər zaman arzulayıb. Bu ocaqdan gələn istilik, məhəbbət, qayğı bizim üçün önəmlidir. Bu komitə bir növ bizim arxa-dayağımızdır və bizə böyük bir stimuldur. Artıq gözəl işlərə başlayıblar. Fuad müəllim özünə yeni bir komanda toplayıb. Dünyada fəaliyyət göstərən diaspor təşkilatlarına dəstək olurlar.Avqustun 22-dən 28-ə qədər diaspor gənclərinin birinci yay düşərgəsi təşkil olunmuşdu. Yay düşərgəsində ABŞ, Kanada, Yaponiya, Malayziya, İsveç, Rumıniya, İtaliya, İndoneziya, İngiltərə, bir sözlə, 37 ölkədən 140 diaspor gənci iştirak etmişdi. Bu mənim doğma vətənim Şəkidə keçirildi. Mənim oğlum da o düşərgədə iştirak edirdi. Bir ana kimi mən də onunla bərabər sanki o altı günü birlikdə yaşadım. Çox böyük təəssüratlarla oğlum Amerikaya geri dönüb. Bu layihədən sonra hiss edirəm ki, onlarda vətənə daha çox məhəbbət yaranıb. Digər həmvətənləri, dünyanın müxtəlif ölkələrində yaşayan dostları ilə əməkdaşlığa başlayıb, əlaqələr qurublar. Bilirsiniz ki, eyni zamanda dünya gənclərinin internet saytı yaradıldı. Bu da onlar üçün bir köməkdir. Düzdür, biz çalışırıq, işləyirik, əlimizdən gələni edirik. Biz orta yaşlı nəslik, hər nə qədər çalışsaq da, bu işdə gənclərin fəaliyyəti daha çox olmalıdır. Çünki gənclərin ideyaları, enerjiləri daha çoxdur. Onlar bir-biri ilə daha çox əməkdaşlıq edib, ünsiyyət qura bilirlər. Azərbaycanda keçirilən bu cür forumlar bu və ya digər məsələlərdə bizə çox böyük kömək olur. Biz işimizi sistemli şəkildə qurmağa başlayırıq. Daha çox dostlar qazanırıq. Digər ölkələrdəki diaspor təşkilatlarını tanıyırıq. Əlaqələrimiz yaranır, bu da bizim fəaliyyətimizin güclənməsinə böyük dəstəkdir.
- Dünyanın müxtəlif ölkələrində diaspor təşkilatlarımız mövcuddur. Ancaq hər dəfə bu diaspor təşkilatları arasında soyuqluq və dağınıqlığı müşahidə edirik. Nyu-York kimi böyük bir şəhərdə diaspor təşkilatlarımızın qurduğu əlaqələri möhkəm adlandırmaq olarmı?
- Hər ölkədə bir neçə təşkilat olur. Sayının çox olması heç də pis deyil, əksinə, gözəl haldır. Misal üçün, Nyu Yorkda Türk-Amerika dərnəkləri deyilən bir qurum var. Orada 34-35 təşkilat birləşib. Gündən-günə onların sayı daha da artır. Onlar ayrı-ayrılıqda işlərini görürlər, lazım gəldikdə bir çətir altında birləşirlər, möhtəşəm tədbirlər həyata keçirirlər. İldə bir dəfə şəhərin ən yaxşı yerində türk yürüşü keçirirlər. Bir neçə küçəni bağlayıb, möhtəşəm yürüş təşkil edirlər. Azərbaycana qalanda, bizim təşkilatlar o qədər də çox deyil, lakin az da deyil. Lazım gələndə bir yerdə yığışıb, işlərimizi görürük. Misal üçün, Xocalı faciəsinin ildönümü zamanı bir yerdə tədbirlərdə iştirak edirik. Özümüz də tədbirlər keçirəndə digər diaspor rəhbərlərini dəvət edirik. Türk və yəhudi icmaları, Orta Asiya və MDB ölkələrinin icmaları ilə çox sıx münasibətimiz var. Orada Bakı yəhudiləri çoxluq təşkil edir. Onların da bir neçə icması var. Onlarla əməkdaşlıq edirik.
- Nyu-Yorkda Azərbaycan-Amerika Qadınlar Cəmiyyəti yaratmısınız. Bu cəmiyyət hansı zərurətdən yarandı?
- Mən 2007-ci ildə Amerikaya getdim. O zaman orada Azərbaycan "Ana vətən” cəmiyyəti var idi və ilk olaraq həmin cəmiyyətə üzv oldum. Daxilimdə hər zaman vətən həsrəti olub və o həsrəti, sevgini, yanğını soyutmaq üçün uzaq bir məmləkətdə vətənim üçün nələrsə etmək istəyim var idi. Yerində saymağı, sakit oturmağı xoşlamıram. Azərbaycan üçün daha çox işlər görmək istəyirəm.

Beləliklə, "Ana vətən” cəmiyyətinin fəaliyyətini davam etdirdik. 2013-cü ildə Azərbaycan-Amerika Qadınlar Cəmiyyətini yaratdım. Cəmiyyətimizin artıq 5 yaşı var. Nyu Yorkda azəri qadınları çoxluq təşkil edir. Və həqiqətən də bizim qadınlar çox böyük problemlərlə üzləşirlər. Amerika elə bir ölkədir ki, ora getdinsə, sıfırdan başlamaq məcburiyyətindəsən. Qadınların dil, iş, yaşayış, təhsil problemlərinin şahidi olurdum. Gördüm ki, Azərbaycan-Amerika Qadınlar Cəmiyyətinin yaranmasına ehtiyac var. Nyu Yorkda azərbaycanlıların başqa cəmiyyətləri var idi və onlar öz qarşılarına qoyduqları məqsəd yolunda irəliləyirdi. Ancaq qadınların problemləri ilə maraqlanan bir qurum yox idi. 2013-cü ildə rəsmi olaraq fəaliyyət göstərdik. Bilirsiniz ki, mənim orada bir "Azərbaycan evi”m var idi, o da Azərbaycan mədəniyyət mərkəzi olaraq fəaliyyət göstərirdi. Bu evdə insanlara çox köməklik etmişik. Amerikaya yeni gələn həmvətənlərim necə yaşamaq və hansı işləri görmək lazım olduğundan xəbərsiz idilər. Mən özüm Amerikaya gedəndə heç kimdən bu dəstəyi görməmişəm, heç kimdən belə bir yardım almamışam. Çalışıram ki, ora gələn insanlara kömək edim.
- Nyu-Yorka gələn Azərbaycan qadınlarının əsas problemi nədir?
- Yeni gələn xanımlarımızın əsas problemi dil problemidir. Bruklin elə bir yerdir ki, orada rus dili ilə keçinmək olur. Ona görə də xanımlarımız ingilis dili öyrənməyə can atmırlar. Amerikaya gedəndə, uşaqlarım körpə idi. Çox əziyyət çəkərək oxudum, təhsil aldım, hazırda magistratura təhsili alıram. Hamı gəlib Nyu-Yorka yığışıb. Bura da çox sıx şəhərdir. Nəqliyyat yaxşıdır deyə başqa ştatlara getmək istəmirlər. Digər ştatlarda maşının olmasa, yaşamaq çətin olur. Bizim xanımlardan təhsil alanlarımız var. Çox istərdim ki, təhsil alsınlar, yaxşı işlərdə işləsinlər, diasporumuz genişlənsin.
- Dünyanın müxtəlif ölkələrində diasporlarımızda Azərbaycan dili dərsləri keçirilir və orada yaşayan Azərbaycan vətəndaşlarının övladları bu tədrisdən faydalanır. Amerikada necə, ayrı-ayrı ştatlarda bu təşəbbüs varmı?
- 2007-ci ildə Amerikaya gələndə orda müəllimə kimi dərs demişəm. Azərbaycan dili dərsləri həftə sonu könüllülük əsasında keçirilirdi. Heç bir maddiyyat düşünmədən biz orada yığılırdıq. Orada ofisimiz, yığılmaq imkanımız var idi. 10-15 uşaq da olsa, dərslərimiz keçirilirdi. Orada dərs deyirdim. İnternet radiomuz var idi, verilişlər aparırdıq. Hazırda bu işlərlə məşğul deyiləm.
Orada yəhudi icmasının inkişaf mərkəzinin rəhbəri Alyona Bədəlova "My way” (Mənim yolum) adlı uşaq və gənclərin inkişaf mərkəzini yaratdı. Onlar da çox maraqlı işlə məşğuldurlar.
- Övladlarınız orada böyüyür. Onlarda yadlaşma, ögeyləşmə, öz soykökünü unutmaq kimi hislər yaranıbmı?
- Mənim bir oğlum, bir qızım var. Amerikaya köçəndə oğlumun 13 yaşı vardı. Artıq o formalaşmışdı. Qızımın 5 yaşı vardı. Bizim ailəmiz Azərbaycan milli mentalitetini qoruyan, ailə dəyərlərinə xüsusi önəm verən bir ailədir. Mənim 83 yaşlı anam da bizimlə birlikdə yaşayır. Biz ailədə Azərbaycan dilində danışırıq, öz milli mətbəximizi də özümüzlə birlikdə Amerikaya gətirmişik. Adət-ənənələrimizi də qoruyub saxlayırıq. Oğlum baxmayaraq ki, Şəkidə heç yaşamayıb, Bakıda doğulub, sanki şəkilidir. Ancaq qızım Amerikaya köçəndə yaşı çox az idi. Təbii ki, oranın ab-havası ona çox təsir edib. Məktəbə orda gedib. Özünü dərk edəndə artıq Amerikada idi. Dostları Amerikadan olduğu üçün bir az amerikanlaşıb. Buna baxmayaraq, bizim adət-ənənələrimizi bilir. Elə hesab edirəm ki, o da çox gəlib-getsə, Azərbaycana daha çox bağlanar.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər