• çərşənbə, 24 Aprel, 02:15
  • Baku Bakı 14°C

Növbəti uğursuzluq mitinqi

14.12.13 08:58 3322
Növbəti uğursuzluq mitinqi
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın dekabrın 15-də keçirməyə hazırlaşdığı mitinqlə bağlı müraciətinə razılıq verib. Azərbaycan demokratik ölkədir. Hər kəsin sərbəst toplaşmaq, fikrini ifadə etmək azadlığı var. Lakin tarix göstərir ki, müxaliflər hər zaman reallığa söykənməyən iddialarını bəhanə edərək mitinq keçirir, bu yolla gündəmdə qalmağa çalışırlar. Milli Şuranın yenə də ən böyük ümidi gənclərədir. Bəs görəsən, bu dəfəki mitinq digərlərindən fərqlənəcəkmi? Vətəndaşlar və əsas hədəf kütləsi olan gənclər onlara qoşulacaqmı?
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova qəzetimizə açıqlamasında söylədi ki, Milli Şura siyasi gücünü seçkilərdən bir neçə ay öncə itirib. Cəmiyyətdə qəbul olunmayan Şuranın mitinq iddiası insanlarda təəccüb doğurur. Çünki bunun üçün ilk növbədə həmin qurum güc, bacarıq və siyasi iradəsini isbat etməli, müəyyən hadisələrə təsir etmə imkanının olduğunu göstərməlidir: “Seçkilərdən öncə və sonra tam aydın oldu ki, orada təmsil olunan insanların maraqları sadəcə hakimiyyətə gəlmək və ondan sui-istifadə etməkdir. Onlar başqa maraqlara xidmət edərək öz maraqlarını təmin etməyə çalışırlar. Radikal müxalifətin mitinqləri sırf cari hakimiyyətin həyata keçirdiyi siyasətə qarşı yönəlib. Şurada təmsil olunan insanların yeni iddiası yoxdur. O qurumda sosial baza və ideya qıtlığı elə həddə çatıb ki, bu insanlar yalnız hakimiyyətdə həyata keçirilən islahatlar və hansısa dəyişikliklərlə bağlı məsələyə reaksiya vermək üçün mitinq təşkil edirlər”.
G.Səfərova düşünür ki, hansısa dəyişikliklə bağlı ayrıca mitinq təşkil etməyə ehtiyac yoxdur. Bu insanların sosial bazadan gələn fikirləri olmadığı üçün platformaları da yaddaşlarda qalmayıb. Seçki dövründə səsləndirdikləri fikirlər cari hakimiyyət platformasının üzərində qurulmuşdu. Həyata keçirməyə çalışdıqları mitinq və ya hər hansı bir aksiya isə gözdən pərdə asmaq üçün və alınmış qrantların silinmə prosesinə yönəlmiş fəaliyyət növüdür: “Təbii ki, hər bir insanın etiraz etmək hüququ var. Sadəcə, bunu daha sivil qaydada həyata keçirmək lazımdır. Küçələrə düşüb yalnız qışqır-bağır salmaqla iş bitmir. Kiminsə etirazı varsa, konkret olaraq həmin quruma məktub yazsın və öz şikayətini bildirsin. Düşünürəm ki, mitinqə ehtiyac olub-olmadığının isbatını həmin gün görəcəyik. Həmişəki kimi, Milli Şuranın mitinqi fiaskoya uğrayacaq. Onlar hər zaman düşünürlər ki, mitinqə 10-15 min nəfər gələcək. Amma oraya toplaşanların sayı heç zaman 2-3 mindən çox olmayıb. Bu, onların son zamanlar həyata keçirdikləri mitinqlərə toplaşanların orta sayıdır”.
AGAT sədrinin fikrincə, qiymət artımı cəmiyyətin heç bir təbəqəsinə xoş gəlməyən məsələdir. Heç kəs qiymət artımının tərəfdarı olmasa da, ölkədə həyata keçirilən iqtisadi dəyişiklik və yüksəlişlə bağlı olaraq bu zərurət yarandı. Milli Şura özü isə artıq mövcud olmayan bir qurumdur. Onların mitinq iddiası ölmüş bədənə tok verməyə bənzəyir. Bunun adı boşuna ümidlənməkdir: “İnsanların narazılığından öz məqsədləri üçün istifadə etmək etik davranışdan kənardır. Onlar yeni istiqamət götürüb fərqli platforma ilə ortalığa çıxa bilmədiklərinə görə, hökumətin həyata keçirdiyi islahatları pisləməklə məşğuldurlar. Xoşlarına gəlməyən hər məsələ ilə bağlı mitinq keçirirlər. Vətəndaş cəmiyyətinin bir nümayəndəsi olaraq, Milli Şuranın mitinq keçirib-keçirməməsi mənə maraqlı deyil. Çünki planlaşdırdıqları bütün aksiyalar özlərinin siyasi məqsədlərinə hesablanıb. Mitinq keçirməklə sadəcə, görüntü yaradırlar”.
YAP Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Balaxan hesab edir ki, müxalifətin etdiyi bütün xaotik hərəkətlər öz mövcudluqlarına bəraət qazandırmaq xarakteri daşıyır. Seçki zamanı xalqın bu insanlara etibar etmədiyi tam olaraq təsdiqini tapdı. Onlar sadəcə olaraq, absurd iddialarla gündəmdə qalmaq haqqında düşünürlər: “Böyük ümidlərlə yaratdıqları Milli Şura gözlədikləri effekti verməyərək nəticəsiz quruma çevrildi. Seçkidən sonra mitinq və ya aksiyalar keçirməklə isə bərbad durumda olduqlarını bir daha nümayiş etdirdilər. Dünyanın aparıcı sorğu reytinqlərinin hesabatlarında Azərbaycan inkişaf etməkdə olan ölkə kimi göstərilir. Ölkəmizin bu cür uğurlarını danmaq qeyri-mümkündür. Çünki həyata keçirilən uğurlu layihələrin hər biri vətəndaşların gözü önündə reallaşdırılır. Məlumdur ki, hər kəs gördüyünə inanır. Ona görə də xalqımız radikalların yalanlarına inanmaqdansa, günü-gündən yaxşılaşan həyat tərzinə üstünlük verir”.
Müsahibimiz vurğuladı ki, radikalların dekabrın 15-də bir yerə toplaşmalarından nəticə gözləmək ağılsızlıqdır. Çünki bu mitinqi daha çox müxalifətin eftanaziyası hesab etmək olar. Bundan sonra Şuranın nə halda olacağı, yaşayıb-yaşamayacağı sual altındadır və demək olar ki, ümidverici məqam yoxdur: “Ölkədə Tarif Şurasının qərarına əsasən enerji daşıyıcılarının qiymətinin bahalaşması zərurətdən atılan bir addımdır. Bu qərarın vətəndaşların yaşayış səviyyəsinə böyük təsiri olmayacaq. Ona görə də insanlar məsələyə kəskin reaksiya vermədilər. İqtisadçılar da bunu davamlı iqtisadi inkişafın təmin olunması üçün əsas meyar hesab edirlər. İndiyə qədər dövlətin idarə olunmasında heç bir alternativ fikir ortaya qoymayan müxalifət yaranmış situasiyadan yararlanmaq niyyətindədir. Əminəm ki, növbəti uğursuz mitinqin şahidi olacağıq”.
S.Balaxan onu da qeyd etdi ki, Azərbaycan vətəndaşları müxalifətin bu addımı özünü məhv olmaqdan qorumaq üçün atdığını bilir. Bu səbəbdən heç kim çağırışlara cavab verməyəcək, bununla da, radikalları dəstəkləmədiyini nümayiş etdirmiş olacaq.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər